Arabaçı... - ÜMBÜLBANU - hekayə

Gecəni yatmamışdı. Bütün gecələrdə olduğu kimi, yenə bacısı və özü yuxusuz qalmışdı.

Xəstə yatdığı son bir ildə halı belə pisləşməmişdi. Yox, o heç vaxt indiki kimi olmamışdı. Otağın pəncərələri, qapısı açıq olsa da, yenə havası çatmırdı.

Danışmaq istəyirdi. Amma ürəyində yox. Tanrısıyla xəlvəti danışmaqdan yorulmuşdu. Çarpayıya düşdüyü son üç ildə Tanrısı onsuz da bütün suallarını cavabsız qoymuşdu. "Niyələr" onu yamanca əldən salmışdı.

Danışmaq istəyirdi. Daha pıçıltıyla yox. Təkcə bir nəfərin onu başa düşəcəyi kimi yox.

Danışmaq istəyirdi - bütün insanların danışdığı kimi. Bunun üçünsə əvvəlcə yanındakıların, həyətdəkilərin, bəlkə də, küçə ilə gedənlərin eşidəcəyi tərzdə səsi çıxmalıydı.

O danışmalıydı. O, danışmaq istəyirdi. Heç olmasa bir dəfə. Sonuncu dəfə.

Yenə bütün gücünü topladı. Amma nahaq. Bu dəfə də içindən gələn, bütün əzalarını lərzəyə gətirən əzablı harayı özündən başqa heç kim eşidə bilmədi. Heydən düşmüş dodaqlarının titrəyə-titrəyə bir-birinə toxunduğunu da görən olmadı.

Qaşları çatıldı. İri, qara gözləri doldu. Ona xüsusi gözəllik verən alnında nazik qırışlar göründü. Küsəyən uşaqlar kimi biçimli dodaqları büzüldü. Tüstü kimi onu boğan qəhər boğazını yandırdı. Bəbəklərindən çıxan odlu yaş kirpiklərini yarıb yanağına enə bilmədi.

Təkcə qaldığı anlarda olduğu kimi, qulağına yenə tanımadığı səslər gəlirdi. Yenə onu harayasa səfərə çıxmağa dəvət edirdilər.

...İri təkərli arabanın evin ortasında dayandığına mat qaldı. Nə qədər baxdısa, arabanı sürəni harada gördüyünü xatırlaya bilmədi. Ancaq elə bil onu lap çoxdan tanıyırdı.

Arabaçı ona tərəf gəlirdi. Arabaçının bənövşəyi rəngə çalan üzü onu vahiməyə saldı. Nəfəsi təngidi. İnildədi. İniltisini özündən başqa heç kim eşitmədi.

Otaqdakıları tanıyırdı. Anası saçlarını yolurdu. Nəsə danışa-danışa başını divara çırpırdı. Qonşulardan bir neçəsi də burada idilər. Sonra... haradansa uşaqlıq dostu da gəldi. Üz-gözündən, əllərindən öpüb halını soruşdu.

Dostuna cavab verə bilmədi. Xətrini çox istədiyi bu oğlanın bura necə gəlib çıxdığını anışdıra bilmədi. Oğlan keçib ayaq ucunda oturanda ürəyinin harasındasa sevindi.

Taqətsiz baxışlarını oğlana tərəf çevirəndə yenidən dəhşətə gəldi: dostunun yerində arabaçı oturmuşdu:

- Bir dəfə yalvarmışdın ki, ziyarətə gedəndə səni də özümlə aparım. Gəlmişəm. Tələsmək lazımdır. Yolumuz çox uzaqdır. Hələ səndən başqa üç nəfəri də götürməliyəm. Bu gün şəfa günüdür, mütləq getməliyik! - dedi.

Arabaçıya nə vaxt söz vermişdi axı?! Nə vaxt?! Xatırlamırdı. Xəyalı sağ tərəfində, divardan asılmış xalının ilmələrində çözələnirdi. Nə vaxt söz vermişdi görəsən? Nə vaxt? Necə olmuşdu ki, söz vermişdi?

Bu, bəlkə bacısının ona ilk dəfə yemək yedirtdiyi gün olmuşdu?!

Əllərinin qaşıq tuta bilmədiyini bacısından necə də gizlətmək istəmişdi! Özünün gücsüzlüyündən çox xəcalət çəkmişdi, hər şeyi gizlətməyə çalışmışdı. Ancaq, bu ona çox baha - düz üç gün ac qalmaq hesabına başa gəlmişdi. Səhər, günorta, axşam ona hazırlanan yeməklərin hərəsində bir nöqsan tapardı. Gah yeməyin duzsuzluğunu, gah dadsızlığını, gah da iştahasızlığını bəhanə edərdi.

Ağır, üzüntülü üç gündən sonra, bacısı çox ehtiyatla, heç nə hiss eləmirmiş kimi: "qurban olum, qoysaydın sənə kömək eliyərdim", - deyəndə, aclıqdan ürəyi çəkilə-çəkilə ona tərəf uzadılan yemək dolu qaşığa baxmışdı...

Axı... onda söz verməmişdi....  Yox, yox! Onda yox! Bəs nə vaxt? Nə vaxt söz vermişdi axı?...

...Arabaçı ayağındakı çarığın şiş, sivri burnu ilə arabanın təkərlərini döyəcləyib sazlığını təkrar-təkrar yoxlayandan sonra, yenidən onun yanına qayıdıb həvəssiz-həvəssiz bayaqkı yerində oturdu.

...Baxışları indi də romb şəkilli naxışı ölçüb-biçirdi. Bəlkə, yoxsa... Yoxsa, ilk dəfə əlillik təqaüdünü alan gün? Axı sağalacağına olan-qalan ümidinin yarısını da o gün itirmişdi. Yox, heç o gün də söz verməmişdi  .

Gözlərini yumdu. Yenidən açıncaya qədər, xəstə yatdığı müddətdə ömrünün ən sarsıntılı, ümidsiz anlarını bir daha yaşadı. Yenə də yadına heç nə düşmədi.

Həyəcanlı çək-çevirdən beyni partlayır, gözlərinə qaranlıq çökürdü. Axı o nə vaxt söz vermişdi? Nə vaxt?

Dişlərini əzabla bir-birinə sıxdı. Zəhərli, acı xatirə yenidən iliyinə işlədi. Alnını soyuq tər basdı. Bəlkə... Hə! Elə o gün söz verə bilərdi! Ancaq o gün...

Xəlvəti sevdiyi qonşu qızının toyu olan günü heç kimə sezdirmədən, ümidsiz, köməksiz, acı-acı ağlamışdı. Tanrısına yalvarmışdı ki, bir də sabahını açmasın üzünə. Ümidsizlikdən qovrula-qovrula səhərəyaxın yuxuya getmişdi...

Yox! Yox! Onda da yox! Nə vaxt söz vermişdi axı? Nə vaxt?! Bilmirdi.

Yox, o heç vaxt söz verməmişdi. Arabaçı onu kiminləsə dəyişik salırdı. Bəs bütün bunları arabaçıya necə başa salacaqdı?

Hərəkətdən düşmuş, sümükləri sananan əllərinə, heysiz dizlərinə, ayaqlarına baxdı. Bütün gücünü toplasaydı belə, bircə barmağını da tərpədə bilməzdi. Gümanı təkcə baxışlarına - gözlərinin dilinə gəlirdi.

Bərk susamışdı. İki gün idi ki, ac qalan mədəsini elə bil alov qarsıyırdı. Sinəsi göynəyir, dili-dodağı quruyurdu. Bir qaşıq su içmək ümidiylə gözlərini gəzdirib bacısını axtardı, axtardı... Həyətdən onu necə çağıracaqdı?

Zəifcə köksünü ötürüb heç kimin eşidə bilmədiyi yanıqlı bir ah çəkdi. Gözlərini tavana zillədi, həmişə yalvarıb dua etdiyi Tanrısına bu dəfə dünyanın ən acı qarğışlarını göndərdi.

Ürəyi həzin-həzin titrədi. Ayaq ucunda oturan oğlan hıçqıra-hıçqıra ağlayırdı.

Anası duran səmtə baxdı. Görmədi anasını. Həmin yerdə indi nənəsi oturmuşdu. Başının asta-asta dala-qabağa getməyindən bilinirdi ki, mürgüləyir. Qonşular bir küncə qısılıb astadan nəsə danışırdılar.

Otağa öldürücü, pıçıltılı hava dolmuşdu.

...Arabaçının səbri lap tükəndi. Ayağa qalxıb arabaya tərəf getdi.

Varlığını bürüyən ani sevincdən gözləri dumanlandı. Arabaçının fikrinin dəyişdiyini güman etdi.

Ayaq ucunda oturan oğlan ayağa durub pəncərəyə tərəf getdi. Əlindəki dəsmalla gözlərini qurulayırdı.

...Arabaçı deyinə-deyinə arabanı ona tərəf itələyirdi. Arabanın təkərlərindən zingiltili, tükürpədici səslər çıxırdı.

Oğlan əlindəki dəsmalı cibinə qoyub ona tərəf gələndə, arabanın güclü yelindən səntirləyib divara qısıldı. Araba nənənin üstündən keçdi. Nənə diksinib oyandı, tez üzünə salavat çəkdi. Qonşular bir-birinə daha da yaxınlaşdılar.

...Lap yaxınlığında hənirti duydu. Anası idi. Üzünü onun üzünə söykəmişdi. Ürəyinə xoş bir arxayınlıq axdı. Elə bildi ki, arabaçı anasını keçib gələ bilməyəcək... və həmin andaca arabaçının soyuq, sönük gözlərini gördü...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!