***
"İlahi, bizi xilas et!
İlahi, bizi əfv et!
Həyat davam edir."... - bu hekayənin sonunda bütün dünyaya qoşulub dua etməli olacaqsınız...
***
Onu uzun zaman düşündüm... və o zaman Şantaramı tanımırdım...
Axşam qaranlığında şüşələrinə yağış damcıları çırpılan avtobusun içindən şəhərin işıqlarına baxa-baxa...
Qara harda başlayıb? İlk dəfə kim əlinə bir qara parçası götürüb qara xətt çəkib? Dünyanın ağ-qara nizamı (nizamsızlığı) hardan başlayıb, hara yollanıb? Bütün suallar həmişə cavabsızdır...
İş otağımın pəncərəsindən onunla üz-üzəyik, damı qırmızı kirəmitli ikimərtəbəli evin çardağının şimal üzü nədənsə örtülməyib. Bəlkə o evi atıb gediblər, bəlkə satıb gediblər, o çardağın bir tərəfi eləcə qalıb. Ordan mənə kiçik və dərin qaranlıq boylanır. Gündüzlər bütün söhbətlərimi o çardağın qaranlığına baxa-baxa edirəm, mən o çardağın qaranlığının hər zərrəsini söz-söz tanıyıram. Gecə pəncərəmdən baxıb onu görmürəm, amma bu heç nəyi dəyişmir - o, ordadır...
Qaranlıq - qaranlığın içində...
***
Uşaq evinin balacalarıyla rəsm çəkmək qərarına gəldik... Nağıl qəhrəmanları rənglərə çevrilməyə başladı... Cəsur, qorxmaz, mərhəmətli və qəddar, hiyləgər, amansız qəhrəmanlar... Kiçik barmaqların arasında karandaşlar kağız üzərində gedib-gəlir, enib-qalxır, sürüşür, qırılır...
Onların arasında gəzişib söhbətə tutmağa çalışıram. O, hə, həmin o, birdəncə məni cəlb edir, baxıram, baxıram, baxıram... Bircə dəfə də karandaşının birini yerə qoyub, o birini götürmədi... Yaxınlaşıram, başının üstündə dayanıram, əlləriylə birlikdə sinəsini də çəkdiyi rəsmə qapayıb onu məndən gizlədir... Üzünü masanın üstündəcə çevirib baxır, gülümsəyirəm, baxmaq istədiyimi deyirəm... "Sizin ondan xoşunuzun gəlmədiyini bilirəm" - deyir... Sərrast, aydın, qəti, düzgün cümlə qurub. Səssizcə gülümsəyirəm, təslim olub, rəsmini uzadır...
Qara... qara... qara... Ağaclar, çay, küpəgirən qarının daxması, mərhəmətli qızın üzü-gözü, geyimi, baba da, nənə də, qoğal da...
Gülümsəyə bilmirəm... Gözlərinin düz içinə baxıram, düz içinə... Düz gözlərinin, qap-qara bəbəklərinin içinə: "Sizin ondan xoşunuzun gəlmədiyini bilirəm"...
***
...- Qara nədir?
Tələbələrimdən soruşuram... Neçə vaxtdır düşünürəm, düşünürəm, düşünürəm...
Gecə... Müharibə... Məzar... Gələcək... Yüksəliş... Naməlum... Rəng... Uçurum... Ölüm... - deyiblər...
- Axtarışdır, müəllim... - bunu deyən gənc tələbəmin üzündə donub qalmışam - bəs sizin fikrinizcə?
- Bilmirəm... Ona ədalətsiz yanaşdığımı düşünürəm. Qaraya yollanmaq istəyirəm, deyəsən, onu tanımağın vaxtıdır...
Qreqori David Roberts "Şantaram" romanını yazmağa başlayanda təxminən mən yaşdaymış... Taleyin ən dolanbac labirintlərindən keçib, həyatının min qatını keçəndən sonra başına gələnlərin təsvir edildiyi deyilən bu böyük mətni yazmağa başlayıb...
Gənc cinayətkar, üsyankar, qanun qaçağı Bombeyə ayağını qoyan anda hekayəsinə başlayır. O, bundan əvvəl də bir neçə cümləylə keçmişə nəzər salır və tez də xəbərdarlıq edir: "Mənim hekayəm Bombeyə gəldiyim ilk gündən başlayır".
... Qaraya xoş gəldiniz, budur o, atılmış adamın axtarışı, onu on yaşlı uşaq böyüyüb taleyin qarşısına qoyduğu ağ kağız üzərində bundan sonrakı həyatını çəkməyə başlayacaq... Bütün karandaşlar qarşısındadır - orda, qutuda, gözəgörünməz qara qutuda...
***
Tanrı, bizi böyük bir boşluq içində atıb getməzdən əvvəl qarşımıza bir ağ vərəq və içində rəngli karandaşların olduğu qutu qoyub... Hə, haqlısınız, əlimizi uzadıb hansını istəsək, götürə bilmirik, əvvəl ilk addımımızı atırıq, sonra ikinci, sonra yenidən birinci, sonra yenidən ikinci... Üçüncü addımın olacağını kim deyə bilər? Yoxdur... İnsan həmişə iki addım atır və sonra ya orda qalır, ya yenidən geriyə addım atır... Yorulana kimi... Dayanana kimi... Darıxana kimi... Oyanana kimi... İrəli, geri, irəli, geri...
Sonra yox olur, boşluq olur - içinə dönür... Ağ-qara dünyasına...
Əslində, qara yoxdur... Əslində, ağ da yoxdur... Bundan möhtəşəm yoxluq tanımıram... Qaranın olduğu yer bütün rənglərin ən çox olduğu yerdir. Qara - ağın gizləndiyi xəzinədir, ən böyük ağı ancaq orda tapa bilərsiniz: Qarada... və başqalarını, sarını, qırmızını, yaşılı... Özünüzü...
***
Şantaram, insanın düşdüyü mühitin təsiri altında istənilən şeyə çevrilə biləcəyinin inkarı haqqında hekayədir... Sevginin, dostluğun, sədaqətin, mərhəmətin; nifrətin, savaşın, xəyanətin, qəddarlığın... Həyatın və ölümün... Zənginliyin və səfalətin... Gözlərin və qəlbin... Sözlərin və sükutun... Tanrının və... Qaranın...
Nəhəng xarabalıqların üzərində ucalan insanlıq abidəsi, balıqçı qayıqlarının günəşin pulcuqlanan işıqları arasında yırğalanması, səma kəndiylə Prabakerin uzaq kəndi arasındakı müqəddəs yol... Ona uzaqdan boylanmaq mümkün deyil, onun sürüylə siçovul qaynaşan dar cığırlarından başlamış, ən gizli dalanlarınadək getməli olacaqsan... Möhtəşəm sirli Hindistanın qapıları yerində dayanıb, minillərdir bu torpaqlarda - dünyada baş verənlərə - Əbdüllərə, Qadir Xanlara... Qərib yolçularına - Karlalarına, Abdullalarına, Xalidlərinə, Lettilərinə, Ullalarına, Kişanlarına... baxıb müdrik-müdrik susmaqdadır... Hindistan qapıları qarayla-qaranın, ağla-ağın arasındakı keçid deyil, Göyqurşağının altından keçə bilmədiyin kimi, onun da altından keçə və paklaşa bilməzsən... Heç, əbədi ayaqüstə dayanan kahinlər də sənə kömək edə bilməzlər... Tanrı - axtarılan heç yerdə deyil, qaradadır... Bütün rənglərin yığışıb düyünləndiyi yerdə...
...Uzaq zamansılıqlarda, uzaq boşluqlarda bir dəfə, necə oldusa, Böyük Partlayış baş verdi və o qara parçalandı... və biz yarandıq... və bizi yaratdın, Tanrı!..
***
...Bir də baxırsan, qanın insan taleyinin ağına çevrildiyi dünyada - Əfqanıstan dağlarından birinin zirvəsində, qaranlıq kahanın beş-on addımlığında dayanıb, həqiqət deyilən olmazlığın ağrısıyla doğuş sancısına qatlaşmısan... Bükülürsən, açılırsan, arabir başını qaldırıb buz kimi havada silahına yapışmış əlini ordan qoparıb uzatmaq istədiyin göyə boylanırsan... Doğuş başlayıb, amma ordan Tanrı gəlməyəcək... əvəzində qar yağacaq... Sonra bölündüyünü hiss edəcəksən, bir tərəfin şaqqıltıyla sınıb ayağının altındakı yoxluğa yuvarlanır... atına minib çıxıb gedir... Səni doğuş üstündə, körpənlə qoyub son yolçuluğuna yollanır - qaraya...
Və Tanrı hər yerdən yığışıb bətnindən kiçik bir kıpırtı edir - Böyük Partlayış... Kainat yaranır... Sən yoxsan, gəl bir də bundan sonra kahanın başı üstündə peyda olan düşmən əjdahasının alov püskürən savaşına yalın əlli dayanan dostlarının necə doğulub, necə öldüyünü izlə...
Hamı ölür... Hamını öldürürlər... Səni Əfqanıstan dağlarında savaşın və qanın heç zaman görünməyən zirvəsinə çəkib gətirən qaranlığı xatırlayırsanmı - Karvan dar sıldırım qayaların arasındakı qaranlığın arasından aylarla çəkən bir yolçuluqla gəlib çıxmışdı...
Geriyə, sehrli Hindistan qapılarının başına dolanan dünyana cəmi bir saata qayıdacaqsan...
Kim qayıdacaq? Qayıdan kim olacaq? "O", kimdir?..
***
...Keçmişdən, xarabalıqların arasından cüzamlı və vəbalı insanların sakit taleyi boylanır... Heç bir var-dövlətin, heç bir səfalətin, heç bir ehtiyacın məhv edə bilmədiyi yüksək ürəklər - işığın özü...
***
Görəsən, insan ilk dəfə nə zaman gülümsəyib? Görəsən, Tanrı təbəssümü hansı rəngin içində gizlədib getmişdi? Görəsən, insan ilk dəfə nəyin şəklini çəkmək istəyəndə gözlərində o dəli parıltı görünüb?
Görəsən, ilk dəfə gülümsəyən insan nə hiss edib? Bəlkə ürəyi partlayıb, bəlkə ona baxanlar donub qalıblar... Görəsən, kim ilk dəfə ürək edib əlini təbəssümə uzadıb? Görəsən, təbəssümü ilk dəfə kim qucaqlayıb bağrına basmaq cəsarətinə sahib olub?..
"- Əvvəlcə biz onun başına şlyapa, əyninə də pencək geyindirdik, hətta kontorda işləyənlərə oxşasın deyə, pencəyinə çətir də bağladıq.
- Hə, necə oldu, kontor işçisinə oxşadı?
- O qədər də yox, - deyə Conni tamamilə ciddi cavab verdi. - Əyninə pencək geyindirilmiş ayıya oxşayırdı.
- Yaxşı görək!"
İnsan həmişə gülümsəmək istəyir... İnsan fəlakətə heç zaman alışmayacaq, insan heç zaman ağlamaq istəmir... İnsan onu ağladan hər şeyə həmişə qorxuyla yanaşacaq... İnsan heç zaman sevincindən ağlamayıb, ağlamayacaq da... Sevindiyindən ağladığı deyilən insan həmişə qorxudulmuş və sonra sevindirilmiş insandır...
Bağışlanmaz günahlar... Kor xanəndələrin nəğmələrini dinləyən əli qana batmış insanlar... İnsan günahlarının bağışlanması üçün Tanrıları quranda, görəsən, günahın özü barədə nə düşünürdü? O, daha çox nədən qorxurdu? Onun qarası hardaydı, qaranı hiss etməzdən əvvəl...
Onların Allahı başkəsən deyil, onlar baş kəsirlər, onlar bunu Allahdan qorxa-qorxa edirlər, qorxa-qorxa silah çəkir, ev dağıdır, adam öldürür, yüzillərlə davam edən amansılıqlar törədir... və Allah üçün savaşdıqlarını deyirlər... Amma silahların alınmasına sərf ediləcək pulların pozğunluqdan və narkomaniyadan qazanılmasını günah hesab edirlər... Onların yolu günahdan-günaha gedir... Yox, bu qaradan-qaraya getmək deyil... Bu qələmlərin rəngi yoxdur...
Qələm kimin əlindədir?..
Bəlkə də bu yerdə hər insanın Kanonun necə qaçırılmasından xəbəri olmalıdır... Nəhəng mehriban ayı və dünyanı unudub onu xilas etməyə çalışan ağ adamlar...
Ümid, yenə də Tanrıyadır... Qaneş, bəndələrini bağışlayar, Qaneş müvəqqəti ayı olmağa etiraz etməz... Tanrı, həmişə Tanrıdır... Üstəlik, Qaneş maneələrin dəf edilməsi tanrısıdır... Gülümsə, əziz oxucum... Tanrı, təbəssümü sevir...
***
Bunu ən tez zamanda etməliydim... və... etdiyimi düşünürəm... İnsan, işıq axtarırsa, qaraya getməlidir... İnsan məhəbbət axtaranda da, bağışlamaq istəyəndə də, yaşamaq istəyəndə də, əzəlinə dəyib-qayıtmaq, iki addım irəli, iki addım geri dairəsini tamamlamaq istəyəndə də öz- öz qarasına yollanır... Onun içindəki gerçəksizliyi, gərəksizliyi, varlıqsızlığı - gözəlliyi duyur...
Qara, qorxulu deyil, amma dərindir... Ordan qayıtmamaq mümkündür... Qara dumanda yox olub zamansılığın bilinməyən qapısından çıxıb müəlliminin - İdrisin axtarışına yollanmaq da...
Görəsən, Azadlıq nədir?.. Onu boşluq adlandırdım... Amma qaradan keçmədən hər şeyin (heçnəsizliyin) varlığındakı (yoxluğundakı) qələmlərə əlini uzada bilməzsən...
Şantaram - "O"-na, qaraya addım atmağın astanasında qoyulmuş addır - "Sülh adamı" - zamansız dincliyin insanı...
Tanrı nə etdiyini taa başında bilirdi...
"Birdən-birə bu boşluğun nə olduğunu və necə adlandığını anladım. Biz, özündə böyük bir rahatlıq aləmini ehtiva etdiyini anlamadan, daim o sözdən istifadə edirik. O söz "azadlıq" sözüdür"...
***
Sevgili qara, məni qəbul etdiyin üçün minnətdaram...
"Həyat davam"... edəcək...
21 sentyabr 2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!