Payız mənim dostumdu... - Mina RƏŞİD

 

Ötən ildən hiss etmişəm payıza tutqunluğumu. Həzin, nəğməli küləyinə, ilıq günəşinə, bir sözlə, onun qızılı dünyasına aşiq olmuşam. Qədim xalçalarımız kimi rənglərin qarışığı, könlümün yaraşığıdı payız. Arzularımın işığı, rəngli dünyasıdı payız. Payız bolluq, bərəkət, dövlət rəmzi kimi durur önümüzdə. Başında tacı olan meyvələr şahı al-qırmızı nar, qəribə, xoş qoxusu aləmi bürüyən sapsarı heyva, alma, armud, qara əncir, kişmişi üzüm və s. payızda bağları, süfrələri, uşaqların əllərini bəzəyir... Bağ-bağçanı dolaşdıqca ağaclar al-qırmızı xəzəllərlə yanaşı, qoz-fındıq hədiyyələrini də başımızdan tökür. Yarpaqlar torpağa elə gözəl enir ki, onların üstündən keçməyə heyifin gəlir...

Hələ payız çiçəkləri, sabah gülləri, rəngli sarmaşıqlar necə gözəldi, təbiət nə mehribandı, necə əziz, necə doğmadı...

Mən rəssam olsaydım mavigözlu sentyabr çiçəklərini, sarı gülləri, qızılı yarpaqları çəkərdim... Bir də payız yağışında "Çiçəyin çətri"ni çəkərdim. Amma rəssam olmadığım üçün "Çiçəyin çətri"ni sözlə çəkdim beləcə...

Yağış yağır səhərdən,

Hələ külək də əsir.

Əlindəki çətirlə

Çiçək yaman tələsir.

 

Məktəb harada qaldı?

Buludlara uçur o.

Gedə bilmir, çətirin

Arxasınca qaçır o...

Payız bir rəng düzümüdü, qarışıq rənglərin düzümü. Xəyallarım da bu rənglər kimi qarışıq, amma payız kimi gözəldi... Ona görə mənim dostumdu payız. Kimsəyə deyə bilmədiyim sirrimi, ürək sözlərimi payıza pıçıldaya bilərəm və o, məni anlayar, bilirəm... Vəfalı dostumdu o mənim,  incitməz qəlbimi onun qızılı yarpaqları, şeh damlaları... Mülayim küləyi ilə gülümsəyər üzümə... Sındırmaz könlümü payız, mənə nəsihətə başlamaz... Yüz məsləhətdən bir gülümsəmək daha təsirli, dəyərli olur, deyilmi? Ağıl öyrətməkdən sevmək, yaşatmaq daha gözəl deyilmi? Adamlar payızdan nə öyrəndilər belə, öyrəndilərmi heç? Ürəyin sıxıldımı adamlardan danışanda? Səni intihara sürükləyən o məsləhət verən adamlardan... İndi bildinmi səni  intihara sövq edən o "ağıllı" adamlardı. Vallah, bu heyva qoxusuna bürünmüş payız səni öldürməz. Bu incə sarı, qırmızı yarpaqlar "Mən yenə gələcəyəm" - deyə, söz verərlər ağaclara. Ona görə ağaclar üzülməz və səni də üzməz, əsla payız sənə düşmən olmaz...

Payız həzin bir nəğmə kimi oxşayar qəlbini, yarpaqlar yenidən doğular, hər şey yaxşı olar, təki sən gülümsə... Ancaq payızı dinlə qəlbinin səsi kimi... Dünyaya, qışqırtıya, hay-haraya baxma, payızı dinlə. Ağaclara bax, son dəfə yarpaqlarına tumar çəkən ağaclara. Ağaclar bilir ki, yenə yarpaqlayacaq, çiçək açacaq. Ağaclar dua edir Yaradana, ağaclar sevir, inanır...

Ona görə ağaclara dostum demişdim.

Çiçəklərə könül verib

Qoxusundan məst olaram.

Adamlardam uzaqlaşıb

Ağaclarla dost olaram...

Sən heç ağac kimi səbirli oldunmu? Ona görə taledən yox, özündən küs. Küs və yenidən barış təzə dostunla, yəni özünlə...

Yağışın səsini dinlə. Çünki...

Yağışın səsini nəğmə kimi dinləyib

Göy üzünün min rənginə boyanıb

Xoşbəxt olmur hər adam.

Adamlar bəzən özləri

xoşbəxt olmaq istəmirlər...

Nədən? Bu, artıq sənin niyyətinlə, qəlbinin işığı ilə bağlıdı. Bu günlərdə Korneli Vissarionovun "İki qar dənəciyi" adlı kiçik bir nağılını oxudum. Bu balaca nağıl mənə necə təsir elədi, necə?.. Belə baxanda adi bir mətndi. Amma bir baxın, deməli, iki qar dənəciyi əl-ələ tutuşub aşağı enirlər. Biri deyir - biz ölümə gedirik, yoxluğa, qaranlığa gedirik. O biri isə əksini söyləyir. Deyir, biz yenidən göylərə qayıdacağıq və əbədi yaşayacağıq. Onlar o qədər mübahisə edirlər ki, axırda bir-birindən ayrılıb hər kəs öz yoluna gedir... Bəli, hər kəsin öz yolu var, işıqdan, ya qaranlıqdan. Adam özünü qaranlığa həbs edincə xoşbəxtlik onu gəlib axtarmaz ki... Bir də xoşbəxtlik ağac yarpağa, yarpaq ağaca inananda yaranır... Xoşbəxtlik göydən düşmür ki...

Sən heç payız kimi dözümlü oldunmu?..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!