İşlədiyi uzun zaman ərzində ilk dəfə rüşvət almışdı, bu da ona haqq qazandırırdı ki, evdə olan bütün içki şüşələrini yanına düzüb boşaltsın. Tam dörd il öncə də ona bahalı hədiyyə verilmişdi, amma vəzifəsinə müdaxilə olunmamışdı deyə, o, bunu rüşvət olaraq düşünməmişdi. Bir tərəfdən də başının üstündə onu tənbeh edən qardaşı sinirlərini pozurdu:
- Müdir adamdır, nə işin var axı onda? Arada bir özünə baxırsan? O kim, sən kim? Sənin harana yaraşır müdirə səhv olduğunu demək? Axı, özünü nə hesab edirsən? Ağzından çıxardığın sözlə şalvarın heç bir-birinə uyuşurmu - deyə, qardaşını tənbeh edən Faiq ona düzgün yolu göstərməyə çalışırdı. Əlbəttə ki, Arifin bütün bunları bilməyə ehtiyacı vardı. O bilmirdi ki, işlədiyi yerdə müdirin üzünə qayıtmaq olmaz, hətta bacardığı qədər müdirin o yan-bu yanına keçməlidir. Əksi onun işsiz qalmasını göstərən işarədir. Çox təəssüf ki, bunları ona öyrədən olmamışdı, yoxsa, əlbəttə ki, o da bütün bunları bacarardı, hətta hər kəsdən yaxşı bacarardı. O heç bəzi həqiqətlərin danılması gərəkdiyini də bilmirdi, necə də gülüncdür. Əgər o, bütün bunları bilsəydi, təbii ki, səfillikdən ölən iş yoldaşının ölümündə günahı olduğunu müdirə xanımın üzünə vurmazdı. Arif bilməliydi ki, belə sözlər həqiqət olanda müdirlərin qəlbini daha çox incidir. Danılmaz həqiqətlər insanları böyük uçurumlara sürükləyir. İndi Arif də bundan belə acından ölən iş yoldaşı kimi ya gecələr aclıq qoxusuyla yatıb, səhərlər mədəsinin səsinə oyanaraq əzrayılını gözləməli, ya da bütün çətinliklərə güc gəlib "gözəl günlər görəcəyinə inamını itirməməli" idi.
Faiqin dedikləri Arifin eyninə də deyildi. Onu müdirə xanımın etibarından çox, deputat xanımın etdiyi yandırırdı. O, hədiyyə alan əllərini məzəmmət edirdi. Budur, yenə ondan zəng gəldi, yenə deyəcək, yazının orasına düzəliş et, burasını sil, onu çıxar, düz alınmır, bunu qoy. Adam haqlı, o bahalıqda hədiyyə verib, təbii ki, qarşılığını almalıdır. Bütün bunların fövqündə bir yandan da Arif öz-özünə deyinirdi:
- Öl, Arif, bunların hamısı öz sarsaq utancaqlığının nəticəsidir. Verdiyi hədiyyəni yerindəcə qaytarmalı idin, yersiz tərəddüdlərindir indi barmaqlarını kəsən. Hədiyyənin qiymətinə bax, üç yüz iyirmi beş manat. Sənin başında heç yüz bit yoxdur. Yəqin indi o da elə bilir ki, hədiyyə çox xoşuma gəlib, ona görə tula kimi qarşısında hərlənirəm.
Arifin ehtiyacı yox idi ki, bunu kimsə onun üzünə vursun, özü bütün həqiqətləri var gücüylə öz üzünə çırpırdı. Yadına salanda bədənini bürüyən istiliyi ilə özünü cəzalandırırdı. Hətta Faiqin hədiyyəni onun gözündə ucaltmaq çabaları da boşa çıxdı:
- Guya hədiyyəni qaytaracaqsan, nə dəyişəcək? Sən, deyəsən, doğrudan da özünü bir zibil hesab edirsən. Beləsinin yüzünə verdiyi pul onun gündəlik cibxərcliyidir. Ağlın olsun, istəmirsən, ver mənə, bəd gündə pula çevirərəm.
Arifi məyus edən həm də o idi ki, heç doğmaca qardaşı da onu anlamırdı, elə bilirdi ki, hədiyyəni bəyənməyib, amma düşünmək istəmirdi ki, əslində, Arifin bəyənmədiyi hədiyyənin verilmə məramı idi. Cavabsız zəngin ardıyca bir zəng daha, sonra yenə bir zəng daha. Nə qədər qaçacaqdı Arif bu zəngdən? Əvvəl-axır cavab verməli idi. Ürəyindəki bütün gileylərini onun üzərinə yağdıracaq, əsl niyyətini anladığını üzünə yağlı sillə kimi vuracaqdı, amma hələ ki uyğun zamanı deyildi. Yaxşı olardı ki, bu barədə heç bir söhbət açmayıb özünü axmaqlığa vursun.
- Bəli, Fəridə xanım, salam, çox minnətdaram, siz yaxşı olun. Bəli, dediyiniz bütün məqamlara düzəliş etdim, narahat olmayın. Mən də istəmərəm ki, sizin cəmiyyətdəki mövqeyinizə xələl dəysin. Aha, oldu, onu da düzəldərəm. Göndərirəm, özünüz də oxuyub düzəlişlərinizi edərsiz, - bu sözlər üzünə tüpürcək kimi yapışırdı. İlahi, necə də məhkum idi onun qarşısında əzilib-büzülməyə. Qardaşı getsəydi, doyunca ağlayar, özünü söyərdi. Siqaret qutusu boş, içki şüşələri boş, mədəsi boş, qardaşının da ki, görməmişlikdən doğan dır-dırı lap sinirlərinə təpirdi. Belə məqamlarda normal insanın ağlına nə gələrsə, Arifin də ağlına eynisi gəlmişdi. Düşünürdü ki, onsuz da o hədiyyənin bədəlini ödəmişəm, bəlkə qaytarmayım, bundan da pis günüm olmayacaq ki. Qürurunun səsi mədəsinin səsini batırdı. Qəfil yerindən qalxıb cibindəki pulları saydı, nə az, nə çox, cəmi doqquz manat səksən qəpiyi vardı. Başladı hesablamağa: bir qutu siqaretim, bu elədi iki manat iyirmi qəpik, çörəklə pomidor-xiyar edəcək iki manat, qaldı beş manat altmış qəpiyim. Bir manatla da o başa, bu başa, yerdə qalan pul da həm ölümə, həm dirimə bəsdi. Maaşa qədər zəhrimara pul vermərəm, uzağı, kimsə qonaq etsə, fürsətdən bəhrələnərəm. Oturub qəpik-quruş saydığına görə özündən çimçişirdi. Deyəsən, bayıra çıxıb bir az hava almağa ehtiyacı vardı. Axşamdan əynində qalıb iylənən paltarlarını çıxarıb fərqli bir şey geyinmək istəyirdi ki, deputat xanım onun geyiminə baxanda o hədiyyəyə ehtiyacı olmadığını anlasın. Qapıdan çıxanda səhərə qədər başını balınca çırpmaqdan vız olan saçlarını güzgüdə görməsəydi, elə də çıxacaqdı. Bir də neçə gündür ona göz dağı olan "hədiyyəni" də özüylə götürdü. Qardaşına güvənmirdi, bilmirdi ondan nə gözləsin. Qayıdanda bu hədiyyəni yerində tapmaya bilərdi.
Yolda öz-özünə hey düşündü, harda səhv etdiyini, hansı hərəkətinin yersiz olduğunu anlamağa çalışırdı? Bilmək istəyirdi ki, o qadın hansı məqamda bu boşluğu duyub? O nədən bu qənaətə gəlib ki, mənə o hədiyyəni vermək olar? Bəlkə günah heç o qadında yox, mənim dırnaqarası həmkarlarımdadır? Yəqin bir-ikisinə verib, onlar da quyruğu yanmış tula kimi qəbul ediblər.
Yolda olduğu zaman da Fəridə xanımdan zəng gəldi. Bu dəfə artıq Arif özünü ələ ala bilmədi, dəstəyi qaldırıb onu sancan qurdları içindən tökməli idi:
- Yenə nəyi düzəltməliyəm, Fəridə xanım? Verdiyiniz o zəhrimara qalmış hədiyyənin qarşılığı nə vaxt bitəcək? O zənciri boynuma dolayıb itiniz kimi hara istəyirsiz, ora da fırladırsız. Axı, o mərətsiz də sözünüzdən çıxmayacaqdım, gərək məni bu cür alçaldaydız? Sizdən gələn göstəriş dolu zəngləri görəndə özümdən iyrənirəm, axı, niyə sizin üzünüzə yalandan gülməliyəm? - deyəcəkdi, amma adını bilmədiyi hansısa qüvvə ona güc gəldi. "Hər şeyin zamanı var" - dedi və zəngə cavab verməyib yoluna davam etdi. Ruhu göynəyirdi, o an əlində iti nəsə olsaydı, boğazının altından sancıb aşağıya doğru çəkərdi.
- İşə bax, hələ durub mənimçün digər jurnalistləri misal çəkib, onların qələmini bəyəndiyini söyləyir. Elələrinin bəxti yaxşı gətirir, yazılarının hər cümləsində alacağı pulun miqdarını düşünən adamları həmişə öpüb gözlərinin üstünə qoyurlar, mənim kimi dingilişləri, əlbəttə ki, it yerinə saymayacaqlar. Mənim gördüklərimi onlar görsələr, intihar edərlər, nəinki, qələmə almaq. Sifətləri bərkdir, ona görə çörək yedikləri qaba batırmaq onlar üçün daha rahatdır, yazır, beş-üç manatını da qatlayıb qoyur cibinə və ya Allah, səninki səndə, mənimki məndə. Bu məndə alınmaz, yoxsa çoxdan kandarım qızıldan idi - öz üstünə qışqıra-qışqıra danışır, yolboyu da hər kəsin heyrət dolu gözlərini öz üzərində hiss edirdi, amma önəm vermirdi - rüşvət almış adam, deyəsən, yavaş-yavaş sırtıqlaşma mərhələsinə qədəm qoyur, artıq heç nədən utanmır. Əcəb də edir, bundan da böyük hansı ayıb iş onu utandıra bilər ki?!
Telefona cavab vermədiyini görən Fəridə xanım ona mesaj yolladı. Mesajdan bəlli idi ki, yazı işıqlanıb və Fəridə xanım olduqca məmnundur yazıdan. Mesajı oxuyan kimi Arifdən qəhqəhə qopdu, camaat da ona baxıb "dəlidir" qənaətinə gəldi. Sonra özü də düşünüb durdu:
- Deyəsən, mən doğrudan da dəli oluram. Axı, milçəkdən fil düzəldən kimi, bu məsələni niyə bu qədər şişirtdim? Rüşvətdir də, burda nə var axı? Bu dəqiqə də pulsuz salam alan yoxdur, nə olsun ki, dindirəndə hamısı rüşvət alanı pisləyir, di gəl ki, hər beş adamdan biri "çak-çuk" adıyla belə şeylərlə dolanır. Problem bunda deyil, sadəcə, mən ona var gücümlə inanırdım, belə bayağılıqlarla işi olmadığını zənn edirdim. Elə bilirdim, bu həyatda hər şey onun gülüşü qədər təmizdir. Bəlkə o bunu düşünmədən edib? Bəlkə rüşvət deyə yox, həqiqətən hədiyyə olaraq verib? O, mənim belə gicbəsər olduğumu hardan bilsin? Axı, o hardan bilsin ki, mən belə şeylərə öyrəşməmişəm? Guya mən dürüst davranmışam? Mən də onu görməkçün müsahibəni bəhanə etmişəm. Yəni hesab heç-heçədir...
Danışa-danışa gəlib onun evinə çatmışdı, halbuki, evdən mağaza adıyla çıxmışdı. Xatırlaya bilmirdi ki, yolda avtobusa minibmi, yoxsa bu boyda yolu piyada gəlib? Madam ki, bura qədər gəlib, demək hədiyyəni qaytarmaq məqamıdır, amma bir çox səbəblərdən onunla üz-üzə gəlmək istəmirdi. Başlıca səbəb yenə çəkingənliyi idi. Ürəyində düşündüklərini onun üzünə demək cəsarətinə sahib deyildi hələ. Evdə olub-olmadığını bilmək üçün ona mesaj yazdı. Aldığı cavabdan çox razı qaldı: indilərdə evdən çıxıbmış. Özü evdə olmasa da, xidmətçisinin həmişə evdə olduğunu bildiyi üçün qapılarının zəngini çaldı. Xanım qapını açanda əlindəkini ona uzadıb: "Bunu Fəridə xanıma çatdırarsız - dedi, - özü biləcək nə olduğunu".
Etdiyi hərəkətin qarşılığını gözləyirdi, heç olmasa "niyə?" sualını alacağından çox əmin idi, amma 3 gün gözlədikdən sonra bir cavab almadığını görüb özü yazdı:
- Problem nə sizdə, nə də sizin verdiyiniz o qutudadır. Problem məndədir, mən öyrəşməmişəm belə jestlərə, hədiyyə almalara, hələ bir vəzifə başında.
Bu mesajın ardıyca da səssizlik oldu, heç bir cavab almadı. Lakin özü o qədər rahat idi ki, sanki qəti vüqarıyla parlaq qələbə qazanmışdı. Daha bundan belə vicdanı rahat idi, gələcəkdə kimsə onu vicdansızlığına görə suçlamayacaqdı. O qədər xoşbəxt idi ki, az qala ürəyi partlayacaqdı. Bəlkə bir neçə dəqiqədən sonra bu xoşbəxtliyi burnundan gildir-gildir töküləcəkdi, amma olsun, ani fərəh də Arifdən yana böyük şey idi.
- Salam, mənə bir dənə zavod çörəyi, hərəsindən bir kilo pomidor-xiyar, həmişəki siqaretdən, bir də o balaca nemətdən ver, amma onu yaz nisyəyə. Bu gün çox xoşbəxtəm, içmək istəyirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!