Nazim Hikmətin xoşbəxtliyi... - Xuraman Hüseynzadə

Aktyor Yuri Nikulin "İzvestiya" qəzetinə müsahibəsində "Xoşbəxtlik nədir" sualına belə cavab verir: "Xoşbəxtliyi Nazim Hikmət daha gözəl anladıb. Xoşbəxtlik sabahlar sevinclə işə gedib axşam eyni cür geri dönməkdir." Ölümündən sonra Moskvadakı "Novodeviçye" məzarlığında Nazim Hikmətlə qonşu olan  Nikulin onun xoşbəxtliyi daha gözəl anlatmasından danışarkən "Sən xoşbəxtliyin rəsmini çəkə bilərsənmi, Abidin?" şeirini nəzərdə tuturdu.

İşin asanına qaçmadan
amma gül yanaqlı körpəsini əmizdirən
mələk üzlü ananın rəsmini deyil
nə ağ örtükdə almaların,
nə akvariumda su qabarcıqlarının
           arasında dolaşan
qırmızı balığı.
Sən xoşbəxtliyin rəsmini
           çəkə bilərsənmi, Abidin?
1961-ın yayının ortalarındakı
Kubanın rəsmini çəkə bilərsənmi?
Çox şükür, çox şükür
           bu günü də gördüm
Ölsəm qəm yeməm
Qeyrilərinin rəsmini
           çəkə bilərsənmi, üstad?

Nazim Hikmətlə Abidin Dino çox yaxın dost idi. Məmləkət həsrətiylə keçən illərdə iki dost bir-birlərini tapmış və bu həsrət onları daha da mehriban etmişdi. Nazim Hikmətin arvadı Veraya yazdığı "Saman sarısı" şeirində Abidin Dinoya xitabən "Sən xoşbəxtliyin rəsmini çəkə bilərsənmi, Abidin?" deməsində məqsədi rəssamın  rəsm çəkib-çəkə bilməməsini sorğulamaq deyildi. Bu sual, vətən həsrəti çəkən iki sənət adamı arasındakı sıx dostluğu göstərirdi. Sualda məqsəd, eyni fikirdə olmağı demək məqsədilə ürəkdən keçənləri misralara tökməkdi. Əslində ,Nazimin Dinodan rəsm istəyi yox idi. Bəlkə o da yaxın dostunun verəcəyi cavabı bilirdi. Abidin Dino, şairin bu sualına rəsmlə deyil, eyni şəkildə şeirlə qarşılıq vermişdi.
Abidin Dino xoşbəxtliyin rəsmini çəkmədi. Çünki o da bilirdi ki, bir şəkillə xoşbəxtlik anlayışını izah etmək çətindir. O, xoşbəxtliyi sözlərlə anlatmaq yolunu seçdi. Arzularının, xəyallarının və yaşadıqlarının sözə çevrildiyi bir şeirlə…

Qoxusu buram-buram yayılan
Limanda simit satan çocuklar,
Qağayıların təlaşı bambaşqa
İşçilər gözlər yolunu.
Enə bilsəydin o gəmidən
Ayağında Varnanın tozu,
Ürəyində incə bir sızı.
Mavi gözlərində yanıb alovlanan
Həsrətlə qucaqlaya bilsəydim
Səninlə bir daha...
Nağaralar çalsa, zurnalar söyləsəydi,
Bağrımıza bassaydıq səni, Nazim,
Çəkərdim xoşbəxtliyin rəsmini.
Başında dəliqanlı şapkan,
Qolların çirməli, davaya hazır
Dənizçi addımları ilə düşüb yola
Gedə bilsəydik
           Meserret qəhvəxanasına,
İlk qarşılaşdığımız yerə
Və bir acı qəhvəmi içsəydin.
Danışsaydıq
O günlərdən, keçmişdən, gələcəkdən
Nə günlər bitərdi,
Nə gecələr…
Dinərdi bütün ağrılar səninlə
Bir xəyal olardı ayrılığımız
xatirələrdə qalan...
Və dolaşsaydıq Türkiyəni
Bu başdan o başa.
Yatdığımız yerlər muzey olmuş,
Sürgün şəhərlər cənnət.
Bax o zaman Nazim,
Çəkərdim xoşbəxtliyin rəsmini.
Buna da nə kətan yetərdi,
nə boya…

Çünki Dino da bilirdi Nazimin sualının cavabı olmadığını, xoşbəxtliyin şəkilinin kətanlara sığmayacağını... Ona görə də Nazimə ünvanladığı şeirin son misrasında bu sözləri yazmışdı: "Buna da nə kətan yetərdi, nə boya..."

Abidin Dino, yoxsa Diana Dengel?  

Abidin Dino, Nazım Hikmət və çox sevdiyi həyat yoldaşı Vera, Parisdə bir oteldə qalırdılar. Nazim Hikmət, gecənin yarısı qələmi əlinə alıb Veraya "Saman sarısı" adlı şeiri yazırdı. Vera çoxdan yuxuya getmişdi. Nazim və Abidin otelin pəncərəsindən şəhərə baxırdılar. Abidin rəsm çəkirdi. Nazimin şeirindəki bu mısradan görürük bunu: "Abidin ucsuz-bucaqsız sonsuzluğun rəsmini çəkir."

Nazim Hikmət, yaxın dostu olan Abidin Dinonun çəkdiyi rəsmlərə heyran idi. O gecə yazdığı şeirin bu misralarından həmin ortamı hiss etmək olur:
"Yüz əlliylə altmış arasında suda balıqları necə görüb, suda balıqları necə ovlaya bilərəmsə elə görüb, elə ovlaya bilərəm dalğa-dalğa axan vaxtları kətanında Abidinin."
Türkiyədə rəssamı Abidin Dinonun olduğu deyilən həmin məşhur rəsm əslində amerikalı rəssam Diana Dengelə aiddir...

1 yanvar 1939-cu ildə dünyaya gələn Diana Dengel bu rəsmlə tanınır. Yeri gəlmişkən, qeyd edək ki, Diana Dengelin qəhrəmanları çox xoşbəxtdir. Yoxsul həyatın içindən sıyrılıb çıxan bunca xoşbəxti təsvir etməkdə rəssamın bir məqsədi var: nəfəsin gedib-gəlirsə; sevdiyin insana qovuşmusansa; bir yastıqda qocalırsansa; balaların böyüyürsə xoşbəxtsən. Qarın, yağışın altında meyvə-tərəvəz satmaq bahasına belə ac qalmırsansa, kiməsə əl açmırsansa həyatından məmnun olmalısan. Rəssamın fırçası xoşbəxtliyin eskizini cızır, düsturunu göstərir. İnsan bu rəsmlərə baxdıqda bir də naşükür olmamağı öyrənir. Təbii, ən əsası cansağlığıdır. Ən böyük xoşbəxtlik elə canın sağlam olmasındadır... Əgər bu varsa, sağlamsansa, işləyib çörək pulu qazana bilərsən. Rəssamın insanlara ötürdüyü subliminal mesaj budur...

"Kiçik bir xoşbəxtlik..."
Kasıb bir ailədə böyüyən Diananın fitri istedad sahibi olacağı uşaqlığından özünü göstərir. Rəsm çəkməyə hədsiz marağı olsa da, maddi çətinlik ona fırça, boya alınmasına imkan vermir. Buna baxmayaraq o, rəsmlərini barmaqları ilə, qəzetdən fırça düzəltməklə çəkir. Beləcə Diana istedadı, rəssamlığa olan sevgisi ilə hər cür çətinliyə qalib gəlir... Rəssam, çəkdiyi rəsmlərlə insanlara pozitiv enerji ötürməyi bacarır. Ona görə də onu "xoşbəxtliyin rəssamı" adlandırırlar…"Xoşbəxtlik nədir" sualının ən gözəl cavabı D. Dengelin əsərlərindədir. Onlara həyatın ağrı-acılarını, kəm-kəsirini unudaraq baxırsan. Baxırsan və bir də görürsən ki, gözlərində bir ümid işığı doğub. Üzün gülür... Bir yastıqda qocalmağın; sevginin qüdrətinin; bir loxma çörəklə dünyaya gəlişinə peşman olmamağın; uşaqlıq səadətinin sevincini yaşayırsan...

Böyük Nazim Hikmətin "Kiçik bir xoşbəxtlik" istəyini Diana Dengelin rəsmlərinə baxdıqca daha yaxşı başa düşmək olur:

Kiçik bir xoşbəxtlik istəyirəm,
O qədər kiçik olsun ki,
İstəməsin kimsə məndən onu
Mən ürəyimdə, əlimdə,
torpağımda birlikdə yetişim həyata.
Bir borcum olmasın insandan,
           təbiətdən yana,
Bir xoşbəxtlik ki,
           heç soruşma getsin,
Yetər ki, tək mənim olsun.
Bütün dünyada
        bütün gözəllikləri seçərkən
Mənim sevgimlə sənin sevginlə coşan
Bu gün, sabahın hekayəsi olsun
Yazmaq istəyib yazmadığım
İlk səhifəmdə sevda
xoşbəxtlik, eşq, azadlıq bir olsun...

Nazim Hikmət sevgi adamı idi. Hələ həbsdə olarkən yazdığı bir məktubunda eşqi belə izah edirdi şair: "…Məsələn, mən 45 yaşımı bitirdim. Amma hər gün bir az da aşiq oluram...  Və çox şükür, aşiqəm... Mənə elə gəlir ki, bir insana, yüz milyonlarla insana, hər tək ağaca, bütün meşəyə, tək bir düşüncəyə, bir çox düşüncəyə və fikrə aşiq olmadan yaşamaq, yaşamaq deyil".

O, məhbəsdən anasına yazdığı məktubda onun daha az üzülməsini də xoşbəxtlik hesab edir: "Ah, anacığım, "gələcək bayramını evində qeyd edərsən, inşallah" deyirsən. Heç sanmıram. Çünki hələ neçə il buralarda qalacağımı bilirəm. Evim, döyəcək qapım varmı? Günün birində, bəlkə beş, on il sonra, şikəst və köçmüş halda burdan çıxsam belə, məskənim subaylar üçün məkanlar olacaq. Nə üçün bunları sənə yazıram? Alışasan deyə, hisslərə qapılmayasan deyə. Məni bir dəfə ölmüş  zənn etsən, bunu qəbul etsən, əzabına bir kərə qatlanmış olarsan və hər dərd, əzab kimi bu da keçər, sonra alışarsan. Acılara ancaq həbsdə alışmaq olmur, həbsdə insan heç nəyi unuda bilmir, halbuki bayırdakı insanlar üçün unudulmayacaq, alışılmayacaq dərd yoxdur.

Bütün bunları sənə həqiqəti olduğu kimi görmən, hisslərə qapılıb boş-boşuna üzülməmən üçün yazıram. Fərz et ki, mən öldüm. Məni bir ölünü düşünən kimi düşün, daha rahat olarsan, daha az üzülərsən. Sənin daha az üzüldüyünü bilmək  mənim üçün xoşbəxtlik olar."

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!