Hər dəfə qəbiristanlığa gedəndə yolları uşaqlığımdan keçən köhnə kişilərin qəbrini də ziyarət edirəm. Unikal adamlar idilər. Geyimləri də, vərdişləri də özünəməxsus idi o kişilərin. Panama, buxara papaq qoyanı da vardı, başına ala dəsmallardan çəkmə keçirəni də. İndi o boyda kotallı kənddə belə adamlar yoxdur. Elə bil, adamlar da cırlaşıb. O vaxt kişilər də, arvadlar da rəngli geyinərdilər. Kəndin özü də rəngli idi, darvazalar, qapılar, hətta çəpərlərin quruluşu da bir-birinə oxşamırdı. Hətta kəndə gələn yad adam bir gəldiyi qapını ikinci dəfə biz tərəflərə üz tutanda axtardığı ünvanı çox asanlıqla, soraqlamadan tapa bilərdi.
Öyrəli (siz bu ifadəyə "o dəfə" deyirsiniz) yolumu yenə də qəbiristanlıqdan salmışdım. Köhnə kişilər yadıma düşmüşdü. Bəlkə də iyirmi günlük məzuniyyətin kənddə keçirdiyim boz çalarlarından tıncıxmışdım. Getdim. Onu da deyim ki, bizdə qəbirstanlıq sözü işlədilmir - ya "aşağı" deyirlər, ya da sonev çəpərliyi. Hər iki söz istiqamət və sırf məkan anlayışını özündə birləşdirir. Qəbiristanlıq kəndimizin aşağısında yerləşir. Kənd camaatının ağzında "aşağı" ifadəsi həm də "ölüm"ü birbaşa (dolayı yox) ifadə edir. Köhnə kişilərin hamısı - Çal Hasanı, Cümşüd dayını, Alpı qağanı, Temir kişini, Çoban İmiri, Butulka Cöyüzü - hamısını... Butulka Cöyüzün baş daşındakı şəkillə göz-gözə gəldim. Ətim ürpəndi. Tüklərim biz-biz durdu. Cöyüzdən başqa adlarını sadaladıqlarımın hamısı ilə çoban yoldaşı olmuşam. Bu haqda başqa vaxt danışaram, amma bu dəfə Butulka Cöyüzdən yazacağam. Cöyüz kişi ilə yoldaşlığım olmayıb. O, bunların hamısından əvvəl, doxsan yeddinci ildə ölüb. İnanmasanız qəbir daşına gedib baxa bilərsiniz.
Bir qatırı vardı. Bir də eşşək arabası. Müharibədən sonrakı dövr idi də, camaatın arpa, qarğıdalı üyütdürüb taxıl ununa qatqar edib çörək bişirən vaxtlardan danışıram. Bizim Cöyüz baba da qapı-qapı düşər, hərənin verəcəyi bir vedrə taxılı, arpanı, qarğıdalını arabaya yükləyər, aparıb qonşu kəndin Göy dəyirmanında üyüdər, sonra da yiyələrinə təhvil verərdi. Balaca qeyd dəftərçəsi də vardı. Kim neçə kilo, neçə vedrə "amanat" veribsə, yiyəsinin adını və neçə kilo olduğunu yazardı. Cöyüz kişi camaatın əziyyətini elə-belə çəkmirdi. Vedrəyə "bir nizami", çuvala "məmməd yarım" alardı. Özü belə deyirdi. Həmişə də sarı köynək, qonur şalvar, qara ayaqqabı, çəhrayı papaq qoyardı başına, özü də panama papaqdan. Gün evimizin təpəsinə çıxanda qatırını mahmızlayıb yola düzələr, bir də şər qarışanda qamçısını şaqqıldada-şaqqıldada yolaqlarda əylənər, üyünmüş "amanatlar"ı yiyəsinə qaytarardı. Üstü də ağappaq. Bircə çəhrayıya çalan papağı un tozuna bulaşmazdı.
Hər gün içirdi Cöyüz kişi. Hər gün bir arağı vardı. İçib bir damın altında yaşadığı Bəsti arvadı çırpardı. Hər kəs Cöyüzün qışqırığını eşidərdi. Bəsti arvadın səsi dörd divardan çıxmazdı. Kişinin ürəyinin soyuduğunu görüb sakitcə otağın küncündən qalxar, üst-başını düzəldib su qızdırar, iki vedrə su ilıqlayıb Cöyüzü çimizdirərdi. Çəpəki məhlə qonşumuz idi, ona görə detalları dəqiqliklə yazıram. Ağlınıza başqa şey gəlməsin.
Oğlu, uşağı da yox idi. Qoca yaşında Eldar tərəfdən bu Bəstini tapıb gətirmişdi. Deyilənə görə, çörək ağacı olan eşşək arabasına qatır almağa gedibmiş, üzü ərəseyə. Elə qatırı aldığı adam qatırın üstündə Bəsti arvadı da verib ki, a kişi, arıqlayıb çöpə dönübsən, bunu da apar, boğazına baxsın. İmanımı göy əskiyə bükəmmərəm, amma camaat elə danışır. Haqq üçün deyim ki, Bəsti arvad da qayırıb-qoyan, əldən-ayaqdan isti adamıydı.
Elə Cöyüz də kənd arasında hoya yetən, əl-ayaq verən birisi kimi tanınırdı. Hörmət qoyulurdu. Hər kəsin üzü kəsdiyi, buyurub-çağırdığı ağsaqqallardan idi. Amma bircə pis vərdişi içməyi idi, "hər gün dərmannammasam, durammaram" - söyləyirdi. Rəhmətlik içkiyə də "dərman" - deyirdi.
Cöyüz kişinin şəklindəki vahimə onun ölümünü görməyimlə bağlıdı. Yəqin ki, belədi. İlk dəfə gözlərimin önündə can verən, sonra da ona verilən "dərman"ı içdikdən sonra sakitcə başını balınca çırpıb ölən adam Butulka Cöyüz olub.
Söz vədəsinə çəkər, Məhərrəm ayı təzəcə girmişdi. Yox, əstağfürullah, Aşura günü idi. Təxminən günorta üstü olardı. Hardasa bizim saatla qoyun sağımı ərəfəsi. Birdən məhlə tərəfdən qıyxırtı qopdu. Cöyüz kişinin səsi idi amma bu dəfə daha bərkdən qışqırırdı. Sanki aman diləyirdi. Qəribə olan bu deyildi. Adamın qanını donduran Bəsti arvadın qıyxırtısı idi. Heç kəs bu qışqırtıya qədər onun səsini eşitməmişdi. Hamı səsə-küyə Cöyüzün çəpərinə doğru qaçmağa başladı. Elə biz də. Uşaqları deyirəm. Gedəndə gördük ki, Cöyüz kişi "setka kravat"da başını divara vurur, özünü şapalaqlayır. Birdən Bafta qarı dedi ki, "qan yax, Cöyüz qaam can verer". Hamı o saat anladı ki, Cöyüzün vaxtı da burda tamamdı. Amma canı-cürəfəsi yerində olan, səhər çayçı Qorxmaza odun qırıb gətirən bu kişinin birdən birə niyə bu vəziyyətə düşdüyü maraqlandırırdı. Gözlər ittiham dolu nəzərlərlə Bəsti qarıya tuşlandı. Bəsti qarı da dilləndi ki, qara yığvallı səhər odundan gələndən sonra yıxılıb yatandı. Paltar yuyduğu yerdə səsinə evə qaçıb. Heç kəs inanmasa da, Bəsti arvad sözünü bitirib gözünü döyürdü. Səsə-küyə tövşüyə-tövşüyə özünü Cöyüz kişinin qapısına yetirən Çayçı Qorxmaz dedi ki, günah bizdədir. Deməli, çayxanada hamı Butulkanın ətəyindən yapışıblar ki, içməsin, məhərrəmlik gəlir. Yazıq kişi də dişi bağırsağını kəsə-kəsə söz verib ki, içməyəcək. O, da on gün imiş ki, içmirmiş.
Birdən Cöyüz baba qışqırdı. "Dərmanı gətir, a donuz qızı!" - deyə fınxırdı. Bəsti arvad əl-ayağa düşdü. Gedib butulkanı gətirdi. Arağı Qara butulkasına süzdü. Yazıq kişi, həmişə o qara butulkada içirmiş arağı. Arağı içəndən sonra Cöyüz baba "gəldim, Allah" - deyib xırıldadı. Bədəni çarpayıya döşəndi. Başı da yan üstə balışa düşdü.
Bu, mənim gördüyüm ilk, həm də rəngli ölüm idi. Sonra bizi evdən çıxardılar. Gerisindən xəbərim olmadı.
Bəsti arvad da Cöyüzün qırxını yola verib rəhmətliyin qatırını eşşək arabasına yükləyib qardaşının fermasına getdi. Qardaşı Cöyüzün boğazına baxmaq üçün göndərmişdi. İndi burada niyə qalmalı idi axı, Cöyüz ölmüşdü, pul qazananı, pisdən-yaxşıdan parça alıb gətirəni də yox idi. Qulağı batmış kimi necə qalaydı bu ayıbalası kərpicdən tikilmiş evdə. O vaxt camaat Bəstiyə beləcə haqq qazandırmışdı.
Hə, o vaxt ölümlər də canlı idi, adamların diri halları da. İndi adamlar bozlaşıb, əkələr. Srağagün Cöyüzün qırmızı kirəmitli, kərpiclərini palçıq yuyub bir böyrünü ağnadan evinə baxıram. Kirəmitləri mamırlayıb. Yaşıla bürünüb. Qırmızı ilə yaşıl Butulkalı Cöyüzün damında elə qəşəng qovuşub ki, amma bu rənglər nə müasirlikdi, nə də islam. Sadəcə göz işlədən, beyin dincəldən bir gözəllikdi. Aşağıda isə kərpiclər sarıya çalır. İndi kəndimizdə belə rəngli evlər də yoxdu. Hamı mişar daşından hördürür evi, başına da şiferdən "gümüşü papaq" qoyur. İndi heç çəpərlər də yoxdu. Köhnə kişilər hamısını - geyimlərini də, çəpərlərini də yığıb apardılarmı?!?
İndi də siqaret çəkən var, amma hamı qutusundan çıxarıb çəkir. O vaxt belə deyildi; kimi qarğıdan müştük düzəldərdi, kimi də tütün əkərdi, yarpağını qurudub çardağından asardı. İndi heç yolaqda, çəkil ağacı altında nərd oynayan da yoxdu, yay-qış demədən döşəkcə, mütəkkə tikib satan qoca arvadlar da... Qadınlı-kişili bozlaşırıqsa ədəbiyyatdan, yazarlardan niyə rəngli yazı gözləyək ki?!.
Yığım (sentyabr) 2018
Şəmkir-Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!