Göy üzü qanamışdı... - Təranə VAHİD - hekayə

...yaddaşı iri qırxayaq kimi üstünə yeriyirdi...

O lənətə gəlmiş qırmızı bulud göyün üzünə gələndə çox qorxmuşdu. Qaçıb daldalanmaq, bu qırmızı buludun xata-balasından uzaq durmaq istəmişdi. Ürəyinə dammışdı, bu bulud adi bulud deyildi, başlarına gələcək fəlakətlərin, müsibətlərin, olacaqların son işarəsi, xəbərçisiydi.

Bunları düşündükcə başı dumanlanır, ağaclar, sal daşlar gözündə əriyib əyilir, qulağına qorxulu səslər dəyirdi. Qırmızı buludun gözündən oğurlanıb daldalana bilsəydi...

Başını qaldırıb göyə baxdı, sonra içindəki qorxu əlinə-ayağına dolaşa-dolaşa qaçmağa başladı.

Arabir özünü toparlayıb geriyə, əslində, gözünün ucuyla göyə baxırdı. Qırmızı bulud ağzından alov çıxan əjdaha kimi üstünə yeriyirdi. Elə bil başqa dərdi-səri yoxuydu, qurbanı bu mağmın bəndəsiydi.

Dərəni arxada qoyub təpəni aşdı, düzəngaha çathaçatda dayandı, dumanlı başla ətrafa boylanıb sığınacaq axtardı. Gümanı uzaqdakı qaraltıya gəldi, xeyli qaçandan sonra qaraltının ağac olduğunu görüb toxdadı, yel kimi ağaca tərəf götürüldü. Qaçdıqca ağac böyüyür, böyüdükcə qorxunun içindən ümid göyərirdi.

Çölün düzündə əl-qolunu göyə açıb pirə çevrilən qoca armud ağacı ona pənah gətirəni naümid qoymadı. Ağacın gövdəsindəki koğuşu görəndə uşaq kimi sevindi, təpimiş dodaqlarının arasından sarı, çürük dişləri göründü. Barmaqlarını ağacın kələ-kötür koğuşuna sürtdü, nəmiş çürüntü barmaqlarına toxundu. Burda gizlənsə, lənətə gəlmiş o bədheybət bulud onu axtarıb tapa bilməyəcəkdi.

Şimşək elə bil armud ağacının başında çaxdı, ağac titrədi, əvvəl keçiməməsi boyda iri yağış damcıları düşdü, sonra leysan başladı. Göydə sanki zəlzələ baş vermişdi. Göy yarılıb şaqqalandıqca ağac koğuşuna sığınmış Səfinin çənəsi əsir, qorxudan kəsik-kəsik nəsə deyib mızıldanır, arabir qorxuya üstün gəlib başını koğuşdan çıxarır, budaqların, yarpaqların arasından göy üzünə boylanırdı.

Göy üzü mis rəngindəydi. Elə bil alışıb-yanan göy üzündən iri alov dilimləri bu dəqiqə lopa-lopa yerə töküləcəkdi. Bu qorxunc mənzərədən bəni-biyaban səsini içinə salıb susmuşdu.

Səfi yaşlı adamlar kimi əlini üzünə çəkib salavat çəkmək istəyəndə ovcundan isti, nəmiş qan qoxusu gəldi. Eyməndi, əlini tez geri çəkdi. Yerin-göyün kişnərtisindən yaddaşı indi-indi macal tapıb üstünə qayıdırdı. Yox, qayıtmırdı, iri qırxayaq kimi yaddaşı üstünə yeridikcə qırmızı rəngli hadisələr kələf kimi bir-birinə dolaşırdı.

Atası əlindəki çatını havada yellədirdi, anası qorxaq baxışlarıyla ilan dili çıxarıb ərinə yalvarırdı:

- Bir qələtdi eləyib, başını daşa döyüb, olan olub...

Atasının gözlərini qan örtmüşdü.

- Dəli köpəyin qızı, oğlun da sənə çəkdi, səy bir gədə doğdun, başımı yerə soxdun. İt oğlu it, kişinin arzusu varmış, arzularının dalınca gedəcəkmiş!

Çatı havada fırlandı, anası Səfini qorumaq üçün özünü qabağa verdi, atası əlinin arxasıyla anasını kənara itələdi, çatı ilan kimi havada oynayıb Səfinin ortasına dolandı, Səfinin bağırtısı aləmi başına götürdü.

Anası ərinin ayaqlarına düşdü:

- Allah evini yıxsın, xəstə balanı öldürəcəksən?! - deyib, əlini üzünə atdı.

Atası quduz it kimi dörd tərəfinə ağız atırdı.

Çatı havada açılıb-yığıldıqca Səfi bar-bar bağırır, atasını söyür, arada imkan tapıb "yaxşı eləmişəm, yaxşı eləmişəm" - deyib atasını cin atına mindirirdi. Sonra nə olduğu yadında deyil.

Səfi armud ağacının koğuşunda niyə bunları xatırlayırdı, niyə o qorxulu gün yaddaşında itib, indi peyda olmuşdu. Yaddaşı niyə qaçmışdı, ona nə olmuşdu?

İldırım haranısa vurdu, harasa zavala gəldi. Səfi ağacın koğuşunda sümüyünəcən yandı, büzüşdü, dodağı əsdi. Titrək səslə:

- Keşkə ildırım bu ağacı vuraydı, - dedi.

Dedikləri ağlına batdı. Pişik cəldliyilə birbaşa ağacın başına dırmaşdı. Göyə baxdı. Göy üzü qan rəngindəydi. Var gücüylə bağırıb yerini nişan vermək istədi. İri yağış damcıları başını göyə tutub ulayan Səfinin üz-gözünə yağdı, yaddaşına, narahat ruhuna yağdı. Səfinin qurumuş yaddaşı islandı. Damcılar axıb gözünün çuxurunu doldurub, yanağı aşağı süzüləndə ağzını geniş açıb qırmızı buludun suyundan doyunca içmək istədi. İçinin odunu söndürə bilsə, qırmızı buludun suyu söndürəcəkdi.

Şimşək bu dəfə elə çaxdı ki, Səfinin çıxdığı ağac qanbağır olub titrədi. Nə sirri-xudaydısa bu dəfə Səfi qırmızı buluddan qorxmadı. Seyrək ağlı işıqlandı, ağlına gəldi ki, geriyə, gəldiyi dərəyə dönməlidi. Ağaca dırmaşdığı kimi, düşməyi də bir oldu. Əslində, Səfinin ağacın başına dırmaşmağı möcüzəydi. Səfi hündürlükdən it kimi qorxurdu, ömründə bir kərə də olsun ağaca çıxmamışdı. Ağlı üstündə olsaydı, boynuna diri ilan da salsan, bu qələti eləməzdi. Səfi ağacın dibindəydi. Yağış get-gedə güclənirdi. Koğuşa girib nəfəs almaq istədi. Amma ağlı onu gəldiyi yerə - dərəyə çağırırdı.

Qırmızı buluddan yağan ağ yağış zehnini açmış, qorxusunu dağıtmışdı. Göyün hədə-qorxusu indi eyninə də deyildi. Var gücüylə yağışın altında qaçır, biçənəklər, kövşənlər, qarşısına çıxan kündə təpələr arxada qalırdı. Dərəyə çathaçatda dayandı. Bu yer ona tanış gəldi, nəyisə ona xatırlatdı. Gözü dərənin yuxarısındakı sıldırım ağ daşa sataşanda duruxdu, daşa qanlısı kimi baxdı. Bilmədi irəli getsin, yoxsa geri.

Göy bu dəfə yaxında yox, uzaqda, çox uzaqda guruldadı. Dağların seli-suyu dərəni yerindən oynatmışdı. Bir az da yuxarı qalxdı, zahmanın başında dayanıb bulanıq gözləriylə bulanıq selə baxdı.

Əlini üzünə çəkib şükür eləmək istədi, ovcundan qan iyi gəldi. Yerə çöküb ovcunu yaş otlara sürtdü, sonra dərə aşağı yüyürüb suyun əl verdiyi yerdə əllərini bulanıq suda yorulub əldən düşənəcən yaxaladı. Kəndə qayıtmaq üçün bu dərədən keçməliydi. Bilirdi ki, keçə bilməyəcək. Ağlının dar zolağında buna sevindi. Çevrilib dərə yuxarı çıxmağa başladı. Üst-başından su süzülürdü. Köhnə ayaqqabılarının altı sürüşkən olduğundan sürüşür, arabir dizini yerə qoyub əlləri üstə yoxuşu dırmaşırdı.

Dikdirə çatanda doğma, çox doğma bir səs eşitdi.

- Allah sənə şükür, min şükür! Məni bu yaşımda, bu başımda bala qatili eləmədin.

Atasının dediklərini eşidəndə yenə Səfinin ağlı qaçdı. Beyninin dar zolağı bir az da daraldı, qırmızı başlı qara bir ilan yaddaşından şütüyüb keçdi. İlanın uzaqlaşmağıyla zehninin işıqlanması bir oldu.

Qırmızı bulud üstlərinə gəlməmişdən əvvəl dərədəki ağ daşın yanında birdən-birə başı çönmüşdü. Hər dəfə tutması tutub kəndi bir-birinə qatanda atası onu mal damına salıb şallaqlayar, uzun müddət pəyədə ac-susuz saxlayardı. Səfi pəyədən çıxan kimi qonşusu Salmangilə gedib ağıllandığını deyərdi. Çubuqların ucunu yonqarlayan Salman kişi "Sən onsuz da ağıllısan" - deyərdi. Elə sakit-sakit deyərdi ki, Səfi onun sözünə inanardı.

Amma atası ona inanmadı...

Ağ daşın yanında halı birdən-birə qarışanda dəhrənin iti ucunu atasının boğazına dirədi...

Yox, dəhrə-filan yox idi, bu dəfə odun qırmağa atasıyla gəlməmişdi. İki gün əvvəl ağlı yerindən oynamamışdı, günortayacan kəlçələri otarıb tələsik evə qayıtmışdı. Quzu Bəbirdən eşitmişdi ki, bu gün El yolundan köç keçəcək. O, bu fürsəti əldən verməyəcək, elatdan at alıb ən böyük arzusuna çatacaqdı. Ata minib dərdinin dərmanını axtarmağa gedəcəkdi. Aylardı ki, gözünün altıyla atasının yük yerində gizlətdiyi pulları hərləşdirirdi. Atası pul yığırdı ki, inişil Əmirin oğlunun qaçırdığı qızına cehizdən-zaddan alıb versin. Atası bu pulu qəpik-qəpik yığmaq üçün dəridən-qabıqdan çıxırdı. Amma bunlar Səfinin vecinə də deyildi. Ağlı kəsəndən at istəmişdi. Qıvraq yerişli, ipək yallı, irigözlü, qar kimi ağ rəngli at. Bu at hardan ağlına girmişdi, hardan gedib-gələn yaddaşında yuva salmışdı, heç özü də bilmirdi. Amma uşaqkən Yaxşı nənəsi ona bir nağıl danışmışdı. Elə Səfi yaşda olan Xəstə Bilalın nağılını. Xəstə Bilal bir gün qaşqa ata minib dərdinin dərmanını axtarmağa gedir. Gedir, gedir, gedir və dünyanın qutardığı yerdə günəş rəngli bir çiçək tapır. Çiçəyin ətri bütün xəstəlikləri Bilalın canından qovub çıxarır. Bilal qaşqa atın belində kəndlərinə qayıdanda kimsə onu tanımır. Necə tanısınlar, axı, Bilal çolaq, xəstə bir uşaq idi. Amma indi yanağından qan damırdı, boy-buxunu göyəcən millənmişdi, yumruğu sal daşı ikiyə bölürdü. Kəndin ən gözəl qızı Süsən də o gün Bilala könül verir. Sonra da qırx gün, qırx gecə toyları olur.

Nənəsi nağılın bu yerində köks ötürərdi. Axı, onun toyu olmamışdı, kindiri vurmuş Səfinin babası onu bostandanca götürüb qaçırmışdı.

Səfi bu nağılı nənəsinə o qədər danışdırmışdı ki, yazıq arvad nağıla bir düjün əhvalat qoşmuşdu. Səfi seyrək ağlıyla hər şeyə inanırdı, amma bu nağıla elə inanmışdı ki, bu inam yaddaşında kök atıb ruhuna qarışmışdı.

Amma hər dəfə ağzını açıb atdan söz açanda atası "bircə atımız çatmır" - deyib Səfinin ağzından vurmuşdu. Anası da oğlunu kiritmək üçün "başına dönüm, heç inəyimizə ot-ələf tapmırıq, at, bilirsən, bir gündə nə qədər ot yeyir?" - deyib onu qorxutmaq istəmişdi.

- Nə qədər? - deyib Səfi gözünü anasının üzünə dikmişdi.

- Bir taya.

Bu cavab Səfini qorxutmuşdu. Elə qorxutmuşdu ki, uzun illər içindəki at xəyalını qovub özündən uzaqlaşdırmışdı. Hər gün bir taya ot yeyən heyvandan kim qorxmaz ki? Amma illər sonra Yaqubgilin, Lətifgilin atlarının çox az yediyini görmüşdü. Bir qışa bircə taya yemişdi qonşuların atı. Başa düşmüşdü ki, anası onu başından eləmək üçün belə deyib.

İndi yekə kişiydi, 17 yaşı vardı, at istəyirdi, istəyirdi ki, ata minib getsin, uçub gedən ağlını tapıb gətirsin.

...Allahdan, evdə kimsə yox idi. Səfinin barmaqları yükün altındakı pula toxunanda bədəni çimçəşdi. İstədi əlini geri çəksin, duruxdu, istəyi qorxusuna üstün gəldi. Pulu götürüb tələsik cibində gizlətdi. Ora-bura baxa-baxa El yoluna yollandı. El yolu kəndlərindən xeyli aralıydı. Səfi dikdirləri, dağları quş kimi aşırdı. Payızın son ayı olduğundan köçlər arana yollanırdı.

Səfinin gözləri ilxıya sataşdı. Ağ, qırmızı atlar alov kimi işıq saçırdı. Səfi burnunu çəkə-çəkə elatın başçısını soruşdu. Eşməbığlı adamı nişan verdilər. Başqa vaxt olsaydı, Səfi bu bədheybət adamdan qorxar, dil-dodağı quruyardı. Amma Səfi çalbığlı, həbəş dodaqlı adamdan qorxmadı.

Barmağını sürüyə tuşlayıb:

- O ağ atı istəyirəm, - dedi.

Eşməbığ adam Səfinin təhər-töhüründən bir şey anlamasa da, gözündəki işartısını görüb:

- Pulun var? - dedi.

Səfi əl atıb cibindəki dəsmala bükülü pulu top çıxarıb adama uzatdı. Sövdələşmə baş tutdu. Atın başına noxta salıb Səfiyə verdilər.

Səfi heç vaxt ondakı qədər xoşbəxt olmamışdı, elə bil ürəyi qıdıqlanırdı, ayağı yerə dəymirdi, atın başını çəkə-çəkə öz-özünə danışır, gülür, arada fit çalırdı. Yol  qıyıb ata da minmədi. Gör neçə illər bu irigözlü, ipək yallı, ağ atın yolunu gözləmişdi. Bircə Allah bilirdi ki, Səfi bu atı nə qədər arzulayıb, gecələr neçə dəfə atdan ötrü gözünün yaşını töküb.

Səfi kəndə qayıdırdı, qayıdırdı ki, atına yəhər alıb, minib getsin buralardan. Uçub gedən ağlını tapıb, Bilal kimi sağalıb geri dönsün. Gözükölgəli anasını atasının danlağından qurtarsın, məhəllədəki pis uşaqlar ona söz atmasın, xırda qızlar onu görəndə əllərini ağızlarına aparıb gülməsin, eh, Səfinin o qədər dərdi vardı ki... Amma bir şey qalmamışdı, Səfi arzusunun dalınca gedəcəkdi...

Dərədən keçəndə at başını uzadıb xeyli su içdi, Səfi heç vaxt heç kimə demədiyi sözləri utana-utana atına pıçıldadı:

- Başına dönüm sənin, mənim yaxşı atım.

At narahat-narahat fınxırıb Səfinin sözlərinə məhəl qoymadı...

...Atası ağ atı həyətlərində görəndə... Səfinin yaddaşı yenə qarışdı. Atası əvvəlcə evə qaçdı. Hə, qaçdı, sonra güllə kimi özünü həyətə atdı, səsi titrəyə-titrəyə, "az, Həmayıl, pul yerində yoxdu" - dedi.

Əlində ələk tutmuş anasının sifəti un kimi ağardı.

- Nə danışırsan, a kişi? Dəli olmusan, nədi?

- Yoxdu da, ay evi yıxılmışın qızı, yoooxdu!

Atası məsələni anlayanda onu çatıyla döydü, amma ürəyi soyumadı, bir də özünü evə təpdi. Əlində təklülə geri qayıdanda anası əl atıb başını yoldu. Güllə açıldı, Səfinin ürəyi ayağının altına düşdü. Səfi dönüb qorxulu səslər çıxaran atına baxdı. Dördgöz olmuş at, fınxırıb şahə qalxmaq istədi, dizləri büküldü, başından qan bulaq kimi fışqırıb hər tərəfi qana boyadı. Sonra böyrü üstə yerə yıxıldı, bağlandığı dirəyin üstünə aşdı. Səfi olanları görürdü, amma gördüklərini ağlına sığışdıra bilmirdi. Əli-ayağı qurumuşdu. Handan-hana qurumuş ayaqlarıyla özünü atın üstünə atdı. Atın bütün bədəni tir-tir titrəyirdi, iri gözləri qorxu saçırdı. Səfinin arzuları, xəyalları, inamı atın gözündə ölürdü. Səfi sümüyünəcən yansa da, əl uzadıb arzularını xilas edə bilmirdi. At Səfinin gözündə, Səfi atın gözündə ölürdü...

Qonum-qonşu səsə gəlmişdilər. Heç kim dinmirdi, hamı ölümə tamaşa eləyirdi, Səfi də ölən atı kimi titrəyirdi. Sonra kölgə kimi adamların içində əriyib yox oldu...

...İndi atası ilə üz-üzə dayanmışdı. Ağlının dar zolağından işıldaqurdu kimi işıqlar sayrışırdı. Atası burda nə gəzirdi? Atası onun arzularını öldürmüşdü, o da atasını öldürəcəkdi. Öldürəcəkdi, sal daşın yanında, odun kəsdikləri dəhrəylə... Soyuqdan qızarmış əllərini qorxa-qorxa ağzına apardı. Əlindən qan iyi gəlmirdi, yaş otun zərif qoxusu gəlirdi.

- Qorxdum, başına bir işin gələcəyindən, səni itirəcəyimdən qorxdum. İki gündü çölü-biyabanı qarış-qarış gəzib səni axtarıram. Lənətə gəlsin o pulları, sənə at alacam, yaxşı bir at alacam. Gedək evimizə, anana yazığın gəlsin.

Səfi ağlayırdı, zülüm-zülüm ağlayırdı. Göz yaşları tüklü üzüylə diyirlənib boynuna-boğazına, qoynuna tökülür, atası günahkarcasına susurdu.

Birdən elə bil atası diksindi, əlini köhnə pencəyinin cibinə salıb bir ovuc quzuqulağı çıxarıb Səfiyə uzatdı.

Atasının ovcunda Səfinin ölmüş arzularının qanı vardı. Səfi başını qaldırıb göyə baxdı. Qırmızı bulud atasının əlindəki qanı yuya bilməmişdi, qırmızı bulud atın çapıb getmişdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!