Qızıl Alma hardadı? - Ömər SEYFƏDDİN - hekayə

 

- Qızıl Almaya!

- Qızıl Almaya!

- Qızıl Almayacan gedəcəyik!

Nərə səsləri yeri-göyü titrədirdi...

Sultan Süleyman otağında tək idi. Bir az əvvəl Böyük Divan üzvlərini - vəzir-vəkili, sarayın say-seçmə əyanlarını, alim-üləmaları, xəzinədarı, şan-şöhrətli sərdarları, bölükbaşıları, ağa və kəndxudaları, mahir oxatanları, dəfələrlə döyüşdə şücaət göstərmiş rütbəli yeniçəriləri toplamış, müharibəyə hazırlıqla bağlı təlimat vermişdi. "Cəng" sözünü eşidən Böyük Divan üzvləri sultanın ayaqlarına qapanmış, arxalığının ətəyini öpmüş, sevinc gözyaşları axıda-axıda demişlər: "Padişahım, əlçatmaz, ünyetməz Qaf dağına qədər arxandan gəlməyə hazırıq!"

Böyük Divan üzvləri hüzurundan mürəxxəs olandan üç-beş dəqiqə sonra nərə səsləri göyə bülənd olmuşdu. Görünür, təlimat orduya və xalqa həmən çatdırılmışdı...

-Qızıl Almaya!

- Qızıl Almaya!

- Qızıl Almayacan gedəcəyik!

Sultan Süleyman qızıl işləməli taxtından ehmalca qalxdı. Pəncərənin önünə gəldi. Kükrəyən izdihamın hayqırdığı sözlərə qulaq asdı: "Qızıl Almaya! Qızıl Almaya!" Mənası o qədər də anlaşılmayan bu sözü şahzadəliyindən bəri min dəfələrlə eşitmişdi:

- Qızıl Almaya!

- Qızıl Almaya!

- Qızıl Almayacan gedəcəyik!

Sultan Süleyman qayıdıb təzədən taxtında əyləşdi. Gözlərinin üstünə qədər düşmüş yusifiyyəsini azca geri itələdi, əsmər, uzun barmaqları ilə geniş alnını ovuşdura-ovuşdura düşündü, düşündü, düşündü:

- Qızıl Alma haradı?

İstər Şərqdə olsun, istər Qərbdə, səfərə çıxarkən cuşə gələn əsgər elə hey "Qızıl Almaya! Qızıl Almaya! - deyə bağırırdı. O, bu nərələri yeniçəri qışlalarında, süvari alaylarında, rəsmi dövlət mərasimlərində, hətta İstanbulda - sarayının bağçasında belə eşitmişdi. Amma heç vaxt bunun harda olduğunu öyrənməyə bu qədər maraq göstərməmişdi.

Sultan Süleyman muşmula rəngli saçaqlı pərdənin arxasında növbət çəkən Mahmudu çağırdı:

- Sədrəzəmə de, Böyük Divanı toplasın.

Yarım saat bundan əvvəl toplantıdan çıxmış Böyük Divan üzvləri - vəzir-vəkil, sarayın say-seçmə əyanları, alim-üləmalar, xəzinədar, şan-şöhrətli sərdarlar, bölükbaşıları, Sokullu Mehmet paşa, Heydər paşa, Ayas paşa, İsgəndər paşa, ağa və kəndxudalar, mahir oxatanlar, rütbəli yeniçərilər başları kökslərinə əyili, gözləri yerə dikili halda otağa girib, taxtın saçaqlarını öpüb, əlləri əllərinin üstündəcə sakitcə dayandılar.

Sultan Süleyman bayaq arxaya itələdiyi bəyaz tülbənd sarılı, qoşa tuğlu yusifiyyəsini gözünün üstünə basmışdı, qaşları, demək olar ki, görünmürdü. Üzü də, elə bil ki, həmişəki üzü deyildi - son dərəcədə tutqun və sərt idi. Elə sərt səslə də incə dirəklər üstə qurulmuş və bir zümrüd qübbəni andıran otağın loş sükutunu pozdu:

- Qızıl Alma haradı? İçinizdə bir bilən varmı?

Hamı susdu.

Sultan Süleyman sualı təkrar etdi:

- Qızıl Alma haradı? Yəni, içinizdə bir bilən yoxdu?

Kimsədən səs çıxmadı.

Sultan Süleyman:

- Sizi bunu öyrənmək üçün çağırdım, - dedi. - Sağımızda, solumuzda daima bu nərəni eşidirik. Budur, baxın, bayırda yenə "Qızıl Almaya! Qızıl Almaya!" - deyə bağırırlar. Min dəfələrlə adını eşitdiyim bu yerin hara olduğunu öyrənmək istəyirəm.

Tamışvar fatehi Əhməd paşa kəkələdi:

- Vyana olacaq, sultanım.

Sultan Süleyman vəzir-vəkilə baxdı:

- Eləmi?

- ……

- ……

Vəzir-vəkil nə "hə", nə "yox" deyə bildilər, eləcə gözlərini döydülər.

Sultan Süleyman orduda təzəcə yüksək vəzifəyə gətirdiyi tüklü qaplan dərisi geyinmiş qurd dəbilqəli, polad qalxanlı Rumeli bəylərbəyindən soruşdu:

- Sokullu, sən de, Qızıl Alma haradı?

- Roma olacaq, sultanım!

- Nədən bilirsən?

- Elə düşünürəm.

- Düşünmək ayrı şeydi, bilmək ayrı şey…

Sultan Süleyman sıra ilə Böyük Divan üzvlərinin hamısından bir-bir soruşdu: "Qızıl Alma" haradı? Kimi Çin dedi, kimi Maçin.

Ayas paşa:

- Hinddir! - dedi.

Heydər paşa etiraz etdi:

- Yox, Sinddir!

İsgəndər paşa başını buladı və:

- Nə hinddir, nə Sinddir. Qaf dağının arxaları olacaq, - dedi.

Sultan Süleyman İsgəndər paşanın bu fikrini müzakirə etməyə elə də lüzum görmədi. O, öyrənmək istədiyi şeyi kimsənin bilmədiyini görüncə, canı daha çox sıxıldı. Əyləşdiyi qoltuğun qıraqlarını əsəbi halda bərk-bərk sıxdı və adətinin əksinə olaraq, alim-üləmalara üzünü tutub, acı-acı gülümsündü.

- Budu sizin elminiz?

Həmişə, hər yerdə bilikləri ilə qürrələnən alim-üləmalar həqarətə uğrayacaqları üçün başlarını yüngülcə aşağı əyib susdular. Onlar hər şeyi qəbul edərdilər, amma cahilliyi əsla yox... İçlərindən qarasaqqallı, kök, eyni zamanda, qısaboy bir üləma-fakin - bu həm ən savadlıları, həm də ən cəsarətliləri idi - bir addım irəli çıxdı və dedi:

- Sultanım, bu "Qızıl alma" Allahın qullarının öz yanlarından uydurduqları bir əfsanədir. Nə əsli vardır, nə fəsli... Bir həqiqət deyil ki, biz də bilək... Xalq isə, çox vaxt bildiyini də deyir, bilmədiyini də...

Zamanın böyük hökmdarı Sultan Süleyman əllərini qızıl işləməli qoltuğunun yanlarına söykəyib, ayağa qalxdı:

- Xalq həmişə Haqqın sözünü deyir.

Qısaboy üləma bundan bir şey anlamadı.

Sultan Süleyman sözünə davam etdi:

- Madam ki, xalq deyir, deməli, Haqq deyir və həqiqətdir. Haqqın dediyi əfsanə ola bilməz. Mütləq əsası vardır. Bunu isə siz bilmirsiniz.

Qısaboy üləma təzim etdikdən sonra dedi:

- Nə elmdə, nə də şəriətdə belə bir ölkə, şəhər, kənd adı yoxdur ki, müsəmması da olsun.

- Deyirsən ki, nə elmdə, nə də şəriətdə belə bir ad yoxdur?

- Yoxdur, sultanım.

- Qayda-qanundan qıraqda - örfdə, adət-ənənələrdə, inanışlarda da yoxdur?

Qısaboy üləma fikrə getdi. İstədi desin ki, yoxdur. Fəqət, sevinc, eyni zamanda, ruh yüksəkliyi içində səfər məşqi edən ordunun bir-birinin ardınca çaxan gur şimşəkləri xatırladan "Qızıl Almaya! Qızıl Almaya!" sədalarını eşidəndə duruxdu. Əsgərlər təkcə səfərə yollandıqları, savaşa girdikləri zaman deyil, hətta döyüş hazırlığı keçdikləri vaxtlarda da bu cür böyük şövqlə nərə çəkmirdilərmi? Və bu daima qaynayan, coşan bir qüvvənin  - istinad nöqtəsinin varlığından xəbər vermirdimi? Hələ mədrəsədə təhsil aldığı illərdə süvarilərin - atlı əsgərlərin, yenicərilərin, eynən carçılar kimi, küçə-küçə, məhəllə-məhəllə gəzib-dolaşdıqlarını, "Qızıl Alma"nı vəsf edən türkülər söylədiklərini azmı eşitmişdi? Yox, o ruha yaxın təranələrin sədaları qulaqlarından hələ də getməmişdi... Qəribədir, amma, nədənsə, o vaxt bu hikmətin mənasını araşdırmağa, dərk etməyə cəhd göstərməmişdi. Udqundu. "Qızıl Alma örfdə də yoxdur" deməyə cəsarəti çatmadı. Çünki bayırdakı nərə səsləri bütün varlığını çuğlamışdı. Odur ki:

- Var, sultanım, - dedi.

Sultan Süleyman gülümsündü:

- Elədirsə, deməli, müsəmması da var.

Fakih-üləma susdu. Yüngülcə qızardı və bir addım geri çəkildi. Gözlərini bir nöqtəyə dikib düşündü: " Örfün həqiqət olduğunu şəriət də təsdiq etmirmi? Sultan bunu bilən fazillərdəndir. Tərslik etməyə - höcətləşməyə lüzum yoxdur!"

O biri alim-üləmalar məslək, əqidə yoldaşlarının məğlub olduğunu görüb, ağızlarını açmadıqlarına görə sevindilər və düşündülər ki, susmaq, həqiqətən də, danışmaqdan xeyirlidir.

Sultan Süleyman acı-acı gülümsündü:

- Dünya qəribədir. Siz bu xalqın başbilənləri, idarəedənlərisiniz. Amma onun istədiyi şeyin nə olduğunu bilmirsiniz.

Böyük Divanın üzvləri susdular.

Lakin Sultan Süleyman qəhrəman, arif, fazil və şair olduğu qədər də insaflı idi. Hər şeyi əvvəlcə öz nəfsinə görə mühakimə edər, bir hökmü, bir qərarı verməzdən əvvəl bir dəfə də öz vicdanının səsini dinləyərdi. İndi hüzurundakı qullar verdiyi suala cavab tapmadıqlarına görə acı-acı qıvrılarkən, o da sıxılırdı...

O, "Dəruni lisanla" öz-özündən soruşdu:

- Ey Süleyman, bu verdiyin sualın cavabını özün bilirsənmi?

Və cavab verdi:

- Bilmirəm, amma...

Bir də soruşdu:

- Nə amma?

Bir də cavab verdi:

- Hiss edirəm...

Sultan Süleyman bu daxili mükalimədən sonra, az da olsa, fərəhləndi. Hiss etdiyini düşünməyə başladı. Bu külli-aləmin, elm və ürfanın ötəsində olan bir həqiqət idi. Bəli, indi, budur, "Qızıl Alma"nın nə olduğunu sanki bilir, fəqət söyləməyə, izah etməyə, sadəcə, gücü, qüdrəti çatmırdı. Halbuki Böyük Divanın üzvləri - vəzir-vəkil, şan-şöhrətli əyanlar, alim-üləmalar, xəzinədar, adlı-sanlı sərdarlar, bölükbaşıları, ağa və kəndxudalar, mahir oxatanlar, dəfələrlə döyüşlərdə rəşadət göstərmiş rütbəli yenicərilər, hətta ömrü-günü müharibələrdə keçmiş paşalar belə bunu hiss etmirlər. Odur ki, birinin sözü, o birinin sözü ilə uyğun gəlmir. Kimi Çin, kimi hind, kimi Sind, kimi Vyana, kimi Roma deyir. Amma Qızıl Alma bunların heç biri deyildir.

Sultan Süleymanın içindən bir səs gəldi:

- Bəlkə bunların hamısından daha gözəl, daha qiymətli bir yerdir!

Sonra o, utandıqlarından qızaran qullarından - Böyük Divan üzvlərindən soruşdu:

- Qızıl Almanın hara olduğunu kimdən öyrənə bilərsiniz?

Böyük Divanın üzvləri başlarını aşağı saldılar, elə bil, ağızlarını açıb, yanlış söz söyləməkdən ya ehtiyat edir, ya da qorxurdular. Birdən, necə oldusa, İsgəndər paşa özündə cəsarət hiss edib, bir addım irəli çıxdı və dedi:

- Sultanım, nə qədər savadsız olduğumuz suali-hümayunuzla bəlli oldu. Amma xalq arasında deyirlər: " Min alimin bilmədiyini bir arif bilir." İzn verin, bir arif adam tapaq, ondan soruşaq.

Sultan Süleyman bir qədər fikrə gedəndən sonra:

- Arif adam kimdir? - dedi.

İsgəndər paşa yüngülcə baş əydi:

- Bilməyə-bilməyə duyan, hiss edən... - O, saf əsgər məntiqi ilə əlavə etdi: - Ağız-ağıza verən quşların civiltisində olduğu kimi, xalqın hayqırışında da mütləq bir məna vardır.

Sultan Süleymanın kefi duruldu, buyurdu:

- İsgəndər paşa, gizlicə xalqın arasına gir, gözün su içən üç arif adam tap, hüzuruma gətir.

İsgəndər paşa bir qədər sonra qayıdıb gəldi:

- Sultanım, üç arif adam tutub gətirdim, - dedi.

- Əvvəl birini gətir görək...

İsgəndər paşa ürkmüş, qorxusundan rəngi sapsarı saralmış, ayaqüstə tir-tir titrəyən bir adamı itələyə-itələyə içəri saldı. Bu uzunboylu, pələbığlı, güclü, orduda əsgərlərin ayaqqabılarını təmir edən bir sərsəri idi. Qapının ağzında dayanan gözətçilərin öyrətdikləri kimi, taxta sarı getdi, əyilib yeri öpdü, ayağa qalxmadı, qollarını köksündə çarpazlayıb, dizləri üstə çökdü.

Sultan Süleyman soruşdu:

- Qızıl Alma, Qızıl Alma deyirsiniz, bu haradı?

Sərsəri bəraət üçün dedi:

- Vallah, sultanım, hamı dedi, mən də dedim.

Sultan Süleyman güldü:

Niyə dediyini soruşmuram. Qızıl Alma haradı? Bunu de!

Sərsəri tərəddüd etmədən dedi:

- Sultanımızın bizi aparacağı yer.

Sultan Süleyman bir də güldü:

- Yaxşı, sultanınız sizi hara aparacaq?

- Hara istəsə... Bunu o özü bilər...

Sultan Süleyman, İsgəndər paşaya sarı döndü:

- İkincisini gətir görək...

Hələ də dizləri üstə çökən sərsəri vəzirin işarəsi ilə ayağa qalxdı, geri-geri gedib, qapıdan çıxdı.

İsgəndər paşanın gətirdiyi ikinci adam bir yeniçəri idi - qaraşın, tökməbədən, ağıllı. Sərbəstcə gedib bayrağı öpdü, əlini köksünə basdı, sultanın "Qızıl Alma haradır?" sualına heç düşünmədən cavab verdi:

- Önümüzə düşüb bizi aparacağınız yer.

- Ora haradır?

- Siz bilərsiniz, sultanım!

Hamı susdu. İsgəndər paşa üçüncü adamı sultanın hüzuruna gətirdi. Bu, enli kürəklərinə zatürrəsinin saçaqları tökülmüş gənc bir dəliqanlı idi.

Sultan soruşdu:

- Dəliqanlı, Qızıl Alma haradır?

- Atınızın getdiyi yer!

- Atımın getdiyi yer haradır?

- Bunu yalnız siz bilərsiniz, sultanım!

Sultan Süleymana fikrə getdi: "Bəli, ora nə hind, nə Sind, nə Çin, nə Maçin, nə Vyana, nə də Romadı..." Sonra o, hüzurundakılara:

- Gördünüz də, - dedi. Üçünün də cavabı birdir, yəni, həqiqət birdir. Qızıl Alma mənim getmək istədiyim yer imiş... Yəni, Haqqın məni göndərəcəyi yer...

Həqiqəti söyləyən üç kişinin üçünə də üç yüz kisə ağca ehsan - ərməğan edildi. Bayırda isə, "Qızıl Almaya! Qızıl Almaya!" sədaları çağlaya-çağlaya saraya yaxınlaşırdı.

Sultan Süleyman birdən-birə Haqqın onu göndərəcəyi yer haqqında düşündü. Qarşısında Haqq yolu, həqiqət yolu, getmək istədiyi "Qızıl Alma" deyilən bir cənnət canlandı. Başını dik tutdu. İri, qara gözlərini qıydı. İlahi, mənəvi bir kamilliyə qovuşmuş kimiydi. Müdebbir vəzir-vəkilinin, alim-üləmalarının, qəhrəman bəylərbəyilərinin nə vaxt bayrağı öpüb çıxdıqlarını belə hiss etmədi...

Yer-göy nərə səsindən titrəyirdi:

- Qızıl Almaya!

- Qızıl Almaya!

- Qızıl Almaya gedəcəyik!

Əsgərlər sanki qalxan qanadları ilə uçmağa hazırlaşırdılar əbədi məkan - əsrarəngiz Ərşə doğru!..

 

K.NƏRGİZ

 

Qızıl Alma

 

Səndən

            ayrı düşdüyüm

                        gündən bəri

Tanrı dağları qədər yetim,

Tibet çölləri qədər

                        mürgüli idi

ürəyim -

Dəmirdağı

            əritdiyim atəşlə

                        oyatdım onu...

 

Ötükəndə ağlayan bir çocuq

            yalnızlığa adət etmiş

                        döyüşçü kimi

uzaq düşmüşəm özümdən,

                        istəmədən.

Bilirəm,

            yenidən doğacaq

                        Qızıl Günəş,

bilirəm,

            yenidən birləşəcək

                        Attiladan Atatürkə

                                   olan sürəc...

 

Yenidən

            dağı-daşı inlətsə Börteçinə,

yenidən

            "Birləşin!" desə Mətə xan,

yenidən baş qaldırsa Bilgə xaqan,

kim yox edə bilər bizi?

Yasəvidən

            Hacı Bəktaşa kimi

                        Haqq eşqiylə

                                yanmadımı qəlblər?

Yandı

            və bir də yanacaq!

Bilirəm,

            yenidən birləşəcək

                        ayrı düşən könüllər...

 

Okan NAR

 

***

Nə sitəmlər gördük!

Amma

            başımız əyilmədi,

                        əyilməyəcək!

Nə sitəmlər gördük -

atam,

            anam,

                        qardaşım,

                                   bacım,

ölkəm,

xalqım...

Amma

            başımız əyilmədi,

                        əyilməyəcək!

 

Ürəyimdə - od-alov

gözlərimdə - Qızıl Alma,

yüyürürəm durmadan,

yüyürürəm yorulmadan...

Qırıram

            qolumdakı bütün zəncirləri!

Əllərim

            qan içində,

                       ovuclarımda - Qızıl Alma -

yüyürürəm durmadan,

yüyürürəm yorulmadan,

Qızıl Günəş batmadan

bir yetişsəm mənzil başına,

bir yetişsəm mənzil başına!..

Barış EKEN

***

Xəzərdə qabardı xəyallar,

Dan yeri şəfəq-şəfəq əsdi.

Bir rəngi gümüşdü sevdanın,

O bir rəngi misdi.

Biz

            yenə də qəlbimizi

            dəmirin vamında döydük,

o çocuq

            böyüsün deyə,

                        sabah üçün!

Böyüdü o çocuq,

görünən aləmin

            o üzünə keçdik

                        birlikdə.

Bir ixtiyar

            əlindəki əsasını

                        göyə qaldırıb,

"Bir də

            döyün qəlbinizi

                        dəmirin vamında" -

                                   dedi.

Ardından tuğlar qalxdı,

sarılmış bayraqlar açıldı,

yüyrük asdıq

            ulduzların altında.

Belə olmalıydı,

donmuş tarix

zamanın qınından sıyrılmalıydı.

Belə olmalıydı,

tuğlar qalxdımı,

Xəzər kükrəyib daşmalıydı,

Öləcəksək bir gün,

            yerimiz

                        isti, yumşaq döşək deyil,

döyüş meydanı olmalıydı.

Qılınclar qalxdımı göyə,

şimşəklər çaxmalıydı -

belə olmalıydı.

 

Bir uşaq yüyürər üstümə

            Xəzər sahillərindən,

Masmavidir gözləri,

            rəng almış mavi sulardan.

Doğularkən

            aşiq olmuş

                        Asya ətri verən sevdaya,

Bir gün yetişəcəyəm demiş

                        Qızıl Almaya!

Törəmiz göy bayraq altında

            qırx ərlə toplanmaqdır,

Gürşadın nərəsilə

            zülmün sarayını basmaqdır.

Biz belə öyrəndik atalarımızdan

var olmanı,

Göyün

            yanan məşəli bildik

                        Qızıl Almanı!

Çocuq Aral dəniziymiş...

            Bir türkü söylər -

                        Qızılırmağa axar,

Gözü dikili göyə,

            sevdiyi yara baxar,

Doğularkən

            aşiq olmuş

                        Asya ətri verən sevdaya,

Bir gün yetişəcəyəm demiş

                        Qızıl Almaya!

Ay YILDIZ

 

İstiqamət - Qızıl Alma!

İxtisarla

Qutlu olsun səfərimiz,

İstiqamət - Qızıl Alma!

Şahlanalım hər birimiz,

İstiqamət - Qızıl Alma!

 

Qorxsun bizdən soysuz itlər,

Ensin göydən tüm şəhidlər.

Bozqurd ruhlu qoç igidlər,

İstiqamət - Qızıl Alma!

 

Fərat qanlı-qanlı çağlar,

Kərkük, Mosul qara bağlar,

Yol ver bizə, qarlı dağlar,

İstiqamət - Qızıl Alma!

 

Düşmənlərdən fərqimiz - bu,

Dastanımız, türkümüz - bu,

Üç min illik ülkümüz - bu,

İstiqamət - Qızıl Alma!

 

Daha dəniz, daha irmaq,

Yaraşarmı türkə durmaq,

Göylər - çadır, günəş - bayraq,

İstiqamət - Qızıl Alma!

 

Min düşmən - az, bir xain - çox,

Türkə türkdən başqa dost yox,

Altun yayda üç gümüş ox,

İstiqamət - Qızıl Alma!

Tərcümə etdi: Dilsuz

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!