Ələddinin elqıraqlı nəs illəri... - Vaqif Nəsib - hekayə

Əllədinin (elə Fərhadın özünün də) qara günləri (və ya işıqlı dünyadan sürgünləri) Moskva ətrafında nə müddətdi şərikli iş görən iki nəfərin növbəti mübahisəsi sonrası başladı. Fərhad yenə şəriki Yavərə görə yekəbaşlıq eləmişdi. Dükanlarına malı onun yaxasını tanıtdığı yerlisi Kəbləağadan deyil, öz moltanılarının birindən almışdı. Mübahisələri uzun illərdəki mövzudan başladı və bu dəfə həddindən artıq körüklənib yanğınını sala bildi. Yavər uşaqlıqdan bir şəhərli fanatı kimi böyüdüyündən cümlə kənd əhlinə (Bakı ətrafındakılardan başqa) yuxarıdan aşağı baxırdı.

- Mən səninlə əlinin, dilinin, dalının təmizliyinə görə qaranoyluğa başlayıb, adam eləmək, cəyillər cərgəsinə qatmaq istədim...

- Nə oldu ki, özün axırıncı məclisdə mənə cəyil rütbəsi vermişdin ki...

- Səhv eləmişəm, elə moltanısan ki, varsan. Bütün kənd moltanıları kimi gicbalasan...

Gicbala sözünün dozasını həddindən çox artırdığından bu dəfə Fərhadın varlığında başı səmtindən təlatüm başlada bilmişdi. Fərhad da həmişə olduğu kimi eyni kəlmələri söyləyib şərikiylə növbəti barışığını elan etməmişdi:

- Böyük qədəşim Yavərin nə var dilində var, başında puldan savayı heç bir şey yoxdu.

Əsəb tellərinə sərt mizrab vurulub onları kökdən saldığından həmin kəlmələri yeniləri əvəzlədi.

- Sizlər də şəhərlilərdə yaranışında qonşu kişilərin əməyi olan gicbalalarsınız, gicbalalar...

Şəhərli olmasını əvəzsiz qiyməti hesab eləyən "ali irq" nümayəndəsi də əsəb tellərinə vurulan həmin tərs mizrab sonrası damarlarında axan qanların rəngini sifətinə çıxarıb, necə deyərlər, göz dimdikləməyə hazır dəyirman xoruzuna çevrildi. Elədiyini dilinə gətirən cəyillərin sırasından çıxmalı oldu.

- Ələ, bizə bicbala deyirsən. Moltanınız qızları şəhərdə min oyundan çıxıb bicbala yetirir. Mən subutalnı, dakumentalnı sözlərimi gözünə soxa bilərəm.

Həm də sənin öz kəndçilərinin biri üçün bir cüt bicbala yaratdığımdan...

- Söyləməyən kişi deyil, arvaddan on xal əskikdi. - Əsəblərini cilovlaya bilməyən Yavər cəyillik atından düşüb cin atına minməli olmuşdu. Bu cin atı da onu gələcəkdə ailə qurmaq istədiyi bir qadının sirlərini açdırıb biqeyrətlər cərgəsinə aparırdı.

- Sənin fəxr elədiyin o alim kəndçin ki var, onun ekiz balaları məndəndi. Arvadı Xavər Moskvaya həkim bəhanəsiylə mənim yanıma gəlmişdi. Onu həkim yox, mən bilirəm necə müalicə eləmişdim.

Həmin kəlmələr Fərhadı da varlığından çıxarıb dalaşqan beçəyə çevirmişdi. Neçə illərin şəriki bax beləcə bir-birinin gözünü çıxarmağa hazır xoruz-beçəyə dönmüşdü.

- Bunları sübut eləməsən süpürgəçimizin şalını başına örtüb bazar boyu sürüyəcəyəm.

- Sübut eləsəm, həmin şala sən bürünəcəksən. Özü də az qalıb, lap bu günlərdə ləçək örtməyinə hazırlaş. Xavər əri, uşaqlarıyla Moskvaya, yalançı professora təşəkkürə gəlir. Əsl professor lələşinin təşəkkürü yenə yataqda olacaq...

Yavər, necə deyərlər, həmin gün axıra kimi gözünü yumub ağzını açmalı olmuşdu. İrəli gedib onu da söyləmişdi ki, Xavər onun işarəsinə bənddi. Özünü tutan kimi özünü Bakıya verib ev alacaq, baş barmağını işə salıb Xavəri də uşaqlarını da ora salacaq...

- Hər şeyi gözünlə görəcəksən, bir şərtlə ki, moltanılığına salıb işverənlik eləmiyəsən...

- Oldu...

Və, nəhayət, Yavər nakişiliyin tərəfini unudub kişiliyinin sübutuna başladı. Fərhadı yanına salıb Moskva mehmanxanalarının birinin qənşərinə gətirdi.

- Xavər axşamüstü həmin mehmanxananın lyuks nömrəsində yolumu gözləyəcək. Saat altıda foyedə oturub gözlərini dörd açarsan.

Fərhad özünü oda-közə vurub Ələddini tapası oldu. Kəndlərinin içi özü qarışıq fəxr elədiyi, başını and yerinə çevirdiyi bir təmiz adamı, məşhur alimi həmin biabırçılıqdan xilas etməyi qərarlaşdırmışdı.

Xavər Yavərin söylədiyi vaxtda gəldi. Otaqlarına qalxdılar. Xəyanəti bütün çılpaqlıqları ilə görə bilmələri üçün iki yerli bir-iki dəqiqə ləngiməli oldu. Onlar üçün ağırlaşmış həmin qısa zamanda hər ikisinin ürəyindən ağrılı fikirlər keçirdi.

Ələddin: "Kaş yalan olaydı ata-ana adı qoyduğum körpələrimi, onlarla bərabər o bədbəxtləri ikinci dəfə itirməməydim".

Fərhad:  "Ya başıma ləçək örtmək, ya da onun kişiliyini çərtmək".

... Təəssüflər olsun ki, həmin "döyüşün" qalibi Yavər oldu. Özünü və yanındakını çılpaqlayıb abırsız hala salmış "qalib" tezliklə kişiliyi tərəfdən dünyanın ən məğlub bəndəsinə çevrildi.

Əslində Yavər Fərhadın gəlişini gözləyirdi. Onun iki daşın arasında başıdaşlı Ələddini tapıb, yanına salıb gətirəcəyini ağlına sığışdırmamışdı. Amma bu da keyfini pozmadı. Fərhada söyləyəcəklərini iki adamlıq elətdi.

Yataqdan lüt-ətcəbala durub öz ən şit insan mənzərəsiylə ən duzsuz sözlərini söyləməyə başladı (buna olsa-olsa hırıldamaq, ən dəqiqisə, insanlıqdan çıxıb mırıldamaq demək olardı).

- Hə, moltanılar qoşa-qoşa təşrif gətirib...

Əvvəlcə üzünü gözləmədiyi "qonağa", yanındakı qadın sahibinə tutdu:

- Bu gündən məlumun olsun ki, öz külfətimə, uşaqlarıma sahib dururam, onların sənə heç bir dəxli yoxdu. Yeri get kitablardan qanqalını otta, dilini soxmağa da isti bir yer axtarıb lal ol.

Əlüstü o biri söz patronlarını Fərhada tuşladı.

- Niyə lal pitiyə dönmüsən, düş aşağıdakı dükanların birindən özünə bir şal al.

Bütün bunları söyləyərkən göz-qaşıyla dolab üstə qoyduğu bıçağı da göstərdi.

Həmin bıçaq Ələddinə toxunmamış varlığında işini görə bildi. Həyatının ən böyük yarasını aldı. Dünya-aləm gözlərində qaralıb və barlıqla bağlı bütün işıq tellərini kəsdi. Gözlərini yumduqdan sonra açanda illərlə Dilşada bənzətdiyi Xavərini necə var elə görə bildi. Həmin an Xavərin özü də bütün varlığına geydiyi üzlüyü itirirdi (yəni Dilşada bənzərliyini) və anası Törə xanıma çevrilirdi. Həmin gün Moskva mehmanxanalarının birinin açıq pəncərəsindən Dilşad adlı bir mələk öz sonsuzluğuna uçub getdi. Gözlərinin belə açılışı Ələddinin sabahına bütün yollarını bağlaya bildi.

Yavərin Ələddinə başı qarışdığı anlardan Fərhad məharətlə istifadə edə bildi. Dolabın üstəki bıçağı qapıb özünü şallıqdan, Ələddini lallıqdan xilas etməyə hazırlaşdı.

- Sənin hərəkətinin bircə adı var-nakişilik. Elə bundan sonra da o cür yaşamılısan...

Əvvəlcə bıçağın küpüylə Yavərin gicgahına zərbə endirib sərələdi. Sonra da kişiliyini tiyəsinin ağzına verdi. Ağrı Yavərin gözünün və sözünün yolunu aça bildi. Qan içində qan rəngli sözlərini söyləyə bildi.

- İkinizin də qırmızı qulluğunuzda durmaq boynumun borcu olsun.

Fərhad öz hərəkətindən yüngülləşmişdi. Uçmuş, dağılmış dünyası altdan yerlisini də çıxarmağa çalışdı - Sən çıx Bakıya, işinin başına get.

- Bu mənim üstümdədi, gərək...

- Narahat olma, Yavər kimilər işini milislə görmür, özləri tədbirinə başlayır.

Amma Xavərin qışqırtıları sonrası işə milis qarışası oldu. Bıçağı əlinə almış Ələddin bütün günahları üzərinə götürdü. Hər şeyin namus üstə baş verdiyi gün kimi aydın olduğundan tezcə də həmin işə xitam verildi.

Dünyanın mərkəzlərindən sayılan Moskvadan taleləri üç bəndənin yollarını öz əks istiqamətlərinə tərəf ayırası oldu. Ələddin cənubdakı cəza evlərinin birinə təşrifini apardı.

Yavər Xavərlə, uşaqları ilə uzaq Şərq şəhərlərinin birinə öz köçünü elədi (Fərhadla, Ələddinin qırmızı qulluğuna durduqdan sonra doğma yerlərə dönməyi qərarlaşdırmışdı.) Törə xanım Bakıya dönüb olanları bacardığı qədər malalamağa çalışdı.

***

Cəzasını çəkmiş Ələddin türmə yoldaşlarının birisinin köməyilə Bakının ən ucqar bağlarının birinə yerləşə bilmişdi. Və ona edilən yaxşılığın içində ilan sümüyü gizlədildiyindən xəbər tutmamışdı. Köhnə cəzalardan (sonralar dostlarının köməyilə bir para kəndin bələdiyyə rəisi olmuş) Bəybala onu sahibsiz bir bağa gətirib söyləmişdi.

- Bu gündən bu bağ olur sənin. Ətrafdakı daş karxanası işini dayandırdığından o həndəvərin bütün ilanları buralara daraşıb. Üzdə olanların başını özün əz. Sonra yol üstə kirpi satan bicbalalardan bir-ikisini alıb bağa burax. Sən buraları təmizləyənə kimi mən də təzə - təmiz sənədini düzəldəcəyəm.

Bax beləcə, Ələddinin Ələddinliyini (elminin sehrli çırağı ilə bərabər) itirib tənhalığı içinə düşdüyü günlər, aylar, illər başladı.

İlanlara hücumunu özündən başlamağı qərarlaşdırdı. Çünki özünün də axırıncı illəri ərzində sürünməsi sonrası ilana çevrildiyini fikirləşirdi. Odur ki, bağ evinin girəcəyi güzgünü mələfə ilə örtüb sir-sifətilə qarşılaşmamağı qərarlaşdırdı. Adətən, yası düşən evlərin güzgülərinin başına belə corab hörülür. Ələddin özünü Ələddin ölüsü bilib özünə haqq qazandırırdı. Xavərə görə üzünü itirdiyindən sonarkı ömrü boyu bir də onu görmək istəmirdi.

Yavaş-yavaş ilanlarını qırmağa hazırlaşdığı bağı özünün tənha adası hesab edirdi. Gəmisi insan dənizində qəzaya uğrayıb onu bura tullamışdı. Özü sürgün yerində sifətsiz yaşamağı, ömrünü birtəhər başa vurmağı qərarlaşdırmışdı.

Sonrakı günlər, namusuyla bərabər papağı əldən getmiş adam onu yox, insanlığın nəhəng fəsinə bənzəyən göy qübbəsinə baxıb (onu bax beləcə papaq kimi qabağına qoyub) fikirləşirdi: Görəsən bu dünyada onu kimi sifətini itirənlər varmı və bu cür ömür sürmək mümkündümü.

Sürgün yerində də həyatın çərxi-fələyi işini görməyə başladı. Dəryalarda böyük balıqlar kiçikləri, yuvalarda əjdaha adamlar məzlumları udduğu kimi, bağın böyük ilanı (yəni heç kim olmuş Ələddin kiçik ilanların başını əzməyə başladı. Onların əvəzində susuz, ilan dili çıxaran meynələrin, ağacların qayğısına qalmağa başladı).

Bu həndəvərin küləksiz günlərində də adından, sifətindən məhrum adamın içindən qara yellər əsirdi. Hər dəfə də tufanları başlayan günlərdə gözü qonşu bağdakı yel dəyirmanına çevrilirdi. Küləkli günlərdə də pərləri tərpənməyən yel dəyirmanını özünün qaxacı hesab edirdi. Və elə bilirdi ki, özünü həmin yel dəyirmanının yanına verə bilsə, dərd-sərinin kəsmək bilməyən küləkləri ilə pərlərini hərəkətə gətirə bilər.

Axır ki, özünü saxlaya bilməyib dəyirman cəsədinə yaxınlaşdı. Və onu yeli yox, əliylə cana gətirməyə çalışdı. Yeni sənədlərini gətirmiş xeyirxahı onu qonşu bağda görəndə sözünün yelini artırası oldu:

- Birdən o bağın mer-meyvəsinə tamah salarsan. Əhmədağanın türmədən çıxması bu gün-sabahlıqdı. Ayağını qoyan kimi pişiyini ağaca çıxarır.

Olmayan pişiyinin ağaca dırmaşdırılmasından çəkinmədi. Çünki o artıq dünyanın bütün canlılarına, itinə, pişiyinə bənzəyə bilərdi. Əhmədağa deyilən bu həndəvərin qoçusunun yel dəyirmanını işə saldı. Quyusunun suyuyla bağını cana gətirdi. Mer-meyvəsini satıb, evinin girəcəyindəki mücrüyə qoydu.

Nəhayət, Əhmədağa deyilən adam sağdışı, solduşı ilə bərabər bağına təşrif gətirdi. Və yan-yörəsinə baxıb təəccübünü gülə-çiçəyə döndərdi.

- Balağa deyəsən bağdan əl əskik etməyib.  - Sağdışı söylədi.

- Balağa çoxdan ayağını Nardaran qəbiristanlığında uzadıb.

Solduşu əlavə eləyəsi oldu:

- Qurbanlıq qoçun işi idi.

Və Əhmədağa şərəfinə qurulan məclisə bağının qayğısına qalmış "qurbanlıq qoçu" da dəvət etdi.

- Əl işinə əla, meyvələrin kərvəsi halalın olsun.

Ələddin mücrünü gətirib açdı.

- Satıb bura qoymuşam.

Əhmədağa ilk dəfə qarşısındakı adama diqqətlə, heyrətlə, bir az da rəğbətlə baxmalı oldu. Və gözləri onu diksindirən kimi oldu. Qarşısındakı adam qara buluda bənzəyirdi. Və gözlərinin leysanı kəsilənlərdən deyildi. Əhmədağa həm də bu adama həyatın turşulu aş yedizdirdiyini, vücudunda zərbələriylə salamat yer qoymadığını da başa düşdü. Onu içirtmək, ağrılarını bir az keyitmək istədi.

- Götür vuraq, sən də xoşəldinimi eylə.

- Mən... mən...

Ələddini zorla içirəsi oldular. Əslində cəllada oxşayan (və Ələddinin bu gün - sabah cəlladı olmağına hazırlaşan) Əhmədağa onu cana gətirməyə başladı. Həyatın həmin nemətindən özünü məhrum etmiş adamın araq canını isitməyə, dərd-sərini yumağa başladı. Sonralar Ələddin könüllü şəkildə Əhmədağanın məclislərinə ayaq açası oldu. Və az müddətdə cəllad qurbanının necə pak insan olduğunu anladı. Cəyil adına xəyanət etmək istəməyib ölümqabağı qurbanını bəsləməyə başladı. Sonralar qarşısındakı bürüşük adamın gözlərinin varlığına yavaş-yavaş od saldığını anladı. Hələlik onun gözlərinə baxmamağı qərarlaşdırdı.

Sonralar Əhmədağa qarşısında işini tez-bazar həll etməyi qərarlaşdırdığı Ələddin deyil, bir məhək daşı dururdu. Uşaqlıqdan dayısı Gülağayla çəkib şuluqluğa başlamış, ömrünün qızıl illərini türmələrdə keçirmiş adamın gözü önünə gözü yaşlı anasını gətirirdi. Sözlərini (yalvarışlarını qulaqlarında səsləndirirdi: adam ol, adamlar cərgəsinə qarış, Allahımız tövbə qapısını açıq saxlayıb.)

Əhmədağa hər gün məhək daşına çəkilir. Çəkildikcə anasının göz yaşlarının quruduğunu hiss edir, sevinirdi. Nəhayət, yağışlı günlərin birində onun da etiraf leysanı qarşısındakını heyrətiylə isladıb cücəyə döndərdi.

- Səni də, Fərhadı da Yavər sifariş verib. Axırıncı srokumu Fərhadı öldürəndən sonra izi itirmək üçün, başqasını bıçaqlayıb aldım.

Həmin yağışlı gündə Əhmədağanın ürəyinə Tanrı xofu hopur, ağırlığını- uğurluğunu yumağa çalışırdı. Ələddinin ayaqları altdan yer qaçır, sonsuzluğa yuvarlanırdı.

- Səni öldürməyəcəyəm. Çıx kəndinə get.

- Fərhadın yerini göstər, onu da aparım. Yavəri də arxayın edə bilərsən. Əhmədağa qardaşımın işini özüm görəcəyəm.

***

Əskipara qəbiristandığında Fərhadın sür-sümüyünü Ələddin dəfn elədi. Üstündə qara mərmərdən sinə və başdaşı ucaltdı. Üstə bu sözlər yazıldı: qeyrətli eloğlum Fərhada borc əvəzi.

Bir az sonra həmin məzar qonşuluğunda Ələddininki "bitdi". Onu qazan, daşını cücərdən həmin həndəvərin muzdlu bir adamı oldu.

Məzar daşının kəlmələri beləydi; Əhmədağa qardaşa borc əvəzi.

Əhmədağa pavilyonunda yas mərasimi təşkil etdi. Nə məclis əhli, nə də molla kimin ayaq uzatdığından xəbər tutmadı. Yavərə sifarişinin yerinə yetirildiyini teleqramda xəbər vermiş bələdiyyə başçısına da deməkdən çəkinmədi.

- Yavərdən, səndən, məndən yaxşı bir adama, hələlik həyatda yerini tapa bilməyənlərdən birinə...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!