EŞQ... - Cavanşir Yusifli - esse

 

...Ətir kitabxanası, zirzəmidə, göz yaşı qədər şəffaf qablarda çeşidli ətirlər. Pol Valerinin sözləri uçuşur havada: tünlükdə ətirlər bir-birlərini tanımır... Ancaq hələ buna var, ya da hər şey ötüb-keçib, solub-saralıb, artıq yaddaş da yanıb külə dönüb. Kimsə kimsəni tanımır...

Əvvəllər, bir-birlərinə həsrət kimi qızarmış tumurcuq gözləriylə baxan, bir-birlərinə bir baxış qədər möhtac olan güllərdən ancaq "efir" qalıb. Göz yaşı qədər şəffaf qablarda. Bunların dili yoxdu deyə, sevgi sözünü hamıdan, dünyadakı bütün nəfəs alan məxluqlardan daha yaxşı bilirlər. Dil mane olur, sözlər sədd çəkir, maneəyə dönür. Sözlərin içindəki küy, dillərin bir fikri demək yerinə hər şeyi dolaşdırması ("dilin dolaşması") vacib olan şeyləri unutdurur.  Dünyada çox sayda dillərin olması əslində, susmağa, nəfəs dərib düşünməyə mane olmaq üçündü. Və belə olduğu üçündü ki, insanlar onlara heç lazım olmayan şeylərə düşük düşür, möhtac qalırlar. Ən yüksək vəzifə, elmi titul, nələr, nələr qazanırsan, amma kimlərinsə əl çalmasına, tərif dolu sözlər deməsinə möhtacsan. Ancaq məsələ bu deyil, dillər olmasaydı da, insanlar bir-birlərini göz-qaşla təriflər, təbəssümlə öpər, yanağına toxunub keçərdilər.

Hardasa şəninə tərif deyəcəklərsə orda olub dinləmən şərt deyil. Dinləsən, kövrələcək, ya bəlkə ağlayacaqsan. Zahirən səni göyrəldən sözlərin al-qırmızı, göy qurşağı kimi rəngli libasını geyinmiş qiymət olsa da, mətləb başqadı. Bu ağlamaqla sən özünə gülürsən. Anında bilməsən bunu hər dəfə təkrarlanacaq.

Möhtac olma, sev. Hər şeyi unudaraq. Anadan olduğun günü, getdiyin, qayıtdığın yolları. Bu yolların hər qarışını sev, hər dəfə təzədən görürmüş kimi Aya baxıb salavat çək. Unut. Çünki bu səs-küydən ağlı çaşmış dünya bir gün yalqızlıqdan it kimi ulayacaq. Bom-boş qalacaq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!