Vaqif teatrdan çıxıb asta və yorğun addımlarla Hüsü Hacıyev küçəsi ilə "İçərişəhər" metrosuna tərəf gedirdi. Onu adətən işdən sonrakı içki məclislərinə saxlamazdılar. Çünki hər şeydən qabaq Vaqif azacıq içəndə belə dərin sükuta qərq olur və heç danışmırdı. Vaqif teatrın truppasındakı olduğu qədər də içki məclislərində arzuolunmaz bir adam idi. Ona adətən heç kimin götürmədiyi rollar həvalə olunurdu. Dərindən baxanda onun həyatda oynadığı rolu da heç kim oynamaq istəməzdi. Lakin bu həyatın təfərrüatlarından çox az adam xəbərdar idi. Vaqif sirrverməz olduğu qədər də maraqsız adam idi.
Bu gün Vaqif üçün digər günlərdən fərqlənirdi. Bunu onun üzündəki ifadəsindən tutmuş addımlarının sürətinə qədər çox şeydən bilmək olardı. O, düz 22 il sonra ilk dəfə öz doğma kəndini, yurdunu, evini bu gün görəcəkdi. Yarım saat sonra gürcü dostu ilə "İçərişəhər" metrosunun qarşısında görüşü vardı. Vaxta hələ vardı, amma tələsirdi. Görüşə on beş dəqiqə qalmış o, metronun qarşısında var-gəl edirdi. Xoşbəxtlikdən dostu da tez gəldi, yubanmadı. O, dostundan DVD-ni alıb əlini cibinə atdı. Tələsdiyindən kartından pul çıxarmağı unutmuşdu. Metronun girişindəki bankomatdan iki aylıq maaşını çıxardıb dostunun ovcuna basdı. Sonra da əlini onun çiyninə vurub sürətli addımlarla turniketdən keçib evə tələsdi.
Evdə onu heç kim gözləmirdi. O, ayaqqabılarını çıxartmadan birbaşa qonaq otağına keçdi və DVD-ni bilgisayara taxıb siqaret yandırdı. Bəli, bu onun illər boyu yuxularında gördüyü eynən həmin kənd idi. İllərdir ki, o bu kəndi ancaq yuxularında görmüşdü, kəndlə bağlı hər şey onun yaddaşında dipdiri qalmışdı. Müharibə isə kəndə çox az ziyan vermişdi, düzdür, görüntülərdə kəndin çox az hissəsi vardı və bütün bu görüntülər onun xəyalı ilə, 22 il əvvəl qoyub getdiyi kənd ilə eyni idi. Sadəcə, adamsız kənd sanki bir az köhnəlmişdi, nimdaşlaşmış və qocalmışdı. Eynən Vaqifin özü kimi... Misal üçün, bu kənd klubunda ilk dəfə Vaqif səhnə deyilən şeyin həzzini dadmışdı, qorxusunu udmuşdu. Nə olsun ki, bütün tamaşaçıları adbaad, sifətbəsifət tanıyırdı. O, bununla belə, Qacarın qarşısında Vaqifin monoloqunu deyəndə XVIII əsrdəki adaşı Vaqif qədər qorxmuşdu, hürkmüşdü və bu hürkü ilə öz sənətinə əbədi olaraq bağlanmışdı. Tamaşanın sonundakı gurultulu alqışlar zamanı o aydın başa düşmüşdü ki, daha onun həyatında səhnədən başqa heç nəyə yer olmayacaq.
Həyat ona ağrıları sənətdən çox səhnə arxasında yaşadacaqdı. Misal üçün, elə kəndin işğalı və ardınca baş verən min cür əzab, əziyyət, zillət. Əslinin əsir düşməsi onu kəndin işğalından da çox ağrıtmışdı. Həyat belədir, insanın başına bir faciə gəldikdə o bunu insan iztirabının son həddi sayır və bu iztirabı ancaq ondan böyük bir iztirab sakitləşdirə bilir. Əsli kəndin işğal günü əsir düşsə də Vaqif bu xəbəri bir həftə gec eşitdi. O bir həftə Vaqif üçün əzablı keçmişdi. O, Əslinin qonşu, təhlükəsiz kənddə olduğunu düşünürdü və o sarıdan heç narahat deyildi. Lakin Əslinin əsir düşdüyünü biləndə avtomatı ilə özünü vurmaq istəmişdi. Kəndin işğal xəbərinin ardına Əslinin əsir düşməsi xəbəri Vaqif üçün ölümdən də ağır idi. Amma onun həyatından bundan da ağır bir faciə baş verəcəkdi.
Belə ki, bir neçə ay sonra Əsli əsirlikdən azad edildi. O zaman Vaqif ağır əməliyyatlara məruz qaldığı qospitalda yatırdı. O bu anlarda dünyanın ən yazıq adamı idi. Ermənilərin əsirlərin başına açdıqları oyunlar haqqında balaca uşaqlar belə bilirdilər. Bu barədə qəzetlər yazır, televiziya danışırdı. Onsuz da darmadağın olmuş psixoloji vəziyyəti Əslinin əsirlikdən qayıtmasına hazır deyildi. O, əvvəlcə özünü gizlətmək, qaçıb başqa ölkəyə getmək belə istədi. Bəs Əslinin taleyi necə olacaqdı? Bu qızı illərlə sevmişdi, Əslinin bu dünyada ondan başqa kimsəsi yox idi. Bu barədə qərar verməmiş Əsli özü gəlib onu qospitalda tapdı. Onu gördükdə Vaqif həyatının dördüncü travmasını yaşadı: Əsli hamilə idi.
Əsli çox dəyişmişdi, bir neçə il qocalmışdı, saçında ağ tüklər gözə dəyirdi, üzünə qırışlar düşmüşdü. O zaman Əslinin cəmi 21 yaşı vardı, amma kənardan baxan ona 50 yaşdan az verməzdi. O, palataya girdikdə Vaqifin gözünə onun şişmiş qarnı dəydi. Əsli yad kişilərin əhatəsində sıxılıraq gözləri ilə Vaqifi axtarırdı və bu anda Vaqif onun üzünə yox, qarnına baxırdı. Çünki o, ilk baxışda Əslini tanıya da bilməzdi. Onların baxışları toqquşduqda Vaqif hansı hisslər yaşadağını heç cür ifadə edə bilməzdi. Oynadığı yüzlərlə pyesdə, baxdığı yüzlərlə filmdə belə bir səhnə yox idi, olmamışdı və yəqin ki, heç zaman da olmayacaqdı. O Əslini gördükdən sonra dərhal palatadan çıxdı və qospitalın damında bir qutudan çox siqaret çəkdi. O, Əslidən qaçmırdı, sadəcə belə bir vəziyyətə o heç hazır deyildi. Dünyada bu qədər dözümlü neçə insan vardı ki...
Amma bir saat sonra damdan həyətə düşəndə Əslini gördü. Əsli skamyada elə yazıq oturmuşdu ki... Ağır döyüşlərdən keçmiş, qucağında dostları can vermiş Vaqif o anda çox kövrəldi və heç kimdən və heç nədən çəkinməyərək qaçıb Əslini qucaqladı. Bu, düz 21 il əvvəl olmuşdu və Vaqif də, Əsli də bu anı heç zaman unutmamışdılar. Lakin heç zaman da xatırlamamışdılar.
Kəndin işğalından cəmi bir neçə gün əvvəl Vaqif Əslini yoluxmağa gəlmişdi və ardınca da Əsli əsir düşmüşdü. Bu uşaq onun ola bilərdi. Olmaya da bilərdi. Bu qeyri-müəyyənlik onu haldan çıxardırdı, bəlkə uşağın atasının özü olmadığını bilsəydi onun üçün hər şey daha rahat keçərdi. Qəribədir ki, Əsli ilə heç bir zaman bu haqda danışmamışdılar, danışa bilməmişdilər. Cəmi bir dəfə, Mətləbin (Vaqif oğluna atasının adını qoymuşdu) on yaşı olanda bir seriala baxmışdılar. Serialda DNT testi barədə söhbət gedirdi, ancaq o zaman Əsli bunun mümkün olduğunu öyrənmişdi. O, Vaqifin üzünə baxmışdı, Vaqif isə cavab əvəzində kanalı dəyişmiş və otaqdan çıxıb getmişdi. Mətləb Vaqifin öz oğlu idi və illərdir ki, Vaqif bunu özünə belə qəbul etdirmişdi. Mətləbin isə nə anasının əsir düşməsindən, nə ailədəki şübhələrdən xəbəri yox idi. Vaqif digər həmkəndliləri kimi çadır şəhərciyində yox, Bakıda məskunlaşmışdı, burda, teatrda iş də tapmışdı və kənddən tanıdığı hamı ilə əlaqəsini birdəfəlik kəsmişdi. Keçmişin heç bir sirrini xatırlamaq istəmirdi və bunun üçün mümkün olan hər şeyi etmişdi. Eləcə də Əsli...
Mətləb böyüdükcə ailənin qorxuları da böyüyürdü. Mətləb elə uşaqlıqdan heç kimə qaynayıb-qarışmırdı, ünsiyyət saxlamırdı, özünə qapanırdı. Beş-altı yaşında futbol onun hər şeyi idi. İndi ölkənin ən yaxşı klublarının birində oynayan Mətləb üçün futbol təkcə uşaqlıq sevdası deyildi, həm də peşə və qazanc yeri idi. Lakin futbol belə Mətləbi qaradinməzlikdən xilas edə bilmirdi. Yeniyetməlik dövründən qarışıq yuxular görməyə, xəyali dostları haqqında danışmağa başlamışdı. Əsli uşağın bu halından çox narahat idi, Vaqif isə narahatlığını bir o qədər büruzə vermir, bunu uşağın sadəcə olaraq qəribə olmağına bağlayırdı. Əslinin təkidlərindən sonra psixoloqun yanına getdilər. Psixoloq da elə bütün həmkarları kimi dərhal uşaqlıq travmaları haqqında söhbət saldı. Bu əlbəttə ki, həm Əslini, həm də Vaqifi çox narahat edirdi. Lakin xoşbəxtlikdən onun yazdığı dərman effekt verməyə başlad və daha psixoloqa getməyə ehtiyac qalmadı.
Son bir neçə aydır ki, Mətləb yenidən özünü qəribə aparmağa başlamışdı. Hər şey bir bazar sabahı başladı. O gün ailədə hamı adət üzrə yuxudan gec qalxırdılar. Və səhər yeməyində Mətləb babasından danışmağa başladı. Mətləb söz yox ki, babasını heç zaman görməmişdi, çünki babası o hələ anadan olmamışdan bir neçə il əvvəl, Vaqif tələbə olanda dünyasını dəyişmişdi. Üstəlik, babasının bir şəkli də məlum səbəblərdən qalmamışdı. Lakin Mətləb babasını elə dəqiq xatırlayırdı ki, Vaqif möhkəm narahat oldu. Hətta babasının üzündəki doğum xalından da Mətləb inamla danışırdı. Bu dəfə Əsli buna əhəmiyyət vermədi. Bir neçə gün sonra Mətləb yenə də babasından söz saldı, atasına bu haqda suallar verdi. Vaqif bu suallar qarşısında gözünü döyməyə başladı, lakin Mətləbin dedikləri o qədər dəqiq idi ki... Misal üçün, Mətləb babasının atının adını belə dəqiq bilirdi. Mətləb durmadan babası haqqında atasına, ondan əlini üzəndən sonra da anasına suallar yağdırmağa başladı. Bir gün Vaqif onun bu suallarına dözməyərək səsini qaldırdı və Mətləb də qapını çırpıb evdən getdi. Bu, onların ailəsindəki ilk söz-söhbət idi. Əslinin yalvarışlarından sonra Mətləb evə qayıtdı. Vaqif onun boynunu qucaqladı, atası haqqında ümumi bir söhbət eləyib mövzunu bağladı. Daha doğrusu, Mətləb bir də belə suallar vermədi.
Bir müddət sonra yaranan bu sakitlik bu dəfə daha qəribə bir şəkildə pozuldu. Belə ki, Mətləb babasının sağ olduğunu, hansısa çadır düşərgəsində yaşadığını elə əminliklə demişdi ki, öz əli ilə atasını qəbirə qoyan Vaqif də xoflandı. Mətləb indi balaca uşaq deyildi ki, əlindən tutub həkimə aparaydılar, futbolçu idi, milli komandasının formasını bir ay bundan əvvəl geyinmişdi. Amma Əsli onu həkimə apardı, di gəl ki, həkimin dərmanları ona təsir eləmədi. Düzdür, Mətləb bir də babası haqqında nə sual verdi, nə də bu haqda bir şey danışdı. Lakin o evə gec-gec gəlməyə başlamışdı, təsadüfdən Vaqif onun babasını axtardığını da öyrənmişdi. Vaqif əlbəttə ki, öz atası sarıdan heç narahat deyildi, lakin bütün bu axtarışların gəlib Əslinin əsirliyinə çıxacağına ehtiyat edirdi. Mətləb isə inadkar idi.
Vaqif görüntülərə baxa-baxa elə bu haqda düşünürdü, beynində min bir duyğu cövlan edirdi, bir-iki dəfə kövrəlsə də qəhər gəlib boğazına dayandı, o ağlaya bilmədi. Ağlasaydı bəlkə bir az sakitləşərdi. Evin qapısı döyüləndə Vaqifin hönkürməyinə lap az qalmışdı. Tez ayağa qalxıb DVD-dini bilgisayardan çıxardı və rəfdəki kitabların birinin içinə qoydu. Sonra qapını açdı, Mətləblə Əsli gəlmişdilər. Həmişəki kimi Mətləb məşqdən çıxanda anasını da işdən götürmüşdü. Əllərində market çanta torbaları vardı. Mətləb anasının dalınca mətbəxə girib torbaları stolun üstünə qoydu və otağına keçdi. Əsli isə səhərdən hazırladığı yeməyi qızdırıb süfrə açdı. Ailə həmişə mətbəxdə şam edirdi, lakin Vaqif yemək dolu qabı götürüb qonaq otağına apardı. Əsli də süfrəni orda düzəltdi. On dəqiqə sonra onlar süfrə başında əyləşmiş və adi söhbətlər edə-edə yeməyə başlamışdılar. Bu anda Vaqifin ağlına nə gəldisə ayağa qalxıb Tiflisdən aldığı bahalı şərabı süfrəyə gətirdi. Nə Vaqif, nə Mətləb və əlbəttə ki, Əsli də içməyə meyilli deyildi. Ona görə də onun bu hərəkəti hamıya qəribə göründü. Vaqif şərabı açıb hamıya süzdü, sual dolu nəzərlərlə onu seyr edən oğluna və arvadına baxıb dedi:
- Mənə elə baxmayın. Deyəcəm hamısını. Bu gün bizim həyatımızda əlamətdar gündür.
Sonra əlindəki qədəhi yerə qoyub gedib kitab rəfindən DVD-ni götürüb televizorun altındakı tozlanmış DVD cihazına taxdı. Pultu götürüb DVD-ni açıb dedi:
- Bax, Mətləb. Bu bizim kəndimizdi. Bura klubdur. Kinolara da burda baxırdıq. Ananla burda o qədər kinoya baxmışıq ki. Hə, bura kənd sovetinin qabağıdır. Axşamlar kişilər bura yığışıb söhbət eləyər, domino oynayardılar. Burdan bir az qabaqda bizim evdi. Bu evi baban tikmişdi. Kənddə bizim evdən uca ev yox idi. Çünki baban bənna idi. Bura bax, bax, burda futbol oynayırdıq. Daşlardan qapı düzəldirdik. Burda, bax, burda olub mənim toyum. Hə, elə küçədə. Mağar qurmuşduq. Niyaməddin gəlmişdi toya. Hə, bura Əsligilin evidir. Burda da çayı kəsib özümüz üçün üzməyə yer düzəltmişdik.
Əslinin göz yaşları əlindəki qədəhə damcılayırdı, Mətləb isə donub qalmışdı. Vaqif isə elə hey danışırdı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!