İnsanı zamanla tanıyırlar, zamanla kəşf edirlər. Şəxsin gördüyü iş, dilindən çıxardığı hər kəlmə, əməlləri onun daxili aləmindən, dünyaya baxışından xəbər verir. Azər Turan elm adamı olaraq, zövqlü ədəbiyyat bilicisi, işinin peşəkarı, tədqiqatçı, araşdırmaçı olaraq mənim üçün çox qiymətlidir.
Bir zamanlar adı gəldikdə ağızlar büzülən qəzetin ab-havası Azər Turanın “Ədəbiyyat qəzeti”nə gəlişi ilə dəyişildi. Özünü təsdiq etmiş imzalar, gənclər qəzet ətrafında birləşdilər. Zəif ədəbi nümunələr qəzetə yol tapa bilmədi. “Ədəbiyyat qəzeti”ndə zövqlü, yaradıcı, estetik mühit yarandı.
Bəli, “Ədəbiyyat qəzeti” diqqəti öz üzərində cəmləməyi bacardı. Çoxlarının nəzərində qısqanclıq obyekti olaraq boy verdi, inkişaf etdi. Ədəbiyyat aləmində az-çox var olan ədəbiyyat dərgilərini, qəzetləri öz inkişafı ilə arxada qoymağı bacardı. Amma bu dinamika, ədəbi mühitə bu tip real təsir gücü inkişafa gətirəcək rəqabətin deyil, əksinə ənənəvi qarayaxmaların, şər, böhtan atmaların əsasını qoya bildi. Qələmi qələm ağırlığında, sanbalında olmayan insanlar, yaradıcılığı bataqlığa bənzəyən, estetik zövqdən uzaq olan şəxslər yeri gəldi-gəlmədi küyə düşərək qəzet haqqında böhtandan ibarət lazımsız mənzərə yaratmağa çalışdılar. Hətta qəzetin müəlliflərinə belə şər atmaqdan çəkinmədilər. Əlbəttə, qəlbi qara, nadan insan elə dünyanı da, ətrafını da özü kimi görəcək. Belələrinə yazığım gəlir.
Azər müəllimlə əməkdaşlığa elektron poçt üzərindən başlamışdım. Yadımdadır ki, qəzetin elektron poçt ünvanına tərcüməmi göndərmişdim. Yəni yazılarımı qovluğa yığıb nə nəşriyyata xahiş-minnətə getməmişdim, nə də şəxsən Azər müəllimin özüylə görüşməmişdim. Həmin həftə yazımın qəzetdə gedib-getməyəcəyini həyəcanla gözləyirdim. Bəli, mətnim çapa getdi və həmin gündən doğma qəzetlə əməkdaşlığa başladım. Azər müəllim bütün bacarıqlı, istedadlı gəncləri əməkdaşlığa səsləyirdi. Amma yazısı qəzetə layiq olmayan şəxslər pərişanlığa mübtəla olduqca mətnləri üzərində işləmək əvəzinə daha da ətraflarına özlərikimiləri cəm edərək qəzeti qamçılamaq üslubuna əl atdılar.
Doğrusunu söyləyim, əgər bir zamanlar dərcə getməyən materiallarıma görə daxilən incik olurdumsa, indi buna görə çox sevinirəm. Çünki oxucu məni daima güclü, üstün yazılarımla tanıdı. Mənim ən zəif yazılarımın oxucusu yalnız Azər Turan oldu. Azər müəllim bu həssaslığı ilə müəllifinin sanbalını qorumağı bacardı. Qəlbə dəyməyəcək dərəcədə, filan yazı Günel Eyvazlı imzasına qətiyyən uyğun deyil, söylədi. Bu, məni daha çox axtarışa sövq etdi. Öz üzərimdə daha çox işləməyə və inkişaf etməyə səslədi.
Əli bəy Hüseynzadə adına mükafatın təsis olunması birbaşa Azər Turanın adı ilə bağlıdır. Əli bəy Hüseynzadəyə olan hörmət və mükafata layiq görülən şəxslərin həssaslıqla, ustalıqla seçilməsi, bu mükafata, bu ada layiq olarlarmı - düşüncəsi ilə müəlliflərin yaradıcılığına qiymət verməsi şəxsin ədəbiyyat təəssübkeşliyindən doğan keyfiyyət olaraq olduqca dəyərlidir. İlk dəfə Azər müəllimi mükafatlandırma zamanı görmüşdüm. Tədbirə dəvət almışdım. “Ədəbiyyat qəzeti”nin illik dərgisinin çıxması haqqında məlumatlıydım. Mükafat haqqında xəbərsiz idim. Qətiyyən ağlıma belə gəlməzdi ki, (ona görə yox ki, layiq deyildim. Ona görə ki, adətən gənclərin belə işlərdə dışlanmasını müşahidə edirdim) bu dəyərli mükafata mənim yaradıcılığım da layiq görüləcək. Amma belə oldu. Əli bəy Hüseynzadə mükafatının laureatı oldum.
Azər Turan qırxdan çox dəyərli kitabın müəllifidir, onlarla sənədli filmin ssenari müəllifidir, Mahmud Kaşğari, Əhməd Yasəvi, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Cəmaləddin Əfqani, Yusif Akçura, Hüseyn Cavid, Orxan Vəli, Cemal Süreya, Çingiz Aytmatov və.s., və ilaxır silsilə yazıların müəllifidrir. Seçilmiş müəlliflər əslində Azər Turanın həyata baxışını, düşüncələrini, vətəndaş mövqeyini, Turançılıq sevdasını özündə əks etdirir.
Kübarlıq, daxili mədəniyyət, təmkin, ağayanalıq Azər Turanın əsas keyfiyyətlərindəndir. Nitqində, səsinin avazında belə bu çəkini, bu sanbalı hiss etmək mümkündür. Ata qayğılıdır, həssasdır, əsl estetdir. Azər Turan onu titrədəcək, düşüncələrini yerindən tərpədəcək heç bir yazının üzərindən sükut ilə keçmir. Mütləq şəkildə bunu müəllifin özünə də bildirir. Bu çətin, narahat dünyamızda qələm adamı üçün bu diqqətdən, bu qayğıdan üstün heç nə ola bilməz.
Əziz Azər müəllim, yeni yaşınız mübarək olsun. Bu, Prometey ömrünüzdə, zəka alovunu əlində daşıyan ziya carçısı kimi sizə usanmamağı, daima güclü olmağı, ayaq üstə olmağı, sevdiklərinizin əhatəsində xoşbəxt ömür sürməyi arzulayıram. Nə yaxşı ki, ətrafımızda sizin kimi insanlar var.
"Kaspi" qəzeti - 15 sentyabr 2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!