Hamilə... HEKAYƏ - Sadıq Elcanlı

Dünyanın kədərli bir günü, qürub çağıydı. Günəş dağların dalına çəkilib gizlənir, axşam qaranlığı düşürdü. Kəndin evlərində adamlar, həyətlərində ağaclar, yamaclarında yovşanlar ağlayırdı. Qaçılmaz qüssə qəlblərin qaysağını qoparır, kədər bulağı elə hey dolub-daşdanır, duyğuların yaralı yollarında ölüm kölgələri gəzişirdi. Kişilərin girdablar kimi dərin-dibsiz lal kədərindən, qadınların sinə sökən vay-şivənindən yerlərdə daşların, göylərdə quşların bağrı çatlayırdı...

- Ey, ay adam, bu kədər kimin kösövüdür tüstülənir?

- Kimsən, ay çağıran? Səsini tanımadım...

- Mənəm, qonşu kənddənəm, Keçəçi uşağından Boz Ayvazın oğlu Ayrapetəm; kimdir ölən, bu yasın yiyəsi kimdir?

- Tanıdım səni, Allah sənə lənət eləsin, Ayrapet Keçəçiyan, tumunuza tüpürüm!

- Kimdir ölən, bu dağ-daş kimin kədər körüyünə qorlanıb yanır?

- Dirilərimizdən əl çəkmirsiz, ay alçaqlar, ay xainlər, ay şərəfsizlər, heç olmasa, ölülərimizdən əl çəkin! Əl çəkin bizdən, şeytan tüpürcəkləri!

- Ürəyimi paralama, səni and verirəm o bir olan Allahına, de görüm, ölən kimdir; o kimdir ki, ölümünə böyüklər də, kiçiklər də, dağlar-daşlar da ağlaşır?

- Eşidib şadyanalıq etmək istəyirsənmi, ay nankor, ay çörək tapdayan, ay zatıqırıq!

- Mən Keçəçiyan nəslindənəm, yəni Keçəçi oğluyam, bu sözün ki, mənasını bilirsən... Yüz illərdir tüstülənən kösövəm; sən pirin, sən peyğəmbərin, sorğuma cavab ver; ölən kimdir, bu ellik matəmi kimindir? Bu...

Elə hey gəvəziyən, sualı suala calayana cavab vermədi. Susdu. Yaralı, yorğun yolların daşı-torpağı kimi, qəlbi qanayan göylərin göz yaşı kimi susdu. Dünya belə qəmli qaynarca, kədəri körüklənən belə səbirli sükut görməmişdi. Sükutun daş-kəsəkli yolları ayaqlarını kəsib tökür, ruhunu qanadır, qəlbinə qan ağladırdı. Eləcə ayaqları kəsilib tökülə-tökülə, ruhu qanaya-qanaya, qəlbi qan ağlaya-ağlaya qəfildən qışqırdı:

- Sus! Danışma! And olsun o bir Allaha, baxmaram atəşkəsə-filana, müvəqqəti sərhədə-mərhədə, gəlib ətini aşıqcan, qanını qaşıqcan edərəm!

- Gəl, gəl, öldür məni, bezmişəm belə yaşamaqdan daha, qanımı halal edirəm sənə... Ancaq biz qonşu kəndlərin adamıyıq, ürəyim məndən xəbərsiz ağlayır, ha deyirəm kiri, kirimir, ha deyirəm, ölən düşmən tərəfdəndir, toy-bayram elə, sözümə baxmır; damarımda qanım soyuyur, sümüyümdə iliyim ağlayır, bədənimdə ruhum ağrıyır; de görüm, ölən kimdir?

- Bütün sözlərin yalandır, bütün varlığın xəyanət çirkabıdır, ay namərd, ay tumu çürük, ay şeytan balası!

- Nə deyirsən de, necə söyürsən söy məni; bizimkilər ona-buna tulalıq yolunu tutdu, çörəkbasanlıq elədi, sizin tərəfin aşkar mərdliyinə namərdliklə cavab verdi; bizimkilər sizinkilərə hər addımbaşı tor, tələ qurdu, min bir fitnə-fəsad törətdi, hamısını bilirəm, namərdlərin hamısına lənət olsun! Gündüzlər kədər kor edir, gecələr hönkürtü boğur məni; içimdə, ürəyimin dərinliklərində boğduğum hönkürtü "Mən Keçəçiyəm, mən Qıpçaq çölünün yorğun türküyəm" deyib qışqırır... Səni and verirəm təmiz qanının halallığına, de görüm, ölən kimdir?

Nankor, namərd, gəlmə qonşunun etirafından qanı göynədi.

Susdu. Yüz illərlə qınında paslanan qılınc kimi, nə müddətdi gözü tutulan bulaq kimi susdu. Dünya belə sirli susqunluq görməmişdi. Bir istədi desin ki, ölən mənim böyük qardaşımdır, qocaman ədəbiyyat müəllimi Xankərəmdir ölən, ancaq demədi, deyə bilmədi, hönkürdü...

- Ölən Xankərəmdirmi? Ədəbiyyat müəllimimiz həmin xallı Xankərəmdirmi ölən?!

Qanı göynəyə-göynəyə, ruhu yaralı qızılquş kimi çırpına-çırpına susdu.

- Eyy, ay adam, niyə susursan?! Ölən hansı Xankərəmdir?! Qorqudoğlular nəslindən Şahkərəmin böyük oğlu Xankərəmdirmi ölən?! Ədəbiyyat dərsində Sabirin "Beynəlmiləl" şeirini əzbər söyləyən, "fitneyi-iblisi-məlunu" açıq-aşkar nişan verən, Cəfərin "Atan kazaklardır" həqiqətini izah edən, gəlmə hayların min bir məkr, hiylə ilə yerli türklərin mədəniyyətinə sahiblənməsinin, onları assimilyasiya etməsinin eybəcər, qanlı mənzərələrini açıb göstərən, türk soyadlı Qarabağ ermənilərinin itkin tale yollarını aşkara çıxarıb əsl doğrunu bizlərə başa salan və bütün bunlara görə Sibirin buzlu çöllərində iyirmi beş illik siyasi dustaq ömrü yaşayan həmin Xankərəm müəllimdirmi ölən?! Vay mənim böyük müəllimim! Vay mənim qəlbimdə dustaq olan Keçəçioğlu həqiqətim! Vay mənim bu aşkar həqiqəti görə-görə, billə-bilə yalanlara sığınan, yad qapılarda yalmanan bədbəxt taleyim!.. - Yenə hönkürtü səsi ürək qanatdı, ruh göynətdi.

Sonra qaranlığın o tərəfində başqa bir səs hikkələndi:

- Sən nə danışırsan, baba, nə Keçəçioğlu?! Keçəçioğlu kimdir?!

- Eşitdinmi, nəvəm Vazgen Keçəçiyan, eşitdinmi əsl doğrunu, bildinmi əsl həqiqəti?!

- Hamısını eşitdim! Bu, ola bilməz! Bizim tarix kitablarımız, bizim böyük alimlərimiz, yazıçılarımız...

- Tüpürüm bizim qanlı, ləkəli tarix kitablarımıza, bizim o böyük alimlərimizin, sənətkarlarımızın xəyanətkar yalanlarına!

- Sus! Müqəddəslərimiz xatirinə sus, baba!

- Yox, mən daha susa bilmirəm! Biz bizim olmayan müqəddəslərimizi, dinimizi də yalanlarımıza qanlı alət etmişik!

- Mən erməniyəm, bunu illər uzunu mənə sən özün demisən! Bunu nəsilbənəsil biz uşaqlara siz böyüklər demisiniz! İndi isə...

- Artıq yalanların ölüm çağıdır, çürüyən dayaqlar çökür, böyük millətçilik, dənizdən-dənizə böyük dövlətçilik iddiaları yerbəyerdən çat verir, sınıb dağılır; itirdiklərimizdən artıq itirmək mümkün deyil; bu, bizim sonumuz, bizim ümummilli fəlakətimiz olar...

- Sən belə danışa bilməzsən! Sus!

- Mən ömrümün son çağında bu həqiqəti bütün dünyaya bağırmaq, bizim bütün yatmışlarımızı oyatmaq istəyirəm! Qoy dünya eşitsin, bilsin ki...

- Sus! Qoca kaftar, nəvənə beləmi millət dərsi keçirsən! - Təngnəfəs idi, görünür, qaça-qaça gəlmiş, baba ilə nəvənin söhbətini indicə eşitmişdi. - Erməni qocası erməni gəncinə beləmi yol göstərməlidir?! Səndə heç vətən, millət hissi yoxdurmu, ata?!

- Xankərəm müəllim ölüb, oğul, bizə düz-doğru yolları göstərən, bizə kirvəmiz deyən Xankərəm əmi... - Qoca hıçqıra-hıçqıra danışırdı, yanıqlı səsində ağappaq saqqalını isladan göz yaşları görünürdü.

- Ölüb?! Lap yaxşı, gedək yeddi illik çaxır küpünü açaq, bir toy toğlusunu kəsək, dolma bişirtdirək, şişlik çəkək, toy-bayram edək!

- O çaxırın da, dolmanın da, şişliyin də əsl sahiblərindən biri ölüb, oğul...

Gəncin sərsəri, yalaq tula hürüşü kimi çiy səsi eşidildi:

- Görürsən, ata, bu qocanın - babamın bütün vintləri boşalıb, belə getsə bizi bütün ölkədə biabır edəcək...

- Hansı ölkədə, - qoca kövrələ-kövrələ yenə cəhd etdi, - adamları köçüb gedən, bütün dünyaya səpələnib qaçqın, dilənçi taleyi yaşayan, böyük-kiçik məmumrları olan-qalan var-yoxunu da talan edən bu özgə yurdlarına, bu tarixi türk torpaqlarına yenə ölkə deyirsənmi?!

- Kəs səsini! - Nəvə qışqırdı. - Mən bir daşnak fəalı olaraq sənə susmağı əmr edirəm!

- Sus, qoca köpək! - Oğul Kalaşnikov avtomatını atasının ürəyinə tuşlayıb quduz it kimi mırıldadı.

- Öldür məni, oğul, bu dəqiqə həyatıma son qoy, nəvəm, ancaq bilin ki, mən daha yalanlarla yaşaya bilmirəm, öz içimdəki Keçəçioğlunu susdura bilmirəm, ruhumdakı dustaqxananın köhnə, paslı qapılarını bağlı saxlaya bilmirəm daha! Bilmirəm, bilmirəm, bilmirəm!!! İnanın, sizə bir vaxt babamın ölüm ayağında mənə dediyi həqiqəti söyləyirəm; ona da öz babası, bizim ulu babamız Keçəçioğlu demişdi bunu. İnanın mənə, indi bir sıra erməni alimlərinin də açıq-aşkar dediyi, müdafiə edib əsaslandırdığı bu həqiqət bizim yeganə çıxış yolumuzdur. Yoxsa bizi çox böyük bir fəlakət, ümumxalq intiharı gözləyir. Biz, əslində, kim olduğumuzu etiraf edib hayların əsrlər boyu uzanan qanlı oyunundan çıxmalıyıq. Biz əsl həqiqətə, əsl tarixə, əsl özümüzə qayıtmalıyıq.

Quduz it mırıldaya-mırıldaya avtomat Kalaşnikovun lüləsini qocanın sinəsinə, ürəyinin başına sıxdı:

- Sus! Sus! Sənin!..

Qoca ürəyindəkilərin hamısını deməyə tələsirdi:

- Biz hamımız bilirik ki, erməni uydurmalarının hamısı yalandır; qədim Urartu şəhəri İrpununu Yerevana, Urartu çarı Arameni hay padşahı Arama döndərmək, Urartunu - Araratı özününküləşdirmək... hamısı, hamısı yalandır! Tarixdə heç bir dövləti, mədəniyyəti olmayan, daim ondan-bundan oğurlayan bədbəxt, zavallı hayların yalanlar girdabından, nəhayət ki, çıxmalıyıq, özümüzü xilas etməliyik; yoxsa bunun cəzası axırda çox böyük olacaq; Allah özü verəcək bu dəhşətli cəzanı, biz...

Nəvənin vurduğu qəfil yumruqla babanın sözü yarımçıq qaldı, ağzı-burnu qanla doldu. Gözləmədiyi zərbədən səntirlədi, diz çöküb udqundu, öz qanını uddu və öz qanına bulaşmış titrək əllərini qara göylərə qaldırıb qışqırdı: - Göndər mənim cəzamı, Allah, eşidirsənmi, mən daha dözə bilmirəm, göndər mənim cəzamı! Əgər varsansa, sübut elə, indi, bu dəqiqə, bu an göndər mənim cəzamı, əgər yoxsansa!...

Və Kalaşnikov avtomatı gecənin qaranlığında ölüm saçan alov diliylə şaqqıldadı, dünyanın ən ağır ölüm hökmünə - atasını qətlə yetirmək istəyən oğulun vəhşiliyinə göylər göynəyib damar atdı, dağlar diksindi...

Kalaşnikov avtomatının qəfil atəş səsləri ölüm hökmünü imzalamışdı.

Qoca son gücünü toplayıb xırıldayır, xırıldaya-xırıldaya son sözlərini deməyə can atırdı:

- Bir vaxtlar ölüm ayağında əsl həqiqətləri söyləyən atama da mən belə demişdim: "Sus, qoca kaftar..." Onda mən də atama rus tüfəngini tuşlayıb qışqırmışdım ki, səni it kimi gəbərdərəm. Ancaq mən vura bilmədim, mən... sən isə Kalaşnikovla... vurdun məni, oo...ğul... Sə-ni də öz oo...ğlun, bax, bu ya... ra... maz... - Və səs kəsildi, isti qan iyiylə qaranlığa qan ağladan buz kimi soyuq bir sükut çökdü; sükutun qara-ançır səmaları hələ də xırıldayırdı...

Gənc boğula-boğula fısıldadı:

- Nə etdin, ata?

Quduz it ağzından lehmə axa-axa mırıldadı:

- Nə edəcəyəm?.. Görmədinmi, türklər istəkli atamı, sənin sevimli babanı - 97 yaşlı xəstə qocanı, bədbəxt Ayrapet Keçəçiyanı necə qəddarlıqla öldürdülər?! Gördünmü, şahid oldunmu bu qanlı vəhşiliyə öz gözlərinlə?!

- Hə, hə, qaniçən türklər mənim sevimli babamı, sənin istəkli atanı qəddarcasına öldürdülər; elə bu saat bu dəhşətli qətli internet vasitəsilə bütün dünyaya yayacağam. Qoy bütün dünya bilsin ki, türklər necə vəhşidirlər, necə qaniçəndirlər, hətta 97 yaşlı xristian qocasına da rəhm etmirlər...

Günəşi batan göylərin Ayı, ulduzları da didərgin düşmüşdü. Elə qaranlıq idi ki, elə bil dünyanın gözlərinə mil çəkilmişdi. Və Allahın göz yaşları təzə bir başlanğıca, yeni bir Nuh tufanına hamilə idi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!