Günəşli payız günlərindən biri idi. Göytəpə Sərhəd Dəstəsinin hərbi şəhərciyində böyük qələbəlik vardı. Səliqə-sahmanı, abadlığı göz oxşayan hərbi hissənin həyətində gənc əsgərlərin andiçmə mərasimi keçirilidi. Təntənə ilə düzənlənən bayram mərasimində komandirlər, veteranlar, əsgər valideynləri, hərbi jurnalistlər iştirak edirdilər.
Kürsüdə çıxış edənlər vətənə sədaqət andı içən gənc əsgərlərə xoş arzularını bildirir, onlara nizam-intizamlı olmağı, silahdan istifadə qaydalarını mükəmməl öyrənməyi, sərhədlərin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin əmr və göstərişlərinə ciddi əməl etməyi tövsiyə edirdilər.
Valideynlər adından Elşadın anası Əsmər xanım çıxış etdi. O üzünü ay yarım öncə hərbi xidmətə başlayan əsgərlərə tutub dedi:
- Mənim həyat yoldaşım torpaqlarımızın azadlığı uğrunda şəhid olanda oğlum dünyaya yenicə göz açmışdı. Arzu eləyirdim ki, o boya-başa çatsın, atası kimi vətənimizə layiq əsgər olsun! Bu gün Allaha çox şükür ki, mənim arzum çin olur. İndi bütün əsgər anaları adından bir arzum da var: Qoy bu gün burada hərbi and içən hər bir əsgər yurdumuzun sərhədlərini göz-bəbəyi kimi qorusun!.. Mənim əsgər balalarım, unutmayın ki, Vətən gözdür, siz kirpik, gözünüzün keşiyini çəkirsiz! Bu gündən etibarən qoy hərbi xidmətdə keçən günləriniz sizin üçün böyük həyat məktəbi olsun! Vətənin sərhədləri sizlərə əmanətdir. Tanrı sizi qorusun...
Əsmər xanımın çıxışı alqışla qarşılansa da, Elşad saçlarına erkən dən düşən anasının onu əsgər yaşına çatdıran günəcən yaşadığı çətinlikləri, çəkdiyi əziyyətləri göz önünə gətirib için-için kövrəlmişdi.
O gün hərbi ritualın icrasını və gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçməsini izləyəndən sonra valideynlər hissənin yaraşıqlı şəhərciyi ilə də yaxından tanış oldular. Hərbi şəhərcikdə sıra ilə əkilmiş həmişəyaşıl ağaclar, payız gülləri ruha dinclik verirdi. Valideynlər sərhədçilərin istirahət otaqlarına, gənc əsgərlərin təlim-tədris mərkəzinə, tibb məntəqəsinə, yeni istifadəyə verilmiş əsgər yataqxanasına baş çəkdilər. Menyusunda ləziz yeməklər olan əsgər yeməkxanasında nahar yeməyi zamanı toyuq şorbasından bir qaşıq dadan kimi üz-gözündə razılıq ifadəsi görünən anası Elşada baxıb dedi:
- Çox dadlıdır... Lap mənim bişirdiyim yeməklər kimidir...
Bu zaman əsgər yeməkxanasında növbətçi vəzifəsini yerinə yetirən gizir rütbəli xanım onlara yaxınlaşdı. Sanki o, Əsmər xanımın dediklərini eşitmişdi:
- Nuş olsun, - dedi, - bu ləziz təamları əsgərlərimizə hazırlayan aşpazların çoxu qadındır. Onlar əsgərlərimizin qayğısına ana kimi qalırlar.
Əsmər xanım hərbi hissədə əsgərlər üçün yaradılmış şəraitdən məmnunluğunu dilə gətirib dedi:
- Bəli, haqlısınız, çox sağ olsunlar. Doğrudan da hər şey yaxşıdır! Bu gün burada gördüklərimiz biz valideynlərin qəlbini fərəh hissi ilə doldurur.
Ana-oğul süfrə arxasında birlikdə şəkil də çəkdirdilər. Bu, Elşadın hərbi geyimdə çəkdirdiyi ilk şəkil idi.
...Elşad Əsmər xanımın yeganə övladı deyildi. Qızı Aybəniz üç il əvvəl gəlin köçmüşdü. Sevib-seçdiyi oğlanla ailə həyatı qursa da xoşbəxt ola bilməmişdi. Əri narkotikə aludə olandan bəri Aybənizin günü-güzaranı qara olmuşdu. Küsüb-dalaşanda o, acıq edib, həftələrlə anasigildə qalırdı. Amma anasının ciddi-cəhdlərinə baxmayaraq ərindən boşanmaq istəmirdi. Ümid edirdi ki, əri bu bəladan bir gün xilas olacaq, zərərli vərdişindən əl çəkəcək... Əlacsız qalmlş ana kürəkəni yaşda olan gəncləri bu bataqlığa düşdüklərinə görə qınayır, hətta narkotik maddələrin ticarəti ilə məşğul olanlara, onları sərhəddən keçirib ölkəyə gətirənlərə qarğışlar edirdi.
Bacısının taleyindən Elşad da çox nigaran idi. Odur ki, əsgərlərlə valideynlərinin vidalaşma vaxtı çatanda anası Elşadı qucaqlayıb dedi:
- Oğlum, fikrin bizim yanımızda qalmasın! Hər şey yoluna düşəcək. Sən çalış, yaxşı qulluq elə, bacın da, mən də həmişə xoş sorağını eşidək.
Elşad anasının qarşısında farağat dayanıb:
- Arxayın ol, ana, - dedi, - mən yaxşı xidmətimlə həm sizi, həm də atamın əziz ruhunu şad edəcəyəm!..
***
...Günlər-aylar ötüb keçirdi. Qış öz ömrünü yaza bağışlamağa hazırlaşırdı. Sübh çağı uzaqdan görünən dağların başına yaz dumanı çökmüşdü. Baharın gəlişi, dağlardan əsən həzin meh səhər idmanı edən əsgərlərdə xoş ovqat yaradırdı. Bütün silah yoldaşları kimi Elşad da fiziki hazırlıq məşğələlərində həvəslə iştirak edirdi. Atəş hazırlığına aid təlimlərdə avtomatı sərbəst söküb-yığırdı.
Bir neçə gün idi ki, əsgərləri hərbi hissənin təlim poliqonuna güllə atmağa aparırdılar. Şərti hədəfə atəş tapşırığını qüsursuz yerinə yetirəndə Elşadın sevincdən ürəyi köksünə sığmırdı. Hərbi xidmətdə qazandığı uğurlar ona qol-qanad verirdi. Çox çəkmədi ki, o, hərbi hissənin idman meydançasına maneələri dəf edərək kross qaçışında qalib gəldi. Az sonra dayaqdan dartınma, uzunluğa tullanma və başqa idman növləri üzrə normativləri yerinə yetirdi.
Elşadın qarşıya qoyulan tapşırıqları yerinə yetirməsi, nümunəvi davranışı tərbiyə işləri üzrə bölmə rəisi baş leytenant Xəlilovun diqqətindən kənar qalmamışdı, hətta anasının ünvanına təşəkkür məktubu da yazmışdı.
Elşad ürəyində düşünürdü ki, orta məktəbdə dərsini yaxşı oxuyan şagirdiylə müəllimlərinin fəxr etdiyi kimi, burada da hər komandir öz yetirmələri olan bacarıqlı əsgərləri ilə öyünür. Təcrübəsini əsgərlərə sevə-sevə öyrədən zabitlər onun hərbi sənətinə, sərhədçi peşəsinə məhəbbətini artırırdı.
Bir dəfə əsgərlər üçün ayrılmış asudə vaxt idi. Elşad qürub çağı üzü cənuba uzanab dağlara baxa-baxa oxuduğu kitabdan bu yerlərin keçmişi ilə bağlı fikirləri xatırlayaraq xəyala dalmışdı... Bölmə rəisi Xəlilovun ona yaxınlaşdığını belə hiss etmədi.
- Dağlara niyə belə diqqətlə baxırsan? - deyə bölmə rəisi ondan soruşdu.
Elşad əvvəl farağat vəziyyəti alıb bölmə rəisinə hərbi salam verdi. Sonra dedi:
- Mən aranda doğulmuşam, cənab baş leytenant. Heç vaxt dağlarda olmamışam. Deyirlər, o dağlardan Savalan dağı aydın görünür.
Rəis mənalı təbəssümlə onu süzüb:
- Hə, elədir! - dedi, - Savalana əbəs yerə "dağlar Sultanı, dağlar piri" demirlər. Amma çox vaxt dumana bürünür, onu görmək hər kəsə nəsib olmur. Bax, o gördüyün dağın zirvəsindən səhər çağı Savalan əl içi kimi görünür.
- Cənab baş leytenant, oxuduğuma görə Şah İsmayıl Xətai buralarda olub...
Xəlilov yenə adəti üzrə gülümsünüb dedi:
- Şah Xətai haralarda olmayıb ki...
Və qol saatına baxıb, sonra hərbi hissənin qərərgahına sarı addımladı.
...Günlərin bir günü Elşadı həmişə həsrətlə boylandığı dağların qoynundakı zastavalardan birinə göndərdilər. Zastavanın yerləşdiyi ərazidə son vaxtlar sərhəd pozuntusu qeydə alınmamışdı. Nə vaxtsa burada sərhəd pozan narkotik maddə qaçaqmalçıları ilə baş verən silahli toqquşmada iki sərhədçı həlak olmuşdu. İndi həmin sərhəddə keşik çəkmək növbəsi Elşada çatmışdı.
Gündüzlər keşik çəkəndə adamı valeh edən dağların, yamacların hüsnünə tamaşa edərdi. Bir dəfə lap səhərə yaxın qarovulda dayanmışdı. Ay işığı sərhəd nişanı olan çayın hər iki sahilin nura qərq etmişdi. Çayın sahilindəki ağacların və kolların kölgəsi dağ çayının gümuşü sularında yuyunurdu. Dərələr sanki dərin yuxuya qərq olmuşdu. Üzü aşağı axan dağ cayı yorulmadan, yuxu bilmədən cağlayırdı. Çayın sahili boyu görünən sal qayalar sanki keşikdə dayanan əsgərlər kimi dərin düşüncələrə dalmışdılar. Elşadın nə vaxtsa əzbər bildiyi şeirin iki misrası yadına düşmüşdü:
"Qoy dolanım, Vətən, sənin başına,
Deməsinlər pərvanəsi çatışmır"
...Bir azdan dan yeri söküləndə Tanrı dağı Savalanı seyr edəcəkdi. Fikri sərhəddən o taya qanad açmışdı.
İnsanın fikrinin-düşüncəsinin sərhədi olmur. Amma bu gen dünyada dağların da, dənizlərin də arasında sədlər-sərhədlər vardı. Elşadın qəlbi dil açmışdı: "Siz ey Vətənin bağrınına sancılan sərhəd dirəkləri... Siz ey tikanlı məftillər, eyni dildə, eyni ləhcədə danışan insanları bir-birinə həsrət qoyduğunuzun fərqindəsinizmi?"
Birdən yuxarıda çayın zümzüməsinin ahəngi pozuldu. Elə bil dağın qaşından yuvarlanan qaya parçası çayın yatağına düşdü. Sonra ətrafa ölü bir sükut çökdü. Çay əvvəlki ahəngiylə axırdı. Durbinlə mühafizə etdiyi ərazini gözdən keçirdi. Birdən ağacların arası ilə yavaş-yavaş adımlayan kölgə gördü... Hər kim idisə, görünür, müşahidə kameralarından yayına bilmişdi. Elşad əvvəl istədi havaya atəş açsın, sonra düşündü ki, sərhəddi pozan adam gəldiyi yerdən geri qaça bilrər. Odur ki, onu yaxalamaq üçün izlədi.
Yaş pal-paltarını soyunub, idmançı forması geyinən adam izləndiyini hiss edib əlindəki çantasını kənara tulladı. Elşad çathaçatda var gücüylə təkan verib pələng kimi onun üzərinə atıldı. Əlbəyaxa olduğu qaçaqmalçı onun çevikliyi qarşısında aciz qalıb təslim oldu. Təntiyərək boğula-boğula dedi:
- Ay sənə qurban olum, Allah xatirinə burax qayıdım ev-eşiyimə. Mənim bir çətən uşağım var...
Onun gözü Elşadda olsa da fikri kənara atdığı çantanın yanında idi. Elşad silahını ona tuşlayıb, çantanı açmağı əmr etdi. Çantadakı narkotik vasitələri görəndə Elşadın gözünün önünə narkoman kürəkəninin ucbatından iztirablar çəkən bacısı gəldi. Sərhəddən narkotik maddələr keçirən qaçaqmalçıya qarşı içində nifrət hissi baş qaldırdı:
- Bəs bu zəhrimarlarla məhv ediklərin insan övladları deyilmi? Sən gənclərimizi ağ olümə məhkum etdiyinə görə cəza çəkəcəksən!
Çantasının əlindən çıxdığını görən qaçaqmalçı marığa yatmış pişik kimi qəfildən Elşadın üstünə tullandı. Elşad buna hazırmış kimi, onu fəndlə yıxıb əlini-qolunu bağladı.
...Axşam dövlət sərhəddini pozan qaçaqmalçını və onun çantasından çıxan həşiş qətranını, tiryəki və heroini televizorda göstərirdilər.
Döyüş Bayrağı önündə müsahibə verən Elşad hərbi jurnalistin "ən böyük arzun nədir" sualına cavab verəndə dedi:
- Arzum Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olmaq, gələcəkdə zabit kimi Vətən sərhəddinin pərvanəsinə çevrilməkdir.
...O gün ekran qarşısında oturan Əsmər xanım Elşadın uşaqlığını, məktəb illərini, hərbi and içdiyi günü gözlərinin önünə gətirib pıçıldadı:
- Sağ ol, oğlum, hərbçi sənətini seçməklə sən həm də öz şəhid atanın ruhunu şad elədin!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!