Dəfn nəğmələri... Hekayə - Təranə Vahid

...dilindən itburnu çiçəkləri kimi ağ kəlmələr tökülərdi...

 

Cəmogilin kəndi dünyanın axırında yerləşirdi, elə bir yerdə ki, burdan o yana nəyin olub-olmadığını Allahdan başqa kimsə bilməzdi. Kənd də deyəndə yekə çıxır, Cəmogilin kəndi qayaların arasına sığınmış, daha doğrusu, qayaların arasında gizlənmiş bapbalaca bir obaydı. Kəndin ayağında Əmir kişi asqıranda kəndin yuxarısında Ədil kişi qımışa-qımışa "öz başını ye" - deyərdi. Ya da kəndin yuxarısında Pilə Lətif tütəyini püfləyib "Çoban-bayatı" çalanda kəndin ayağında Tutu arvad yaylığının ucuyla gözünün yaşını silib "Ürəyinə qurvan olum,  a Lətif, bizi qırıf-batırdın"  - deyib köks ötürərdi.

Cəmogilin obası belə bir obaydı. Beş-on ev, hər evdə beş-altı uşaq, bir az mal-qara, bir sürü qoyun-quzu, hər qapıda da çınqıl kimi toyuq-cücə... və bir də, bir də dünyanın heç bir yerində olmayan, kəndin başının üstündən  göyqurşağı kimi asılıb qalan rəngli adət-ənənələr...

Cəmogilin kəndi demişkən, bəs Cəmo kimdi, nəçidi, nə karədi ki, kənd onun adıyla birgə çəkilir? Cəmo bu kəndin gözü, möcüzəsi, hamının xeyrinə-şərinə yarayan, yaşı bəlli olmayan, uzunşüllət, qıs-qıvraq bir adamdı. Civə kimi oynaq gözləri qaşlarının altında parıldayır. Bəlkə, heç rəhmətlik anası da Cəmonun gözünün hansı rəngdə olub-olmadığını sonacan bilməyib. Uzunsov sifətində Allahın verən günü, lap elə dumanlı, çiskinli, qar-boranlı  havalarda da günəşəoxşar  təbəssüm dolaşır. Halını xəbər alana,  kətə bişirənə, kətmənlə yer belləyənə, danası itənə alqış eləyə-eləyə gəzib-dolaşır, əlsizə əl, köməksizə arxa olur.

Belə baxanda, Cəmonun nə varı var, nə dövləti, kənddəkilərin çoxundan pis dolanır, amma gözü-könlü o qədər toxdu ki,  elə bil sürü-sürü dəvəsi Yəməndən gəlir. Dəvəsi yoxdu, amma Cəmonun yaxşı ürəyi, sapsağlam səsi, ağ nəğmələri var. Əslində, bu kənd üçün Cəmo qənimət adamdı. Cəmo olmasa, dünyanın unutduğu obanın  diriləri bir yana, ölülərinin halı necə olar? Kim  dünyadan köçənləri  dəf-dumbulla, nəğməylə yola salar? Cəmo olmasa, ölənlərin  ruhunu isti sözlərlə kim yuyub-təmizləyər, günahlarını bağışlamaq üçün kim Tanrıya əlçim-əlçim  nəğməli dualar yollayar, ölənin yeddi arxa dönəninə kim təskinlik verər, kim onları kiridər, kim?

Axı bu yer dünyanın qurtaracağındadı. Hərdənbir bu yerə çoxdan boyat olmuş xəbərlər, təkəmseyrək kitablar ya gələrdi, ya gəlməzdi. Televizordan, kompüterdən kimsənin xəbəri olmazdı. Çünki  sıldırımların arasına  sığınmış bu obanın yolu yoxuydu. Yol çəkmək də havayı söhbət idi. Hökumət neçə dəfə istəmişdi ey, yol çəksin, amma çəkə bilməmişdi. Təklif eləmişdilər kəndin camaatını daha rahat yerə köçürsünlər,  kəndin başbilənləri yalvarıb-yaxarmışdılar ki, giley-güzarımız yoxdu, bu balaca dünyamızı dağıtmayın, qoyun yer üzündə  belə bir kənd də olsun. Bu sözdən sonra gələnlər çıxıb getmişdilər. Sıldırım qayaları  Fərhad çapa bilərdi, amma dağın təpəsində Şirin nə gəzirdi? Bu kəndin qızları,  əslində, pəriyə oxşayırdılar. Su pərisinə yox, dağ pərisinə. Amma kör-köhnə paltarları, qara qaloşları bir az işləri korlayırdı.  Obanın kişilərisə özlərini bəy sayırdılar. Babalarının, atalarının dediyi kimi, bu yerdə doğulub, bu yerdə ölmək elə bəylik kimi bir şeydi.

Ölümdən söz düşmüşkən, Cəmogilin kəndində kimsə dünyasını dəyişəndə, bu elə gec-gec baş verirdi ki, hərdən adamların ölüm, daha doğrusu, dəfn mərasimi üçün burunlarının ucu göynəyirdi, adamların çıçəyi çırtlayırdı. Sevinirdilər ki, nə yaxşı, Tanrı onları unutmayıb, yada salıb. Belə xoş anlarda Cəmo belinə Narın nənənin əbrəş qoyunun tükündən əyirib toxuduğu mil-mil şalı  qurşayıb çıxardı ortalığa.  Əlinə dəf alıb meyitin baş tərəfində yerini rahatlayar, kəndin adamları da cənazənin yan-yörəsində  oturub  gözlərini Cəmoya dikərdilər. Handan-hana Cəmonun təbi gələrdi, yavaş-yavaş hallanardı, uzun, çöp kimi barmaqları dəfi diksindirərdi. Dınq, dınq, dınqqq... dınqıltını eşidəndə qadınların ürəyi birtəhər olardı, kirpikləri bir-birinə sıxılar, ilk damcılar səssiz-səmirsiz yanaqları aşağı süzülərdi.

Sonra Cəmonun burun pərələri titrəyər,  boğazının hülqumu qızarmış dərisinin altında oynardı. Əvvəlcə mızıltı eşidilərdi. Elə bil içindəki səs dünyanın o başından gələrdi. Səsin yolu açıldıqca Cəmo ritmə oturardı. Cəmonun dilindən itburnu çiçəkləri kimi ağ kəlmələr tökülərdi. Mənası da belə olardı ki, darıxma, indi səni ağ yuxularına büküb gəldiyin yerə göndərəcəyik. Bilirik ki, günahsızsan, elə gəldiyin kimi tərtəmizsən, vicdanına toz qonmayıb, ruhun yaralanmayıb, Tanrı canını alıb, amma səndən əlini üzməyib,  kənd buna şahiddi.

Bu yerdə bütün kənd  qıyya çəkib "şahidik!" - deyərdi. Elə içdən qışqırardılar ki, ölünün üzünə təbəssüm qonardı.

Cəmonun dəfn nəğmələrində ölənin həyatı, sevinci, duaları bircə-bircə sadalanardı. Dəfndəki adamlar elə bil mərhumun kinosuna baxardılar. Bütün kadrlar gerçək olardı. Dünyadan köçənin yerişi, duruşu, gülüşü, subaşına getməyi belə epizodik də olsa kadrlardan keçərdi. Dəfn nəğməsində o adamın  sevgi hekayəti ayrıca  bölmə olardı. Cəmo göz yaşlarının içinə zərif gülüş qatar, mərhumun sevgisini işıqla boyayardı. O vaxtacan kimsə rəhmətliyin belə böyük sevgisi olduğunu eşidib-bilməzdi. Ölənin ömür-gün yoldaşı da ilk dəfə əlli il bir yastığa baş qoyduğu adamı Cəmonun nəğmələrindən tanıyardı. Elə bil Cəmo bu kəndin yaddaş kitabıydı. Dediklərinin heç biri uydurma olmadığından hamı ona inanardı.

Mərasimin sonunda dünyasını dəyişəni uğurlayar, dəfi əldən düşənəcən döyəcləyərdi.

Bu o demək idi ki, hamı ayağa qalxıb mərhumu son mənzilə yola salsın. Kişilər əl-ələ verib halay çəkirlərmiş kimi cənazəni dövrələyər, qəfildən əllərini buraxıb geri çəkilərdilər.  Bu o demək idi ki, halaydan biri ayrıldı, amma gedənlə kim gedib ki, həyat davam edir, yolu uğurlu, son mənzili mübarək olsun!

Bu kənddə molla-filan olmadığı kimi, qəbiristanlıq da olmazdı. Adamlar cənazəni qaldırıb elə öz həyətlərindəcə basdırardılar. "Ölünə sahib çıx" məsəli, deyəsən, elə Cəmogilin kəndində yaranmışdı. Adam da öz doğmasını, əzizini, həyatının bir parçasını  özündən uzaqlaşdırarmı?

Düzdü, beş-on ildən sonra nəvələri yer tapmayanda babalarının, ya da nənələrinin başdaşının həndəvərini subaşına dönədərərdilər, amma bu ayıb sayılmazdı, əksinə, yaxşı əlamət sayılardı.

Bu kəndin toylarını da  Cəmo yola verərdi. Sadəcə, yas mərasimindəki sözlərə  bir balaca əl gəzdirərdi. Böyüklərdən eşitdiyi nağılları, dastanları çələng kimi bir-birinə bənd edib danışar, arada qızılgül ətirli nəğmələr söylər, bütün danışdıqlarının sonu xoşbəxtliklə, bəxtəvərliklə, işıqla bitərdi. Hə, toy demişkən, toy günü  bəy Cəmonun yanına gedər, ondan xeyir-dua alardı. Cəmo da bəyin qulağına nəsə pıçıldayıb onu utandırardı. Onun  nə pıçıldadığını kimsə bilməzdi. Sözün düzü, burda adamlar çox az danışardı. Çünki dağların başında, göylərə yaxın yerdə çörək kimi, su kimi, söz də müqəddəs sayılardı.

Gün günorta olanda Cəmo uşaqdan-böyüyə hamını səsləyər, bütün kənd bir süfrədə oturub kəklikotu ətirli yeməklərdən dadardı. Axşama yaxın Pilə Lətif tütəyini dilləndirər, dünyanın kədərindən qopmuş bu zərif musiqilər adamların sümüyünü titrədərdi. Pilə Lətifin pilə ürəyini dinləyəndən sonra Cəmo dəfini döyəcləyər, şən nəğmələr söylərdi.

Göydə ulduzlar, evdə lampalar yananda toy bitər, gözəgörünməz bir əl bu kəndin üstünü ipək yuxuyla örtərdi. Dünyanın yenidən bölüşdürülməsi, soyuq müharibə, ozon qatının deşilməsi, iqlim dəyişkənliyi, terror və ilaxır, ilaxır qorxulu şeylərdən xəbərsiz  adamlar Yer üzündə heç kimin görmədiyi rəngli, ətirli yuxular görərdilər.  

Tanrı  ölümü də  sevinclə qarşılayan, dəfn nəğmələri oxuyan, sabaha inanan bu adamları  hələ ki, əlçatmaz bir yerdə - qayaların arasında qoruyub saxlayırdı.

Pisliyin, yamanlığın, nankorluğun nə olduğunu bilməyən bu adamlarsa sevinəndə də, darıxanda da, ağlayanda da başlarını qaldırıb göyə baxardılar. Baxardılar, baxardılar, baxardılar...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!