Ulduz sönəndə... hekayə - Xuraman Hüseynzadə

 

Qaranlıq düşmüş, ulduzlar və Ay göy üzünə qızılı rəng naxış vurmuşdu. Tənbəl və yorğun gilavar yayın istisini unutdururdu. Nənəsi Ülkəri qucağına alıb bayırda yamyasıl otların üstündə gəzdirirdi. Gilavar asta-asta əsdikcə Ülkər yayın istisini unudur, oynamaq üçün gözləri oyuncaqlarını axtarırdı. Oyuncaqlarını gəzən qara gözləri yerdən, ətrafdan ümidini üzüb yuxarı-göyə zilləndi. Göy üzünə səpələnmiş qızılı ulduzlar sanki ortadakı Ay adlı qızıl külçəsinə keşik çəkirdilər. Ülkərə babası oyuncaq ay və ulduzlar almışdı. Bunlar qızcığazın ən sevimli oyuncaqları idi. Xeyli vaxt öncə babasının aldığı oyuncaqları qırmış Ülkər göy üzünə bir az da diqqətlə baxdı və babasının hədiyyələrini yenidən gördü sanki. Balaca, toppuş əlləri ilə nənəsinin çiyninə vurdu. Nənəsi ona baxanda o, göy üzünə tuşladı şəhadət barmağını: "Nənə, onu, bax, onu vey!" Nənə Ay işığnda nəvəsinin üzündəki təbəssümü, gözlərindəki sevinci aydın sezə bildi. Nənə başa düşdü ki, nəvəsi göy üzündəki Ayı və ulduzları qırdığı oyuncaqlarına bənzədib.

Ulduz adını - Ülkəri babası təbiəti çox sevdiyi üçün nəvəsinə vermişdi. Günün çoxunu bağda ağac əkməyə, suvarmağa həsr edən baba tez-tez nəvəsini də özü ilə təbiəti görməyə aparırdı. Balaca Ülkər də eynilə babası kimi təbiəti sevirdi. Yeriməyə təzə başlayan qızcığaz bütün gün həyət-bacada gəzir, evdəkilərdən onu çöldə gəzdirməyi istəyirdi. Onun ulduz sevgisi başqa idi. Gecə düşən kimi bayıra qaçmağa, ulduzları seyr etməyə can atırdı.

Kasıb ailədə dünyaya göz açmışdı Ülkər. Əllərinin qabarı ilə dolanan atası zülmlə qazandğı pulları səxavətlə qızının oyuncaqlarına, paltarlarına xərcləyirdi. Ən böyük arzusu bir balasının xoşbəxt gələcəyini görmək idi. O gözəlliyi görməyə isə hələ uzun illər vardı.

Anası, Ülkər doğulandan xəstə idi. O da qızının gələcəyindən nigaran halda xəstəliklə mübarizə apara-apara yaşayırdı. Ağrı-acılarının az olduğu, xəstəliyinin hələ yerində saydığı, irəliləmədiyi dövrlərdə ana ancaq işləyir, balasının gələcəkdə ehtiyac içində böyüməməsi, xoşbəxt yaşaması üçün gecəsini gündüzünə qatıb çalışırdı. Balaca Ülkər isə öz aləmində idi. Bunlar onu maraqlandırmırdı. Təki oyuncaqları olsun, oynasın, nənəsi, babası onu təbiət qoynunda, yamyaşıl otların üstündə gəzdirsin və gecə düşən kimi ulduzlar göyün üzünü bəzəsin. Daha çox bərq vuran ülkər də o ulduzların arasında olsun. Adaşı onu görsə də olar, görməsə də, təki o, göy üzünü darıxmağa qoymasın.

Ülkərin anası Sevda qərib idi. Anası, xalaları ilə birgə pambıq yığmaq üçün bu rayona gələn zəhmətkeş qadınlara qoşulmuş və elə orda da taleyini qurmuşdu Sevda. Sürücü Məhərrəmlə elə pambıq sahəsində tanış olan Sevda zəhmətkeşliyinə görə oğlanın sevgisinə laqeyd qala bilməmişdi. Məhərrəm də Sevdanın qoçaqlığını, zəhmətsevərliyini çox bəyənmişdi. Həmişə qoçaq, evdar qızla evlənəcəyini deyən Məhərrəmin qarşısına elə axtardığı qız çıxmışdı. Ağappaq pambıqlardan yığdıqca taleyinin də rənginin pambıq kimi ağappaq olacağına inanırdı Sevda. Onu bu rayona ehtiyac gətirmişdi. Ağappaq pambıqlardan yığdıqca borclarının, qara günlərinin azalacağını düşünür və az da olsa bununla təskinlik tapırdı zavallı qız.

Sevib-seçdiyi Məhərrəmə qoşulub qaçan Sevda tanımadığı bölgəyə, adamlara tezliklə uyğunlaşdı. Çoxlu toyuq-cücə saxladı, özlərini, yumurtalarını, qapılarındakı qara inəyin də südünü sağıb satmaqla dolanmaqlarına kömək etdi. Tez bir zamanda həyətdə əməlli-başlı canlanma yarandı. Sevda kiçik təsərrüfatlarından qazandığı pullarla doğar qoyunlar, keçilər aldı. Qoyunların, keçilərin südündən pendir hazırlayıb satdı. Üç ilin içərisində təsərrüfatlarını bir az da genişləndirdi. Toyuq-cücələrinin sırasına qaz, ördək, hind toyuqları əlavə olundu. İnək balaladı, danalar artdı, qoyun-quzuları, keçiləri çoxaldı. Halal zəhmətlə özlərinə gün-güzəran quran ailə torpaq sahəsini də genişləndirdi. Məhərrəm, artırdığı torpaqlarda yonca əkdi, yığdırıb qışda yaxşı qiymətə satdı. Növbəti il evlərini böyütməyi, təmir etdirməyi nəzərdə tutdular. Qoçaq Sevdanın bir arzusu vardı: Qızı Ülkərin xoşbəxt, heç nəyə ehtiyacı olmadan böyüməsi. Əri Məhərrəm də arvadına təsərrüfat işlərində yaxından kömək edirdi. Yaşlı qayınana, qayınata bir an əllərini işdən çəkmir, sözü bir yerə qoyub Ülkərin gələcəyi üçün var qüvvələri ilə çalışırdılar... Həyat, zəhmətlə əl-ələ verib bir ailənin ümidlərini doğrultmaqdaydı...

Fələyin hesab-kitabından, nələri sayacağından xəbərsiz ailənin tək ümid, təsəlli yeri gec ailə qurmuş atanı, ananı, yaşlı nənə-babanı dünyaya gəlişi ilə sevindirən Ülkər idi.

Göy üzünə duz kimi səpilən ulduzları seyr etməkdən yorulmayan balaca Ülkərə Tanrı elə bir gözəllik bəxş etmişdi ki, görən bir də baxırdı. Ağappaq yanaqlarındakı zənəxdanları ona çox yaraşırdı. Sanki hər yanağında da bir ulduz vardı.

Ulduzlu gecələrdə göy üzünü seyr etməkdən yorulmayan balaca Ülkərin başının üstündə nə qədər ulduz da axırdı. Nə qədər adamın ulduzu sönürdü bəzən. O isə bunun fərqində deyildi. Əlini səmaya uzadar, "Onu mənə vey", "Mənim, mənimdi o" deyərdi...

Anası, qızının ulduz sevdasını bildiyi üçün onu tək buraxmaz, axşamlar yorğunluğunu çıxarmaq, dincini almaq üçün bayırda stul qoyub oturar və balası ilə birlikdə göy üzünü seyr edərdi. O da öz ulduzunu axtarardı.

Amansız xəstəlik isə göy üzünə səpələnmiş ulduzlar kimi çoxalırdı. Sevdanın iş qabiliyyəti azaldı və yavaş-yavaş itdi...

Vaxt dayanmadan irəliləyir, mənzil başına çatmağa tələsirdi. O mənzilər kimlərin son evi olacaqdı, Allah bilirdi.

Yay getmiş, növbəti yay gəlmiş, Ülkər bir az da böyümüşdü. Onun ulduz sevdası xeyli çoxalmışdı. Ülkər, xəstəxanadan yenicə çıxmış anasının yenə əlindən tutub bayıra aparmaq, ulduzları seyr etmək istəyirdi. Ana isə uzandığı pəncərənin qarşısında gözlərini göyə zilləyib düşüncələr, xəyallar içərisində öz ulduzunu axtarırdı. Axtardı, tapdı... İri bir ulduz bərq vurdu əvvəlcə. Sonra, sonra isə gəldiyi kimi də getdi... Bir ulduz da söndü göy üzündə. Bir tale də bitdi beləcə. Daha bir insanın arzuları ürəyində qaldı. Yer üzündə bir insan da azaldı. Ülkər anasının sönən ulduzunu görmədi. Şirin yuxuda idi həmin vaxt. Sonra oyanacaq, anasını yanında görməyəcək və daha ulduzlara tamaşa etməyəcəkdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!