Ələsgər müəllim - Hekayə - Reyhan Yusifqızı

Gözəl müəllim, böyük insan Ələsgər Paşayevin xatirəsinə

 

 - Ana, bizə təzə ədəbiyyat müəllimi gəlib. Ələsgər müəllim.

- Lap yaxşı.

- Məni tanıyır e... Dedi ki, sənin baban mənə dərs deyib!

- Doğrudan?

- Birinci dərs ədəbiyyatdır, gərək gecikməyim.

- Bir az da danışsan gecikəcəksən. Di get!

Qızım qaça-qaça pillələri endi. Arxasınca baxıb əl elədim. Məktəb evimizin yanında olduğundan çox vaxt tək gedib-gəlirdi.

Tez-tez evimizdə təzə müəllim haqda danışmağa başladı qızım.

- ...Ana, Ələsgər müəllim deyir ki, bütün uşaqlar yaxşıdır - pis uşaq yoxdur!

- Doğru deyir.

- Bəs pis oxuyan, sinifdə səs salan, dərsə mane olanlar pis uşaq deyil?!

- Onlara verilən tərbiyə pis ola bilər. Uşaqlar özləri isə yox.

- ...Ələsgər müəllim tapşırıb ki, böyüklərə qoşulub toya getməyin - uşaq

nədir, toy nədir! 

- Çox düz deyir.

- Niyə? Toyun nəyi pisdir ki?

- Uşaqlara aid olan o qədər maraqlı yer var ki... Park, muzey, kukla teatrı. Toya isə qoy böyüklər getsin.

Qızımın təzə müəllimə olan rəğbəti gündən-günə artırdı. Onun ədəbiyyat və Azərbaycan dili dərslərinə daha yaxşı hazırlaşdığını, müəllim haqda həvəslə danışdığını görüb mən də sevinirdim. Tezliklə başa düşdüm ki, təkcə mənim qızım yox, sinfin bütün uşaqları Ələsgər müəllimə heyran olublar, onun dərslərini səbirsizliklə gözləyirlər.

- Ana, bu gün bütün sinif ədəbiyyatdan “5” aldı!

- Ola bilməz!

- Hamı dərsi öyrənmişdi. Hətta ömründə dərs oxumayan Səməd də. Növbə ilə

bir-bir danışdıq, müəllim dedi ki, nə etməli, hamı “5” alır.

Onun fərəhdən parıldayan gözlərinə baxıb güldüm - qızım sinfin adına sevinirdi. Uşaqlara bu sevinci yaşadan müəllimə minnətdarlıq hissi keçdi qəlbimdən. “Ələsgər müəllimlə tanış olub təşəkkür etmək lazımdır”, - öz-özümə qeyd elədim.

...Yeni il ərəfəsi idi. Məktəbin həyətində qızımı qarşılayıb evə gətirəndə yolda danışdıqları məni xeyli təəccübləndirdi. Uşaqlardan biri Ələsgər müəllimə iri bir bağlama hədiyyə gətiribmiş. Müəllim “sağ ol” - deyərək onu küncdə yerə qoyur. Üçüncü dərsdən sonra evə gedəndə guya bağlamanı yaddan çıxarıb götürmür. Yoldan zəng vurub uşağa deyir ki, bala, mən uzaqdayam, götür o bağlamanı evinizə geri apar, daha bir də gətirmə ha.

Bir neçə gündən sonra məktəbə, Ələsgər müəllimlə tanış olmağa getdim.

Hündür, xoşsifətli, gülərüz bir adam idi. Səma rəngli gözlərindəki mehribanlıq məni valeh elədi.

- Təşəkkür eləməyə ehtiyac yoxdur, - dedi, - bu, mənim borcumdur - müəllimlik borcum, insanlıq borcum. Mənim özümə gözəl müəllimlər dərs deyib, elə biri sizin qayınatanız. Ondan öyrəndiklərimi onun nəvəsinə öyrətməsəm, o kişinin ruhu məndən inciyər. Şagirdlərim hamısı mənim balalarımdır.  Onlara həm dil-ədəbiyyatımızı, həm də yaxşı insan olmağı öyrədirəm. Bizdən sonra gələn nəsillərin mənəviyyatını zənginləşdirməliyik. 

Müəllimdən xoş təəssüratla ayrıldım. “Nə qəribədir, - düşündüm, - qızım babasını heç xatırlamır, amma onun ziyalı ruhundan, mənəviyyatından süzülən, işığı, aydınlığı vaxtilə onun tələbəsi olmuş Ələsgər müəllimdən duyur. Onun gözəl dərslərindən nəvəsinə də pay düşür. Müəllimlik belə peşədir...”

Hər beşinci gün qızımın sinifdənxaric oxu dərsi olurdu. Lövhəyə çağrılan şagird oxuduğu hər hansı əsəri sinif qarşısında danışır, sonra müəllimlə birlikdə müzakirə edirdilər.

Kitab rəflərimizin qarşısında dayanıb növbəti dərs üçün seçim eləyirdik. Azərbaycan dilində 9-12 yaşa uyğun kitab az idi. “Rus dilində oxu. - dedim, - sən ki dili yaxşı bilirsən, azərbaycancaya çevirib danışarsan”. Könülsüz razılaşdı.

Axşam “Nəyi seçdin?” - deyə maraqlandım. “Sənin “Mavi don” hekayəni, - gözlənilmədən cavab verdi, - xoşuma gəlir, onu danışacam”.

O ərəfədə dissertasiya üzərində gərgin işlədiyimdən qızımın dərslərinə çox vaxt ayıra bilmirdim, yalnız riyaziyyatdan ev tapşırıqlarına nəzarət etməklə kifayətlənirdim. Sinifdənxaric oxu dərsinin necə keçdiyi ilə maraqlanmaq yadımdan çıxdı.

Bir neçə həftə keçdi. Bir gün mən işdən gələndə qızım qabağıma qaçdı:

- Ələsgər müəllim səni məktəbə çağırır! Dedi ki, məni görsün.

Təəccübləndim. Qızımın humanitar elmlərə marağı və dil qabiliyyətinə bələd idim. Azərbaycan dili - ədəbiyyat dərslərindən nə problemi ola bilərdi ki?

- Dərsdə səs salmısan?

- Yox!

- Bəlkə ev tapşırığını eləməmiş getmisən?

- Yox! - qışqırdı, - Ələsgər müəllim dedi ki, sən mənim ən sevimli şagirdimsən!

 Sən demə, qızım mənim “Bir gün dərsdən sonra” silsiləsindən olan hekayələrimdən hər dəfə birini oxu dərsində danışırmış. Müəllimin “Kimin hekayəsidir?” sualına isə “Anamındır” - cavabını verirmiş.

Utana-utana uşağın dediyini təsdiq elədim. “Yazmaq mənim üçün bir növ xobbidir, - əlavə etdim, - özüm üçün və uşaqlarım üçün yazıram”. “Amma uşaq hekayələriniz çox yaxşıdır, - dedi, - yazın və çap etdirin! Belə əsərlər bizə lazımdır”.

Bu dəfə söhbətimiz daha səmimi oldu. Məktəbdən, uşaqlardan, uşaq ədəbiyyatının problemlərindən danışdıq. Ayrılanda qızımı təriflədi: “Maşallah, ağıllı və istedadlı qızdır. Fikrim var ki, belə uşaqlar üçün bir qrup açım və təmənnasız dərs keçim,” Yenə təşəkkür elədim. “Mənə görə qulluğunuz?” -soruşdum. Ürəyimdən keçdi ki, kaş bir şey xahiş eləyəydi, mən də canla-başla yerinə yetirəydim. Üzü ilə təzad təşkil edən qonur gözləri güldü. “Hekayə yazın!” - dedi.

Dərs ilinin ikinci yarısı başlamışdı. Səhər tezdən işə gedirdim. Ağacların arası ilə dayanacağa aparan yola burulanda qarşıdan gələn Ələsgər müəllimi gördüm.

- Nə gözəl təsadüf! - Ayaq saxladım. Başını qaldırdı.

- Xoş gördük!

- Necəsiz?

- Şagirdlərimin yanına gedirəm, əlbəttə yaxşıyam! Siz də yaxşısız?

- Vallah, sizin qədər əmin deyiləm! Universitetdə işlərim çoxdur.

- Darıxmayın, düzələr. - Cibində gəzdirdiyi valokordini göstərdi, - görürsüz?

Kömək eləyir - sizə də məsləhət görürəm.

Güldüm.

Bundan sonra həmin yerdə, həmin vaxt tez-tez qarşılaşmağa başladıq. Hər dəfə dayanıb bir neçə dəqiqə söhbət edirdik. Şagirdlərindən, keçmişdən, gələcəkdən danışırdı. Ya da mən qızımın dərsləri ilə maraqlanır və ya havadan şikayət edirdim. Axır ki, danışmağa söz tapılırdı. Sonra mən universitetə yollanırdım, o da məktəbə. O qədər yaxşı aurası vardı ki, bir neçə dəqiqə söhbəti insanın əhvalını yüksəltməyə bəs edirdi. Döngəni burulan kimi gözüm Ələsgər müəllimi axtarırdı.

- Sabahınız xeyir!

- Salam, - həmişə gülər üzlə cavab verirdi, - necəsiz?

- Bilmirəm, inanacaqsınızmı, - sizi gördüm, yaxşı oldum!

- Sonuncu hekayənizi yaman bəyənmişəm!

- Çox sağ olun!

- Məqam olanda bu barədə danışarıq.

Təəssüf ki, məqam olmadı. Rüb bitdi və mən bir müddət Ələsgər müəllimi görmədim.

 Bir gün qızım məktəbdən gələndə yavaşca qulağıma dedi:

- Ana, Ələsgər müəllim xəstələnib. Özü də çox ciddi.

- Nə bilirsən? - Təəccübləndim.

- Özüm eşitdim. Afət müəllimə deyirdi...

Narahat oldum. Amma bir azdan: “Uşaqdır, yəqin düz başa düşməyib”, -deyə özümü sakitləşdirdim.  

Günlərin birində qızım dərsdən bikef qayıtdı. 

- Ələsgər müəllim gedir. Dedi ki, çox uzaqlara gedirəm, - uşaq bunu deyib ağlamağa başladı. - Ana, onunla danış da, qoy getməsin! Mən istəmirəm getsin! - Ayağını yerə döydü.

Çaşıb qaldım. Telefonu əlimə alıb Afət müəlliməyə zəng vurdum.

Vəziyyəti çox ciddi imiş. Ələsgər müəllim başından əməliyyat olunmaq üçün xaricə getməyə hazırlaşırdı. Ümidi az idi... 

Səhhəti imkan verdiyi qədər  dərslərini keçdi. Sonuncu dərsi bitəndən sonra şagirdlərini saxlayıb onlarla vidalaşmışdı: “Mən uzaqlara gedirəm, çox uzaqlara. Bəlkə bir də görüşmədik. Amma elə bilməyin ki, sizdən xəbər tutmayacam. Gözüm üstünüzdə olacaq. Dərslərinizi necə oxuyursunuz, necə böyüyürsünüz - hamısını görəcəm və biləcəm. Orxan, mənə verdiyin sözü unutma. Pəri, xəttinə diqqət elə”. Sonra yaxınlaşıb qızımın saçlarını sığallamışdı: “Mənim sevimli şagirdim, müəllimimin yadigarı... Bəlkə böyüyəndə sən də filoloq, ya da yazıçı olacaqsan. Məni unutma “, - demişdi.       

 Qızım ağlayırdı. Uşağı necə başa salaydım - bilmirdim.

 ...İllər ötdü. Qızım filoloq olmadı, amma sevimli müəllimini, onun tövsiyələrini heç unutmadı. Ələsgər müəllimin ruhu şagirdlərini tərk etmədi. Onun açdığı işıqlı yolda uşaqlar onsuz gələcəyə addımladılar, ondan bir parçanı da - gözlə görünməyən, əllə toxunulmayan bir parçanı özləri ilə apardılar... 

Sentyabr, 2014

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!