“Üşüyorum, kapama gözlerini" - Mətanət VAHİD

Esse

Mətanət VAHİD

 

Ne hasta bekler sabahı,
Ne taze ölüyü mezar.
Ne de şeytan bir günahı,
Seni beklediğim kadar.

Həsrəti bu qədər sadə və dəqiq ifadə edən, obrazlaşdıran bu şeirin içində "mən" yoxdur, yalnız "beklenen" var - gözləntisi qalan bütün gözləntilərin ötəsində olan. Deyilənə görə, ustad Nəcib Fazilin bu kiçicik şerinin bir hekayəsi var və sevdiyi qıza əl boyda kağızın bir üzündə əvvəlcə birinci, üstündən çox uzun zaman keçdikdən, sevgilisi gəlmədikdən sonra isə o biri üzünə sonrakı bəndi yazıbmış. Danışılanlar nə qədər gerçəkdir, bilmirəm. Doğrusu, belə məqamlarda həqiqət mənə görə ən vacib amil olmur. Bir şeir özünün hekayəsinin yaranmasına səbəb olanda bu, sözün gücünün təzahürüdür deyə düşünürəm. Gözlənti zaman baxımından nə qədər çəkərsə-çəksin, hər zaman sonsuzluq qədər uzundur - heç bitib-tükənməyəcək qədər çox gələr və həsrətə dönər. Nəcib Fazilin şeirindəki bir xəstənin səhəri gözləməsi ilə… müqayisə edilən həsrət Ahmed Arifin şeirində azadlığın gözləntisi ilə ölçülür.

"Hasretinden prangalar eskittim" - türk ədəbiyyatında ən gözəl sevgi şeirlərindən biri və mənə görə, həsrətin ən orijinal ifadəsidir. Bu misralardakı həsrət bir məhbusun məhbəs həyatı qədər sürər - qandallanmış olan həsrətdə keçən zamandır. Onun həbsi həbsxana divarlarından daha çox həsrətin qoynunda yaşanar. Həsrət zamanı heç keçmirmiş, elə yerindəcə donub qalmış kimi göstərsə də, hər şeyə rəğmən keçər; zaman keçdikcə əskilən həsrət özü qandallanar və yerini azadlıq - vüsal alar.

Bu şeirlərdə həsrət sevdanın düşməni deyil, əksinə, onu daha da böyüdən, nəhəngləşdirən, ülviyyətlə saran bir duyğudur. Getdikcə daha da acılaşan həsrətin yaxıb-yandıran dadını, qarsan alovunu belə hiss etdirir ayrılıq əzabını anladan şeirlər. Bu üzdən acısı yandıran, ağrısı sızladan həsrətə rəğmən mükafat kimi qəbul olunar sevda əksərən. Edip Canseverin misralarında sevgi insanı insan edən, özünü tanıdan, dərdini, sirrini yalnız özüylə "paylaşmaq" dərinliyinə qədər endirə bilən bir duyğudur. İlk baxışda həsrətin acısından şikayət təsiri bağışlasa da, dəfələrlə oxuduqca sanki sevginin günbəgün böyüyüb bu həsrətə "sırıl-sıklam" sarıldığını, onun gücünə var olduğunu müşahidə etmək olur:

Acılar da acılaşıyor gittikçe sanki, bir azarlanmayla ölümünü
düşünen çocuklar gibi.
Sevgiler gönderirdi nedense utanırdı da bundan
Gönderir gönderir geri alırdı bir
gücenikliği sonra.
Doğanın bana verdiği bu ödülden çıldırıp yitmemek için iki insan gibi kaldım.
Birbiriyle konuşan iki insan.
Bu yüreğe bu kadar acı fazla dersin
bazen kendine...
Ama hata bizde.
Küçücük bir yürekle kocaman
sevmek ne haddimize!

Özdemir Asafın "Seni sevmek gibi büyük işlere kalkışdım" etirafı ilə eyni sırada durur Edib Canseverin sonuncu misradakı "hata"sının etirafı. "Küçücük bir yürek" - özünü hər zaman kiçik görər sevdalı. Buna rəğmən sevmək dəli cəsarətidir. Qəsdən "həqiqi sevən", "gerçək sevdalı" kimi sözlər işlətmək istəmirəm. Çünki sevda ya var, ya yoxdur: onun əsli və ya qəlpi olmur, məncə. Sevənə görə, o özü hər zaman kiçikdir, acizdir, dəyərsizdir, sevgilisi baş tacıdır, nəfəsidir, qanıdır...

"Bu aralar ellerim hep üşür benim. Doktor 'kansızlık' der, ben 'sensizlik' derim..." (Edip Cansever) "Sənsizlik" - sevgi şeirlərinin ən çox işlənən ifadələrindən biri, həsrətin sinonimi, "Cehennemin öbür adı" (Ahmed Arif), əzab qaynağı… Di gəl, sevdalar bir məqama varar ki (əgər varsa), sevdiyinin fiziki varlığı heç bir anlam daşımaz, ruhu ruhuna qarışar və gəlib-gəlməməsinin də bir önəmi qalmaz artıq. Yox, fəlsəfə açmaq, məhz bu məqamda söhbəti irfan yönünə çəkmək istəmirəm (hərçənd bəndə sevgisinin - sevdasının eşqi-ilahiyə bir pillə olduğuna ürəkdən inanıram). Sevgi bir gün elə bir məqamına yetir ki, şəxsdən obraza yönlənir, "sən" deyə bildiyinə xas olan sima, xasiyyət, təbiət, bir sözlə, hər şey, "o" deyəcəyi obrazda cəmlənir. Bax bu zaman "uzakdan sevmək" - görmədən, toxunmadan ruhuna nüfuz etmək "aşkların en güzeli"nə çevrilər.

Geçti istemem gelmeni,
Yokluğunda buldum seni;
Bırak vehmimde gölgeni
Gelme, artık neye yarar? (Nəcib Fazil Kısakürək)

"Beklenen" şeirinin ikinci bəndində mənə ən maraqlı gələn qürurundanmış kimi təsiri bağışlasa da, əslində, çarəsizcə imtinadan daha çox, sondakı sual işarəsidir. Gözlənilənlərdən ən çox sevilən, böyük sevdalara çevrilən - gələnlərə yox, hər şeyə rəğmən yenə də gəlməyənlərə qarşı sevgi olur. Qarşılıqlı demirəm, çünki qarşılıq görən, qovuşmaq - birgəliklə sonuclanan sevgilər əksərən gec, ya tez adiləşir, ucalığından enir. Sevgi birtərəfli, acıçəkdirən - bir az mazoxistcə duyğu olarkən daha da böyüyür. Əlçatmazlıq, həsrətdir sevdaları ucaldan. "Çünkü ayrılmanın da vahşi bir tadı var/ çünkü ayrılık da sevdaya dahil" deyir Attila İlhan. Bir az qürurundan, bir az sevgisini öz ucalığında saxlamaq hissindən "gelme" desə də, "artık neye yarar?" sualını da verir şair - məhz cavab almaq məqsədilə sual verir. Bunun adı ümiddir. Bəlkə də, nəyəsə yarar və "gelme"lərə rəğmən gələr deyə ümid qığılcımı. Çünki hər nə olursa-olsun, bu ümiddir onu həyatda saxlayan, sevgilinin varlığıdır ona güc verən, əlindən tutan… Sevilənin varlığı sevəni cismən, yoxluğu ruhən həyata bağlayar.
Sevmək - boyu boyuna yetsin deyə qürurunu belə ayağının altına qoymaqdır... "Sana gitme demeyeceğim, /Ama gitme, Lavinia…" deyən Özdemir Asafsayağı sevgisinə yenik düşməkdir. Ömrüm boyu sevgidə ən böyük çarəsizliyi bir türkünün bu iki misrasında gördüm: "Kimse almasun seni, yine bana kalasun." - bundan böyük çarəsizlik düşünə bilmirəm - sevən əzablarını, həsrətini bayağı sözlərlə dilə gətirmir, qürurunu ayağının altına alıb arzusunu sözə çevirir.
Sevmək bir insanla çoxalmaq, eyni zamanda, həm də tənhalaşmaqdır… Sevilən hər zaman dopdolu bir dünyadır, varlıqdır, yoxluqdur… - nə olduğunu tam anlamıyla ifadə edə bilmək üçün uzun-uzadı cümlələr qurmaq, saysız-hesabsız təyinlər işlətmək gərəkdir, bəlkə də. Qısaca desək ki, sevda bir xaosdur - yanılmış olmarıq yəqin. Bunun ən gözəl izahını Özdemir Asaf verir: bir-birinə zidd anlamlı kəlmələrlə anladır şair göz yaşına da, gülüşə də, sağlığa da, xəstəliyə də sığan sevgilisini - sevgisini.

Sen kocaman çöllerde bir kalabalık gibisin,
Kocaman denizlerde ender bir balık gibisin.
Bir ısıtır, bir üşütür, bir ağlatır, bir güldürür;
Sen hem bir hastalık, hem de sağlık gibisin.

Maraqlıdır ki, bu essedə bəhs etdiyim şeirlər əsasən, yasaq hesab olunan sevgilərə həsr olunub. Nədənsə bu şeirləri heç vaxt Ö.Asafın Laviniasına (Mevhibe Beyat), Ahmed Arifin Leyla Erbilə, E.Canseverin Tomris Uyara… yazdığı misralar kimi oxumamışam. Bu şairlər məhz bu ölümsüz şeirləri yarada bilsinlər deyə, imkansız sevgilərə qucaq açmışlar deyə düşünürəm. Təbii ki, bunu bilərəkdən etməmişlər, talelərindən keçib gedənlərin yaşatdığı acılar onları ədəbiyyata daha da çox qazandırıb. Bilirəm, çox soyuqqanlı yanaşmadır. Amma sevmək bir az da yazmaq (yaratmaq) üçün səbəb, bəhanədir.

"Yokluğun, cehennemin öbür adıdır \ Üşüyorum, kapama gözlerini..." deyən Ahmed Arif sevgilisi Leyla Erbilə məktublarının birini belə bitirirdi: "Kimselere bir şey demek için değil, susuzluğumuz, yangınlığımız için yazıyoruz. İkimiz de öyle..." Bu cümlə əslində, yaradıcı insanın səbəblər araması, bu səbələrə tutunaraq yaratmaq yanğısını ifadə edir ən bariz şəkildə. "İnsanın insana verebileceği en değerli şey yalnızlıktır" deyir Edip Cansever məşhur uzun şeirində. Bu fikri izah etməyə gərək varmı? İnsanı içindəki yalnızlıq hissinin daha dəyərli qıldığı həqiqətinə hər kəs yetə bilməz ki. Bu gerçəyi dəlilik hesab edənlər daha çoxdur, əlbət. Fəqət o gerçəyi kəşf edənlər yaşadığı acılara rəğmən dərdlərinin dərmansızlığını sevərlər, əslində. Onun mahiyyəti də bu ziddiyyətdə ehtiva olunur. Sevmək yaradıcılıqdır, bəlkə bir az da yıxıcı, dağıdıcı, öldürücü yaradıcılıq və bu barədə də qoy yenə şeir özü danışsın:

mağaranın duvarına

hayvanları taştan oydum

kükrediler karanlıkta

türkülerle karşı koydum

karanlıktı mağara

ışığı taştan oydum

üşüyordum

bir de güneş koydum

aşk oydum mağaranın duvarına

aşk oydum

ağrıdı taşlar

yarıldı mağara.   (Bülent Ecevit)

 

Daşların ağrısı qarşısında isə sözlər də laldır…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!