Ələddinin çilçıraqlı fəsilləri - Vaqif Nəsib - HEKAYƏ

 

Əskipara kənd məktəbinin girəcəyində, yəni ən gözəgəlimli yerində bir şərəf lövhəsi vardı. O da bu balaca kəndin, elmi-zəkası ilə böyük dünyaya uçura biləcəyi şagirdlərin meydanını xatırladırdı. Məzunların durna qatarına bənzəyən səfinin başında Ələddin Vələddin oğlunun şəkli dururdu. Və həmin balaca kəndin elmin ən uca zirvəsinə uçura bildiyi bəndəsini də elə onu hesab etmək olardı.

Ələddin adlı, dünyanın on yaşında yetim qoyduğu tifilin həmin zamandan ata-anasına Əskipara deyilən balaca kənd çevrilmişdi. (Atası Vələddin həyat yoldaşı ilə barəbar avtomobil qəzasında ömürlərinin sonuna çatası olmuşdu. "Allah saxlayanı qurd yeməz" ata sözü həmin qəza zamanı bəxtiqara ata-ananın on yaşlı tifilinin imdadına yetişmişdi. Devrilməyində olan maşının qapısı bir anlığa açılıb, uşağı bayıra tullamış, o birilərin ömrü üçün yenidən bağlanmışdı. Uşağın nənəsi sayıla bilən Sitarə arvad onu yad şəhərin yetimxanasından xilas edə bilmişdi. Oğlu Müzəffərlə bərabər kəndin yığdığı pul-para ilə ayaqlarını Moskvaya qoyub tifili qanadları altına ala bilmişdi. Vələddinin arvadı fars qızı olduğundan oğluna balaca ömründə öz ana dilini sevdirə və öyrədə bilmişdi. Üstəlik öz arzusunu uşağın qulaqlarında görünməz, sehrli sırğalara da çevirə bilmişdi. Həmin sehrli sırğalar sonralar da nakam anasının səsiylə Ələddinin qulaqlarında səslənmişdi: "Çalış şərqşünas ol. Təbrizdə evimiz Xabi-şura qəbiristanlığı qonşuluğunda idi. Orda əvvəl Əfzələddin Xaqaninin qəbri, sonralar da əsərləri ilə tanış olmuşdum. İstərəm Ələddinim də Əfzələddininə çevrilsin. Bircə bəxti onunkuna bənzəməsin".

Ələddin Əskipara məktəbini qızıl medalla bitirən ilk şagird oldu. Və zəkası, onun bəhrəsiylə həmin ili kəndlərinin adını Ceyrançöl əhlinin gözündə qızıla çəkə bildi.

On yaşından üstündən, başından nəvazişlərini əskik etmədikləri bir balanı bütün Əskirapa camaatı üzü Bakıya elm aləminə pərvazlandırdı. Kənd dəlləyi Nəcəf kişi bu dəfə üç yumurta almadan başına şəhərinki üstündə əl gəzdirdi.

Aşıq Cəlal sazıyla başının üstünü kəsdirib "Cəngi"sini çaldı. Dodaqlarıyla deyil, barmaqlarıyla demək istədi ki, qələmini Misri qılınca döndərib elmin sağından-girib solundan, solundan girib-sağından çıx...

Və nəhayət Müsəllim kişi Bakı ömrünü yada salmaqla şəhərə bələdçiliyi üstə başına ağıl qoymağa başladı: Burdan ikisiylə gedib oralarda gözünü dörd eylə, hər şeyi dörd gözündə seç". Ən axırda üzünü yana çevirib sözləriylə uşağın sifətini Novruz yumurtasına çevirməsinə baxmaq istəmədi.

- Şəhər qızları göyçək olur. Çalış onlara saqqızını oğurlatma (Bu yerdə kəndlilərindən saqqızını oğurlatmışın birinin adını çəkmək istəsə də qohumlarına görə əlüstü vaz keçdi). Onlar gözünü yumub-açana kimi kənd-kəsəkdən gələnləri arvadağız edə bilirlər.

Amma sonrakı kəlamlarından kəndlərindən çıxan arvadağız bəndənin yaxası ələ verildi.

- Şəhərdə açacağın birinci qapı Qareykə oğlu İsmayılınkı olmalıdı. Zəngini çalan kimi özündən qabaq göndərdiyimiz pay-püşü göstər...

Kənddə qazandığı "Bürüşük" ayamasıyla şəhərə yollanmış İsmayılı arvadı Törə xanımı evliliklərinin ilk günlərindən bir az da bürüşdürüb, özünün göz qabağına yerləşdirə bilmişdi. Müsəllimin şəhərə çata bilən uzaqgörənliyi öz işini görə bilmişdi. Özündən qabaq pay-puşunu gördüyü oğlana dodaq büzəsi olmadı. Və az sonra da arvadı Törə xanımla idarə olunan İsmayıl ocağında Ələddin az-maz rəğbətlə qarşılanan ilk əskiparalı oldu.

Kəndin qızılı nəsihətləri (cib xərci ilə barəbar), qızıl medalıyla yola saldığı yeniyetmənin əyarını, az sonra Törə xanımın özü də görə bildi. Halbuki onun evlərində köç salmaq istəməsindən narahatlıq keçirirdi. Arvadının üz-gözündən İsmayıl həyəcanını göydə oxuyurdu. Uzun illər ərzində arvadının həmin xisləti kişini bir növ "ildırımötürənə" çevirmişdi.

Yəni pay-puşla gələn yerlilərinə eyni sualı verib, eyni ünvana ötürürdü. Xoş-beş sonrası Ələddinə də həmin sual verilib Törə xanımın qulaqlarını şəklətdi:

- Qalmağa yerin-yurdun varmı?

- Universitetin yataqxanasına yerləşmişəm.

- Bu nə cür olan şeydi, yataqxanaya, mən biləsi, qəbul sonrası yer verirlər.

Ələddin başını da, səsini də aşağı salası oldu.

- Qızıl medalla gələnləri əlüstü qəbul edirlər...

Yeli azalmış kəlmələr Törə xanımın təəccübünü artırası, ürəyindən keçirəsi oldu: bu, moltanılara oxşamır. Əsli-nəsli mütləq şəhərdən çıxacaq.

Ələddinin tələm-tələsik getməyə hazırlaşması da ürəyincə oldu və birinci dəfə əri İsmayılın bir yerlisinə həmin kəlmələri dilindən çıxardı:

- Birdəfəlik getmə, bura əmi, əmidostu evin sayılır. Hərdən yolunu sal, çaydan, çörəkdən qabağına çəkək...

Qapı örtülən kimi arvadının zəndi tərəfə İsmayılın ağzı açıldı.

- Bu biçarənin ata-anası Moskva Şərqşünaslıq İnstitunun elmi işçiləri idi. Avtomobil qəzasında itirib Əskiparaya yerləşəsi olmuşdu.

Qurdlu arvadı bəlkə də içindəkilər dilləndirmişdi:

- Deyirəm axı, yoxsa mənim bilmədiyimə qurd düşər. Ələddinə həmin qapını Müsəllim kimi  vasitəçilər deyil bəlkə də taleyi çaldırmışdı. Və həmin zəngin ən sonda bayquş ulaşına çevrilmiş sədası ondan son mənzilinə kimi əl çəkəsi olmamışdı.

Sonralar yerlisi İsmayılın xahişi ilə (əsasən tətil sonrakı kənddən qaytıdığı zamanlar) həmin zəngi çalaşı olurdu. Belə gəlişlərinin birində qapını üzünə Xavər (İsmayılla Törənin madar balası) açmışdı ki, bir müddət Ələddini çaş-baş salası olmuşdu. Oğlan ilk məhəbbəti Dilşadın qarşısına çıxdığını fikirləşmişdi. Elə həmin bənzərlik də həmin zəng sonrakı həyatının sonrakı səhnələrinə rəvac vermişdi.

Dilşad, oxşarı Xavərin Əskiparadakı əmisi Əli müəllimin qızı idi. Əllədindən iki sinif aşağı oxuyurdu. Əskipara yeniyetmələrinin yaz ağzı bənövşə qanadları ilə bəndə düşdükləri bir ildə Ələddinlə Dilşad göz-gözə gəlmişdi. Və həmin baxışlar sonrası iki ürəyə ilk məhəbbətin bənövşə rəngli damcıları düşmüşdü. Sonralar hamıdan gizli saxlaya bildikləri həmin ilk məhəbbət iki ürəkdə rişələrini atmağa başlamışdı.

İbadın təhsil illərində üzün elmin zirvələrinə çevirən anasının sözləri Dilşadın gözləri olurdu.

Günlərin bir günüsə (ali məktəbi fərqlənmə diplomu ilə bitirib, aspiranturaya qəbul olduğu zaman, halbuki həmin yay Dilşada eşq açmağı qərarlaşdırmışdı) Dilşadın Ceyrançölün poçt müdiri Fikrətə nişanlandığı xəbərini aldı. Və ürəyinin qara qanları eşqinə yas tutmağa başladı.

Həmin zaman İsmayılın arvadı Törə xanımın da qızları Xavər ucbatından üzqaralığına çəkildiklərindən xəbərsiz. Demə evdə əllərini istiyə-soyuğa soxmayan qızları, eşikdə saman altdan istili-soyuqlu su yeridirmiş. Onun, həmin həndavərin bir qoçuvari cavanı ilə məhəbbət macərası yaşadığını ata-anasından başqa bütün məhəllə bilirmiş və iş-işdən keçəndən sonra həmin acı gerçək var gücüylə onların da sifətinə sillə kimi çırpılmışdı. Qızlarının bətninə uşaq qoymuş Yavər adlı qoçu üzünü Rusyetə tutub uşaq kimi qaçası olmuşdu. Ərinin ömür-gününü əskiyə bükmüş Törə yazıq kişinin üstünə bir az da artıq göz bərəldib eybinə kor olmurdu:

- Heç olmazsa, indi qeyrətə gəlib, kişiliyini göstər.

- Gərək elə evliliyimizin birinci ili kişiliyimi göstərib üzümü Əskiparaya tutaydım. Qalıb qabağında arvada dönməyəydim.

- İndi bizi bu gün qoyub qaçmaq istəyirsən yoxsa.

-  Onda dur milisə gedək...

- El içində biabır olaq? Yavər çoxdan aradan çıxıb, o, nə qızımızı alasıdı, zorla pərçimləsək də, nə də arvad saxlayasıdı.

- Bəs onda...

Demə Törə yeni bir peşəyə, - corab hörməyə əl qoymağı qərarlaşdırıbmış. Həmin cavab da Ələddinin başında hörülməliymiş. Arvadı ilə bərabər İsmayıl da evliliyi sonrası qazandığı ikinci sənətini işə salası oldu. Bu da Törə xanımın çaldığı hər hava ilə oynamağından yaranmış peşəsi idi. Bu dəfə rəqsləri Ələbbinə həsr olunacaqdı. Oynaqlaya-oynaqlaya onun işlədiyi universitetdə verəcək, "təsadüfən" görüşüb Törəsinin verdiyi rolu oynayacaqdı. Həmin roluna qədər arvadıyla çənə-boğazı da olmuşdu. Törə xanım hərdəfəki kimi, ağlını kəsdirə bilmişdi.

- Ələddini tapıb Xavərin ad gününə dəvət etməlisən.

- Axırıncı dəfə bürüşük deyib, üzünə qapı çırpmısan, nə üzlə qarşılayacaqsan.

- Belə, sifətimin bu birisi tərəfiylə, o zaman sənə hirsli olduğumu söyləyəcəyəm.

- Ələddin niyə dəvət olunur, xeyir ola?..

- Xeyir işə, Xavərə gözünü qonduracağıq, ay dana arxasından çıxıb, hələ də şəhərdə adam olmamış danabaş... Minnəti olsun Xavər kimi mamlı-matan qıza...

- Bəs qızın qələti, onu necə?..

- Nisəxanımın qızı Rübabə doxdur indiyə kimi yüzünə əl gəzdirib, qız yerinə ərə verib. Bizimkinə də əlac edib, ata-anasına "yüzbiri" oynadar.

"Yüzbiri" ssenarisi üstə Törə Nisaxanım tərəfə, rəqsi üstəsə İsmayıl Ələddin səmtinə ayaq açdı.

Nisəxanım qızının həmin işə tövbəli olduğunu söyləyib məzəndəni artırdı. İsmayıl təsadüfən rastlaşdığı Ələddin qarşısında təkəbbüründən azaltmalı oldu: - Əmirxana baş çəkməyə gəlmişdim, Gürcüstana yas yerinə gedib dedilər. Həmin gün təzyiqi kəllə-çarxa qalxdığından Törə o hərəkəti elədi. Dəfələrlə o şir təkəbbürlü qadın it peşimanı olduğunu söyləyib. Neçə dəfə də ayağına gəlmək istəyib.

- Əmirxanı xeyir ola?

- Xavər bu il məktəbi qurtarır, onu hazırlaşdırmasını xahiş edəcəkdim. Sabah ad günüdü, həm də dəvət edəcəkdim. Sən də gəlsən yaxşı olar, həm ananın, həm də balanın ürəyini alarsan.

Həmin dəvət ilk məhəbbətindən zərbə almış Ələddinin deyil, ssenari müəllifi Törənin çaldığına oynayan İsmayılın xeyrinə olub. Onları Xavər biabırçılığından xilas edə bilərdi.

Son günlər Ələddinin başının müdafiəsinə qarışdığından xəbərdar olan İsmayıl işini ehtiyatlı tutmağa çalışdı. Son zamanlar bir atalar sözünü tez-tez yada salıb, onun qəhrəmanları şəklində özünü və Törə xanımını gözü önünə gətirirdi: kişi qocalanda evə eşşək, arvad qarıyanda köpək lazım olmur.

- Mütləq gəl, bilirsən ki, kənddən bir tək sənin vasitənlə hal-əhval tutub, üzümə Qazançı mehi vurur. Alı bulağının suyunu çırpıram.

Həmin an qabağındakı adam ona kəndin girəcəyindəki dəyirmanlarını da xatırlatdı. Və həmin dəyirmanın unu və urvasından bu dəfə İsmayıl dayısının qaşlarına da sıçradığının şahidi oldu. Həmin görnüş də onu dəhnə suyu kimi İsmayılın kəndsiz xopan qalmış dəyirmana bənzəyən mənzilinə doğru axıtmağa başladı. Halbuki Törə xanımın kəndlərinə ağız büzməsi tərəfə də üzüntüsü vardı. İsmayılın bir dəfə də onun yolunu Əskiparaya sala bilməməsindən xəbərdar idi.

- Bu il Əskiparaya gedək...

- Canımıza bit düşməyi qalıb.

Həmin sözlər Törə xanıma qarşı Ələddinin təfəkkürünə ilk sirkəsini salmışdı.

...İkinci dəfə də üzünə qapını Xavər açdı. Bu dəfə həmin açılış təsadüfü deyildi. Ona da anasının qurluş verdiyi tamaşada gəlin rolu tapşırılmışdı. Həmin özünə qarşı qurulmuş quş cələsi, hörümçək torundan xəbərsiz, Dilşadını itirmiş Ələddin onlara tərəf könüllü addım atmağa başladı. Və qəlbinin dərinliyində bunu bir Dilşad itkisindən ikincisinə yürüş hesab elədi.

Axır ki, həmin ad günündə gələcəyin böyük alimi ləziz təamlarla bərabər içində saxta məhəbbət sümüyü gizlənmiş bir xörəyi də dadası oldu.

Əvvəl qızı Əmirxan müəllimin yerinə hazırlaşdırmağa razılaşdı, sonra da onunla nişanlanmağa. Bütün bunların əsl səbəbisə Xavərin zahirən Dilşada bənzəməsi oldu.

Zahirən hər şey təmtəraqlı oldu. Ələddin kənddə ilk məhəbbətini itirib, şəhərdə əvəzini tapdı. Və nişanlısından xəbərsiz onun adını dəyişib özü üçün Dilşad eylədi. Və həmin məhəbbət başı elmi işinə qarışmış Əllədin üçün Dilşadı Xavərə çevrilənə qədər davam elədi.

Ələddinin "Xaqanilik Xəlqanilik arası" doktorluğunun uğurlu müdafiəsi elm aləminə səs saldı. Xaqaniyə məhəbbəti adının qarşısına "Əfz" hərflərini də naxışlayıb Əfzələddinə çevirdi. Bu da ona demək olar ki, anası qarşısında ən böyük hədiyyəsi oldu.

Ötən illər ərzində Əskiparanın balasına çevrilə bildiyinə görə atası tərəfindən ürəyi rahat idi. Xaqani elmi işiylə Əfzələddin adı qazanıb anasının da qəbrini nurla doldura bilmişdi.

Qızının xoşbəxtliyindən məst olmuş Törə xanımın yeni təşvişləri gicitkan kimi boy göstərib, onu dalamağa başlamışdı. Yeni oyununa ilk oyunçusunu professor arvadı etdiyi qızından başladı:

- Üç ilə yaxındı iki baş-dörd ayaqsınız. Ortaya bir körpəni körpü kimi sala bilmirsən.

- Neyləyim, məmə, bir əlim həkimlərin xələtinin cibindədi. Boyuma bir şey sala bilmirlər.

- Aranızdakı körpülər yanmamış özünü əvvəl Moskvaya, sonra da, lazım gəlsə, xaricə qoy...

Həmin kəlmələr sıxıb Xavərin gözlərinin qorasını süzdürmüşdü.

- Rübabə xanım daha uşağımın ola bilməyəcəyini söyləmişdi...

- Məhəbbətlə yaşaya biləcəyin adamdan doğa biləcəyini də demişdi.

Anasının son kəlmələri balasının üzünü Moskvaya tərəf çevirdi. Axı, o cinsiyyətin yanğından betər atəşini kobud Yavərdən görmüşdü. Həmin yanğına bir daha onun ağuşunda düşər,  bəlkə də bətninə bala düşürərdi.

Törə xanım Moskvanın birinci qadın-doğum həkiminin ünvanını tapdı. Bakıdakı tanışları vasitəsiylə qızı üçün vaxt da aldı.

Axır ki, Ələddinin başına hörülən corabın ilmələri bu dəfə uzanıb Moskvaya çatası oldu. Bu dəfə Xavərin corab üçün əmtəəsi telefon tellərindən olacaqdı (o, anasından belə gizli Yavərin Bakıdakı qaranoylarının birindən onun telefon nömrəsini almışdı. Professordan kar aşmasaydı, ondan ikinci həkimi kimi istifadə edəcəkdi).

Demə Yavərlə Ələddinin orta məktəb yoldaşı Fərhad Moskvaətrafı şəhərlərin birində şərikli iş qurublarmış. Xavər ərindən gizli Yavərə zəng etməkdən özünü saxlaya bilməyibmiş:

- Pisliyin özünə qaldı, professor xanımıyam.

Ələddin barədə də Yavəri yandırıb-yaxmaq üçün açıb sandığı, tökübmüş pambığı.

Qurddan quş Yavər də həmin atəşi professorun yerlisi Fərhada ötürüb özünü soyutmaq istəmişdi.

- Yerlin professor artığımı alıb, adını kişilər cərgəsinə qatıb.

(Ələddin ömrünün yüz misli):

Ələddinlə Xavər Moskvadan uğurla dönə bildi. Müalicə bəhrəsini vermişdi. Günlərin bir günü bir ara Dilşadlığını itirmiş qız yenidən ona dönüb ərinə utana-utana söyləmişdi.

- Axır ki, mən ana, sən də ata olacaqsan.

Ələddin də özünü saxlaya bilməyib ata-anasının adını səsləndirmişdi.

- Qız olsa adını Şəmsiyyə, oğlan olsa Vələddin qoyarıq.

Və bir müddət sonra ekiz balalarına hər iki adı yaraşdırmalı olmuşdular.

Və nəhayət Törə İsmayılın arzusunu yerinə yetirmək üçün şeytanın qıçını sındırmalı olmuşdu. Onlar ərli-arvadlı nəvələriylə bərabər yollarını Əskiparaya salmışdı. Kənddə hər iki nəvənin ayağı altda qoç kəsib Əllədinin adını İsmayılınkının cərgəsinə salmaqdan vaz vermişdi. Ərinin könlünü almaq üçün Xavər dillənmişdi.

- Bura kurort kimi bir şey imiş.

Həmin kurort kimi bir şeyin ən salamsız adamı da onların görüşünə gəlmişdi.

Salamsız Məhəmmədin bağındakı alma ağacından həmin xoşbəxtliklə qurtaran nağılın sonluğuna üç alma düşə bilmişdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!