Nargis - Alkandabalı oğlan…HEKAYƏ

Qadın, “axı mənim bu tənha yerlərdə nə işim var”, - deyə düşündü... Qorxu olmasa da, qəribə bir həyəcan sarmışdı vücudunu.

...Tiflisdən çıxmışdı. İstiqamət Borjomi idi. Qış olduğundan, yollar da təhlükəliydi. Tanımadığınız yerdə maşın sürməyin başqa həyəcanı olur axı.

Yoxuşlar getdikcə çoxalır, yol bir istiqamətdə yuxarı qalxırdı. Yolun bir tərəfində yaşıl rəngli uçurum, digər tərəfində isə sıx meşəliyin bəzədiyi dağlar görünürdü. Uçurumun parlaq yaşılı cazibəsi insanı özünə cəlb edirdi.

Qadın gözlərini zorla ayıra bildi uçurumdan. Əslində yuxularında həmişə uçurumdan aşağı düşdüyünü görərdi. Siyah köynəyinin düymələrini açdı, ürəyi nəsə sıxılırdı. Qış olmasına baxmayaraq, ətrafdakı küknar ağacları yamyaşıl idi. Çılğın ruzigarın incitdiyi küknarların göz yaşları maşının şüşələrindən aşağı süzülürdü… Arada yuvarlanıb aşağıya düşən daşlar olmasaydı səssizlikdən qulaq batardı yəqin.

Qadın, “axı mənim bu tənha yerlərdə nə işim var”, - deyə düşündü...

Qorxu olmasa da, qəribə bir həyəcan sarmışdı vücudunu. Hələ qalacaq yeri belə yox idi Borjomidə. Ensiz yoxuşlardan qalxdıqca arabir qarla örtülən lövhələrlə rastlaşırdı. Ancaq qar və qorxu imkan vermirdi yazıları oxumasına. Aşağıda gördüyü yazıların çoxu gürcü dilində idi. Qısaca oxumaq və anlamaq mümkün deyildi. Yanacağın bitməsinə də az qalırdı. Gürcüstanda yanacaqdoldurma məntəqələri bir birinin yanında yerləşirdi, Azərbaycandakı kimi böyük və gözəl deyildi. Qadın SOCAR-ın yanacaq məntəqələrində maşınını yanacaqla doldurmağa üstünlük verirdi. Burada mütləq bir azərbaycanlıya rast gələrdi həmişə. Ancaq indi heç yanacaq məntəqəsi görünmürdü. Xüsusi dəb və ekzotik dizayn ilə tikilmiş gürcü restoranları, pivə məkanları da yoxa çıxmışdı artıq. Qəribə bir tənhalıq yağırdı Alkandabanın simasından. Hava qaranlıqlaşırdı. Küknarların göz yaşları da donmuşdu artıq. Hürküdücü bir vahimə yayılırdı qadının ruhuna. Kinolarda gördüyü qorxulu səhnələrdəki yerlərə çox bənzəyirdi bu yol…

Uzaqda yolun kənarında anidən bir qaraltı göründü. Qadının tükləri biz-biz oldu. Qara gözlərini iricə açaraq qarşıya baxdı. “Necə sürüm maşını görəsən: sürətli ya yavaş…” Tərəddüdlər qorxuya çevrilirdi. Qaraltı isə hərəkət etməyə hazırlanırdı elə bil. Qadın benzinin bitəcəyindən də çox qorxurdu. Maşının sürətini yavaş-yavaş azaltmağa başladı…

Qaraltı əlini qaldırdı, deyəsən, maşının gedəcəyi yerə kimi onu da götürməsini istəyirdi. Qadın qorxdu; yollarda baş verən faciəli xəbərləri xatırladı. Yaxınlaşdıqca qaraltının kişi olduğu aydınca sezilirdi. Maşını yavaşca saxladı, əlini sükandan çəkmədən gözünün ucu ilə oğlana baxdı. Qorxulu bir şəxsə bənzəmirdi, lakin qadın həyatında bir neçə dəfə yanıldığını da xatırladı. Oğlan şüşəyə tərəf yaxınlaşdı. Gürcü dilində nə isə deyirdi, qadın az bildiyi ruscası ilə gürcü dilini bilmədiyini başa saldı oğlana, azərbaycanlı olduğunu bildirdi. Bir əli ilə pencəyinin qabağını bərk-bərk tutmuşdu, bu, qadını şübhələndirirdi. Qadının ora baxdığını gördü, özü də ora baxdı sonra yaşıl gözlərini qaldırıb qadına zillədi. Təbiətin zümrüd yaşılından ilham alan bu gözlərin dərinliyində itdiyini hiss etdi qadın.

Amma “bəlkə silahlıdı” düşüncəsi yeyib-bitirirdi qadının beynini. Başını qaldırıb oğlanın gözlərindəki zümrüdü yaşıl uçuruma baxdı, röyasını xatırladı, gülümsədi… və qapını açdı. Oğlan qadının təkidlərindən sonra qabaqda oturmağı qəbul etmişdi. Amma hələ də bir əli ilə pencəyinin qabağını bərk-bərk tutmuşdu. Oğlan da Borjomiyə gedirdi. Qadın oğlanı danışdırmaq üçün əlindən gələni edirdi. Oğlan Türkiyə türkcəsi ilə danışmağa başladı. Dediyinə görə Batumidə türk restoranında çalışıbmış uzun müddət. Rəngi solğun idi, üşüyürdü sanki. Qadın oğlana şalını təklif etdi. O etiraz etmədi. Qadının qapqara şalına bürünüb, arxaya yaslandı.

- Məni Borjomiyə qəbiristanlığa apararsanmı?

Bu sualdan diksindi qadın, yenə şübhələr beynində dolanmağa başladı.

- Niyə ora? Hansısa yaxınını itirmisən?

- Hə itirmişəm, həyatımı itirmişəm mən.

Oğlanın gözlərindən yaşıl yaşlar axırdı. Qadın küknarın yarpaqlarından damcılayan damlaları xatırladı… Bir-birinə necə də bənzəyirdilər… Bu nə əhvalatdı axı? Qadın birtəhər olmuşdu.

- Adın, adın nədir?

- Caba.

Bir müddət ikisi də susdu. Birdən Caba dilləndi:

- Aha, buradı, mən burada enməliyəm, sizə yaxşı istirahətlər…

Qadın getməyə hazırlaşırdı ki, oğlan şüşəni döydü.

- Bu məndən sizə xatirə qalsın, bunu mənə “həyatım” bağışlamışdı. Mən də sizə bağışlayıram. Qadın etiraz edə də bilmədi, çünki hər dəfə oğlanın gözlərinə baxanda donub qalırdı.

- Təşəkkürlər, - deyə bildi sadəcə.

…Borjomidə idi. Balaca rəngli evlər bir-birinə çox bənzəyirdi. Havası çox təmiz olan Borjominin əhalisinin üzündə qəribə şirin təbəssüm vardı. Daşdan hörülmüş barıların üzərində borjomi suyu satan yerli əhaliyə tez-tez rast gəlinirdi. Qadın qalmaq üçün yer axtarırdı. Ona Bakuryanini nişan verdilər. O isə Borjomidə qalmaq istədiyini bildirdi. Dil sarıdan əziyyət çəkirdi, çünki burada ingilis, Azərbaycan dilini bilmir, hətta ruscanı belə sınıq-salxaq danışırdılar.

Qadın birtəhər qalmaq üçün yer tapdı. Yaşlı bir qadın evini kirayə verməklə dolanırdı. Səhər qadın balkona çıxıb buradan təmiz havanı ciyərlərinə çəkəndə bir qışqırıq qopdu. Hamı hara isə qaçışırdı. Ev sahibinin ardınca qadın da çölə çıxmışdı. Gürcü dilində olan nalələrdən bir şey anlamırdı. Əvvəlcə nəsə təbii fəlakət olduğunu zənn etdi. Buralar dağlıq zona idi, hər an zəlzələ və ya sellərin imtahanına düçar ola bilərdilər. Bir az sonra bir ambulans dayandı. Ambulansa donmuş bir cəsəd aparırdılar. Oğlanın yaşıl gözləri səmaya dikilmişdi. Qadın Cabanı tanıdı, özü də bilmədən ona sarı qaçıb ağlamağa başladı. Onu belə görən bir çox gürcü səssizcə qadının hıçqırıq dolu kədərini seyr etdi. İllər öncə qan davasının qurbanı olan sevgilisinin məzarında son nəfəsini vermişdi Caba. Belə nağıl edirdi borjomililər. Qəbiristanlığa getməzdən öncə Caba ağır yaralı imiş. Qadının gözləri önünə onun bir əli ilə bərk-bərk tutduğu pencəyi gəldi. Nədənsə pencəyinin açılmasını istəmirdi Caba. Necə görə bilməmişdi, anlaya bilməmişdi onun yaralı olduğunu…

Cabanı da “həyatı” ilə eyni qəbiristanlıqda basdırdılar. Alkandabalı oğlan özünə əbədi vətən olaraq Borjomini seçmişdi. Cabanın son səfərində qadın olmuşdu yanında. Özü də bilmədən o qədər yolu bunun üçünmü gəlmişdi qadın? Gəlməsəydi, Caba son nəfəsində sevgilisinə qovuşa bilməyəcəkdimi görəsən? Bu cür sualların yaratdığı həyəcanla alkandabalı Caba və borjomilı qızın eşqinin şahidi və mirası olan boynundan asdığı aqumarin daşını sığalladı qadın. Özü də bilmədən gözlərindən aqumarin daşının üzərinə süzülən yaşlar yaşılı uçurumlar qədər vahiməli görünsə də, yamyaşıl dağların ucalığı kimi eşqin sonsuzluğunu xatırladırdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!