Abay Dağlının "Malazgirtdən Sakaryaya" pyesi əsasında
Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Abay Dağlının (Ağayev Cəmil İbrahim oğlu, 1906-Şuşa - 1975-İstanbul istiqlal, qurtuluş savaşından bəhs edən "Malazgirtdən Sakaryaya" (1971) əsəri mövzu baxımından onun "Sakarya çətəsi", "Bir mayıs gecəsi", "Sakarya", "Atatürk", "Atamızın gəncliyi", "Sakaryada 22-ci gün", "Ata anıları", "Albay" pyeslərinə bənzəsə də, forma, kompozisiya, yaradıcılıq manerası nöqteyi-nəzərindən xeyli fərqlənir. İki pərdə, beş şəkildən ibarət "Malazgirtdən Sakaryaya"nın ideya-məzmunu "pyes içində tamaşalar" adlandıra biləcəyimiz əsərdə ustalıqla ifadə olunmuşdur. Birinci pərdədə əvvəlcə məktəblilərin ifasında I Gəncin qələmə aldığı və tarixi Malazgirt döyüşünü əks etdirən "Alp Aslan", sonra isə istiqlal mücadiləsinə - Sakarya uğrunda döyüşlərə həsr olunan "Vətən, yaxud Silistrə" pyeslərinin məşqləri təsvir olunur. Abay Dağlını bu mövzuya sövq edən səbəblər barədə dramaturq "Müəllifdən" adlı ön sözdə belə yazır: "Zamanımızda bu kimi xatırlatmaların ən təsirli vasitələri səhnə və pərdə əsərləridir. Mən də bu sahədə və bu əqidə ilə çalışan bir müəlliməm. Böyük tarixi zəfərlərimizdən Malazgirt zəfərinin 900-cü və Sakarya zəfərinin 50-ci ildönümlərnin 1971-ci ildə bayram ediləcəyini düşünərək bu mövzuda ... məktəb və gənclik teatrları üçün bu pyesi yazdım".
Tarixdən məlumdur ki, Malazgirt döyüşü 1071-ci ildə böyük Səlcuq hökmdarı Alp Arslan və Bizans imperatoru IV Romen Diogen arasında baş verib. Həmin döyüşdə türk ordusu sayı 4-5 dəfə artıq olan Bizans ordusunu məğlub edib. Malazgirt döyüşü Anadolunun qapılarını türklərə açmış, ən uzunömürlü imperiyanı zəiflətmiş, onun süqutunu sürətləndirmiş, 624 il üç qitəyə, yeddi dənizə hökmranlıq etmiş Osmanlı imperatorluğunu tarixin səhnəsinə çıxmasına zəmin olmuşdur. Qədim və şanlı türk tarixinə ekskurs edən müəllif Yaşlı mücahidin dili ilə zəfərlərlə zəngin keçmişin bugünkü və gələcək qələbələr üçün ilham və fəxarət mənbəyi olduğunu qeyd edir: "Bizim Malazgirtdə axan qanımız Çanaqqalada da axdı, Sakaryada, Dumlupinarda da axdı. O şanlı savaş tarixlərini daim müqəddəs zəfər günləri kimi xatırlayırıq. Unutmayın ki, bu günlərə o günlərdən gəldik".
Əslində Abay Dağlı pyesinin digər qəhrəmanları da - "Alp Arslan" və "Vətən, yaxud Silistrə" pyeslərinin yaradıcı heyəti- gənc tələbələr də Vətənpərvər nəslin layiqli nümayəndələridir. Məşqini həvəslə və həyəcanla ifa etdikləri pyeslərin müəllifi olan I Gənc I Qıza xitab edərək " Bilirmisən, məncə, vətən iman ilə bərabərdir. Vətəni sevməyən, Allahını da sevməz deyir". I Qızın cavabı da gənclərin sarsılmaz əqidə sahibi olduğuna dəlalət edir: "Ah, sən vətəni düşündükcə nə qədər böyüyürsən. Mən də səni düşündükcə könlümdə o qədər böyüklük görürəm. Söylə, mənə belə sözlər söylə. Sanki eşitdikcə həyatım artır. Könlümdə güllər açır. Fikirdə günəşlər doğur". "Alp Arslan" pyesinin müəllifi I Gənc, həm də Alp Aslan obrazını xüsusi səy və həvəslə səhnə məşqini edir. Alp Arslan (I Gənc) Bizans imperatorunun hiyləgər siyasətinə aldanmır, guya sülh danışıqları üçün göndərdiyi elçinin (III Gənc) əsl niyyətini başa düşür. O, elçi ilə görüşdən sonra baş vəzirinə (II Gənc) deyir: " Siyasət könüldən uzaqdır. İnsan beynində bir bilməcələr yığınıdır. Göz önündə isə dumanlı bir mənzərədir. Fəqət mən bu dumanlı mənzərədə bir şeylər sezirəm. Elə zənn edirəm ki, Bizans sözündə durmayacaq. Bu isə bir son və başlanğıc olur. Ömrünü keçirmiş olanlar tarixə qarışır. Biz yalnız yeni bir yurd deyil, yeni bir çağ yolunu da açacağıq." Hadisələrin sonrakı gedişi Alp Arslanın düşündüklərini təsdiqləyir: Bizans sözünə əməl etmir və ilk fürsətdən türklərə hücum edir. Tələbə aktyorlar - Alp Arslan və Bizans döyüşçüləri məşq zamanı savaş səhnələri yaradırlar. Bunu görən Yaşlı mücahid gənclərin öz aralarında dava-dalaş saldıqlarını zənn edir, gənclər isə tarixi hadisələrlə bağlı rol oynadıqlarını dilə gətirməyə çalışsalar da, mücahid onları dinləmək belə istəmədiyini deyir və gəncləri qəzəblə qınayır: "Diləmirəm, dinləmək belə istəmirəm. Biz yeni nəsil xoşbəxt olsun deyə, birləşdik, can verdik, qan verdik. İndi sizmişiniz o gənclər? Hər gün bir-birinizlə düşmən kimi savaşırsınız. Təhsil adı ilə oxuduğunuz yalnız açıq-saçıq jurnallardır. Təqlid etdiyiniz isə əcaib dəblərdir. Budurmu modern gənclik? Mən böyük Qazinin sizlərə nəyi əmanət etdiyini gördüm. İndi də sizi belə görəcəkdikmi? ...Sizdən nə fayda varmış vətənə? Belə gəncliyi istəmirik." Əlbəttə, bir az sonra anlaşılmazlıq aradan qalxır və Yaşlı mücahid gənclərin türkün şanlı tarixini səhnələrdə canlandırmaq və yaşatmaq təşəbbüsünü təqdir edir. Hətta onlara müraciətlə deyir ki, sizi belə görməklə çox məmnun oldum, duyğulandım, Sakarya savaşında sevindiyim qədər sevindim. Daha sonra isə Sakarya zəfərindən bəhs edən "Vətən, yaxud Silistrə" pyesindən də səhnələr məşq edən gənclərə istiqlal xatirələrini danışır.
Abay Dağlı pyesdə istiqlal savaşı ilə bağlı səhnələri daha əhatəli verməyə çalışır. Müəllifin bu cəhdi bir sıra məqamlarda o qədər də uğurlu alınmır. Doğrudur, bəzən ehtiyac olmadan əlavə hadisə və epizodların mətnə daxil edilməsi, bəzən əvvəlki pyeslərdə toxunulan mövzunun təkrarı, bəzən də macəraçılıq qətiyyən əsas xəttin inkişafına və pyesin, müəllifin ideyasına xələl gətirmir. Lakin bu məqamlar həssas oxucunun diqqətindən də yayınmır. Abay Dağlı "Albay" pyesində bir-birinə nifrət edən qan davalı iki əsgər haqqında geniş bəhs edir. Kıbrısa qoşun çıxartma hərəkatı zamanı onlar sevinir, kin-küdurəti unudur və qardaş kimi qucaqlaşırlar...Albay İbrahim Qaraoğlanoğlu əsgər və çavuşlara "Ruhən bəslənirsə, əroğlu ərlər, Daima sağlanır böyük zəfərlər"- deyə xitab edərək onları cəhalətin, çürük adətlərin təsirindən qurtarmağa, xüsusilə qan davası kimi bəladan xilas etməyə çalışır və istəyinə nail olur. Dramaturq "Malazgirtdən Sakaryaya" pyesində də bənzər hadisədən danışır, həmin problemi eyni tərzdə təqdim edir: burada da 2-ci çətəci ilə 8-ci çətəci arasında qan davası var. 8-ci çətəci intiqam hissi ilə alışıb yanır. Düşmənlərlə əlbir olan xain və satqın 9-cu çətəciyə onu göstərərək deyir: "Bax, bax, o öndə gedən sarı çizməli adamı görürsənmi? O, mənim can və qan düşmənimdir. Mən kiçik ikən onun atası mənim babamı öldürmüşdür. İndi mən intiqamımı bu sarı çizməli hərifdən alacağam." Daha sonra hadisələr eyni ilə "Albay"dakı ssenari ilə davam edir. Fərq yalnız burdadır ki, o əsərdə Kıbrıs hərəkatı, bu pyesdə istiqlal savaşı qan davasını unutdurur. 8-ci çətəci 9-cu çətəciyə deyir: "Mən onunla qan düşməniyəm. Fəqət, bu gün qarşıda daha qanlı düşmən vardır... Doğrusu, Sakaryanın o tərəfinə keçincə utandım. Hər kəs silaha sarılmış. Ölkədəki əski ailə düşmənləri belə barışaraq, omuz-omuza savaşırlar. Abay Dağlı "Sakarya" pyesində işğaldan bəhs edərkən "Böyük aydınları sürdü Maltaya" (145 nəfər nüfuzlu dövlət adamının, yazıçının, generalın, o cümlədən Türkiyə və Azərbaycan tarixində silinməz iz buraxmış Əhməd Ağaoğlunun da ingilislər tərəfindən Maltaya sürgünü nəzərdə tutulur - T.A.) sürgün edildiyini yazır, burada "Mümtaz münəvvərlər artıq Maltada" deyir. Əlbəttə, eyni mövzudan bəhs edərkən bu qəbildən, buna bənzər məqamlardan qaçmaq bir qədər çətin olur.
Pyesdə ən çox diqqət çəkən, yaddaqalan, sevilən obrazlardan biri kəndli nənədir. Nənə istiqlal savaşının qəhrəmanlarından biridir, cəsur və qorxmazdır, ağıllı və tədbirlidir. Düşmənlər onun hüzurunu pozmuş, kəndini viran qoymuş, dağıtmış, evini yandırmış, isti ocağından didərgin salmışlar. Əlinə silah alan nənə yağılardan qisas almaq hissi ilə alışıb-yanır: " Ah, donuzlarla mən də bir qarşılaşsam... Həmən basaram tətiyə. Atəşlə yandıraram onları. Yanan evimin intiqamı deyə. Yıxılan kəndimin intiqamı deyə. Şəhid övladlarımın intiqamı deyə". Nənə arxa cəbhədə qızlara rəhbərlik etməklə, ön cəbhə üçün ərzaq, yemək tədarükü görməklə işini bitmiş hesab etmir. Yunan zabitlər 1-ci və 2-ci qızları əsir götürmək istərkən nənə sərrast atəşlə zabitin birini öldürür, digərini isə qaçmağa məcbur edir. Nənə ayıq-sayıqdır. Dara düşəndə çətəci cidinə girib "Vətən", "Millət", "Qurtuluş" - deyə bağıran, qızların yanında isə "Mən paşazadəyəm", "sarayzadəyəm", "padişahzadəyəm" - kimi sözlərlə lovğalanan xain və satqın 9-cu çətəci I Qızı qaçırmaq istəyəndə nənə "Qorxmayın, qızlarım, mən buradayam- deyir və özünü hadisə yerinə çatdırır. Nənə 9-cu çətəcinin ifşa olunmasında əsas rol oynayır. O, "kişilik yalnız qiyafətlə olmaz" - deyərək silahdaşlarını bu cür satqınlardan ehtiyatlı olmağı tapşırır: "İnanmayın bu hərifə, neçə gündən bəri qeyb olmuşdu, indi çıxıb meydana. Guya ki, əsir düşübmüş. Burada onu yaxalayacaq düşmən-filan görmədik. Bir güllə səsi də eşitmədik. İki donuz vardı. Onları da biz vurduq, gəbərdilər. Abay Dağlı kəndli nənənin timsalında istiqlal savaşında kişilərlə çiyin-çiyinə mücadilə aparan qəhrəman türk qadınlarının obrazını yaratmağa çalışmışdır.
Ziyalı surətləri pyesin əsas obrazlarındandır. Onların ikisi - 1-ci Aydın və 2-ci Aydın 3-cü Aydından xarakter, əməl və əqidə baxımından kəskin fərqlənir. 1-ci Aydın İstanbulun işğalından sarsılmışdır, "fəci durumu tam dəhşətiylə" anlada bilməsə də, çətəcilərə deyiləsi xəbərləri var: "Gözəl İstanbulumuzun hər tərəfi qan ağlayır. Boğaz və Mərmərə yabançı zirehlilərlə doludur. Küçələrdə yabançı əsgərlər çiyin-çiyinə gəzirlər. Hər tərəfdə dalğalanan yabançı bayraqlarıdır. Saraylar isə öz əyləncələriylə məşğuldur. Xalqın müdhiş nifrəti qarşısında daxili və xarici düşmənlər birləşmişlər. Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən "Vətən, yaxud Silistrə" əsərinin müəllifi Namiq Kamalın vurğunu 2-ci Aydın da istiqlalsevərdir. O, çətəciləri Silistrə qəhrəmanlarına bənzədir, onları yüksək dəyərləndirərək deyir ki, hər dövr öz qəhrəmanlarını yetişdirir. Sizinlə iftixar edirəm, aslanlarım. Paşa həzrətlərinə də söyləyəcəyəm. Siz bu yeni dövrün yeni İslam (Silistrə qəhrəmanı - T.A.) bəylərisiniz. Pyesdəki 3-cü Aydın obrazı haqqında düşünəndə istər-istəməz nəhəng fikir və əməl adamı Əhməd bəy Ağaoğlunun "Kaspi" qəzetinin 1903-cü il dekabr saylarında dərc olunan "Bəs bizim ziyalılarımız haradadır? adlı məqaləsi yada düşür. İstedadlı publisistin ziyalının vətən, xalq və cəmiyyət qarşısındakı borcu, missiyası, mövqeyi, məsuliyyəti haqqında müdrik, o gün olduğu kimi, bu gün də aktual səslənən yazısı özünü ziyalı adlandıranlara bir müraciətdir: "...çevrilib ətrafınıza baxın - üzülmək, qüssəyə dalmaq üçün nə qədər əsas, nə qədər səbəb var! Ürəyin, qəlbin istəkləri yerinə yetməyəndə, qarşıya qoyduqları məqsədə çatmayanda onlar həqiqətən də ağrıyır. Gəlin açıq danışaq: ziyalılarınızın yaşadıqları mühit özünü ziyalı adlandıran adama azacıq da olsa, məmnun qalmaq, həzz almaq üçün hər hansı imkan verirmi? Kütlənin dərin, sonsuz cahilliyi, ailənin və cəmiyyətin bərbad vəziyyəti, ictimai həyatın ən kiçik işartısının belə mövcud olmaması - məgər bütün bunlar hətta ən iddiasız ziyalını da narahat etməyə, narazı salmağa yetərli deyilmi? Əgər narazılığa bu qədər əsas varsa, o zaman ziyalılarınız nə üçün bu şəraitlə mübarizə aparmırlar? Nə üçün yarıtmaz həyatın əsaslarını zövq və tələblərinə uyğun şəkildə yenidən qurmağa can atmırlar?". Bu sözlər sanki birbaşa Abay Dağlının pyesindəki 3-cü Aydına ünvanlanmışdır. Onun təfəkkür tərzi, kölə xisləti ikrah hissi doğurur. O, İstanbulu işğal edən 7 dövlətin siyasətini, padşahın təslimçi mövqeyini təqdir edir, həmvətənlərini istiqlal mücadiləsindən çəkinməyə dəvət edərək deyir: "Yabançılar hər işimizi yapacaqlar. Daha doğrusu, bizi həm yaşatmaq, həm də savunmaq üçün böyük bir dövlətin mandasını (himayə - T.A.) istəyəcəyiz". 3-cü Aydın istiqlal mücadiləsinə qoşulan cətəçiləri "köylü-möylü" adlandırır, onlara qaynayıb-qarışmır, özünü "qara camaatın" fövqündə tutur, 1-ci Aydının dediyi kimi, belələri sadəcə yabançı heyranı deyil, yabançı cəsuslarıdır.
Abay Dağlı əsərlərində vətən sevgisini, vətən həsrətini, həyatın ağrı-acılarını, xalqın istək, arzularını, azadlıq ruhunu, oğul və qızların qəhrəmanlığını, cəsur əməllərini, səciyyəvi milli xüsusiyyətlərini mənəvi dəyərlərini, yaşam tərzini, fikir-düşüncə özünəməxsusluğunu ifadə etmək və daha qabarıq çatdırmaq üçün aşıq obrazının imkanlarından bəhrələnməyə səy etmişdir. Hələ gənclik illərindən mehrini, məhəbbətini ədəbiyyata salan Abay Dağlı yaxşı bilirdi ki, aşıq sənəti yalnız poetik düşüncə nümunəsi deyil, xalqın müdrikliyinin, çoxəsrlik təcrübəsinin, mədəniyyətinin təzahürüdür. O, şifahi nitqin zənginliyi və müxtəlifliyi, təsir gücü ilə fərqlənir, onda xalqın dilinin sadəliyi, poetikliyi və gözəlliyi, əvəzolunmaz emosionallığı əks olunur. Təsadüfi deyil ki, dramaturq əvvəlki əsərlərində də- "Atatürk-cəbhələrdə və Çankayada", "Sakarya", "Sakarya çətəsi", "Dədə Qorqud" pyeslərində də aşıq obrazı yaratmışdır. Doğrudur, ədibin "Malazgirtdən Sakaryaya" pyesində yaratdığı Gənc aşıq obrazı da daha epizodik xarakter daşıyır və nisbətən passivdir, lakin o da müəllif ideyasının həyata keçirilməsində müəyyən rol oynayır. Gənc aşıq daim çətəcilərin sırasındadır, sazı, sözü ilə onları ruhlandırır, qələbəyə inamını artırır, lazım gələndə isə düşmən qabağına əli silahlı çıxır onun qoşmalarındakı
"Yerimin, yurdumun bu günlərində
Bir əsgər olub da işə yarayım", yaxud
"Sipərdən-sipərə hər kəsdən öncə,
Düşməni qovmağa bir yol arayım"
və yaxud
"Bir qanlı cəbhədir bütün buralar,
Qurşunlar köksümü bəlkə yaralar"
kimi misralar deyilən fikirlər üçün tutarlı əsasdır.
Yuxarıda "Malazgirtdən Sakaryaya" pyesi haqqında deyilənləri yekunlaşdıraraq aşağıdakı qənaətlərə gəlmək mümkündür. Abay Dağlının bu pyesi:
- Azərbaycan mühacirət irsinin, Abay Dağlı yaradıcılığının diqqətəlayiq nümunələrindəndir;
- ideya-məzmununun milliliyi, xəlqiliyi, dilinin sadəliyi, koloriti ilə diqqəti cəlb edir;
- qələmə alındığı dövrdə olduğu kimi, bu gün də aktualdır, əhəmiyyətlidir və gənclərə vətən məhəbbəti, istiqlal sevgisi, ədalətli, sədaqətli olmaq, milli köklərə, mütərəqqi adət-ənənlərə, mənəvi dəyərlərə hörmət kimi nəcib xüsusiyyətlər aşılayır;
- şanlı tarixi, ataların qəhrəmanlıq yolunu unutmamaq və baş verənlərdən nəticə çıxarmaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı həmişə ayıq-sayıq ruhda tərbiyə etmək baxımında gözəl örnəkdir;
- mühacirət ədəbi irsinin, onun problemlərinin araşdırılması nöqteyi-nəzərindən faydalı ədəbi mənbədir;
- estetik dəyəri və bədii siqləti klassik dram janrının, sənətinin tələblərinə tam cavab verməsə də, yüksək ideyalar təlqin etmək və didaktik cəhətdən dəyərli ədəbi sərvətdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!