Hamlet hiss edir ki, kitabların uçqunu altında qalıb və çətinliklə nəfəs alır. Bəli, o, kitabların qürubunda ağrıdan bağırır. O, «əməl» adlanan bir uçurumun kənarında dayanıb, kitablar isə onu qətiyyən belə bir vəziyyətə hazırlamayıb. Əksinə, bu vəziyyət üçün onu axtalayıb, çünki hərəsinin ağzından bir avaz gəlib. Bilmək dərdi ən üzücü dərddir. Hamlet özündən «hansını seçim?» - deyə soruşduqda, müəllifi nəzərdə tutur, əməli yox! Bizim xislətimiz əməl və söz, həyat və kitab arasında həmişə birini seçir. Burada nə Horatsio bir iş görə bilər, nə də atasının sərgərdan və acı ruhu. Hamlet sona qədər əməl səhnəsinə ayaq basmır. O, qərar və əməl arasında qalır. Hamlet heç bir kitabda olmayan bir vəziyyətə düşür. Qərar üçün gərginlikdə olduğu müddətdə o, bütün kitabları vərəqləyir. Yox, heç bir kitabda onu yazmayıblar. Kitablar onun əl-qolunu bağlayıb, o öz əməl və taleyinin surətini aydın görə bilmir, buna görə də həmin bir neçə gün ərzində daim öz taleyinə tüpürür. Əvəzində Horatsio həyatdan gəlmişdir. Amma o da Hamletin biliyini cilovlamağa qadir deyil ki, həyatın özü olan Ofeliya ona haram olmasın. Yox, heç kəs o həqiqi fəlsəfə tələbəsinin kitablarını cilovlaya bilmir. Burada Hamlet Ofeliyanın ölümü ilə həyatını uduzur ki, Şekspir öz kitabında kitab quraşdıranlara qalib gəlsin. Hamlet kitabda qalır. O, torpaqdan gəlməyib ki, torpağa da qayıtsın. O, kitabdan gəlib və kitaba da qayıdır. Amma dünyada Şekspirin kitabından gözəl yer ağlagəlməz.
Təsəvvür etmək olar ki, Hamlet başqa bir həyatda ayılıb və öz qızıl ağzını xatırlayır. Eləcə də vəzifə və əməl qarşısında öz fəlakətini. Həyatı olmuş rüsvayçılıq yükünü çiyninə alır və daha ora, onu incidən o həyata qayıtmaq istəmir. Bu həyatda o, güman ki, ağıllı olub gününü keçirəcək, təhlükə törətməyəcək, sakit və başıaşağı olacaq, günün saatlarını diqqətlə bir-birinin yanına düzəcək, Ofeliya ilə evlənəcək və bu həyatın cansıxıcı günləri ərzində yavaş-yavaş əvvəlki ömründə qorxduğu kölgəyə çevriləcək. İllər keçəcək və həyatın bir döngəsində o anlayacaq ki, Ofeliya Horatsionun xətrinə monastıra getməyib və indi də Hamletlə yaşayır, onun sevgilisi, yastıq yoldaşıdır. Və özünə lənət yağdıracaq ki, niyə bu ikinci həyata razılıq verib. Özünə lənət yağdıracaq ki, niyə o sözlərin əzəmətini bu rüsvayçı əmələ satıb. «Necə də əzəmətlə bitmişdim, Horatsio, sənin yaşamaq məharətin məni yoldan çıxardı. İndi bilirəm ki, sən də əmimin tayıymışsan». İllərlə hökmranlıq edəcək, Horatsio da onun vəziri və məsləhətçisi olacaq. Hamlet sonralar anlayacaq ki, həqiqəti yalnız şairanə anlarda anlamaq olar. Dəlilik və qorxu halətində. Bundan sonra diri qalan kəsə nəsib olan hər şey həyatın özündən ibarət bir yalanın yozumudur. Və başa düşəcək ki, hər kəsin çılpaq bir mahiyyəti var, dəlilik və şerin köməyilə onu birdəfəlik anlamaq olar. Onu dilə gətirmək, yerinə yetirmək və getmək lazımdır. Özünü mütləq nur bilən İsa Məsih kimi. O deyirdi ki, mənə iman gətirsəniz, nicat tapacaqsınız, çünki mən Allahın oğluyam. Bu inamla və bu inamın üstündə də getdi. Əgər qalsaydı, hətta özünü də xilas etməyə qadir olmayan hesabcıl bir peyğəmbərə çevriləcəkdi. Hamlet deyir ki, Məsih başdan-ayağa inam idi, mən isə tərəddüddə idim. Özümlə Horatsio arasında qalmışdım, bilmirdim hansını seçim. Mən o tərəddüd idim, o da məni gözəlləşdirirdi: bənzərsiz və şirin danışıqlı edirdi. Sonda mən seçim etmədim; Horatsio mənə qalib gəldi. Dünyada heç nədən iki dənə yoxdur. Allah belə bihudə işə əl qatmır. Elə isə mən ikinci Horatsio ola bilməzdim. Romalı Horatsio dünyanın yeganə Horatsiosu idi. Mən yalnız ona işarə idim. İndi isə daha nə Hamletəm, nə də Horatsio. Həmin qorxduğum qara kölgəyəm. Şekspir məni mümkün olan ən yaxşı şəkildə yaratmışdı.
Kaş kitabdan çıxmayaydım.
Farscadan tərcümə edəni: Məsiağa Məhəmmədi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!