Oyunçu - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Yalan, fırıldaq, biclik Mirzə Cəlilin qəhrəmanlarının klassik oyun xüsusiyyətidir. "Quzu" hekayəsinin qəhrəmanı da oyunu sonacan belə aparır: quzunu bir adama üç dəfə satmağa nail olur.

Rüstəm KAMAL

 

"Oyun" sözündən o qədər mənalar şaxələnib ki, artıq əsl mahiyyətini, kulturoloji təsnifatını vermək uzun söhbətdir.

Bu yazıda bizi "ədəbiyyatda oyun" mövzusu maraqlandırır. Yəni mətndə, ya da mətndən kənarda bu oyun necə aparılır? Mətndən kənardakı oyunlar müəllifin özü ilə oyundur, yoxsa onun öz əsəri ilə oyundur?

Bu oyun meydanında gerçək və bədii, uydurma personajlar qarşılaşır. Qalmaqallar, intriqalar, fəndlər, bicliklər bir-birinə qarışır. Yazıçı mətndə oyunu elə aparmalıdır ki, oxucu sonacan sirri aça bilməsin.

Mətn içində oyunlar fərqli ola bilir: süjet oyunu və oxucu ilə oyun. Süjet oyunu detektiv romanda müəllifin öz oxucusu ilə oyunudur. Bir cinayət ətrafında müəllif oyunlar qurur və oxucunu da bu oyuna salır...

Oxucu ilə oyun bir qədər mürəkkəb və əziyyətli məsələdir. Hər yazıçının öhdəsindən gələcəyi bir iş deyil. Bizim yazıçılarda oyun fantaziyası sanki zəifdir: ilk səhifədən oyunun intriqanın nə ilə bitəcəyini bilirsən.

Hər ədəbiyyatın tarixən öz sevimli "oyunu" olub. Məsələn, şahmat Şərq ədəbiyyatının, kart oyunu rus ədəbiyyatının bəyəndiyi, qəbul etdiyi oyundur.

Təxminən XVII əsrdən Rusiyada kart oyunu dvoryan həyatının və məişətinin ayrılmaz hissəsi idi, bütün təqiblərə, yasaqlara, vergilərə  baxmayaraq rus insanını iki mərəzdən - içkidən və qumardan ayırmaq mümkün olmur.

Kart oyunu rus yazıçılarının və ədəbi qəhrəmanların sevimli əyləncəsi idi. A.S.Puşkinin, M.Y.Lermontovun, N.V.Qoqolun, L.N.Tolstoyun əsərlərinin süjetinə mühüm bir epizod, motiv və ya situasiya kimi daxil olur. Y.Lotman qeyd edirdi ki, kart oyunu ədəbi mətnə girərək, süjet mövzusuna çevrilməyə başlayır, kart və kart oyunu XVIII əsrin sonu XIX əsrin əvvəlində universal modelə çevrilir, dövrün məxsusi mifoloji obrazı olur. Klassik örnək - Puşkinin "Qaratoxmaq qız" ("Pikovaya dama") əsəri: "Bir dəfə altı qvardiyaçı Narumovun evində qumar oynayırdılar. Uzun qış gecəsi sezilmədən keçirdi, səhər saat beşdə şam yeməyə əyləşdilər. Qumarda udanlar böyük iştah ilə yeyirdilər".

Puşkin peşəkar qumarbaz kimi bu oyunun atmosferini mükəmməl təsvir edir. Kart oyunu ilə bağlı bir detal belə onun gözündən yayınmır: "German dövrəyə yenidən kart paylanana qədər gözlədi, kart paylandıqda özünün qırx yeddi min manatını və dünən udduğu pulu kartının üzərinə qoydu.

Çekalinski kart verməyə başladı. Soldat sağa, yeddilik sola düşmüşdü.

German yeddiliyi açıb göstərdi..."

Kartın başqa funksiyası vardı. Y.Lotman yazır: "Kart oyununun funksiyası onun ikili təbiətindədir. Bir tərəfdən, kart oyunu bir oyundur, yəni, konflikt situasiyasının obrazından ibarətdir. Bu oyun çərçivəsində hər kart öz mənasını kart sistemində tutduğu yerə görə alır... Digər tərəfdən, kartdan falabaxmada istifadə olunur. Burada kartın başqa funksiyaları - proqnozlaşdırma və proqramlaşdırma fəallaşır..."

Kartla fala baxmaq və taleyi oxumaq adəti XIX əsr rus cəmiyyətində geniş yayılmışdı. Puşkinin "Qaratoxmaq qız"a bu epiqrafı seçməsi də təsadüfi olmasın gərək: "Qaratoxmaq qız gizli bədxahlığı göstərir" (yeni fal kitabı).

Yeri gəlmişkən deyim ki, yazımızda sitat gətirdiyimiz Y.Lotmanın özü əski kart oyunlarını yaxşı bilirdi. Və bildiyim qədər, "duraka" oynamağı da bacarırdı, heç vaxt pula oynamazdı. Şahmatda və dama oyununda  isə diletant idi.

Ümumiyyətlə, böyük alimin oyunlara marağı nəzəri xarakter daşıyırdı. Onu daha çox bədii ədəbiyyatda oyun modelləri həyəcanlandırırdı. Bu mövzu yalnız məqalələrində deyil, şifahi çıxışlarında da üzə çıxırdı. Oyun onun üçün mədəniyyətin semiotik mahiyyətini anlamağa imkan verən güclü bir vasitə idi. Bu mövzuda ilk məqaləsini ("Oyun semiotik problem kimi və onun incəsənətin təbiətinə münasibəti") 1964-cü ildə yazmışdı. "Rus mədəniyyəti haqqında söhbətlər" (1994) kitabında bir bölməni kart oyununa həsr etmişdi.

Mirzə Cəlilin "Kişmiş oyunu"ndakı oyun məntiqini vaxtilə professor Ə.Sultanlı qeyd edib: "Burada oyun içərisində oyun təşkil olunmuşdur. İkinci oyun o qədər ciddiyyətlə, o qədər mürəkkəb aparılır ki, tamaşaçı ancaq əsərin sonluğunda əsl məsələdən xəbərdar olur" (Ə.Sultanlı. "Azərbaycan dramaturgiyasının inkişaf tarixindən").

"Nurəli: - ...Amma mən gərək gizlənim ki, onlar məni burda görməsin. Ondan sonra mən gələcəyəm bura və hər nə danışsam, hər nə eləsəm, siz gərək zarafat biləsiz və mənin fəndimi başa düşəsiz kim, ermənilər bir zad duymasınlar. Ə gədə, Kərim, get erməniləri çağır gəlsinlər...

Cəfər: - Ədə, Kərim, genə nə bicliyin var?

Nurəli: - Mən ölüm dinmə, tamaşa elə, gör nə işlərdən çıxacağam".   

Vəlisoltan ilə Nurəlinin qurduqları "oyun-tamaşa" nəticəsində öküz pulu dalınca gəlmiş ermənilər qorxub qaçmalı olur. Oyunda "ölüm hadisəsi" yazıçının sevdiyi motivlərdən  birdir.

Yalan, fırıldaq, biclik Mirzə Cəlilin qəhrəmanlarının klassik oyun xüsusiyyətidir. "Quzu" hekayəsinin qəhrəmanı da oyunu sonacan belə aparır: quzunu bir adama üç dəfə satmağa nail olur.

Beləcə, Mirzə Cəlildə oyun ədəbi-bədii modelə çevrilir. Oyun bədii gerçəkliyi "quraşdırır", oxucunu əhvalatın, hadisənin həqiqiliyinə və absurdluğuna, məntiqsizliyin məntiqinə inandırır. Oxucunun özünü də bu absurdluq oyununa qatır...

Mirzə Cəlil böyük oyunbaz, ehtiraslı oyunçu  idi. Onun balaca bir səhnəciyi var: "Oyunbazlar" adlanır. Remarkada  bu qeydin özü maraqlıdır: "Həsənov əlində kart kağızlarını tutub qarışdırır". Uçitel Həsənov həm Aban bəylə kart oynayır, oyunarası uşaqlara rus dili dərsi keçir:

"Həsənov (üzünü tutub qapıya ucadan): - Əhməd, sən oxu (Üzünü tutub Aban bəyə). Mən oldum səkkiz, sən oldun dörd.

Aban bəy: - Ay sən öləsən. Ədə, necə dörd? Huşun dağılıb? Bayaq dörd idim. İndi də ikisini getdim. Bu altı dənə. Deyirsən üzünə tüpürüm?

Həsənov (kartları yenə bir çalır, papiros ağzında): - Olsun! (üzünü qapıya). Ədə, demədim oxu? (Kartları paylayır).

Səs: - Uçitel, s naçalo?

Həsənov (kart əlində): - Yox, paprovdnıy odevaytsdən oxu.

Aban bəy: - Ey, meyitini görüm. At yerə qızıl onluğu. Doğruluğunan aparır kürzə!

Həsənov: - Gözünü sil!

Səs: - Uçitel, axı, orada qalmışdıq. "Solnışko və okno" Burdandı.

Həsənov: - Hey di yaxşı oxu!

Səs: - Çelovek i zver i putaşka vse beryotsya za dela, s naşey taşitsya bıkaşka, za metkoy letayet pisela.

Aban bəy: - Çərrə, bu da xaç. İkilik getdi. Sən öləsən, başını qaşısan, udacıyam".

Oyunda qələbə ya əlahəzrət Təsadüfdən, ya Tanrıdan asılı olur...

Qeyri-adi üslub sahibi Vladimir Nabokovun (onu da məmnunluqla qeyd edim ki, yazıçının Azərbaycan dilində "Seçilmiş əsərlər"inə ön söz yazmışam) bir əsəri bilavasitə şahmat oyunu ilə əlaqədardır: bu, "Lujin müdafiəsi" romanıdır. Romanın süjeti dahi şahmatçı Lujinin ömür və ruhsal tarixindən ibarətdir. Lujin üçün bütün gerçəklik bir böyük şahmat oyunudur. Oyun atmosferi, oyun ehtirası romanın bütövlükdə emosional-fəlsəfi poetikasına hopubdur. Həyatın amansız müdaxilələrinə qarşı qəhrəman oyun aqressivliyi sərgiləyir (kiçik bir xatırlama: romanın ilk səhifəsindən şahmat kombinasıyaları ilə yetərincə tanış olmayan balaca Lujinin aqressivliyinin şahidi oluruq: o, böcəklə oynayır, sonra onu daşla əzib öldürür). Arvadı onu şahmat dünyasından nə qədər təcrid etməyə, ayırmağa çalışsa da, bacarmır...

Nabokov mükəmməl şahmat bilicisi idi. Kübar-zadəgan ailəsində böyümüş bu qürurlu insan qürbətdə yaradıcılığını da,  taleyini də bu oyunun məntiqi  ilə qurmuşdu: oyun qaydaları da yalnız özünə bəlli idi. Qürbət-vətən oyununu şahmat partiyası kimi qəbul edirdi və bu oyunda qətiyyən uduzmaq istəmirdi. "Mən heç vaxt Rusiyaya qayıtmayacağam. Mən heç vaxt təslim olmayacağam" - deyirdi...

Nabokov bu oyunda uduzdumu, uddumu? Allah bilir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!