Dostoyevskinin "Bədbəxt adamlar"ı - Azər Qismət yazır

1840-1841-ci illərdə məzun olmazdan əvvəl Fyodor Mixayloviç Dostoyevskinin həyatı ağır keçməyə başladı. O, gecələr pyes və romanlar oxuyardı. Növbətçi zabit isə onu yatmağa göndərirdi. Gözləri dərsliklərdə qalsa da, fikri uzaqlara - "Hamlet"ə, Puşkin poemalarına, Qoqol gülməcələrinə gedirdi. Günlərin birində onu imperatorun qardaşı knyaz Mixail Pavloviçin yanına göndərdilər. Fyodor ona raport verməyi unudanda, knyaz hirslənmişdi: "Ele hey belə axmaqları göndərirlər". 1841-ci ildə Dostoyevski proporşik rütbəsinə yüksəldi. İmtiyazı belə idi ki, zabit siniflərinin dinləyicisi olmaqla bərabər, kənarda müstəqil həyatını qura bilərdi. Fyodor yoldaşları ilə bir ev kirayələdi. Həmin ev dörd otaqdan ibarət idi. Dostlar orada gecə-gündüz kitab oxuyur və yazırdılar. 1843-cü ildə praporşik (Çar Rusiyası zamanında adıçəkilən rütbə "gizir" kimi də vurğulanır) Dostoyevski podporuçik rütbəsi aldı və Mühəndislik Departamentində işə düzəldi. Onun karyerası çox qısa sürdü. Belə bir əhvalat danışılır ki, guya Fyodor Mixayloviçin tez təqaüdə çıxması üçün ona tələ qurublar. Ya da  hadisəni əvvəldən özü qəsdən planlaşdırıb. Belə ki, onun layihəsi I Nikolayın masasının üstünə qoyulub. Nikolay layihədə belə yazıb: "Bunu hansı idiot çəkib?". Dostoyevski vəziyyətin belə hal aldığını görərək istefa verib. Həmin ağır günlərdə qardaşına məktub yazıb: "Niyə belə gözəl illərimi itirim? Mən bir tikə çörək tapacağam. Mən cəhənnəm məşəqqəti ilə çalışacağam. İndi mən azadam". Dostoyevski həyatda tam sabit planla həyatını quranlardan olmayıb. Digər böyük yazıçılar kimi gün ərzində qrafik tutmayıb, pulunu qaydası ilə xərcləməyib. Nə öz zamanını idarə etməyi bacarıb, nə də bədxərcliyindən əl çəkib. Onun mənzilində qarışıqlıq, natəmizlik hökm sürüb. Dostundan aldğı pulun 80-90 faizini xərcləyər, ayın qalan günlərini çay-peçenye ilə keçirirmiş. Bir dəfə qardaşının dostu doktor Rizenkampf ona qonaq gedir. Daha doğrusu, qardaşı onu göndərir ki, Dostoyevskini ağıllandırsın ki, pulu ay ərzində xərcləməyi bacarsın, qənaət etsin. Hər şeyə qənaət edən Rizenkampf gözlərinə inanmayıb. Dostoyevski dostundan borc aldığı pulu bir gündə xərcləyib, ertəsi gün qardaşının dostundan 5 rubl borc istəyib.

1844-ci il. Həmin ilin qışı Rusiyada soyuq keçib. Adamlar çalışıb ki, evində qida ehtiyatı toplasın, fəsli başa vurmağa odunu olsun. Fevralın 1-də Fyodorun əlinə 1000 rubl gəlib. Lakin axşam həmin puldan 100 rubl qalıbmış. Pulunu bilyard və dominoda uduzubmuş. Qış günlərində Dostoyevski tez-tez xəstələnib. Mənzil yaxşı qızmırdı, çünki odun ehtiyatı toplamağa pul tapılmırdı. Canına istilik yaymaq üçün traktirə gedər, saatlarını aşağı təbəqəli adamlarla keçirərdi. Həmin təbəqəyə səfillər, sərxoşlar, hərbdən qovulan məmurlar, cinayətkar və qumarbazlar daxil idi. O tipli adamlarla oturmağına baxmayaraq, tünd spirtli içkilərə meyli olmayıb. Yalnız hərdən çaxır və  pivə içərmiş. Yeməyə də hərisliyi olmayıb. Qida qəbul etməyi yadına da düşmürmüş. Ancaq şirniyyatdan qaça bilməyib. Bəzən gün ərzində peçenye, çoxlu tort və şokoladlar yeyərmiş. Dostları onun ziyarətinə gələndə bilərmişlər ki, Fyodor stola çay və şirniyyat düzəcək. Lakin buna baxmayaraq arıq olub. Tez-tez soyuqlayar, mədə ağrısı və sinir sisteminin sancısından əziyyət çəkərmiş. Dostoyevski həm də işarələrə inanarmış. Bəzən kiminsə asqırmasına görə gün ərzində başına nəsə gələcəyindən ehtiyatlanarmış. Hətta simvollara böyük əhəmiyyət verər, peyğəmbərlərin hər sözünü dünyaya xəbərdarlıq işarəsi hesab edərmiş. Tez-tez falçıların yanına qaçar, gələcək taleyinin necə olacağını soruşarmış. Ona elə gələrmiş ki, letargiya yuxusuna gedəcək, onu diri-diri basdıracaqlar. Qorxusu o həddə gəlib çatıb ki, masanın üzərində kağız qoyub. Həmin kağızda yazılıb ki, öləcəyi təqdirdə onu 5 gün ərzində dəfn etməsinlər. Belə müraciət xüsusilə onu sevən dostlarına ünvanlanmışdı. Ancaq bütün bu qorxular onu romanları üzərində işləməyi yarımçıq saxlamayıb. Xüsusilə "Bədbəxt adamlar" romanını inadkarlıqla yazırdı, bütün ümid və məşhurluğu bu əsərdə görürdü. "İnadkarlıq" sözünü nahaqdan işlətmədik. Dostoyevski bu romanı yazanda çox az yatarmış. Qardaşına yazdığı məktubda adıçəkilən əsərə görə çox narahat olduğu açıq-aydın görünür: "Əgər bu işim alınmasa, bəlkə də özümü asacağam". 1845-ci ildə acı taleyin oyununda heç kimə lazım olmayan və tanınmayan, yorğun və xəstəhal yazıçı özünün ilk əsərini qarşısına qoyub düşünür. Onu hara göndərsin? Jurnala göndərsin, yoxsa borc tapıb özü dərc etdirsin? Elə bu narahatlıq və həyəcanla yuxuya gedər, yanında qalan dostlarının xatirələrinə görə tez-tez sayıqlayarmış. Həyacan içində qalan yazıçının düşündüyü yalnız bir nəsnə idi: "Görəsən, romanım qəbul ediləcəkmi?". Əlyazmanı ev yoldaşı Qriqoriçə göstərir. Qriqoriç gələcəkdə "Anton Qoremıki" kitabının müəllifi olacaqdı. Qriqoriç "Bədbəxt adamlar" romanını oxuyandan sonra Nekrasova göstərir. Bütün bu hadisələr 1845-ci ildə baş verirdi. O illərdə Nekrasov nəzm və nəsr əsərlərindən ibarət almanax hazırlayırmış. Gənc ədiblərin üzə çıxarılmasında onun böyük əməyi olub. Beləliklə, Nekrasov romanı oxuyub. Romandan necə vəcdə gəlibsə, elə həmin gecə müəllifi görmək istəyib. Qriqoriç ona deyəndə ki, gecə saat 4-də Fyodor yatır, onda Nekrasov deyib: "Necə yəni yatır? Bu məsələ yuxudan da vacibdir". Dostoyevski doğrudan da yuxuda imiş. İçəri kimsənin girməsindən də xəbəri olmayıb. Nekrasov onu oyadıb, bağrına basıb. Həmin gecə unudulmaz imiş. Böyük mütəfəkkir gənc müəllifi elə tərifləyib ki, Fyodor Mixayloviç anlayıb: "Mən ədəbiyyat üçün yarayıram". Dostoyevski sonrakı xatirələrində yenə yazacaqdı: "Bu, mənim həyatımda unudulmaz gün idi".

Romanın hələ dərc edilməmiş əlyazması əllərdə gəzib. Onu oxuyan hisslərinə hakim olmağı bacarmır, ən soyuqqanlı adam belə ağlayırmış. Əsərin sonu sevgi ilə bitir. Ancaq bu sevgidə də xoşbəxtlik yox idi. Xırda məmur - yaşlı Makar Devuşkin gənc Varvaranı sevir. Qız yaşlı adama görə deyildi. O, heç vaxt qızı fəth edəcəyinə inanmayıb. Ona yazığı gələr, əməyini yüngülləşdirməyə çalışardı. Bəzən məvacibini, olanlarını sataraq qıza hədiyyə və gül-çiçək göndərmək Devuşkinin həyat eşqini artırarmış. Yalnız belə idi sevgisi. Məmur ona görə daha da kasıblaşır. Heç vaxt qızdan təşəkkür də gözləmir. Varvara onun varlı olduğunu düşünür. Sonda məlum olur ki, Makar Devuşkin adi məmur imiş və bütün olanlarını onun yolunda xərcləyib. Varvara ondan uzaqlaşır. Başqası ilə, pullu bir adamla ailə qurur. Ancaq onu sevmir və qorxur.

Belə deyirlər ki, qələmə aldığı ilk əsər yazıçını ədəbiyyat dünyasından ayıra da bilər, bağlaya da. Dostoyevskinin ilk romanı çox əzab-əziyyətlə ərsəyə gəlib. Əvvəla, yazıçı romanı necə yazmağın qaydasını bilmirmiş. O, romanları yalnız oxumuşdu. Amma özü yazmamışdı. Təcrübəli romançılar kimi əsəri qrafikə uyğun görə yazmağı bacarmayıb. Bəzən günlərlə yazmır, bəzən yuxu rejimini pozaraq qələmə alırmış. Əlbəttə, bu da sağlamlığına təsir edirmiş. Dostoyevski hesab edirdi ki, əsər yalnız ilham pərisi gələndə yazılmalıdır. Sonrakı romanlarında isə anladı ki, ilham pərisi yazı prosesində ortaya çıxır. Əgər o, sonrakı romanları yazarkən qrafikaya əməl etməsəydi, o cür böyük əsərlər ərsəyə gəlməzdi. Ya əsərlər yarımçıq qalardı, ya ömrü. Ancaq "Bədbəxt adamlar"a qədər fikirlərində təbəddülatlar yaranırmış. İlk romanı yazana qədər kifayət qədər həyat təcrübəsi qazanmış və şəxsi mülahizələri ilə çıxış etməyi bacarırmış. "Bədbəxt adamlar"ın yazılmasını isə 1830-1840-cı illərdə rus ədəbiyyatının təşəkkül tapması ilə bağlamaq lazımdır. Həmin illəri rus ədəbiyyatında "təşəkkül dövrü" kimi xarakterizə edirlər. Romanı yazana qədər Balzakın "Yevgeniy Qrand" əsərini tərcümə etməsi də böyük təkan verib. Həmin roman adamların həyatı barədə irihəcmli əsər yazmaq ideyasını ortaya qoyub. Müasirlərinin xatirələrində göstərilir ki, Dostoyevski Balzakın əsərinin tərcüməsindən sonra özündə güc tapıb, eyni zamanda roman yazmağın heç də çətin olmadığını düşünüb. Sadəcə, bunun üçün həyat təcrübsəi və məşəqqətli gecələr lazımdır. O, nəinkli süjet xəttini maraqlı etdi, o cümlədən qəhrəmanlarının daxili dünyasını açmağı bacardı. Məhz bu amil Dostoyevskini sevdirdi. "Bədbəxt adamlar" romanı onun ədəbiyyat dünyasına vizit kartı sayıldı. Deməli, masa ətrafında saatlarla, özü də yuxu rejimini pozaraq yazmaq uğura aparırmış. Yalnız ədəbiyyatda. Həyatda isə borc içində çabalayan, xəstəliklərdən əziyyət çəkən yazıçı özünü tapa bilməyib ki, bilməyib. Bəlkə də əsərlərinin dünyada hələ dəbdən düşməməsi də, onları özünü tapa bilməyən insanın yazmasında idi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!