Anton ÇEXOV - Tütünün zərəri barədə birhissəlik səhnə-monoloq

 

İştirak edir: İvan İvanoviç Nüxin - musiqi məktəbinin və qadın pansionunun sahibi olan qadının əri.

Səhnə əyalət klublarından birini təmsil edir.

Nüxin (uzun bakenbardlarla, bığsız, köhnə nimdaş paltoda təntənə ilə daxil olaraq baş əyib, gödəkçəsini səliqəyə salır): - Möhtərəm cənablar və mərhəmətli xanımlar (Bakenbardlarını qaşıyır). Arvadıma təklif olunmuşdu ki, burda mən sizin hüzurunuza çıxaraq xeyriyyə məqsədilə hər hansı mövzuda populyar bir mühazirə oxuyum. Nə etməli? Madam ki, mühazirə istəyirlər, qoy olsun. Mənimçün qətiyyən fərq eləməz. Mən, əlbəttə ki, professor deyiləm və hər hansı elmi dərəcədən uzağam. Amma bununla belə düz otuz ildir ki, fasilə vermədən, səhhətimin ziyanına olaraq çox ciddi şəkildə elmi xüsusiyyətlər üzərində fikirləşir, hətta bəzən də, təsəvvür edin ki, elmi məqalələr, ifadəmə görə bağışlayın, elmi məqalələrə oxşar şeylər yazıb-qoşuram. Yeri gəlmişkən, bildirim ki, bu yaxınlarda belə başlıqla möhtəşəm bir məqalə yazdım: "Bəzi həşəratların zərəri barədə". Məqalə qızlarımın çox xoşuna gəldi. Xüsusən taxtabitinin təsvir olunduğu səhnələr onları lap valeh etdi. Amma məqaləni oxuyandan sonra onu cırıb tulladım. Onsuz da nə fərqi, yaz ya yazma, İranın istehsalı olan dərman tozundan istifadə etmədən keçinmək mümkün deyil. Bizdə hətta royalın da içində taxtabitilər özünə yuva salıb...

Nə isə. Bugünkü mühazirəmin mövzusunu tütünün istifadəsinin, necə deyərlər, insana bəxş etdiyi zərərə həsr eləmişəm. Mən özüm də tütün çəkirəm, amma arvadım təkid elədi ki, bu gün tütünün zərəri barədə mühazirə oxuyum, burada daha ikinci söhbət ola bilməz. Madam ki, tütün barədə danışmaq lazımdı, qoy olsun. Mənimçün heç fərq eləməz. Amma, möhtərəm cənablar, təklif edirəm ki, mənim mühazirəmə çox ciddi yanaşasız, yoxsa Allah eləməmiş, başqa fəsadlar çıxa bilər. Əgər kimisə qupquru, elmi mühazirə qorxudursa, kiminsə xoşuna gəlmirsə, o, mənə qulaq asmadan çıxıb gedə bilər (Jiletini qaydaya salır). Xüsusilə burda iştirak edən həkimlərdən məni diqqətlə dinləmələrini xahiş edirəm. Hesab edirəm ki, onlar mühazirəmdən özləri üçün çox xeyirli məlumatlar əxz edə bilərlər. Çünki tütün ziyanlı xüsusiyyətləri ilə yanaşı, həmçinin, təbabətdə də geniş istifadə olunur. Məsələn, əgər milçəyi tütün qutusuna salsan, bu həşərat orada, məlum məsələdir ki, əsəb gərginliyindən ölüb gəbərəcək. Tütün hər şeydən öncə bitkidir... Bax, mən mühazirə oxuyarkən adətim üzrə sağ gözümü qıyıram. Amma siz buna əsla əhəmiyyət verməyin. Bu, yalnız həyəcandan irəli gəlir. Sözün düzü, mən çox əsəbi adamam. Onu da deyim ki, gözümü qıymağa 1889-cu il sentyabrın 13-dən başlamışam. Bax, həmin gün arvadım hamilə oldu, mənim dördüncü qızım Varvara dünyaya göz açdı. Qızlarımın hamısı ayın 13-də doğulub. Bax belə (saatına baxır), vaxt azlığından gəlin mühazirənin əsas mövzusundan uzaq düşməyək. Onu da sizə bəyan edim ki, arvadım musiqi məktəbinin və şəxsi qadın pansionunun, ya da ona oxşar bir şeyin sahibəsidir. Söhbət öz aramızda qalsın: arvadım kasıbçılıqdan şikayətlənməyi çox xoşlayır. Amma nəsə etməkdən, məsələn, min dörd yüz, min beş yüz məbləğində pulu gizlətməkdən də qalmır. Mənim isə qara gün üçün heç bir qara qəpiyim də yoxdu. Qısası, elə bilirəm ki, bu barədə əlavə izah etməyə dəyməz. Pansionda təsərrüfat müdiri vəzifəsini daşıyıram. Lazım olan müəyyən əşya və avadanlıqları alıb gətirir, xidmətçilərin işinə nəzarət edir, xərclərin haqq-hesabını çəkir, dəftərləri tikib səliqəyə salır, taxtabitiləri qovub çıxarır, arvadımın itini gəzdirir, siçanları tuturam... Dünən axşam bir vəzifə olaraq mənə fəsəli bişirməkdən ötrü aşpaz qadına un və yağ vermək tapşırılmışdı. Yaxşı, olsun da. Sözün qısası, fəsəlilər bu gün bişirilib hazır olandan sonra, arvadım mətbəxə gəlib bəyan etdi ki, pansionun üç şagirdi fəsəli yeməməlidi. Səbəb isə onların hər üçünün böğazının şişməsi idi. Beləliklə, son nəticədə məlum oldu ki, biz bir neçə fəsəli artıq bişirmişik. Bəs onları nə etməli? Arvadım əvvəlcə tapşırdı ki, fəsəliləri zirzəmiyə aparsınlar. Sonra fikirləşdi, fikirləşdi və üstümə qışqıraraq:" Bunları özün ye, müqəvva", - dedi. Arvadımın kefi olmayanda həmişə məni ya müqəvva, ya ilan, ya da şeytan çağıracaq. Axı, məndən nə şeytan? Onun isə həmişə kefi olmur. Elə düşünürsüz ki, fəsəlini mən yedim? Əsla yox! Mən onu çeynəmədən bütöv uddum. Çünki həmişə ac oluram. Məsələn, dünən arvadım mənə nahar etməyi qoymadı. "Niyə də səni yedizdirməliyəm, ay müqəvva? Onsuz da heç bir işdə kara gəlmirsən", - dedi.

Amma deyəsən (saatına baxır), boşboğazlıq çox edib mövzudan xeyli uzaq düşdük ha. Gəlin davam edək. Bununla belə, düşünürəm ki, hər hansı bir romansa, hansısa simfoniyaya və ya ariyaya çox həvəslə qulaq asardız... (Oxuyur) "Qızğın döyüş meydanında gözümüzü qırpmarıq..." Vallah, bu sözlərin hardan ağlıma gəldiyini heç yadıma sala bilmirəm... Hə, lap yadımdan çıxmışdı sizə deyim. Arvadımın musiqi məktəbində təsərrüfat işlərinə rəhbərlik etməklə yanaşı, riyaziyyatdan, fizikadan, kimyadan, coğrafiyadan, tarixdən, musiqidən, ədəbiyyatdan və digər fənlərdən də dərs deyirəm. Əslində rəqs, ifaçılıq və rəsm dərslərini də tədris etməyimə baxmayaraq, onlara görə ödənilən pul vəsaiti məxsusi olaraq arvadım tərəfindən mənimsənilir. Bizim musiqi məktəbi Beşitli döngəsindəki 13 saylı binada yerləşir. Görünür ki, 13 rəqəminin öz hikməti var, yəqin elə bu səbəbdən də uğursuz bir həyat yaşamağa məhkum olunmuşam. Qızlarımın hamısı ayın 13-də doğulublar. Evdəki pəncərələrin sayı da 13-dür... Daha nədən danışasan, nəyi müzakirə edəsən?! Danışıqlar aparmaq lazım gəldiyi təqdirdə arvadımı həmişə evdə taparsan. Amma məktəbin dərs cədvəlini arzu etsəniz, nüsxəsini 30 qəpikdən qapıçıdan əldə edə bilərsiz (Cibindən bir neçə broşüra çıxarır). Budur e, məndə də var, verə bilərəm. Nüsxəsini 30 qəpikdən! İstəyəniz var? (Pauza). Yaxşı, qoy 20 qəpikdən olsun! (Pauza). Ayıbdır, vallah ayıbdır. Bəli, 13 saylı ev qoymur ki, adam olub, cəmiyyətin içinə çıxaq. Bəxtim heç nədə gətirmir, qocalıb, tamam səfehləmişəm... Budur, mühazirə oxuyuram, zahirən şən, xoşbəxt görünürəm, amma bütün var-gücümlə qışqırıb-bağırmaq, ya da dünyanın ta sonunacan qaçıb getmək istəyirəm. Elə bir başa düşənim yox ki, şikayətimi ona ərz edim. Belədə hətta ağlamaq istəyirəm... Deyərsiz ki, bəs qızlar?.. Qızlardan mənə nə? Mən onlara dərd danışıram, onlarsa ancaq baxıb gülürlər... Arvadımın yeddi qızı var... Üzr istəyirəm, gərək ki, altı olsun... (Tələsik). Yox, yeddi! Onlardan böyüyünün, Annanın iyirmi yeddi, kiçiyinin isə on yeddi yaşı var. Möhtərəm cənablar! (O yan-bu yana boylanır). Mən bədbəxtəm, axmağam. Məni adam yerinə qoyan yoxdu. Amma siz qarşınızda xoşbəxt atalardan birini görürsüz. Əslində bu, belə də olmalıdır, başqa cür danışmağa heç cürətim çatmaz. Vallah, əgər siz bilsəydiz! Arvadımla biz nə az, nə çox - düz otuz üç il birlikdə yaşamışıq. Deyə bilərəm ki, bu, ömrümün xoşbəxt illəri olub. Hər halda xoşbəxt illər olmasa da, onlar mənim ömür payımdı. Bir sözlə, bu illər xoşbəxt an kimi ötüb keçib, əslində tüpürəsən belə xoşbəxtliyə, kaş ki, heç əvvəldən olmayaydı. (O yan-bu yana boylanır). Arvadım görünür ki, hələ gəlməyib, gəlsəydi burada olardı. Ona görə də nə qədər ki, burda deyil, istənilən sözü danışmaq olar... Mən arvadımdan çox qorxuram... elə ki, mənə baxır, canıma vəlvələ düşür. Bax, qızlarımın dərdi mənə də əzab verir. Onlardan heç biri indiyəcən ərə getməyib. Bunun da səbəbi var: onlar çox utancaqdırlar, kişilərin gözünə heç vaxt görünmürlər. Arvadım axşam gəzintiləri keçirmək istəmir, nahara da heç kəsi dəvət eləmir. O, çox xəsis, qəzəbli və deyingən qadındır. Elə ona görə də heç kim bizə qonaq gəlmir. Qoy sizə bir sirr də açım, amma öz aramızda qalsın... (Səhnənin qarşısına gəlir). Arvadımın qızlarını yalnız böyük bayramlarda onların xalaları Natalya Semyonovnanın evində görmək mümkündür. Natalya Semyonovna uzun illərdən bəri yel xəstəliyindən əziyyət çəkir. Onun əynindəki qarışqalı sarı donuna elə bil taxtabitilər doluşub. Orada qəlyanaltı da təşkil edilir. Arvadım olmayanda isə bunu da etmək mümkündür... (Barmağı ilə boğazına işarə edir). Nəzərinizə çatdırım ki, elə birinci qədəhdən sərxoş oluram. Belədə qəlbim rahatlanır, amma eyni zamanda kədər, qəm-qüssə məni ağuşuna alır, ona görə də dilim-ağzım söz tutmur. Nə üçünsə cavanlıq illəri yada düşür, baş götürüb hara gəldi qaçmaq istəyirəm; eh, bilsəydiniz məndən asılı olsaydı, necə də qaçıb gedərdim! (İstəklə). Qaçmaq, hər şeyi atıb arxaya boylanmadan qaçmaq... amma hara? Nə fərqi var hara... məni qoca və yazıq görkəmə, qoca və yazıq səfehə döndərmiş bu mənasız, ucuz həyatdan təki qaçıb getməli... düz otuz üç il mənə əzab-əziyyət verən arvadımdan qaçıb getməli... musiqidən, mətbəxdən, arvadımın pullarından, bütün bu əhəmiyyətsiz şeylərdən və bayağılıqdan qaçıb hardasa uzaq-uzaq bir talada ağac kimi, dirək kimi, intəhasız səmanın altında dayanıb hər olub-keçəni unutmaq, unutmaq... Aman Allah, çox istərdim ki, heç nəyi xatırlamayım!.. Çox istərdim ki, otuz üç il əvvəl nişan zamanı əynimə geydiyim bu bekara, yaramaz və köhnə frakı çıxarıb tullayım... (Əynindəki frakı dartıb çıxarır), bax, elə o vaxtdan bəri bununla xeyriyyə məqsədilə daim mühazirələr oxuyuram... Bu da sən! (Frakı ayaq altına salıb tapdalayır). Bu da sən! Mən daha beli yeyilmiş bu nimdaş jilet kimi qocayam, kasıbam, yazığam... (Belini göstərir). Mənə heç nə lazım deyil! Mən bundan da uca və təmizəm. Haçansa cavan və ağıllı idim, universitetdə təhsil alırdım, arzularla yaşayırdım, özümü insan sanırdım... İndi daha mənə heç nə lazım deyil! Heç nə... təkcə rahatlıq, təkcə sakit həyat bəsimdi! (Ətrafa boylanaraq, tez frakı əyninə geyir). Aman hey, arvadım səhnənin arxasında dayanıb ki!.. Gəlib məni orada gözləyir... (Saata baxır). Artıq vaxt da ötüb keçib... İşdi-şayət, arvadım sizdən soruşub eləsə, xahiş edirəm, deyəsiz ki, mühazirə oxundu... müqəvva, yəni ki, mən, özünü ləyaqətlə apardı. (Kənara baxıb öskürür). Arvadım bura baxır... (Səsini ucaldır). Söylənilənlərdən belə bir nəticəyə gəlmək olar ki, tütün özündə çox qorxulu zəhər ehtiva edir, bu barədə sizə mən kifayət qədər məlumat verib bildirdim ki, heç bir halda tütün çəkmək lazım deyil. Müəyyən dərəcədə ümidvaram ki, mənim "Tütünün zərəri barədə" oxuduğum mühazirə sizə xeyir gətirəcək. Vəssalam, hər şey bitdi. Dixi et animam levavi1! (Baş əyib təntənə ilə çıxır).

 

1 - Dedim və ürəyim rahatlandı! (lat.)

Tərcümə edəni:

Ağaddin BABAYEV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!