...S.Xanımın xatirəsinə...
Qırılan zənciri xəyali halqalarla da birləşdirmək olar.
M.C.
Naska
Yuxudan oyanıb yerimin içində qurcalandım, gözüm qaranlığa alışanda gördüm ki, Naska kreslonun yanında hərəkətsiz uzanıb, tərpənib-eləmir. Birdən-birə yazığım gəldi ona, yaman qocalmışdı, dişləri də tökülmüşdü, lap dəqiqi, tək-təkcənə bircə dişi qalmışdı ağzında...
- Naska, - çağırdım yavaşca, - quru yerdə uzanma, bura gəl...
Bilmədim səsimdəki həlimlikdən doğan yüngül titrəyiş hardan hakim kəsilmişdi varlığıma, yay gecəsində ona soyuq-zad dəyən deyildi. Nə qışın oğlan çağındakı şaxtanı vecinə alırdı, nə yayın istisindən təntiyirdi, üzü-üzlər görmüşdü Naskanın. Yəqin elə buna görə çağırdım qımıldanmadı, əvəzində mən ərinmədən yatağımdan qalxıb döşəmədə uzanana sarı addımladım. Amma yaxınlaşanda baxdım ki, parketin üstündə, kreslonun yanında ins-cins yoxdu. Deyəsən, məni qara basmışdı, gözümə də huri-mələk, cin-şeytan yox, Naska görsənmişdi. Allah bilir Naska indi hansı ağac budaqları arasında özünə təbii beşik düzəldib uyuyurdu, ya hansı divarın üstündəsə gecə işım-işım işıldayan gözlərini bərəldib oğrun-oğrun, nigaran-nigaran qaranlıqda ətrafı seyr eləyirdi, yay gecəsində ev-eşik dar gəlirdi ona, evdə qərar tuta bilmirdi. Qayıdıb çarpayıda oturdum, əsnəyib təzədən yerimə uzansam da, hava işıqlananacan gözümə yuxu getmədi, yerimin içində sağa-sola çevrilə-çevrilə səhəri dirigözlü açdım.
Ertəsi qonşumuz Xanım xala dedi ki, sənin pişiyin həyətdə dayanan yük maşınının altında ölüb... Yəqin ki, mənə xoş gəlməkdən ötrü ağlamsınıb boğuq səslə əlavə elədi: "Yazıq heyvan... Hamımız öyrəşmişdik ona... Hayıf..."
- Maşın vurub onu? - bikef-bikef soruşdum.
- Yox, - arvad izah elədi, - elə pişik özü dayanan maşının altında uzanıb ölüb... Qocalmışdı da... - burasını, nədənsə, üzrxahlıqla, çəkinə-çəkinə dedi, elə bil qorxurdu ki, qəfil mən də onun dərin qırışlı sifətinə baxaraq dilimi dinc saxlamayıb: "Elə sən özün də qocalmısan," deyə bilərəm...
- Bəs, ölüsü necə oldu?
- Heç necə, səliqə ilə qoydum ayaqqabı qutusunun içinə, uşaqlar aparıb basdırdı məktəbin həyətindəki bağda...
Bilmirəm, arvad düz deyirdi, ya zəif damarımdan tutub yerini şirin salmaq istəyirdi, ancaq həmin gün məktəbin həyətini ha axtardım, Naskanın basdırıldığı yeri tapmadım.
Evə qayıdıb eyvanda həyətə baxa-baxa siqaret çəkəndə nədənsə, birdən-birə yadıma xalam oğlu Vüqar düşdü...
Vüqar
Uşaqlığımız bir yerdə keçmişdi deyə bilmərəm, amma yay tətilini birlikdə keçirərdik. Kənddə, babamgildə, anamın atasıgildə, namaz qılan, oruc tutan, "Quran" oxuyan, axşamlar bizə cürbəcür dini rəvayətlər danışan babamın yanında... Uşaqlıqdan Vüqar küçədəki itləri yığardı başına, mən pişikləri sığallayardım, həmişə də "it yaxşıdı, ya pişik?" - soruşaraq mübahisə eləyərdik. Mən babamı köməyə çağırardım:
- Baba deyir ki, itlər murdardı... Elədi, baba? - kişinin üzünə baxaraq kömək umardım, istəyərdim ki, o, mənim tərəfimi saxlasın.
Babam isə məni yarıyolda qoyub yaxasını kənara çəkərdi:
- Mən elə söz deməmişəm. Allah yaradanın murdarı olmaz...
Vüqar babamın sözlərindən ürəklənib məni üstələyərdi:
- Amma itlər sədaqətlidi... Çox sədaqətlidi... Hə, baba? - sorusub kişinin ağzına marıtlayardı.
Babam mənim xətrimə dəyəcəyindən ehtiyatlansa da, bu dəfə əlacsız-əlacsız ağızucu mızıldanaraq təsdiqləyərdi:
- Orası elədi... Düz sözə nə deyəsən...
O vaxt mən Vüqara - elə babama da - tutarlı cavab vermədiyimə, lap düzünəsi, verə bilmədiyimə görə - çünki tapmadığını, olmayanı vermək mümkün deyil - cırnayırdım özlüyümdə için-için, indisə, illər ötəndən sonra cavabı həyat özü öyrətmışdi mənə... Düzdü, itlər ifrat sədaqətlidi, lakin insanlar itin sədaqətinə layiqdimi? Hayıf ki, gec idi, gəldiyim nəticəni o rəhmətliklərə deyə bilmədim... Həm də bəzən ifrat sədaqət get-gedə qula, köləyə çevirir sədaqət yiyəsini, məncə pişiklərin idarəolunmazlığı itlərin sədaqətindən qat-qat irəlidi...
Cavid
Hava qaralmışdı qapım döyüləndə. Cavid idi gələn, əlində də salofan zənbil... İçəri girib əlindəkini yerə qoydu. Çəkmələrini çıxarda-çıxarda mızıldadı.
- Dedim bir gəlib sənə dəyim... Araq da gətirmişəm, yüz-yüz vuraq iki qardaş... - zənbili götürüb birbaş mətbəxə keçdi.
Gələnin dabanları cırıq qara çorablarına baxa-baxa mən də onun ardınca düşdüm.
- Arağım var evdə, - dedim, - amma hazır yeməyim yoxdu...
- Eybi yoxdu, mən ehtiyatlı adamam, kolbasa-sosiska da gətirtmişəm, - əşyayi dəlil kimi əlindəki zənbili nümayişkaranə silkələdi. - Bə nədi bu? Bu gecə iki qardaş möhkəm vuracuğ, e... - çənəsinin altına çırtma vurdu.
Məsələ aydındı, arvadı Cavidi evdən qovanda keçmiş tələbə yoldaşım əliaçıq olurdu, yüngülvari bazarlıq eləyib gəlirdi bizə. Hərdən mən evdə olmayanda mobil telefonuma zəng eləyirdi ki, qapının ağzındayam tez evə gəl. Arabir zəng eləməyə də kefi olmurdu, mən evə gələndə görürdüm bikef-bikef binanın qabağındakı rəngi getmiş dəmir skamyada oturub ulduzlara baxır, alıb gətirdikləri də dizinin üstündə... O dəm həmişə mənə elə gəlirdi ki, yer üzündə Caviddən bədbəxt adam yoxdu. Ancaq həmin "bədbəxt" səhər tezdən əkilirdi evinə. Çox vaxt xəbərim də olmurdu gedişindən, qapını da açıq qoyurdu bəzən... Beləcə, canavarın gözü, ürəyi, qəlbi meşədə, Cavidinki isə öz evində idi. İstəyirsən qabağına qızıl qablarda min bir nemət düz, xeyri yoxdu, ertəsi yenə həmən-həmən olacaqdı. Bəlkə ətrafına qırx incəbelli pəri düzülsəydi belə, yenə onu yolundan döndərmək müşkülə çevriləcəkdi. Başa düşə bilmirdim; bir adam ki, arvadından ötrü əldən-ayaqdan gedir, bəs, hərdənbir kişiləşib birgecəlik də olsa evdən getməyə nə ad verəsən? Yox, burda da məsələ qarışırdı: biz görmüşük arvad küsüb evdən gedər, Cavidgildəsə əksinəydi...
- Hələ Naskanın da payın gətirmişəm, - mətbəxdə zənbili masanın üstünə qoydu. - Bu axşam Naska da kef eləyəcək...
- Day Naskaya yemək lazım deyil...
- Niyə?
- Naska ölüb...
- A... Nə vaxt?
- Gecə...
- Onda boğazımızı yaşlayıb Naskanın ruhunu şad eləyərik... Sən keç otur otaqda, televizora-zada bax... - Cavid ev sahibi kimi ərklə dedi. - Burda mənim əl-ayağıma dolaşma...
Mənə də çar-naçar qonaq roluna girib ona qulaq asmaq qalırdı, ayağımın ucunda ürkək-ürkək qonaq otağına keçən kimi mobil telefonum zəng çaldı.
- Sizdədi? - o başdan salam-kəlamsız qadın səsi gəldi.
- Hə.
- Bu gecə heç, səhər onu göndər evə...
- Yaxşı... Onsuz da sabah işim var, Vəfagilə gedəcəm...
- Vəfa kimdi?
- Xalamın qızı...
- Onda mənim sənə zəng vurmağımı Cavidə demə, qoy ayağı yer almasın...
- Ayıb söhbətdi ki...
Sağollaşmadan düyməni basdığından qulağıma ritmik siqnallar gəldi... Əslində mən, bir növ, yerimi şirin salırdım, zəng eləyənin xəbəri yox idi ki, Cavidi dilə tutmağa ehtiyac yoxdu, yəqun həmişəki kimi sabah mən yuxudan oyanmamış o, aradan çıxacaq... Hərdən o, səssiz-səmirsiz - həmişə beləydi, hay-küylə gəlib sakitcə gedərdi - mürəxxəs olanda yuxudan oyananda mənə elə gəlirdi ki, evdə tək olmuşam, yalnız qalxıb masanın üstündəkı boş butulkanı və boşqabları - həqiqətən də boş qabları - görəndə Cavidin gəlişi yadıma düşürdi.
...Bir azdan isə ürəyimdə Cavidi təriflədim, fikirləşdim ki, elə onun gəlişi yerinə düşüb, ömründə bəlkə də birinci dəfə vaxtında gəlib mənim yanıma, yoxsa qanqaraçılıqdan yaxa qurtara bilməyəcəkdim, içki kefimi açmışdı, Naskanın ölümünə heyifsilənsəm də, əlidolu gələn qonaq dil boğaza qoynayıb başımı qatırdı.
- Vallah, sənə "dyadya" deməyinə baxma, mənim oğlum səni mənnən çox istəyir, özüm ölüm... İn...
Cavidin sözünü kəsdim:
- İstəmək öz yerində, siz o uşağa düz-əməlli öz dilimizi öyrədin, böyüyəndə çətin olar ona. Keçən dəfə mən bir-iki kəlmə dedim telefonda, yazıq uşaq səssiz-səmirsiz qulaq asdı, yəqin heç nə başa düşmədi, axırda zara gəlib qayıtdı ki, ya abacanski ne znayu... Özü də, sözə bax e, abacanski...
Cavid qəhqəhə çəkdi:
- Necə, necə?.. Abacanski... - təkrarladı. - Ərköyündü də... - ciddiləşdi. - Axı sən özün bilirsən ki, neçə il gözlədik onun yolun, neçə il uşağımız olmadı... Anası o uşağa hamilə qalanacan neçə dəfə kilsəyə də getdi...
- Day kilsəyə niyə? - təəccübləndim.
- Nə fərqi var, sinaqoq, kilsə, məscid, hamısı Allahın evidi də...
- Bütün kainat Allahındı, onun ayrıca evə ehtiyacı yoxdu... - bu kəlmələri mən demədim, çünki mənim səsim birdən-birə həddən ziyadə qalınlaşıb xırıldaya bilməzdi, sanki divarlar, döşəmə, tavan dilə gəldi, bu vaxtacan eşitmədiyim yorğun səslə mənim dilimdən səslənənlərə o qədər mat qaldım ki, yerimdə qurcalanıb heyrətlə ətrafa boylandım, yaxşı ki, Cavid eşitdiklərinin fərqinə varmadı, dodaqaltı nəsə mızıldaya-mızıldaya boşalmış qədəhlərə araq süzdü. Nədənsə, dediklərimdən çox qəfil səsimin bir anlığa dəyişməsinin müsahibimə qəribə gələcəyindən əndişələnirdim...
Müsahibimsə öz aləmindəydi, təzədən qədəhi qaldırırıb gözünü üzümə dikdi:
- Vuraq... - mən qədəhi götürməyə macal tapmamış əlindəkini yavaşca masanın üstündəki qədəhimə toxundurdu.
Dilxor olduğumdandı, ya nədəndi, baş açmırdım, araq həmişəkindən tez tutmuşdu məni. Keflənmişdim deyəsən..
1
...Anam xəstə olanda qardaşım bizə gəldi. Arvad lap agırlaşmışdı. Yatagından dura bilmirdi. Həkim də başının üstündəydi. Həkimlə gələn gombul sestra gah iynə vururdu heysiz-hərəkətsiz uzanan anama, gah da təzyiqini ölçüb çanfəşanlıq, canıyananlıq eləyirdi. Təcili yardım həkimi ilə bizə gəldiyi birinci kərə deyildi, bilirdi ki, evimizə gələn "ağxalatlıları" layiqincə yola salırıq. Beləcə, bu dəfə də həkimlə gombul sestranı yola saldım, gedənlər qapını təzəcə örtmüşdülər ki, qardaşım üstümə çımxırdı:
- Nə quruyub qalmısan, resepti götür, cum aptekə!.. Görmürsən arvad ölür?..
O dəm qardaşımın dediklərini xəstənin eşidə biləcəyi ağlıma gəlmədi, əksinə, onun özünü itirib bəlkə gə əlacsızlıqdan üstümə qışqırmağı xoşuma gəldi, lap ləzzət elədi mənə, mən başdanxarab elə bilirdim arvadağız qardaşım gönüqalının yekəsidi, anamın yatağa düşməyi onun vecinə deyil, əstəğfürullah, ürəyində sevinir anamızın xəstələnməyinə... Görünür, qaşınmayan yerdən qan çıxarmaq içi mən qarışıq bütün qadınların canında var. Demə, indiyəcən mən onu tanımamışammış, demə, qardaşımın nəyi varsa dilindəymiş, demə, hay-küyü gözə kül üfürmək üçünmüş, demə, ürəyi yuxaymış... Adam dar gündə tanınar, yoxsa sakitcə yaşayanda kim bilir başqası nələr çəkir, başqasının qarnının ağrısı nədi, əslində kim hansı yuvanın quşudu...
...Ürəyi yuxa qardaşımı evdə qoyub bayıra necə çıxdığımı bilmədim, gözlərim dolsa da yaş axmırdı, intəhası, ətrafı düz-əməlli sezməyimə mane olurdu - deyəsən, bəxtimdən narın yağış da yağırdı, zülm-zülm ağlasaydım da qorxusu yoxdu - çaşdığımdan məhəlləmizdəki apteki qoyub şəhərin o başına getmişdim, orda da özümə gəlmişdim ki, pərvərdigara, resepti götürməmişəm, qalıb evdə... Fikirləşdim ki, əlim ətəyimdən uzun evə qayıdanda qardaşım itə dönəcək. Ancaq demə, qardaşımın azarı, anamın xəstəliyindən betər, dərman-filan, aptek-zad deyilmiş, mən evdən çıxan kimi otaqları ələk-vələk eləyib bağımızın sənədlərini götürübmüş... Mən bunu anamın qırxı çıxmamış qardaşım bağımızı satdığını eşidəndə bildim. Anamın qırxından sonra mən təzədən ərə getdim, çünki tək yaşamaq çətin deyildi, sadəcə, mümkünsüzdü... Di gəl, qardaşım yenə məndən əl çəkmədi, hər gün zəng eləyib ərimə deyirdi ki, boşa arvadını, sən bilirsən kimlə evlənmisən, sənin arvadın yol kənarında dayanıb müştəri axtaran fahişədi... Qardaşımın istəyi ata evimizi də satmaq idi, özü mənə demişdi ki, mən səni küçələrdə qoyacam, baxarsan... Qardaşımın bir acgöz arvadı vardı, iki dünyanı bir udquma yesə gözü doymazdı... Nə isə, günümüz göy əskiyə dönmüşdü, ərim üstünü vurmasa da, mən yoldaşımın üzünə baxa bilmirdim, doğmaca qardaşı öz bacısı haqqında "yağlı" sözlər deyirsə, ər köpəyoğlu nə fikrə düşsə, qınanılası deyil... Anamın ölümü bir yana, qardaşımın çıxardığı həngamələrdən bilmirdim canımı hara qoyum, kimdən kömək umum, kimin qapısına gedib dərdimə əlac istəyim? Qalmışdım yol ayrıcında səksəkəli, günüm qara olmuşdu, elə günüm kimi qara fiqurlarla oynayan şahmatçıya bənzəyirdim, anlamırdım qardaşım sabah hansı gedişi eləyib mənə daha nə tələ quracaq, sabah nələr gətirəcək başıma... Beləcə, bir gecə yatdım, yuxuda atamla anamı gördüm. Mənə dedilər ki, bilirik qardaşın səni çox incidir, çox oyunlar açır sənin başına, amma darıxma, səbirli ol, onu gətirəcəyik yanımıza, özü də lap tez...
Mən həmin yuxunu görəndən iki ay sonra qardaşım, buz baltası kimi sapsağlam adam, evində deyilənə görə, o əlmeymunu arvadının dediyinə görə, evində çay içə-içə kompyüterdə oyun oynadığı yerdə qəfil huşunu itirib, oturduğu stuldan yıxılaraq rəhmətə getdi. Heç bilinmədi yerə dəyməmişdən ürəyi dayanıb, ya yıxılanda başı zərblə divara-döşəməyə dəydiyindən dünyasını dəyişib. Bircə mən bilirdim ki, gözüyumulu suçlu axtarıb bu qəfil ölümü qəzavü-qədərin, qismətin, taleyin boynuna yıxmaq əbəsdi, qardaşımı aparan aparıb...
Vəfa
Xalamgilin binasını rahat tapdım, amma hansı mənzildə yaşadıqlarını unutmuşdum. Maşını binanın qabağında saxlayıb düşdüm, ətrafa göz gəzdirdim, günün istisi adamları təntitmişdi, ya hər nəydisə gözümə ins-cins dəymədi, yox, lənət şeytana, bir az irəlidəki həmişəyaşıl ağacın kölgəliyində qaraltı sezilirdi, hə, skamyada başı tül örpəkli qadın əyləşib mürgüləyirdi, böyründəki iri qabda da ağ tum. Yaxınlaşıb salam verəndə arvad diksinəntəhər olub qeyri-ixtiyari əlini qabın içindəki plastik stəkana apardı:
- Neçə stəkan?
- Tum istəmirəm mən... - binanı göstərdim əlimlə, mənə elə gəldi ki, açıq-aşkar işarə eləməsəm başı tuma işləyəni anlatmaqda zülm çəkəcəm. - Deyirəm, bu binada yaşayansınız?
Qadın iri, stəkandakı tumu dairəvi ləyənə boşaldıb altdan-yuxarı şübhəli-şübhəli üzümə baxdı, nədənsə, qaramtıl, toppuş sifəti kölgələndi, bəlkə də məni kiməsə oxşatmışdı, amma tamam yadına sala bilmirdi:
- Hə, necə bəyəm?
- Çoxdan?
- Bu bina tikilənnən... - görünür arvadın qızıl dişləri çoxdan parıltısını itirmişdi. - Sən bizim binanı sökmək istəyənlərin nümayəndəsisən?
- Nə nümayəndə... - gülümsündüm. - Mən Kamran müəllimin mənzilini axtarıram...
- Kamran məllim bizim blokda olur, qonşumuzdu... Amma... - qadın çəkinə-çəkinə udqundu. - Amma Kamran müəllim rəhmətə gedib axı, sən hansı Kamran məllimi deyirsən? - tumsatanın qaşları çatıldı.
- Düz tapmısan, mən elə rəhmətə gedən Kamran müəllimi axtarıram...
- Nə? - müsahibim təəccübdən yerində qurcalandı.
Tumsatanın gözləri bərəldiyindən izahat verməli oldum:
- Mənzili ki, yerindədi, arvad-uşağı ki, qalır...
Müsahibim özünə gəlib yerli-yataqlı danışmağa çalışdı:
- Oğlu da ölüb Kamran məllimin... Oğlu özündən qabaq rəhmətə getdi. Elə oğlunun dərdi bükdü Kamran məllimi belini, yoxsa sapsağlam kişiydi...
- Bilirəm... - çənəsinin altına salmağa, hərçənd mən köhnə skamyada əyləşənin çənəsinin altına düşmək üçün gərək uzanaydım, adam axtaranın sözünü elə bəri başdan kəsdim, çünki onun dediklərindən ağlım bir şey kəsmədi, mən biləni xalam oğlu Vüqar atasından, yəni Kamran müəllimdən qabaq ölmüşdü, hər nə isə, indi bunun elə bir fərqi yoxdu.
Adını çək, qulağını bur, burda deyiblər, xalam qızınınsa adını çəkməmişdən tumsatanın gözü onu aldı, əlini binanın tininə sarı uzatdı:
- Odey, Kamran məllimin qızı gəlir. Vəfa...
Əlbəttə, əlində iri həsir zənbil gələni mən uzaqdan-uzağa o saat tanıdım, illər incə-mincə Vəfanın sir-sifəti, üz-gözü ilə bahəm bütün bədəninə sehrli sığal çəkmişdi, o sirli-sehrli təmasın təsirindən xalamın qızı get-gedə elə əlindəki dolu zənbil kimi ətə-cana dolmuşdu. Zənbilin ağırlığından sağ çiyni əyiləninsə deyəsən ətrafa baxmağa halı yox idi, ya da illər boyu seyr elədiyi yan-yörə onun üçün marağını tamam itirmişdi. Tumsatan xırıltılı səslə əli zənbillini çağırmasaydı yəqin xalam qızı elə yerə baxa-baxa sakitcə bloka girəcəkdi.
- Vəfa! Vəfa... - ayaq saxlayıb dayanmaq istəyənin gözü məni alan kimi yerində mıxlandı, əlindəki zənbili də qoydu yerə. - Bu kişi sizə gəlib...
Mən irəli yeridim, tumsatan ərinmədən yerindən qalxıb yekə dalını burcuda-burcuda mənim yanımdan ötdü, cangüdən kimi dayandı xalam qızının böyründə, maraqla bir ona baxdı, bir mənə, baxışlarındakı marağa narahatlıq, nigarançılıq da qarışmışdı, guya, xalam qızını məndən qorumaq üçün tarım dayanmışdı, bir az o yan-bu yan eləyib Vəfanın xətrinə dəysəydim üstümə atılıb ciyərimi çıxarmağa hazır idi.
Əlbəttə, mən nəinki Vəfanın, bacardıqca çalışırdım ki, heç kəsin könlünə dəyməyim. Əvəzindəsə xalam qızı durduğum yerdə məni əməlli-başlı pərt elədi.
- Səndən nə əcəb? - salam-kəlamsız xəbər aldı.
- Sənə... - çaşdığımdan dilim topuq vurdu. - Sizə... gəlmişəm...
Xalamqızı lap ağ elədi:
- Niyə? - az qala deyəcəkdi ki, nə itin azıb buralarda.
- Xalama dəyməyə... - yaxşı ki, bu dəfə özümü itirmədim, yoxsa ağzımıza marıtlayan tumsatanın yanında ölüb yerə girəcəkdim.
Vəfa zənbili yerdən götürdü:
- Gözlə, bunu evə qoyub düşürəm...
Əlimi zənbilə uzatdım:
- Qoy aparım, ağır olar sənə...
Xalamqızı üzə durdu, əlindəkini bərk-bərk tutub narazı-narazı qaşlarını çatdı, baxışlarından narahatlıq yağırdı, guya, mən vaxtsız-vədəsiz gələn qonaq idim, bilmirdi məni necə başından eləsin:
- Yox, sən burda gözlə, tez gələcəm... - deyib aram addımlarla girdi bloka, əlindəkini güc-bəla ilə apara-apara...
Mən də bayaqdan ağzına su alıb nədənsə, tənəli-tənəli üzümə baxan tumsatandan - bəlkə də tənə-filan yox idi arada, dilxorçuluqdan mənə elə gəlirdi - yaxa qurtarmaq üçün gedib oturdum maşında. Beləcə, hərə öz yerinə qayıtdı; mən maşına, tumsatan skamyaya, Vəfa da ki, evlərinə... Bəlkə başqası mənim yerimə olsaydı maşını sürüb gedərdi, mən isə getmədim. Eşşəyə minmək bir ayıb, düşmək iki... Birinci və yəqin ki, sonuncu dəfə gördüyüm arvaddan - tumsatandan - utanmağın özü də eşşəylə maşının müqayisəsi kimi uyarsızdı.
Birdən-birə anladım ki, Naska ölməsəydi indi mən bura gəlməzdim, düzdü, zahirən o itki ilə bu gəlişin əlaqəsi yoxdu, lakin on illik "dostumun" ölümü yəqin ki, son hədd kimi illərlə bütün beynimə-ürəyimə-qəlbimə yığılanları üzə çıxarıb pərən-pərən eləmişdi; di durmaq vaxtı deyil, yolu əlinə al get beynini dumanlandırıb, fikrini alt-üst eləyib yuxunu qarışdıranların dalınca... O yolda, daha doğrusu, o yolun başlangıcında Kamran müəllim vardı, Vüqar vardı, üzünü görmədiyim mənə çox doğma olan adamlar vardı... Bir də şübhəsiz ki, ağlıma sığışdıra bilmədiyim gözlənilməz döngələr vardı... Naskanın sakit-səssiz ölümü son nöqtə, son yarpaq olmuşdu, daha geriyə yol yox idi, stəkandakı su daşıb dağılmışdı, mən istər-istəməz o yolla getməliydim. Ürəyimə damanlar, illərdi beynimə girib fikrimi-xəyalımı ağlasığmaz yerlərə aparanlar o yolda mənim bələdçilərim olacaqdı, axtardığım gizli yerlərə gedib çıxmaq üçün şərti işarələr olacaqdı... Və hər şey mənim o işarələri düzgün başa düşüb-düşməyəcəyimdən, düzgün oxuyub-oxumayacağımdan asılı idi. O yolda nə tumsatan vardı, nə də Vəfa, deməli, pərt olmağa dəyməzdi... Məni pərt eləyəni və buna şahid olanı yəqin ki, bir də heç vaxt görməyəcəkdum. Onlarla haçansa üz-üzə gələ bisəm belə...
Hələliksə utanıb pərt olmağa dəyərdi, çünki tumsatan kölgəlikdə yerini rahatlasa da, sağ əlini günlük kimi alnına tutub deyəsən maşına, maşının içində oturana - mənə - baxırdı. Ya mən özüm vasvası olmuşdum, hər şeydən xoflanırdım, yazıq arvad nə mənə baxırmış, nə maşına, blokdan çıxıb maşına tərəf gələni - xalam qızını - seyr eləyirmiş. Maşına tərəf gələn paltarını da dəyişmişdi, saçlarını da tarım yığmışdı, yəni suiçim saatda özünə yüngülcə əl gəzdirmişdi.
O, yanımda əyləşəndə tünd ətir iyi məni vurduğundanmı, bayaqdan içimə dolan, yox, içimdən daşan hirs-hikkədənmi dilimi dinc saxlamadım, bəzək-düzəksiz, hazırlanmadan hücuma keçib yanımdakını karıxdırmağa çalışdım:
- Niyə imkan vermədin yuxarı qalxım? Ürəyimə min cür fikir gəldi. Özlüyümdə dedim, deyəsən, sevgilini gizlədirsən evdə... İstəmirsən görək sənin ürəyini fəth eləyəni ki, gözümüz-zadımız dəyər...
Maşının qapısını örtüb ah çəkdi:
- Eh... Mən nə hayda, sən nə hayda... Kefdən dəm vurursan... Nə var ki, yuxarıda? Vüqarın arvadı, uşaqları, mənim qızım uşağıynan, hamısı bizdədi... İstəmədim bizim evi elə görəsən... Aləm qarışıb bir-birinə, ev deyil ki, bazardı, bazar...
Qırsaqqızlığıma haqq qazandırıb ağ bayrağı qaldırdım:
- Dedim gəlmişkən bir xalamı da görərdim...
- Xalan evdə yoxdu ki...
- Bəs hardadı?
Vəfa yad adam barəsində danışırmış kimi cavab verdi:
- Əri ilə oğlu öləndən sonra day şəhərdə yaşaya bilmədi, çoxdan gedib rayona. Bacısıgilə... Day xalan əvvəlki kimi ding-ding dingildəyən arvad deyil, əriyib gedib, bir dəridi, bir sümük, səhər-axşam gözləri yol çəkir yazığın, hələ də inanmır itirdiklərinin yoxluğuna, adamayovuşmaz olub xalan, başı səs-küy götürmür, öz aləmindədi, elə bil ağzını açmağa da taqəti qalmayıb, dindirməsən danışmaz... - maşın yerindən tərpənəndə Vəfa uzun-uzadı xalamın indiki halını təsvir eləyən söhbətini dəyişdi. - Hara gedirik, hara qaçırdırsan məni?
- Buralarda yaxşı bir kafe olmalıdı. Bağın içində...
- Deyəsən, bizim məhəlləni pis tanımırsan...
- Elədi, əvvəllər tez-tez gəlirdim sizin tərəflərə... Burda bir tanışım olurdu. Mən onun əsl adını sonralar öyrəndim, tanışlığımızdan çox sonra... Çünki bütün təzə tanış-bilişlərindən əsl adını gizlədirdi ciddi-cəhdlə... Sən tanımazsan, sənnən çox uşaqdı, "Cenifer" deyirdilər adına. Cenifer Lopesə bənzədiyinə görə...
Sözümü ağzımda qoydu:
- Nöş tanımıram, bizim evin dalında "Cenifer" gözəllik salonu da açmışdı. Ay xatakar, day girmədiyin dərmə-deşik qalmayıb sənin... Martovski kotsan da sən... - qəhqəhə çəkdi. - Belə baxanda, səndə də günah yoxdu, mən arvadlığımnan tamah salırdım o qıza, köpəyin qızı yaman oxşayırdı Cenifer Lopesə. Hələ yerişi, duruşu, hərəkətləri ilə də kopyalayırdı onu. Yaxşı, bəs, hara yox oldu sənin o Ceniferin? Birdən-birə yoxa çıxdı e... Bir də gözümüzü açdıq ki, onun gözəllik salonunu da eləyiblər market...
- Deyəsən, xariciyə ərə getdi, köçdü ya Fransaya, ya da Hollandiyaya... Dəqiq bilmirəm...
- Nə yaxşı, sağ əli bizim başımıza... - xalamqızı əməlli-başlı həsədlə, az qala gözləri yol çəkə-çəkə dedi.
- Mən heç nə arzulayıb-eləmirəm daha. Məncə, bizim yalnız bir yerə köçmək şansımız var...
- Hara? - içini çəkib maraqla xəbər aldı.
- O dünyaya...
Vəfanın:
- Uy, iraq olsun... - deməsi ilə maşını bağın qabağında saxlamağım bir oldu...
...Akasiya ağacının kölgəsindəki masanın arxasında əyləşmişdik, ofisiant yemək süfrəsini yığışdırıb kofe, dondurma gətirməyə gedəndə mən ağzımı salfetka ilə silə-silə:
- Axır vaxtlar tez-tez Vüqar yadıma düşür, - dedim. - Nədən öldü o?
Vəfa yəqin ki, içdiyi çaxırdan qızaran yanaqlarını sığallayanda elə bildim o, göz yaşlarını gizlətmək istəyir, amma xalam qızı səsindən nəinki ağlayana, heç kövrələnə, qəhərlənə də bənzəmirdi.
- Əvvəllər tez-tez başında ağrılar olurdu, bizim həkimlər diaqnoz qoydu ki, qaymaritdi... Sonra birdən-birə üzü şişib tanınmaz hala düşdü... Demə, o zəhrimardan imiş... Xərçəng... Yazığın üç körpə qızı qaldı... Hayıf ki, arzusuna da çata bilmədi...
- Hansı arzusuna?
- Həmişə deyirdi ki, general olacam. Əcəl imkan vermədi...
- Hə... - mızıldayıb özümə haqq qazandırdım. - Mən Vüqarın ölümünü gec eşitdim... - olub keçənləri Vəfanın yadına saldım. - Anam tez öldü, atam evləndi, - rəsmiyyətə keçdim, - məlum səbəblərdən sizə də gediş-gəlişimiz seyrəldi... - əslində gediş-gəlişimiz tamam kəsilmişdi, "seyrəldini" nəzakət xatirinə dedim...
- Allah rəhmət eləsin, atan da ölüb, deyirlər...
- Çoxdan... çoxdan ölüb... - qəfil dilim dolaşdığından gülümsündüm. - Hələ analığım da rəhmətə gedib...
Vəfa təəccübləndi:
- Aaa... o niyə? Deyirdilər cavandı axı...
- Maşın vurdu onu...
- Yazıq... Ölüm qocaya-cavana baxmır... - nazik qaşları çatıldı. - Necə görünürəm mən, çox qocalmışam? - öz aləmində yaşlanmağına izahat verdi. - Kökəlmişəm də, arıqlaya bilmirəm...
- Kim deyir onu, sən lap cavan görünürsən...
- Kim deyəcək, sən...
- Mən? - heyrətləndim.
- Bayaq dedin ki, Cenifer məndən uşaqdı...
- Orası... elədi... Yaş öz yerində... - malalamağa söz tapmadım. - Amma səndə özünəməxsus gözəllik var...
- Gopa basma... - saymazyana əlini yellədi. - Abırsızam mən... Mənə dəyən kimə dəysəydi o dünyalıq olmuşdu. Bilmirəm rəhmətlik qardaşımın yetimçələrinin dərdini çəkim, öz nəvəmin qeydinə qalım, ya bədbəxt anama qayğı göstərim... Aləm bir-birinə qarışıb, hərdən baş götürüb uzaqlara, çöli-biyabana qaçmaq istəyirəm. Elə bir yerə ki, heç kəs məni tapmasın... - azca ara verdi. - Yaxşı ki, sən gəldin, başım bir az qarışdı... İnan, hərdən adamın belə görüşlərə çox ehtiyacı olur...
Söhbətin yönünü dəyişmək istəsəm də deyəsən işləri lap korladım:
- Nəçidi ki, kürəkənin?
- Heç nəçi, avaranın biridi, heç vaxtı-vaxtında alimenti də verə bilmir...
- Niyə boşandı ki, qızın?
- Mənə çəkib də, qabağından yeyən deyil... O vaxt mən də ərimdən tez ayrılmışdım. Heç üç il yaşamadıq...
Kəpənək qalstuklu ofisiant sinidəki mer-meyvəni, kofeni, dondurmanı masaya düzüb dodaqaltı: "nuş olsun," - deyərək mürəxxəs oldu.
- Bir yerdə işləyib-eləyirsən sən? - yerimdə qurcalanıb əlimi çay qaşığına uzatdım.
- Hə... Universitetdə laborantam... Həm də "Psixoloji Yardım Mərkəzi"ndə psixoloqam... Belədi də, gülməli günə düşmüşəm, mənim öz günümə ağlayan lazımdı, mən ona-buna məsləhət verirəm... Çörəkli yerdi, ölkədə psixlərin sayı artdıqca bizim işimiz yaxşı gedir... Nə isə, Əlinin papağını Vəlinin, Vəlininkini Əlinin başına qoyuram ki, evdəkilər korluq çəkməsin... Sən nə işlə məşgulsan?
- İndi heç nə ilə... İşlədiyim bank bağlandı, hələ ki, atamdan qalanlarla birtəhər başımı dolandırıram...
- Axı, sən qabaqlar şeir-zad yazırdın...
- Eh... O çox qabaqlar olub... Həm də ki, indi şairə-filana pul-zad verirlər bəyəm?
Sözümün sonunu-canını vecinə almayıb gülümsündü:
- Yadındadı, mənə də şeir yazmışdın...
- Yadımdadı, - təsdiqlədim, - sənə şeir yazmışdım dəftər vərəqində, sənin özünə də and içdirmişdim ki, heç kəsə deməyəsən... Yaman sirsaxlayan idin, heç bircə gün keçmədi üstündən, sair dili ilə desəm, sirrimi dünyaya yayıb, məni el içində rüsvayi-cahan elədin gülə-gülə ki, bəs, ay qızlar, bu uşaq mənə şeir yazıb... Yaxşı ki, mən sənin xalan oğlu idim, özgəsi olsaydım sirri bir dəqiqə də saxlamazdın... Utandığımdan bilmirdim qaçıb harda gizlənim... Aramızda beş yaş fərq olsa da sən mənə uşaq kimi baxırdın... Qalır səndə o seiri yazdığım vərəq?
- Yox, - başını buladı, - indiyə vərəq qalar?.. - məzələndi. - Sevirdin də sən o vaxt məni, hə? - bic-bic göz vurdu mənə. - İkilikdə olanda qıpqırmızı qızarırdın, yadındadı?..
- Ooo!.. Dəli-divanə idim lap... - mən də borclu qalmadım. - Elə sənə görə arvad almaq məsələsində bəxtim gətirmir...
- Kiri-kiri, bəxti gətirməyənə bax... Dalınca sürünmədiyin bir yubkalı qalmayıb...
- Onu sənə kim deyib?
- Mələk... Babagillə üzbəüz yaşıyırdılar axı... O vaxtlar mənim padruqam idi. Sonralar da zəngləşirdik hərdən... Ozü də sənnən üç yaş böyük...
- Nişanlısı atmışdı Mələyi... - özümə haqq qazandırdım. - Mən bir-iki il ona kömək elədim. Qoymadım, daha doğrusu, qıymadım tək qalsın... Pis şey ağlına gətirmə, pis nə var axı burda? Dar ayaqda sənin rəfiqənə kömək eləmişəmsə sən buna görə mənə "çox sağ ol," deməlisən.
- Kiri-kiri... Köməkçi... Köməkçiyə bax... Gör kimə nömrə gəlir... - Vəfa məni yamsıladı. - Nə ürəyi yumşaqsan... Babnik... Arvadlara kömək eləmək üçün əldən-ayaqdan gedirsən...
- Elə Vüqarın ölümünü də mənə Mələk xəbər verdi... - qəfil dilimdən çıxanları dəbbələyib, rəndələyib səhvimi düzəltməyə çalışdım. - Amma rəhmətliyin ili də çıxmışdı Mələk mənə xəbər eləyəndə...
Vəfa bunun fərqinə varmadı, deyəsən, qanqaraldıcı söhbətlərdən vaz keçib deyib-gülmək fikrindəydi:
- Çoxdandı səs-səmiri gəlmir, görəsən Mələk hara yoxa çıxıb?
- Türkə ərə getdi də... Bilmirdin?
- Yox... Hardadı indi?
- Bursada...
- Nolar, Bursa da pis yer deyil... - söhbəti qəfil tutalqasız dəyişib soruşdu. - Sənin Şotlandiyaya yolun düşüb?
Çaşdım:
- Yox, necə bəyəm?
- Elə yaxşı ki, düşməyib... Ora gedib çıxsaydın, kişilərə də cumardın... - qəhqəhə çəkdi.
- Sən yubka məsələsinə görə belə deyirsənsə, onda gərək mən buralarda arvad üzünə həsrət qalaydım, çünki day zənənlərin hamısı şalvar geyinir...
- Baban sağ olsaydı ağacla döyərdi səni...
- Hə, babamın çomağına tuş gəlmək Əzrayılı dirigözlü görməkdi... Babanın gözü qızdısa, gərək qaçıb bir yerdə gizlənəydin canını qurtarmaqdan ötrü... Metrə yarım boyu vardı kişinin, çomağı özündən böyükdü, di gəl, gözü qızanda hirsindən-hikkəsindən yer-göy titrəyərdi...
- Əsas boy-buxun deyil ki, ürəydi, ürəy... - Vəfa əlini sinəsinə vurdu.
- Yadındadı, babanın bacısı Nisbətin oğlu Ramazan?.. - ürək söhbətini qulaqardına vurub xəbər aldım.
- Yox... Heç Nisbət dediyin arvadı da xatırlamıram... Görməmişəm bəlkə də... Mən babagildə qalanda sənin kimi hər yerə burnumu soxmurdum axı... Məhəllədəki qızlarla oturub-dururdum, padruqalarımla sənin mənə yazdığın şeiri oxuyub gülüşürdük...
Müsahibim son sözlərini havaya deyirmiş kimi davam elədim:
- Hə, həmin o Ramazan dayısıgilə, yəni babamgilə gələndə babam nənəmə tapşırardı ki, elə elə o biqeyrət mənim gözümə görsənməsin... Nədi, nədi, Ramazan arvadını boşayıb başqa arvad almışdı... İndi gündə beşi evlənir, altısı boşanır, heç kəsin də veçinə deyil, əyyam dəyişib... Baxma ki, qoca vaxtında baban özü də ikinci kərə evlənmişdi...
- Arvadı öləndən sonra evlənmək qəbahət deyil... Burda pis nə var ki?..
- Nə isə, sözüm onun evlənməyində deyil, həmin o Ramazana yazmışdım mən ilk seirimi:
Ramazan, qəbir qazan,
Arvadına məktub yazan...
- Yox, mənə yazdığın şeir ondan yaxşı idi... Ramazan öz arvadına niyə məktub yazmalı idi ki?
- Bilmirəm... İlk qələm təcrübəsi idi də... Sənə seir yazanda püxtələşmişdim... - məzələndim. - Az qala əməlli-başlı sair idim...
Süfrədən əl götürüb oturduğu stulda yerini rahatladı, ayağını-ayağının üstünə aşırıb bic-bic gözlərini üzümə dikdi:
- Hə... Mənim dərdimdən az qala şair olacaqdın... - yüngülcə nəfəsini dərdi. - Bura bax, Ramazan, şeir-filan öz yerində, indi əsl mətləbin üstünə gəl, düzünü de görüm, birdən-birə gün hardan çıxıb, mənim yazıq anam, başı bəlalar çəkmiş xalan hayandan düşüb sənin yadına?..
Araya sükut çökdü.
Mən bayaqdan ətrafa düz-əməlli fikir vermirdim, bağın kənarındakı yolda şütüyən maşınların səsini də, şəhərin ümumi ahəngi hesab eləyərək eşitməməyə çalışırdım, amma indi qəfil elə bil iri, həmişəyaşıl ağacların ən sıx yarpaqlı yerində yuva quraraq gizlənən və gözəgörünməzə çevrilən quşların da səsi kəsildi, ya da bizim oturduğunuz bağın yan yörəsinə səs, ün keçirməyən halə çəkdilər sanki. Sükut nə qədər çəkdi, müsahibim kirpiklərini də qırpmadan mənə nə qədər baxdı, bilmirəm, nəhayət, mən dilləndim:
- Deməyinə deyəcəm e, ancaq bilmirəm, sən məni anlayacaqsan, ya yox?..
Özünü yığışdırıb tamam diqqət kəsildi:
- Sən bir cəhd elə, çalışaram başa düşüm...
- Birincisi, mən son vaxtlar qəribə yuxular görürəm, o yuxulara da həyatımda baş verənlərdən daha çox inanıram...
- Səni narahat eləyən nədi? - diqqətlə üzümə baxdı. - Yox, rəng-ruhun pis deyl. İstədiyin vaxt gələrsən mənim qəbuluma, sənə pulsuz kömək eləyərəm, - gülümsündü.
- Zarafata salsan day heç nə danışmayacam, - dedim incik-incik.
Maraq ona güc gəldi:
- Yaxşı-yaxşı, mən susdum...
Amma mən xalam qızının susmasına imkan verməyib xəbər aldım:
- Sənin yadındadı da xalan... mənim anam?.. - boğazımı arıtladım. - Öz anamı deyirəm...
- Əlbət ki, yadımdadı... O qədər məni oynadıb ki... Allah rəhmət eləsin... Xalamın gözündəki işıq indiyəcən xatirimdədi... O iri gözlərdəki par-par yanan işığın həmişəlik sönüb getdiyinə adamın inanmağı gəlmir... - yeddimərtəbəli sözlərlə kiçicik nitqini başa vurdu.
- Bəs, babam... yəni babamız?.. - dilim dolaşa-dolaşa soruşdum, müsahibimi bir azdan deyəcəklərimə hazırlamaq lazım idi.
- Dəlisən... Mən sənnən böyüyəmsə, adi məntiqlə babamı sənnən daha yaxşı xatırlamalıyam da, elə deyil? Kəsəsinə gəl, birdəfəlik sözünün canını de, çox "mus-mus" eləmə...
Onun dediklərini qulaqardına vurdum, ucundan tutub ucuzluğa getsəydim ən azı mətləbdən yayınardım, özüm verəcəyim sorğu-sual içində itib batsam da, əslində nə istədiyimi mənimlə üzbəsurət əyləşənə anlada biməzdim, çünki əslində nə baş verdiyini, nə istədiyimi özüm də düz-əməlli başa düşə bilmirdim, Vəfa mənə istiqamət verməsəydi tamam çaşıb qalacaqdım.
- Hər şeyə öyrəşdiyimiz adi məntiqlə yanaşsaq uzağa gedə bilmərik, məsələ bunda deyil... Bax, o babamızın bir əmisi arvadı vardı. Çox ağır seyid idi həmin arvad. Amma guya, sonsuz idi seyid arvad, uşağı olmurdu...
Yenə sözümü kəsdi, lakin bu dəfə dediklərimi axıracan dinləməməyi əslində mənə kömək elədi, mən fikrimi cəmləyə bildim:
- Yaxşı, bəs, guya niyə? Əslində övladı vardı ki?.. - dirsəyini masaya dayayıb ovcunu çənəsinin altına qoydu...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!