"Şərq Arxetipləri" silsiləsindən
İlqar FƏHMİ
ARDI...
Səttarül-üyyub
İndi isə dini-teoloji müstəviyə nəzər salaq. Xristian teologiyasına diqqət edəndə görürük ki, orada ən əhəmiyyətli rituallardan biri müxtəlif təriqətlərdə müxtəlif formalarda təzahür edən "tövbə" ayinidir. Forma müxtəlif olsa da, mahiyyət eynidir - hər bir günahkar insan gəlib kilsədə din xadiminə öz günah əməlləri, rəzil hiss və duyğuları, daxili problemləri barədə danışa bilər... Başqa sözlə desək, insan öz ruhunun üzərindən bütün pərdələri götürür, ruhunu sanki çılpaqlaşdırır və ən dərin, zülmət qatlarındakı ən gizlin mətləbləri də açıb tökə bilir...Və nəinki özünün hətta ailəsinin, doğmalarının da gizlinlərini aşkara çıxartmaq mümkündür.
Bu ayinin teoloji tərəfini kənara qoysaq, psixoloji mənada belə görünür ki, xristian aləmində yüzilliklər boyu insanın bütün iç dünyasını hansısa başqa bir insana açıb tökmək ənənəsi formalaşıb. (Sonradan Qərb mədəniyyətində, ədəbiyyatında psixoloji realizm kimi cərəyanların yaranıb, genişlənməsinin də mənşəyi məhz bu ayindədir.)
İndi isə müsəlman düşüncə tərzinə fikir verək. Quranda Allahın adlarından biri də Səttarül-üyyubdur. Yəni, eyibləri pərdələyən, ört-basdır edən. Məhz bu məqam insanların psixologiyasına çox sirayət edib.
Bizdə insanın bütün pərdələri qaldırıb, öz ruhunun problemlərini kiminsə qarşısında açıb tökməyi yaxşı əlamət sayılmır. Biz daxili problemlərimizi əksinə daha çox pərdələməyə, ört-basdır eləməyə çalışmışıq. (Eyni sözü ailədaxili, nəsildaxili, tayfadaxili problemlərə, gərginliklərə də şamil eləmək olar.) Çünki hər şeyi açıb tökməyi ayıb bilmişik...
Həm rəvayətlərdən, həm də hədislərdən belə bir fikir ortaya çıxır ki, insan ən gərgin, ən ağır psixoloji məqamda da, öz içini yalnız Allaha açmalıdır, səmimi-qəlbdən, ixlasla yalnız Allahdan yardım istəməlidir. Tövbə yalnız Allaha ünvanlanmalıdır. Bağışlamaq hüququ yalnız ona məxsusdur.
Gizli tut pərdeyi-əsraridə çox nüktələri,
Demək olmaz hər ürəkdən gələni, mən biləni...
Yalnız Allaha açıl. Çünki ona söz nə gərək?
O özü yaxşı bilir mən biləni, sən biləni...
Söhbəti uzatmaq istəmirəm, gəldiyimiz nəticə budur ki, Şərq-islam təfəkküründə də "pərdələri qaldırmaq" faktoru heç də bəyənilən olmayıb, əksinə, bunun əksi təbliğ edilib...
Deməli, haqqında danışdığımız "pərdə" arxetipi Şərq-musəlman superetnosunun həm tarixi yaşayış tərzinə, həm də dini-teoloji təfəkkürüylə bağlı olduğuna görə, kollektiv təhtəlşüurda bu qədər möhkəm kök salıb...
"Sim-sim, açıl"
Əlbəttə, bunun yaxşı və yaxud pis olduğu ayrı söhbətin mövzusudur. Məlum faktdır ki, son iki yüz ildə Qərb mədəniyyətinin ən çox təbliğ elədiyi "həqiqət" budur ki, bütün əxlaqi-etik pərdələr insanın rahatlığına və ən əsas da inkişafına, yüksəlişinə manne olur, azadlığını əlindən alır, bunun üçün də sanki "Sim-sim, açıl" əmri almış kimi bütün pərdələri qaldırmaq, bütün çərçivələri sındırmaq lazımdır. İnsan yalnız bu halda mənəvi-ruhi rahatlığa, bəşəri səadətə, həqiqi azadlığa nail ola bilər...
Başqalarını bilmirəm, şəxsən mən belə düşünürəm ki, bu fikri mütləq ali həqiqət kimi qəbul eləmək yanlışlıqdır. Hər şeyi bir kənara qoyub, sadəcə müasir Qərb cəmiyyətlərinə diqqət edək. Əgər bütün pərdələri qaldırmaq həqiqətən də mənəvi səadət gətirə bilsəydi, onda gərək son 20-30 ildə Qərb cəmiyyətlərində heç bir mənəvi psixoloji problemlər olmazdı. Çünki onilliklərdir ki, az qala kütləvi şəkildə bütün pərdələri aradan qaldırmaqla məşğuldurlar, hətta deyərdim, o həddə çatıblar ki, artıq qaldırılası pərdə də qalmayıb. Bu saat cidd-cəhdlə yeni pərdələr axtarırlar ki, onları da aradan qaldırsınlar.
Bəs reallıqda nə görürük? Problemlər heç cür azalmaq istəmir, məişət zorakılıqları, psixoloji konfliktlər artan xətlə inkişaf edir və böyük psixoloqlar, psixoanalitiklər ordusu da, bu problemlərin qarşısında acizdirlər...
Əlbəttə, Qərbin bəzi ağıllı adamları da zaman-zaman bunu başa düşüblər, lakin etiraz səsləri ümumi rəyin qarşısında aciz qalıb.... Nədənsə bu məqamda, dahi rejissor İnqmar Berqmanın "Ailə həyatından səhnələr" filmindən bir məqam yada düşür. Mövzumuza birbaşa aid olduğuna görə, bu məqam barədə bir az geniş danışmaq istəyirəm.
Səhnələrin birində, illər əvvəl bir-birindən ayrılmış ər və arvad yenidən görüşürlər və böyük sevgiylə qurulmuş ailələrinin dağılmasının səbəbini müzakirə edirlər. Və uzun söhbətdən sonra qadın təxminən belə fikirlər deyir - bəli biz qərara gəldik ki, bütün pərdələri aradan qaldıraq, bir-birindən heç nəyi gizlətməyək, ən kiçik hiss və duyğularımızı, narazılıqlarımızı da açıq şəkildə bir-birinə deyək... Özümüz də hiss eləmədən, qəribə bir axara düşdük. Və bu axar yavaş-yavaş bizim sevgimizi məhv elədi, çünki bütün xırda narazılıqları, xırda inciklikləri, ümumiyyətlə hər şeyi açıb tökməklə, aramızdakı məhrəmliyi dağıtdıq... Və bir də onda xəbər tutduq ki, aramızda heç bir şey gizlin qalmayıb, ancaq heç sevgidən də əsər-əlamət yoxdur...
Berqmanın ümumiyyətlə bu məsələlərə yanaşması çox fərqli və maraqlıdır, lakin söhbətimizin mövzusu olmadığına görə, üstündən keçməyə məcburam...
Həqiqət və təxəyyül
Son onilliklərdə Qərb mədəniyyətinin təsiri altında Şərq ölkələrində də həya pərdəsinin qaldırılması proseslərini müşahidə edirik. Tam da olmasa, müəyyən cəhdlər var. Ələlxüsus da ədəbiyyat və incəsənətdə. Lakin bu cəhdlər əksər hallarda çox sönük və bəzən də gülünc görünür. Niyə? Çünki yuxarıda sadaladığım səbəblərdən, biz heç vaxt pərdələri tam qaldıra bilmirik. Başqa sözlə desək, altşüurumuzdakı arxetiplər bizə qərblilər kimi tam açılmağa, bütün pərdələri qaldırmağa mane olur... "Həya" məfhumu bizim təfəkkürdə hələ də öz yerini qoruyub saxlayıb...
Misalçün, bizdə hansısa sənət adamı öz ruhunun ən dərin və qaranlıq qatlarındakı hiss və duyğuların açılması üzərində bir əsər yaradır. Lakin əsərlə yaxından tanış olanda, görürsən ki, heç cür içindəki pərdəni qaldıra bilmir və nəticədə həqiqəti kənara qoyur, başlayır özündən uydurmağa. Bu da son nəticədə imitasiyaya gətirib çıxarır. Yəni öz pərdəsini qaldırmağa gücü çatmayan bizim insan, Qərbdəki pərdəqaldıranların yazdıqlarını və elədiklərini təkrar eləyir, sanki topluma sübut eləmək istəyir ki, mən də özümdə güc tapıb qərblilər kimi bütün pərdələri qaldırmışam, qəhrəmanam, cəsuram filanam... Əslində isə bu cür imitatorlar ən qorxacaq və ən kompleksli adamlardır. Çünki başqalaşmağa gücü çatmadığını etiraf eləməyə belə qorxur, bunu gizlətməkçün yalanlar uydurur. Əgər doğrudan da qəhrəman olsaydı, həqiqəti açıq şəkildə etiraf edərdi ki, bəli, mən öz təhtəlşüurumu dəyişə bilmədim, çərçivələrdən çıxa bilmədim, necə varsa o cür qaldım, çünki bu mümkünsüz işdir, insan öz düşüncə sistemini dəyişə bilsə də, altşüurundakı arxetipləri dəyişə bilməz...
Erməni məsələsi
Erməniləri az qala bütün dünya tanıyır. Amma necə tanıyır? Müsəlmanlar, türklər tərəfindən əsrlər boyu zorakılığa, şiddətə məruz qalan, qocaları uşaqları öldürülər, qadınları zorlanan yazıq bədbəxt bir millət kimi... Bəs niyə bu cür tanıyırlar? Çünki XIX əsrin sonlarından başlayaraq, ermənilər öz təbliğatlarını məhz bu istiqamətdə qurublar - özlərini yazıq göstərmək, qərblilərdə özlərinə qarşı mərhəmət hissini oyatmaq və bu yolla öz çirkin məqsədlərinə nail olmaq.
(Çox uzağa getməyək, elə 90-cı illərin əvvəllərini xatırlamaq kifayətdir. Ermənilər bizim xalqa qarşı açıq-aşkar təcavüz siyasəti yeritsə də, bütün dünyanın informasiya agentlikləri yazırdı ki, azərbaycanlılar yazıq erməniləri öldürürlər, zorlayırlar, yandırırlar.... O dövrü görməyən gənclər bu situasiyanı çətin ki, təsəvvür edə bilsin - bir tərəfdən sən təcavüzə məruz qalırsan, digər tərəfdən hələ sənin özünü də zorakılıqda ittiham edirlər... Hara baxırdınsa, "mnoqostradalnıy armyanskiy narod" kəlməsi adamın beyninə çəkic kimi döyürdü.)
Bəs ermənilər buna necə və hansı təbliğat vasitələriylə nail olmuşdular? Əlbəttə ki, bütün pərdələri aradan götürməklə...
Onların yazıları, şairləri, rəssamları, alimləri siyasətçiləri az qala bütün pərdələri qaldırıb, açıq şəkildə özlərinə olan zorakılığı təsvir edirdilər və bu yolla qərblilərin ürəyində mərhəmət hissi yaradırdılar... Sadə dillə desək, erməni yazarı bir əsər yazır, kişilərin gözü qarşısında öz qız-qadınlarının kütləvi şəkildə zorlanmasını təsvir edir. Və bunu o qədər peşəkarlıqla edir ki, təsir altına düşməmək mümkünsüz olur. (Eyni sözü başqa təbliğat vasitələrinə də aid etmək olar... Əlbəttə, bunun da səbəbini xristianlıqla bağlamaq olar. Çünki onların təfəkküründə Tanrı-İsa dünyaya gəlib, işkəncələrə, zülmlərə məruz qalıb. Buna rəğmən deyir ki, bir üzünə şillə vurdularsa, o biri üzünü çevir... bu səbəbdən, ermənilər üçün birinin də üstünə beşini qoyub, özlərini məzlum kimi təqdim eləmək, altşüur arxetipləriylə ziddiyyət təşkil eləməyib, rahat şəkildə bu addımları atıblar..)
İndi isə özümüzə diqqət edək. Təsəvvür edək ki, bizim hansısa bir yazıçımız da, eyni süjetdə əsər yazıb dünyaya çıxarmaq istəsin, qadınlarımızın, qızlarımızın ermənilər tərəfindən işkəncələrə məruz qaldığını, zorlandığını realist üslubda, canlı boyalarla təsvir eləməyə çalışsın....
Sizi inandırıram ki, o əsərdən heç nə alınmaz. Heç inandırıcı şəkildə yaza da bilməz. Ortaya babat bir şey çıxartsa da, ən əvvəl elə özümüz bu əsəri daşa basarıq...
Niyə? Ona görə ki, lap həqiqət belə olsa, adam bütün pərdələri qaldırıb belə şeyi necə danışar? Sən hansı üzlə gedib kiminsə qabağında bütün pərdələri qaldırıb deyə bilərsən ki, kömək eləyin, biz kişilərin gözü qabağında qız-gəlinlərimizi zorlayıblar, uşaqlarımızı qocalarımızı öldürüblər... Ayıb deyilmi? Bəs adama deməzlərmi ki, sən özün hansı cəhənnəmdə idin? Əgər mübarizə apara bilməmisənsə, bəs niyə sən də onlar kimi ölməmisən? Niyə qaçıb gəlmisən? Niyə burdasan? Sən necə kişisən ki, hələ bütün bunları gəlib bizə danışmağa dilin də var?
Çox güman ki, heç bu cür sualları verən də olmayacaq. Lakin kiminsə belə düşünüb düşünməməyindən asılı olmayaraq, biz özümüz bunu düşünürük. Düşünürük ki, belə eləsək, bizə bu gözlə baxa bilərlər. Çünki bizim özümüzə kimsə belə desəydi, ona eyni cavabı verərdik...
Məhz bu səbəbdən də biz öz faciələrimizi dünyaya bəyan eləyəndə, əksər hallarda ermənilərin yaratdığı mərhəmət hissini yarada bilmirik. Çünki əslində bizim məqsədimiz o deyil ki, dünyanın bizə yazığı gəlsin, bizə kömək eləsin. Yox, biz heç özümüzə də sığışdıra bilmərik ki, kimsə bizə mərhəmət göstərsin. Axı niyə kiminsə mənə yazığı gəlməlidi? Mən kişi deyiləm bəyəm? Mən sadəcə həqiqət və ədalət istəyirəm. Heç bir məkrli qəsbkar niyyətim yoxdur. Sadəcə ədalət və ədalət...
Bəli, zənnimcə çox əhəmiyyətli bir məqama gəlib çıxmışıq. Etiraf edək ki, bu gün Qarabağ həqiqətlərini dünyaya çatdırmaq istiqamətində gördüyümüz işlər, bəzən sadəcə ermənilərin təbliğatını neytrallaşdırmaqla bitir. Bəzən isə bizim ictimai təşkilatlar, sənət adamları özləri də hiss eləmədən, öz təbliğatlarında ermənilərin istifadə etdiyi vasitələrdən istifadə edirlər. Lakin uğursuz şəkildə.
Bu kökündən yanlış yanaşmadır. Çünki təkrar edirəm ki, onların bütün təbliğatı özlərinə qarşı yazıqlıq, mərhəmət hissi yaratmağa yönəlib. Məhz bu səbəbdən də bütün pərdələri qaldırırlar.
Bizsə bunu istəmirik. Deməli, təbliğatda da öz fərdi yolumuzu tapmalıyıq... Və bu yol mütləq və mütləq bizim altşüurumuzdakı arxetiplərlə üst-üstə düşməlidir. Sırf Qarabağ məsələsində isə mən şəxsən belə düşünürəm ki, ermənilərin bizə elədikləri qəddarlığı, qaniçənliyi ön plana çəkməklə bərabər, daha çox "tənha qəhrəman" obrazları yaradıb təbliğ etməliyik. Bu bizim altşüurumuzdakı arxetiplərlə də, tarixi reallıqla da üst-üstə düşür. Çünki Azərbaycan 90-cı illərin əvvəllərində həqiqətən də az qala bütün dünya tərəfindən haqsız şəkildə ittiham olunan, öz həqiqətini sübut etməyinə imkan verilməyən və çarəsizliklə son gücünü toplayıb çarpışmanı davam elətdirən "tənha qəhrəman" timsalında idi...
Deməli, sənətdə də məhz bu cür qəhrəman obrazları yaradılmalı və yaxud reallıqdakı bu cür qəhrəmanlar daha çox təbliğ olunmalıdır - Haqsızlığa qarşı son nəfəsinəcən mübarizə aparan, məğlub olmayan, hətta hamı tərəfindən tərk edilsə də, son məqamda ölümdən belə çəkinməyən tənha qəhrəman...
Zənnimcə, bu xüsusda ciddi düşünməyə ehtiyac var..
Sonda isə, yenə "pərdə" arxetipinin üzərinə qayıtmaq istəyirəm.
Budur, bütün yazı boyu göstərməyə çalışdıq ki, toplumun kollektiv altşüurundakı arxetiplər çox güclüdür və hətta deyərdim ki, ölməzdir. "Pərdə" arxetipi də bunların içində özünəməxsus yer tutur. Və bütün həya pərdələrinin aradan qaldırılması vasitəsiylə hansısa inkişafa nail olmaq istəyiriksə, bunun heç bir nəticəsi olmayacaq...
Məhz bu səbəbdən istənilən müstəvidə, istər sənət olsun, istər ictimai həyat, hansısa addımı atarkən mütləq bu altşüur arxetipləri nəzərə alınmalıdır, toplumun özünün fərdi inkişaf yolu tapılmaldıdır... Kənarın kor-koranə imitasiyası heç bir nəticə verməyəcək və son nəticədə biz məğlub durumda qalmaq təhlükəsiylə üzləşə bilərik...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!