Tanınmış Hind prozaiki Taksiki Sivasankara Pillainin “Krivetkalar” romanının yekun hissəsindən bir parça. Bu roman YUNESKO-nun seçmə əsərlər siyahısına daxil olunub. (Gollancz publishers, Londonl Harper and Brothers, New York). Romanda dəniz ilahəsi Katalammanın qəzəblənməsinə səbəb ər və arvadın bir-birinə xəyanəti olur.
Günel EYVAZLI
Ah, o nə edir? – Palani dənizdə olduğu müddətdə burada dayanaraq, yad kişi ilə söhbət edir! Karutxammanın ürəyində zərrə qədər də olsun şübhə yoxdur. O, elə əvvəllər də bu kişi ilə qaranlıq gecələrdə, gözə insan dəyməyən zamanlarda görüşərdi... Həyatı onun ucbatından alt-üst olmuş bu insanı heç olmasa bir neçə dəqiqəlik xoşbəxt etməyi ona kim qadağa qoya bilər ki?
Onlar bir-birinin gözlərinə baxaraq dayanmışdılar. Budur, ikisi də qarşı-qarşıya dayanıblar. Qadın bilirdi ki, həyatını darmadağın etdiyi oğlanın ona olan sevgisi heç vaxt azalmayacaq. Bəlkə də nə zamansa səbəbi anlayacaq, bəlkə nə zamansa onu bağışlayacaq. Amma indi...
Bu dəqiqələr ərzində Karutxamma bütün bədbəxtliklərini, acılarını unutmuşdu. İzaholunmaz bir hiss, güc onun qəlbinə hakim olmuşdu. Doğrudur, ərinin çiyinlərinin arxasında özünü alınmaz qaladakı kimi hiss edirdi. Palani onu qorumağa qadir olan əsl kişi idi. Qayğıkeş, öz arvadına acının, qüssənin toxunmasına heç vaxt imkan verməyən həyat yoldaşı idi. Amma qadının qəlbinə bunlar bəs etmirdi. Tamam başqa şeyləri arzu edirdi. Böyük məhəbbətlə sevilməyi, heç bir kişinin, heç bir qadını sevə bilməyəcəyi məhəbbətin onun həyatında olmasını arzulayırdı. Yalnız bu iki hissin vəhdəti ona xoşbəxtlik verə bilərdi, deyə düşünürdü.
Budur, qəlbən sevən oğlan onun qarşısındadır. Qadın hisslərini cilovlaya bilməyib sevgilisinin ağuşuna atılır. Onların tənləri, üzləri bir-birinə toxunur. O, pıçıldayaraq deyir: Mənim Karutxammam!
- Bəli!
- Karutxamma!
Qadın, ruhuna hakim olmuş ehtirasın qarşısında huşunu itirirdi.
- Mən sənin üçün kiməm?
- Sən mənim üçün – hər şeysən... Dünyam mənim!
Onlar bir daha qucaqlaşırlar. Oğlan isə sevgi dolu sözləri qadının qulağına pıçıldayır. O, sevdiyinin ağuşundan çıxmaqda aciz idi. Buna cəhd etmirdi də.
Palani isə dənizin ən dərin yerindən böyük köpək balığı tutmuşdu. Hələ bu böyüklükdə balıq heç bir balıqçının əlinə keçməmişdi. Balıq, suyu köpükləndirərək üzüb getmək istəyirdi. Palani qırmağı boğazına ilişmiş balığa diqqətlə baxırdı. O bilirdi ki, böyük balığa rast gəlib. Sevincindən çığırmağa başladı. Bu anda gecikmək olmazdı. Sonra nə edəcəyinə qərar verməli idi. Nə etsin? Qırmağı dartsın, yoxsa balığa bir az da üzmək üçün şərait yaratsın? Əgər qırmaq balığın boğazına möhkəm ilişibsə, bir güclü dartınma ilə onu qayığın içinə gətirmək olar. Amma, bu nəhənglikdə balıq bütün qayığı darmadağın edə bilər. Ona üzməyə imkan versə qayığı uzaqlara dartıb apara bilər.
Palani sahili görmürdü. Hansı istiqamətdə olduğunu da təyin edə bilmirdi. Bir əliylə tilovu, digər əliylə qayığı idarə edirdi. Ulduzların mövqeyi ilə balığın onu haraya apardığını müəyyən etmək istəyirdi. Nə qədər çalışsada uyğun ulduz tapa bilmədi. Buludlar onların üzərini örtmüşdü. Qayıq hamar suları qarışdıraraq sürətlə cığır açırdı. Az keçməmiş dəniz qaralaraq qorxulu görkəm aldı. Palani fikrini toplayaraq suyun istiqamətindən hara üz tutduğunu öyrənmək istədi. Nə qədər çalışsa da alınmadı.
Köpək balığı qayığı ardıycan hey sürüyürdü.
Hara gedirlər? Sahildən nə qədər məsafədə uzaqlaşıblar?
Qəflətən Palani tilovu özünə çəkdi və qayıq dayanda. O ürəkdən gülməyə başladı. Gərək bunu bayaqdan belə edərdim, dedi.
Balığın cəmdəyi suyun üzərində sonuncu gedişini etdi. Palani qırmağı əlindən buraxmadı. Qəflətən qayıq suyun axını istiqamətində harasa yan almağa başladı. Yoxsa mən burulğana düşmüşəm, deyə, öz-özünə pıçıldadı. Bəli, o, burulğan üzərində idi. Qayıq çevrə boyunca dövr edirdi. Göyün üzündə isə bircə dənə də olsun ulduz yox idi.
Qayığa daldalanan Palani üfiqə boylandı. Onu görmək mümkün deyildi. Qorxunc dəniz qayaları xatırladırdı. Onun burnu isə üfiq axtarışında yuxarı zillənmişdi. Palani bilirdi... O, bilirdi ki, dənizin dərinliyində dəniz ilahəsinin iqamətgahı var. O bu haqda rəvayətləri çox eşitmişdi. Bu iqamətgahın qapıları böyük burulğanın astanasında açılır. Palani su qayalarının ətrafında çoxaldığını gördü.
O yuxarı qalxmaq üçün əlindəki qırmağı boşaltdı. Qırmaq boşaldıqca, Palani suyun üzərinə qalxmağa başladı. Qəflətən dəhşətli gurultu səsi eşidildi. O, belə dəhşətli səsi heç vaxt eşitməmişdi. Səs, tufanın gəlişindən xəbər verirdi.
Dalğalar qayığın üzərinə hücum edirdilər. Onlar bir-birinin ardından, fasilə vermədən döyüşürdülər. Qayığı halqa arasına almışdılar.
Palani tufana gözlərini bərəldərək baxırdı. O, belə hallarla tez-tez rastlaşırdı və tufan zamanı qayığı xilas etməyi çox yaxşı bacarırdı. Həm də gözəl bilirdi ki, belə anda ən doğru yol, qayığı tufana, dalğalara təslim etməkdir. Çünki çabalamanın heç bir mənası yox idi. Ətraf qaranlığa qərq olumuşdu.
İldırım gecəni işıqlandıraraq, göy üzündə şırımlar açırdı. Palani qırmağı bir az da boşaltdı. Balığı tamlıqla dənizə buraxa bilməzdi. Çəkisi yüngülləşən qayığı dalğalar parça-parça edərdi. Yaxşısı budur balıq bacardığı qədər qayığı çəkib aparsın.
Qayığın burnu dalğalar üzərində qalxanda, Palani, atlanaraq onun çəkisini tənzimləməyə çalışırdı. Bir dalğanın hücumundan xilas olan qayıq, növbəti dalğa ilə mübarizə aparmalı olurdu.
Dəniz ulayırdı. Sanki bədbəxt balıqçını məhv etməyə cəhd edirdi. Nədən dəniz ilahəsi bu qədər bədbəxtliyi onun üzərinə gətirmişdi?
Bəlkə bu nəhəng dalğalar sahilə yan alaraq, balıqçı evlərini uçurmağa tələsir? Bəlkə dənizin zəhərli ilanları indi sahilə, qumun üzərinə töküləcək? Möhkəm ol, balıqçı, deyərək Palani özünə təsəlli verdi. Bu dəfə isə alınmadı. Böyük dalğa onun qayığının üzərinə çırpıldı.
Hər şey göz qırpımında itdi. Dəniz belə görünmədi. Bayaqki səs, uğultu qulaqlardan çəkildi. Su qayığın içinə dolaraq onu silkələməyə başladı. Qayığın burnu növbəti dalğanın üzərində şahə qalxdı. Palani isə son qüvvəsini toplayaraq qayıqdan yapışmağa cəhd etdi. Ağzına dolmuş suyu tüpürərək, Karutxamma, deyərək çığırdı.
Onun səsi tufanın səsi ilə birgə səslənməyə başladı.
Nədən o Karutxammanı səslədi? Çünki sulara qərq olmuş balıqçını, adətən sahildə onu gözləyən arvadı dəfn edir. Bəlkə də o, həyat yoldaşının onun üçün dua etməsinə ümid edir? Axı balıqçıları burulğanların, tufanların ağuşundan dualar hifz edirdi. Axı onlar bu dualar nəticəsində evlərinə sağ-salamat dönürdülər. Palani də, keçən gecə onun üçün dua edəcəyinə söz verən həyat yoldaşının dularını gözləyirdi. Axı onun arvadı var idi. Palani bu dualar ilə xilasın mümkünlüyünə inanırdı.
Növbəti dalğa bir daha onun üzərinə gəldi və o, qırılmış səslə sonuncu dəfə “Karu...” dedi.
Daha heç nə görünmürdü. Nə qaranlıq, nə dəniz, nə də dalğalar. Burulğandan başqa heç nə yox idi. Qayıq yenə də dalğanın əlindən xilas olaraq dənizin üzərinə qalxa bildi. Ondan son qüvvəsi ilə yapışmağa cəhd edən Palanini dənizin üzünə qaldırdı.
Görəsən sonsuz işgəncə bitməyəcəkmi?
Budur, qayığın içi su köpüyü ilə dolaraq, daş kimi dənizin dibinə enir. Qəflətən buludların arxasından bir ulduz parlayır. Bu, *Arundxati idi. (*Arundxati- sadiqlik). Həmin gecə onun parıltısı korşalmışdı.
Səhər günəşi dəniz üzərində qayğısız şəkildə gəzişirdi. Deyilənə görə dünən balıqçılardan biri dənizə gedərək qayıtmamışdı. Gecə qorxunc tufan zamanı zəhərli ilanlar belə sahilə yan almışdı. Dalğalar balıqçı evlərinə də hücum etmişdi.
Pançami qucağındakı körpəsi ilə birgə sahildə dayanmışdı. Uşaq ağlayırdı. O isə körpəsinin hıçqırığına qoşularaq atanı səsləyirdi. Palani dünən dənizə getmiş və qayıtmamışdı. Karutxammadan da xəbər yox idi. Pançami göz yaşına qərq olmuşdu, körpəsini sakitləşdirməyə çalışırdı.
İki gündən sonra dalğalar sahilə qadın və kişi meyidini gətirmişdi. Ölüm belə bir-birinə sarınmış sevdililəri ayıra bilməmişdi. Onlar Parikutti və Karutxamma idi.
Digər sahildə isə boğazına qırmaq keçmiş ölü köpək balığını tapırlar.
Rus dilindən tərcümə etdi: Günel EYVAZLI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!