Dağın ətəklərində görünən kənd Rənagilin kəndi idi. Yamac boyu səpələnən evlər yaşıllıqlar içində güclə görünürdü. Yastı damlı bu evlər xoşbəxtliklərlə doluydu. Hasarları yox idi bu evlərin. Mehribanlıq evdən-evə, qonşudan-qonşuya süzülürdü. İnsanlar güzəranını heyvandarlıq, əkinçilik və meşələrdən yığdıqları meyvələri satmaqla çıxarırdı. Səhər süfrəsinin balı, qaymağı, yağı isti təndir çörəyinin ətrinə qarışıb iştah artırırdı. Elə bu həyat tərziydi Rənanın gözəlliyini artıran. Beş bacının böyüyü idi. Uzun saçları, qara gözləri canlar alırdı. Dağların havası, bulaqların dumduru suyu simasına xüsusi rəng qatmışdı. Gözəl idi. Atasını erkən itirmişdi. Anasına kömək etməklə bərabər dərslərini yaxşı oxuyurdu. O vaxta qədər ki...
Anası Rənaya " Hazırlaş, xalangilə gedəcəyik",- dedi. Sevindi Rəna. Xalasıgil rayon mərkəzində yaşayırdı. Şəhərin bərli-bəzəkli küçələrini, hündür evlərini görəcəkdi, xalası uşaqları ilə ünsiyyətdə olacaqdı.
Səhər obaşdan avtobusla rayon mərkəzinə getdilər. Xalasıgildə hay-küy düşdü. Sevindi xalauşaqları. Görüşdülər, danışdılar o ki var. Axşamüstü məhlə uşaqları ilə gəzməyə getməliydilər. Anası icazə vermişdi. Şəhər həyatı Rəna üçün maraqlı idi. Həm də kəndə qayıtdıqdan sonra təəssüratlarını rəfiqələrinə danışacaqdı.
Şəhər həyatı Rənada qeyri-adi ovqat yaratmşdı. Təbiətin füsunkar gözəlliyindən bərq vuran kəndin sakit həyatından fərqli olaraq insan əlinin yaratdığı ecazkar görüntü Rənanı valeh etmişdi. Birdən bir cüt mavi gözün davamlı baxışlarını üzərində hiss etdi. Yaraşıqlı, hündürboylu, mavigözlü oğlan gözünü Rənadan ayırmırdı. Bütün vücudu titrədi Rənanın. Ürəyinə qəribə, həm də xoş hisslər axdı. Gücü çatmadı bu baxışlara müqavimət göstərməyə. Dağ havasının təravətləndirdiyi yanaqları bir az da allandı.
Bütün gəzinti boyunca bu hisslər müşayiət etdi hər ikisini. Axşam anasına yalvardı Rəna. "Nə olar, ana, bir gün daha icazə ver xalamgildə qalım. Sabah bir az da gəzək şəhəri". Xalaqızları da Rənanın anasını yola gətirməyə çalışdılar. Onlar üçün də Rəna ilə bir gün daha bir yerdə keçirmək vazkeçilməz idi. Anası razı oldu. Qızlar sevincdən qışqıraraq atılıb-düşdülər. Anasına sarılıb öpdü Rəna, ana ürəyində icazə verdiyinə sevindi.
Səhər bir yerə toplanıb yaxınlıqdakı parka gəzməyə çıxdılar. Rənanın ürəyi mavigözlü oğlanın yanında qalmışdı. Budur, bir cüt mavi göz eşq saçdı. Ürəyi uçundu Rənanın.Tanış oldular. Meydan idi adı. Axşama qədər əl-ələ gəzdilər, əhd-peyman bağladılar, öz aralarında söz kəsdilər. Səhər hərbi xidmətə gedəcəkdi Meydan. Bu müddətdə Rəna orta məktəbi bitirəcək, Meydan hərbi xidmətdən qayıtdıqdan sonra evlənəcəkdilər. Meydan hərbi xidmətə, Rəna dağ kəndinə qayıtdı.
Bir müddət məktubları gəldi Meydanın. Göyərçin qanadlı sevgi məktubları. Yavaş-yavaş azaldı, azaldı... və kəsildi məktublar. Daha göyərçinlər qanadlarında sevgi daşımadı Rəna üçün, təbiət rəngini dəyişdi, çiçəklər al-əlvan açmadı, quşların cəh-cəhi susdu, günəşin şəfəqləri daha sevgi çətirinə bənzəmədi, yağışlardan torpaq ətri gəlmədi... Günəşin doğuşunda, gecənin zülmətində, Ayın işığında, ulduzların zərrəsində soraqladı sevdiyini. Könlündə məskən salan iztirab, həsrət saçlarını ağ naxışlarla bəzədi. İlk məhəbbətin gözləntisi uzun çəkdi, yaman uzun...
Gün-günə, ay-aya calandı. Rənanın özündən kiçik dörd bacısı ailə qurdu. Elçilər qapını çalsa da könlünü heç kimə vermədi. Otuz iki yaşı vardı artıq. Paytaxtdan uzaq qohumları gəlmişdi kəndə dincəlməyə. Qonaqların arasında görkəmi ilə diqqəti cəlb edən bir müəllim də vardı. Vaqifdi adı. Universitetlərdən birində işləyirdi. Həyat yoldaşı övladını dünyaya gətirərkən vəfat etmiş, uşağı xilas etmək mümkün olmamışdı. Evlənməmişdi Vaqif müəllim. Könlü razı olmamışdı. Saçları ağarsa da cavan görünürdü.
Şəhərə qayıtdıqdan sonra Rənaya evlənmək təklif etdi. Artıq yaşa dolmuş anasının sözünü yerə salmaq iqtidarında deyildi Rəna. " Ailə qur, qızım, gözüm arxada qalmasın, bala",- deyən anasının gözlərində yalvarış hiss etdi. Kövrəldi, bir anda yaşadığı iztirablı illəri xatırladı. Gəncliyini yarpaq-yarpaq saraldan, sevgi dolu duyğularını həsrətin qucağında dəfn etdiyi illəri... Dərindən köks ötürüb razı oldu.
Sakit və mədəni adam idi Vaqif. Bir-birini anlayır, hörmətlə davranırdılar. Bir qızları doğulmuş, ailəyə xoş ovqat bəxş etmişdi. Artıq Meydanı da unutdurmuşdı qızcığaz.
Gecə inilti eşitdi Rəna. Uşaq qızdırmadan yanırdı. Ürəyi uçundu. Səhərə qədər çalışdı, birtəhər qızdırması düşdü qızın. Səhər yaxınlıqdakı xəstəxanaya müayinəyə aparmağı qərarlaşdırdılar. Vaqif Rəna ilə qızını xəstəxanaya düşürüb işə getdi. Həkimin qəbulunda növbə idi. Nömrə götürüb gözlədilər. Qapıda həkimin adı, soyadı yazılmışdı. Vaqif Əhmədov. Təsadüfə bax. Ərinin adı və soyadı ilə eyni idi. Gülümsədi. "Hər şey yaxşı olacaq". Tibb bacısı çağırdı. Növbə çatmışdı. Rəna qızının əlindən tutub həkimin otağına daxil oldu. "Buyurun",- deyib həkim başını qaldırdı. Rənanın baxışları bir cüt mavi gözə əsir düşdü... O gözlərdə eşq saçan baxışları, gələcək üçün qurduğu ümidləri axtardı... Həsrətə bükdüyü sevgisini, ləçək-ləçək solan eşqini soraqladı... Puç etdiyi illər, itirilmiş gəncliyi ilə üz-üzə dayanmışdı... Cavabsız suallar haray çəkirdi...
"Həkim Vaqif Əhmədov" yazılmışdı qapıda. Qarşısında isə Meydan idı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!