Meyxoş Abdullah - İki günlük otel qəbzi - HEKAYƏ

- Mən həyat yoldaşımdan qorxmuram. Sadəcə olaraq, ona hörmət edirəm. - Belə de.. İki gündür başqa qadınla gün keçirirsən, o da oturub sənin yolunu gözləyir, budurmu sənin ona hörmətin?

... Gözlərini zorla açdı. Harada olduqlarını ilk andaca ağlına gətirə bilmədi. Yatağında sakitcə uzanaraq beynində dolaşan qarmaqarışıq fikirlərə aydınlıq gətirməyə çalışdı. Baxışları tavanın tən ortasında asıla qalmış bahalı çil-çırağa dikiləndə, dünəndən bu oteldə qaldıqlarını xatırladı.

Ürəyinə bir azca rahatlıq gəldi. Yerindən qalxıb su içmək istədi, axşamkı içkinin təsirindən dil-dodağı tamam qurumuşdu. Yanında uzanmış və hələ də yuxuda olan qadını oyatmamaq üçün fikrindən daşındı sakitcə uzanıb qaldı.

Qadın ona qısılaraq yuxuya getmişdi. Sanki min ilin yorğunluğunu canından çıxarırmış kimi şirin-şirin yatırdı. Onun ilıq nəfəsi kişinin boyun-boğazına yayılaraq, onsuz da yuxulu gözlərini bir az da xumarlandırırdı. Kişi bu məstlikdən qollarını geniş açıb əsnədi.

Qadın bu tərpənişdən oyanan kimi oldu. Azacıq göz qapaqlarını qaldırıb gülümsədi. Sonra üz-gözünə səpələnmiş gur, qara saçlarını əlləriylə kənara yayıb kişiyə sığındı və qollarını onun boynuna dolayaraq pıçıltıyla:

- Qucaqla məni!.. - dedi.

Kişi böyürüüstə dönüb onu bərk-bərk köksünə sıxdı. Qadının yumşaq, tərli bədənindən yasəmən gülünün qoxusu gəlirdi.

Araya sükut çökdü. Bir xeyli beləcə maddım-maddım bir-birinə baxdılar. Uzun-uzadı ona dikilən baxışlardan usanan qadın əlini daraqlayıb kişinin seyrəlməkdə olan çal saçlarına keçirtdi və yüngülcə özünə tərəf çəkib pıçıldadı:

- Eyy... noolub sənə, niyə mənə belə baxırsan?!

Kişi bir söz deməyib, dərindən köks ötürdü.

Qadın onu özünə tərəf çəkdi və alnını onun alnına dayayaraq uşaq kimi nazlandı:

- Yaxşı daaa, üzmə məni, de görüm nə olub sənə?

- Yuxu görürdüm. - deyə kişi pıçıldadı.

- Yəqin yuxuda məni görürdün, eləmi? - qadın gülümsədi.

Kişi cavab verməyib susdu.

- Yuxuda gördüm ki, ölmüşəm, yoxam, sən də ağlayırsan, hə?.. Düzmü tapdım?! - deyə qadın yuxudan kal oyandığı üçün əsnədi.

Kişinin təəccübdən gözləri bərəldi və o, barmaqlarının ucuyla qadının çənəsindən tutub ehmalca silkələyərək:

- Hardan bildin?! - soruşdu.

Qadın susdu. Onun susmağı kişinin marağına səbəb olduğundan təkrar soruşdu:

- De, hardan bildin?

- Doğru deyirəmmi?!

Kişi:

- Hə, ona oxşar yuxuydu, amma bir az fərqliydi.

- Bəs, necə yuxuydu? - deyə qadın kişinin sinəsinə dirsəklənib onun gözlərinin içinə baxdı.

Kişi isə baxışlarını onun baxışlarından yayındıraraq otağın tavanına dikdi və bir müddət beləcə susub qaldı. Bayaq gördüyü o qorxunc yuxusunu sanki yadına salmağa çalışırdı.

Qadının səbri çatmadı:

- Yaxşı da, noolar, ürəyimi çatlatma, de görüm, necə yuxu görmüsən?

- Yuxuda gördüm ki, əlimdə yanan bir şam tutmuşam, sən isə məndən çox-çox uzaqda dağlı-dərəli bir yerdə dayanıb durmusan. Ətraf sıx dumanla örtüldüyündən bir-birimizi güclə görürük. Səni yanıma səsləyirəm, var gücümlə bağırıram. Sən isə heç nə eşitmirmiş kimi yerindəcə donub qalmısan, nə səsimə səs verirsən, nə də mənə tərəf gəlirsən. Əlimdəki şamı başımın üstə qaldırıb yenidən səni səsləyirəm, çağırıram, deyirəm, bəlkə şamın işiğını görüb mənə tərəf qayıdasan. Sən isə addım-addım məndən uzaqlaşıb sıx dumanlıqlar içərisində itib yox olursan. Sonra əlimdə tutduğum şam da sönür, ətraf zülmət qaranlığa bürünür.

Çox dəhşətli yuxuydu, yaman qorxdum. Nə yaxşı ki, bunların hamısı bir yuxuymuş. Sevinirəm ki, sən yanımdasan, mənimləsən...

Qadın baş barmağını dişləri arasına qoyub bərk-bərk sıxaraq bir müddət fikrə getdi, sonra zərif çiyinləri titrədi. Yanağından süzülən göz yaşları yastığın üzərində nöqtə-nöqtə izlər buraxdı. Qadının gömgöy mavi gözləri bir anın içərisindəcə yamyaşıl rəngə çaldı... Onu ovutmaq bir müddət çəkdi. Gözlərinin yaşı qurusa da, hıçqırtıları hələ də kəsilməmişdi.

Onun mavi rəngdə olan gözlərinin birdən-birə yamyaşıl rəngə dönməsi kişini çaşdırdı. O, ömründə birinci dəfəydi ki, belə bir mənzərəylə rastlaşırdı. Öz-özünə düşündü, necə olub ki, bu vaxtacan bir dəfə də olsun qadının gözlərinin rənginin dəyişməsinə fikir verməmişdi. Axı, onlar bir il olardı ki, bir-birlərini tanıyırdılar və bu vaxt ərzində dəfələrlə görüşmüşdülər. Sonra o anladı ki, yəqin qadını əvvəllər heç vaxt ağlayan görməmişdi.

Kişi onun yanaqlarından süzülən göz yaşlarını silə-silə:

- Dəlisən, nədi, niyə ağlayırsan? Yuxuya görə ağlayırsansa, yuxular gerçək olmur, buna görə göz yaşları axıtmağa dəyərmi?

Qadın handan-hana:

- Mən sənə yaman öyrəşmişəm. Heç kəs məni sən qədər başa düşməyibdi. Sən mənim arzuladığım insansan. Bilmirəm, bu ayrılığa dözə biləcəyəmmi?! Gülməli olsa da, deyəcəyəm, deyəsən, sənə vurulmuşam. Amma özüm də bilmirəm, niyə axı belə olur, çox vaxt sevənlərin qismətinə ağıllı tanışlıq, dəlicəsinə sevmək və sonu peşmançılıqla qurtaran ayrılıq düşür?.. Niyə?!.

- Biz ki, ayrılmırıq, bu səfeh fikirlər hardan ağlına gəldi? Mən səni heç vaxt unutmayacağam, - deyə kişi sanki and içirmiş kimi kəkələdi.

Qadın başını bulayıb xəfifcə gülümsədi.

- Gün keçirtdiyin qadınların hamısınamı bu cür vədlər verirsən?

- Yox, bu sözlər təkcə sənə aiddir, inan!

- İnanmıram.

- And içim?!

- Yox!..

- Niyə ki?

- Ona görə, o qədər and içənlər olub ki...

- Məni onlara qatırsan?

- Yox, sən bir az fərqlisən. Amma onların içərisində səndən də yaxşı and içənlər olub.

- Bəs, sonda nə olub?

- Sonda?!. Sonda növbəti and içən kişiylə tanış olanacan gözləmişəm və hər şey təzədən başlayıb.

- Bəs, onda niyə aldanırsan?

- Nə bilim, xoş sözlərə, artıq öyrəşmişəm. Təsəvvür edirsən, evində xanımına bircə yol xoş söz deməyən, ona nəvaziş göstərməyən birisi, hər sözümə can deyir, nəvaziş göstərir, bunun nəyi pisdir ki? - Bax, elə birisi sən, de görüm, arvadına sonuncu dəfə nə vaxt can demisən?

- Xatırlamıram! - deyə kişi gözlərini döydü.

- Hmm... Bax, buna varam. Onda de görüm, bu iki gündə mənə neçə yol can demisən, hə?

Kişi susub cavab vermədi.

- Susursan? Onda mən deyim, - deyə qadın barmaqlarını qatlamağa başladı. O, barmaqlarını bircə-bircə qatlayaraq ovcuna yığdı. Sonra hər iki əlini düyünlənmiş şəkildə kişinin gözləri önünə tutub dəli kimi bərkdən gülməyə başladı.

Kişi başını aşağı salıb dərindən köks ötürdü.

Qadın onun bu halını görüb:

- Nə oldu sənə, mənki, zarafat etdim?.. Burda nə var ki, məgər düz demirəm?! - Siz kişilər arvadlarınızdan savayı başqalarına həmişə yalvarmısınız. Bəlkə, bunu da yalan deyirəm? - Bax, elə götürək mənim keçmiş ərimi. Onunla birgə yaşadığımız müddətdə elə gün olmazdı ki, məni söyüb, təhqir etməsin. Bütün əzab-əziyyətini çək, amma bircə kərə də xoş söz eşitmə. Amma bilirdim ki, o, məndən də aşağı olanların ayaqlarını öpməyə belə hazırdır. Biz qadınlar hissiyatlıyıq, hər şeyi bilirik. Qadınların bildiyini siz kişilər dərk edə bilməzsiniz. - Axırı iş o yerə gəlib çatdı ki, mən ona xəyanət etdim. O bunu bildi. Çünki qadınının pis yola düşdüyünü hamıdan əvvəl onun öz əri hiss edir. Söyürdü, döyürdü, artıq heç vecimə də deyildi. Çünki o söyürdü, bir başqası mənim nazımı çəkirdi. Bir müddət sonra ərimdən tamam ayrıldım. İndi peşman da deyiləm. Nə edim, mənimki belə gətirib. - Səndən bir şey soruşum, amma düzünü de, arvadından qorxursan?

- Yox! - deyə kişi cavab verdi.

- Yalan deyirsən. Əgər qorxmursansa, götür telefonu ona zəng vur, de ki, iki gündür bir qadınla gecələyirəm. - Al, bu da telefon, zəng vur görüm.

- Dəlisən, nədir, heç belə iş olar?

- Niyə olmur ki, qorxmursansa danış da.

- Mən həyat yoldaşımdan qorxmuram. Sadəcə olaraq, ona hörmət edirəm.

- Belə de.. İki gündür başqa qadınla gün keçirirsən, o da oturub sənin yolunu gözləyir, budurmu sənin ona hörmətin?

...

- Niyə susursan?! Elə bilirsən, sənin qadının ona xəyanət etdiyini bilmir? Bilir, özü də çox gözəl bilir. Amma ondan qorxduğun üçün o hər şeyi sənə güzəştə gedir. Bax, elə evdə olmayacağın bu iki gün üçün Allah bilir, nələr uydurmusan ona, düzdür?.. Qayıdandan sonra da hələ hansı hala düşəcəyin, artistlik edib özünü hansı rola salacağın da məlumdur. Məgər, bu qorxunun əlaməti deyilmi? Ağıllı qadınlar özünün və balalarının gələcəyi naminə ərlərinin bu cür əclaflıqlarına göz yumub dözürlər. Dözürlər ki, ailələri dağılmasın, mənim kimi başsız qalmasınlar. Onlar yaxşı bilirlər ki, bir gün o kişi qulağı və quyruğukəsik it kimi sümsünə-sümsünə yenə də öz yuvasına dönəcəkdir. Deyir, ilan nə qədər əyri-üyrü sürünsə də, yuvasına girəndə düz girər, - eşitmisən?

- Elədir, düz sözə nə deyəsən, - deyə kişi pərt halda cavab verdi. - Amma bunları mənə deməkdə məqsədin nədir?

- Heç, sənin qadınına yazığım gəldiyi üçün deyirəm. Amma məni bir sual maraqlandırır, görəsən səni ona bağlayan nədir? Bəlkə, sən bunun səbəbini söyləyəsən.

- Bilmirəm! - deyə kişi astaca cavab verdi.

Qadın başını buladı.

- Mən deyimmi?

Kişi başını tərpətdi.

- Sənin qadının ağıllı qadındır. Ərinə güzəşt edən qadınların hamısı ağıllıdırlar. Mən keçmiş ərimə heç vaxt güzəştə getmədim, düşündüm ki, mən də insanam, mənim də onun kimi qürurum var. Niyə onun yanında qürurumu aşağı salmalıyam, əyilməliyəm? Nə olsun ki, o kişidir, mənim ərimdir? Bax, indi hər kəsə güzəştə gedirəm və hamının yanında da qürurumu görürsən də?.. - deyə qadın hıçqırdı.

- Niyə belə deyirsən sən ki?..

Qadın onun sözünü ağzındaca kəsərək əlini havada yellədi:

- Mən ki, hamı tərəfindən sevilirəm, hər kəs məni bağrına basır, əzizləyir, xoş sözlər deyir, öz şəhvətlərini söndürənəcən canlarını da mənə qurban deyirlər, bunu demək istəyirsən mənə? Mən ki, bunları bilirəm. Bu yalan və çeynənmiş sözlərdən, artıq iyrənirəm. Bu sözləri təkrar-təkrar eşitməkdən bezmişəm. Deyilənlərin içərisində heç olmasa, bir yeni söz, fərqli bir şey eşitsəm, bəlkə də bir azca təskinlik taparam. Amma... Nə isə... Siz kişilər hamınız bir bezin qırağısınız. Sizə etibar etmək bir az çətindir.

... Səhər yır-yığış edib oteldən çıxanda kişi stolun üstündə düşüb qalmış otel qəbzini götürüb qapının ağzındakı zibil qutusuna atmaq istədi. Qadın astaca:

- O qəbzi mənə ver! - dedi.

- Neynirsən? - deyə kişi xəfifcə gülümsədi?

- Özümdə saxlayacağam... Qoy, yadigar qalsın...

- Otel qəbzindən nə yadigar, ondan yadigarmı olur?!

- Sənə elə gəlir, - deyə qadın kişinin əlindəki əzilmiş otel qəbzini alıb, ovcunun içinə qoydu və bir neçə dəfə sığallayaraq onun əziyini düzəltməyə çalışdı. Sonra dərindən köks ötürərək:

- Bu otel qəbzindən məndə bir neçəsi də var. Mən onların hamısını saxlayıram. - Otel qəbzlərindən yadigar olmur, düz deyirsən. Amma baxır kimə... Təəssüflər olsun ki, hər bir qəbzin mənim qəlbimdə və həyatımda buraxdığı görünməyən izləri var. Mənim bu mənasız həyatım, kimlərinsə mənalı həyatının boşluğunu doldurmaq üçün, yaşadığımız bu oteldə bizə icazə üçün yazılan iki günlük otel qəbzi kimidir. Onu tullamaq da olar, yadigar saxlamaq da...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!