Azər TURAN
"Qəddar günəş, içimdə hər gün
sənin kimi bir günəş doğmasaydı,
sən məni məhv edərdin"
Uitmen
Cavad fırçasının və düşüncələrinin kvant gücü ilə keçmişə, ilkə sıçradı. Sezanndan, Van Qoqdan, Qogendən başqa aralıqdakı bütün səhifələr, hətta renessans, hətta Antik Yunan səhifələri silindi. Tailand və Birma bütlərinin monumentallığı (və rəngarəngliyi), Tuva balballarının fani əzəməti, Acanta və Tibet kahinlərinin yaratdığı ikonalardan yansıyan rəng qamması, eskimos sənətinin ruhlar aləmi ilə irtibatı, şamanizm... hər şey, hər şey Cavadın təhtəlşüuruna toxunub çilikləndi.
Cavad yaşadığı zamandan tarixin ötəsinə çıxırdı. Burda isə elm tamamlanır, ümid təkcə təhtəlşüura, yaxud şüurardına qalırdı. Heç nə, heç bir səbəb Cavadı Yerə, İndiyə cəzb edə bilmirdi. Onun rəssam fantaziyası işıq sürəti ilə keçmişə - bu torpaqlarda yaşamış insanın ilkin yaddaşına qanadlanırdı. Çünki Cavad üçün qanun - kvantlar idi.
Azərbaycan rəssamlığında modernizm səhifəsi Cavadın timsalında həm də yaddaş kodlarının - semiotik harmoniyanın bərpası ilə başlayırdı. Cavad bizə xalça və miniatür sənətimizdən miras qalmış milli kainatımızın kosmoqonik, paralel dünyaların isə mifoloji mənzərəsini təqdim edirdi. Tablolarına yüklədiyi hədsiz simvolların bir-biri ilə mistik əlaqəsinə görə onu Qogenin Taiti dövrü ilə müqayisə etmək olar. Nuhun, yaxud peyğəmbər-nəqqaş Maninin, yaxud Xəzərlərin gəmisi... Sivilizasiyalararası yaddaş köçü. Afrikadan Pasxa adalarına kimi iri açılmış daş və şüşə gözlər Cavadın sənət zövqünü və fantaziyasını qidalandırır. Özünün bəsirət gözü isə uzaqlara - dünyaya və dünyalara zillənir. Bu gözlərin optik çevrəsi Cavadı bütün iyirminciəsrlilərdən fərqləndirir (bəlkə də çağdaşları arasında onu ilahlaşdırır). Cavad görüb-bildiyimiz dağların deyil, varlığını tarixdən öncə yaşamış və elə tarixin ötəsində də dağılıb getmiş dağların əsl formasını axtarır. Həmin sıra dağları isə bu gün yuxusunda (və dənizin ortasında) görsə də, o dağlar Cavada tanış gəlirdi: "Bəlkə də mən bunu indi yox, əvvəlki həyatımda görmüşəm". Paralel dünyada, yaxud metafizik bir aləmdə yaşayan öncəki Cavad bu dağları bəlkə də milyon il əvvəl görmüşdü. İtirilmiş formaları bərpa etməklə, yəni "qayaların ruhunu, vulkanların cizgilərini, dağların nəhəng formasındakı dinamaizmi" göstərməklə o, nəyə nail olmaq istəyirdi? Cavad qızmar Abşeron günəşinin altında nə üçün Zərdüştün fəlsəfəsindən izlər axtarırdı? Öz spektrini kəşf etmək üçünmü? Bəli, spektri bəlirləmək, özünün də etiraf etdiyi kimi, "aləmi hissiyyatla qavramaq, monumental və tam görmək" üçün həm də Zərdüştün fəlsəfəsi ondan ötrü ideal sənət qaynağı idi. Və təkcə bu da deyil. Cavadın rəssam təxəyyülündə islam təsəvvüfü ilə fransız impressionizmi də qarğaşaya yol vermədən yanaşı dayandı, bir-birinə hopdu. O, postimpressionist Sezannın rəng sistemi ilə islam miniatür sənətindəki "rənglərin sırasını və intim ovqatını" da özünün mifoloji ifadə tərzində birləşdirirdi. Və təkcə bu da deyil. "Əcdadlarımızın bütün dünyada Meksika incəsənəti kimi tanınan və öz əksini daş və rənglərdə tapan dünyabaxışlarını və dünyaduyumlarını Alyaska vasitəsilə Amerika qitəsinə keçirdiklər"i sənətin ruhu da Cavadın diqqət mərkəzindəydi.
Cavadın rəsmlərindəki alov dilimlərinin önündə heyrətini gizlədə bilməyən Oljas Süleymenov "Bütün bunlara siz özünüz fiziki cəhətdən necə dözürsünüz. Elə bil bu beş metrlik dinamikanın içində hər şey od tutub yanır" - demişdi. Sonra Çingiz Aytmatov "Mircavadın işləri mənimçün yeni bir kəşf oldu. Mən hələ bu vaxta qədər rəssamlıqda bu qədər faciə və demonik bir şey görməmişəm" - deyib onu bütün dünya üçün kəşf etdi. 64 yaşlı Cavadın ilk fərdi sərgisi də ölümündən 5 il əvvəl Moskvada (və Çingiz Aytmatovun təşəbbüsü) ilə açıldı. "Qızıl dəvə" Aytmatovun və "Somnambula" (lunatik) tablosu isə Aytmatov vasitəsilə Qabriel Markesin iş otağının divarına qondu. Sonra Artur Miller... Və Cavad dünyanın rəssamına çevrildi...
Markesə həsr etdiyi "Somnambula" tablosundakı rəmzlər vasitəsilə Markesin magik realizmi ilə Mircavadın elə eyni miqyasda magik olan abstraksionizmi birləşir. "Əcdadlarımızın Alyaska yarımadasına keçib, o yanda böyük mədəniyyətin təməlini qoyduqlarına" inanmalı olursan... İndi o mədəniyyət o tərəfdə Markesin, bu yanda isə Cavadın təhtəlşüurunda işıqlanıb sənətdə yeni möcüzə yaradır. Cavad inandırır ki, paralel dünya əslində vahid dünyadır. Beləcə, ötən əsrin səksəninci illərində ədəbiyyatımız dünya ədəbiyyatı ilə həmahəng olmasa da, sən demə, Cavadın rəsmlərinin timsalında təsviri incəsənətimizin qəlbi dünya ədəbiyyatı ilə eyni qütbdə və eyni ritmdə döyünüb.
Cavad haqqında yazımı tamamlamaq istəyirəm. Çünki onun barəsində ən gözəl yazını elə Cavadın özü yazıb və bu yazını yazdıqca anladım ki, elə mən də Cavadın yazdıqlarını təkrar edirəm. Hətta epiqrafda oxuduğunuz Uitmen misrası da Cavadın tapıntısıdır. Özüylə söhbətində (əslində ölümqabağı qələmə aldığı gecikmiş manifestində) Şeytanla söhbətini xatırladır. Şeytan ona inandırmağa çalışır ki, Nəsiminin laməkan, "kövni məkana sığmayan" insanı boş və mənasız söhbətdi. Cavadın cavabı: "Bəs Cordono Bruno? Bəs... Van Qoq, Arto? Onlar öz odlarına yanıb kül olublar..." Sonra Cavad Leonardo da Vinçinin sözlərini xatırlamışdı: "Minilliklər keçəcək, haqqımızda yaranan əfsanələrdən başqa bizdən heç nə qalmayacaq". Özü də dərhal əlavə etmişdi: "Qoy ruhunu şeytana satmış Faust haqqında yox, Prometey haqqında əfsanələr yaşasın!". Cavad da bir Prometey idi. Odu mifoloji Olimplərdən qaçırıb öz bənzərsiz sənətinin spektrinə əlavə etmşdi.
Çingiz Aytmatov onu 1985-ci ildə kəşf etdi. Lakin artıq ölümün havası - Cavadın özünün də dediyi kimi, "pəncərə arxasında qulyabanı kimi soyuqdan üşüyən külək ulamağa" başlamışdı.
Cavad isə hər gün içində necə günəşlərin doğduğunun fərqindəydi...
İndi 1985-ci ilin yanvarı deyil, 2018-ci ilin iyuludur. Rəsmləri öz vətənində belə qəbul edilməyən infarkt və tənha sənətçi Cavad dövrü keçmişdə qalıb. Dünya isə artıq özünün Cavad mifi dövrünü yaşamaqdadır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!