Paqanini musiqisinin fərqliliyi onu dinləyən şəxslərə hər şeyi unutdururdu. Hətta çalğı zamanı huşunu itirənlər də olurdu...
Günel EYVAZLI
Onu İblis adlandırırdılar. Xarici görünüşünün qəribəliyi, çalğısının möhtəşəmliyi hələ sağlığında onun haqqında mifik əfsanələrin yaranmasına səbəb olmuşdu. Bəli, hamı üçün Paqanini qəlbini şeytana satmış, okkultiv elmlərlə məşğul olan cadugər idi. Çünki bu nəhənglikdə qabiliyyət, bacarıq, istedad yer adamına məxsus ola bilməzdi. Buna görə fövqəl gücə, fövqəl istedada malik olmaq gərəkirdi. Elə o səbəbdən də Nikkola hamı üçün sirr olaraq qalırdı.
Dövrünün tənqidçiləri bu genişlikdə papulyarlığı sadəcə şişirdilmiş, şouya çevrilmiş kimi qələmə verirdilər. Halbuki, bu sözləri dilinə alan şəxslər bir dəfə onun çalğısını eşitməklə məftun olurdular. Sonra isə bu heyranlıqdan, qulaqların ilk dəfə eşitdiyi bu möhtəşəm ifadan qorxuya da düşürdülər. İblisin toruna ilişməkdən, Tanrıdan uzaqlaşmaqdan həyəcanlanırdılar. Elə bu səbəbdən də bacardıqları qədər onun istedadının üzərinə qara yaxmaqdan çəkinmirdilər.
Adi, sadə ailədə dünyaya göz açmışdı gələcəyin ulduzu. Sayca ailənin üçüncü övladı idi. Olduqca zəif immunitetə malik idi.
Kiçik yaşlarında atasının məharətlə ifa etdiyi gitaranı, mandolinanı əlinə götürər, simləri heyranlıqla dilləndirərdi. O vaxtar ata bütün gücünü böyük oğlu Karlonun ifasına kökləmişdi. Karloda xüsusi istedad görməyən ata onların ifası zamanı yanlarında əyləşən, həssaslıqla çalğıya qulaq asan Nikkolaya diqqət kəsilir. İlk dəfə beş yaşında ona mandolinada çalmağı öyrədir.
Deyilənə görə, məharətli ifadan vəcdə gələn ata onu çalğı alətləri satılan mağazaya aparır. Mağazanın sahibi 97 yaşı haqlamış qraf Koziom idi. O, çəlimsiz, olduqca eybəcər uşağı görüb, istehza ilə, aləti bu balaca küçük üçün istəyirsən, sualını ataya verir. "Axı o, ən balaca amatidən də kiçikdir. Azyaşlılar üçün nəzərdə tutulmuş gitaranı ötən həftə satmışam. İndi o, nədə ifa edəcək ki?".
Altı yaşlı Paqanini atasına məhəl qoymadan - Qraf nədə çalmağı əmr edərsə! sözlərini dilə gətirir. Qoca o dəqiqə pərdənin yanına yaxınlaşaraq onu açır. Fərqli rəngli, fərqli biçimli simli alətlər - gitaralar, mandolinalar, skripkalar, violançellər Nikolonun gözü qarşısında sərgilənir. Alətlərə acgözlüklə nəzər salan azyaşlı onların arasında ən kobuduna, ən eybəcərinə nəzər salır. Koziom bu baxışları hiss edərək tozlu skripkanı əlinə götürür, mənim 97 yaşım var, mən ömrümün 80 ilini bu alətlərin toplanılmasına sərf etmişəm, buyur, çal görüm necə çalırsan, söyləyir. Ata ağzını sözlə doldurub, biz bura gitara almağa gəlmişik, fikrini dilə gətirməmiş Nikkola kobud skripkanı çiyni və çənəsi arasında sıxaraq əminliklə simləri yerindən oynadır. Əlbəttə, ata bilmirdi ki, evdə olmadığı zamanlarda anası Paqaninini gizli olaraq skripka dərslərinə göndərirdi. Və Nikolo gitarada çaldığı möhtəşəm ifa qədər skripkanı da eyni möhtəşəmliklə dilləndirə bilirdi. Çalğını görən ata susur. Koziom Paqaniniyə yaxınlaşaraq onun körpə əlini gözünün üstünə qoyur. "Bu, amati skripkasıdır. Çalış onu böyük konsert salonlarında çalma. O, elə də güclü deyil", söyləyir. Amma Paqanini dünya səhnələrini məhz həmin gücsüz skripka ilə fəth edir.
Onun ifaları hipper emosional idi. O, səhnəyə qəflətən daxil olardı. Səhnənin gözlənilməz yönündən çalğısı eşidilərdi. Onun kobud, eybəcər siması musiqinin cazibəsindən tamamən fərqli görkəm alardı. O, bütün ehtirasını, çılğınlığını musiqi diliylə bəyan edərdi. Onun uzun burnu, hündür boyu, üzünə tökülən uzun saçları - hər şey musiqinin sədaları altında tamamən ayrı görkəm alırdı. Emosional çalğı xarici görünüşünün üzərinə pərdə salaraq onu, ona tamaşa edən milyonların gözündə cazibədar göstərirdi. Sənət Paqaniniyə parıltı, əbədiyyət, möhtəşəmlik verirdi.
Musiqinin fərqliliyi onu dinləyən şəxslərə hər şeyi unutdururdu. Hətta çalğı zamanı huşunu itirənlər də olurdu. Təsadüfi deyil ki, Borqeze Feliçe Blancini xatirələrində onun haqqında belə yazırdı: "Paqanininin möhtəşəmliyini sözlə ifadə etmək mümkün deyil. Heç kim bu cür ifanı xəyalına belə gətirə bilməzdi. Ona baxarkən həm gülür, həm ağlayır, həm də insanlardan üst olan nəsnələr haqqında düşünməyə başlayırsan. Və bütün bunlar insanın özündən asılı olmadan baş verir. Başqa skripka ifaçıları ilə onun bir oxşar cəhəti - yalnız skripka alətidir".
Əlbəttə, uğurun arxasında həmişə əziyyət və zəhmət dayanır. Yaradanın sənə əta etdiyi bacarığa vergi, istedad adı qoyub da kölgəyə çəkilmək olmaz. Uğurun yolu yuxusuz gecələrdən, çalışqanlıqdan keçir. Onun təhsil aldığı müddətdə necə oxuması haqqında məlumat yoxdur. Sadəcə məktublaşmalarında qrammatik, məna səhvlərini görmək mümkün olur. Amma Paqanini mifologiyanı, dünya tarixini və ədəbiyyatı mükəmməl bilirdi. Həm də gələcəyin parlaq ulduzu əslində doğru-dürüst uşaqlıq da yaşamamışdı. Demək olar ki, onun atası eynilə Motsartın atası kimi dahi yetişdirmək fikrində idi. Saatlarla məşq etmək Paqanininin həyat tərzinə çevrilmişdi. Düzgün ifa etmədikdə isə atasının çubuğu onun başının üstünü alırdı.
Uşaqlıqdan Nikkolanın gözəl musiqi duyumu qabiliyyəti var idi. O, eşitdiyi bütün səsləri skripkanın yardımıyla səsləndirmək istəyirdi. Ondan öncəki musiqi ifaçılarının texnikalarını mənimsəyərək skripkaya yeni çalarlar, akkordlar, dissonanslar gətirirdi.
Paqanininin ən uğurlu konserti Lukkoda olur. Deyilənə görə onun ecazkar ifası dinləyiciləri hipnostik duruma salmışdı. Çalğı zamanı skripka gah quş səsi, gah fleyta səsi, gah da qəhqəhə səsini canlandırırdı. Konsert birnəfərlik ifadan ibarət olsa da dinləyicilər rəngarəng musiqi çalarlarının burulğanında sanki ifaçını orkestr müşayiət edirmiş kimi düşünürdülər. Livornada isə konsert öncəsi ayağını sındıran ifaçı səhnəyə axsayaraq gəlir. Bu hərəkət ən çox da onu sevməyənlərdə, paxıllıq edənlərdə gülüş yaradır. Bədbəxtlikdən emosional çalğı zamanı Paqanininin skripkasının simləri də qırılır. Özünü itirməyən dahi, musiqini bir sim vasitəsilə ifa etməyə başlayır. Bu, uğurun zirvəsi idi. Və Paqaniniyə qədər heç kim bu zirvəni fəth etməmişdi.
Nikkolanun ilk konserti 11 yaşında olur. Vundurkind Nokkola məşhur italyan, dünya musiqisi üzərində öz variasiyalarını ifa edərək ondan yaşca böyük şəxslərin etimadını qazana bilir. Virtuoz musiqiçini bir çox imkanlı şəxslər maliyyələşdirir, təhsil alması üçün vəsait ayırır. Məsələn, italyan zadəganı Cankarlo de Neqro Nikkolanı məşhur violançelist Qirettenin yanına göndərir. Paqanini ondan musiqini öz beynində canlandıraraq çalmağı və alətin yardımı olmadan musiqi bəstələməyi öyrənir. Beləcə, əldən-ələ, müəllimdən-müəllimə ötürülən Paqanini istedadının pik nöqtəsinə qədəm qoyur. Hətta istedadının texnikasının sirrini karyerası bitdikdən sonra geniş ictimaiyyətə çatdırmasını da söyləyir. Bu isə kütlədə ona qarşı daha çox maraq yaradır.
Yeniyetmə çağlarından böyük salonlarda konsert verərək yaxşı pul qazanmağı da bacarır. Altı il ərzində o, dünya səhnələrində yüzlərlə konsert verir. Bəstələrini yol gedəndə, xəstəsi olduğu maniakal oyunların gedişatında, yüngül həyat tərzində bəstələyərdi. Olduqca dəyişkən xarakterə malik idi. Həm çox sadə, həm də çox qəliz idi.
Dünyanı fəth edən Paqanini doğma İtalyasına vərəmə yaxalandıqdan sonra qayıdır. Aramsız öskürək, tez-tez müşayiət olunan pristuplar onu haldan-hala salırdı. O, bu ağrılarla üç il yaşaya bilir.
Musiqiçi Nitsşedə 27 may 1840-cı ildə dünyasını dəyişir. Kilsə Paqanininin yüngül həyat tərzinə görə İtaliyada dəfn edilməsinə yasaq qoyur. Onun balzamlanmış cəsədi iki ay evinin zirzəmisində qalır.
Onu dəfələrlə yerdən-yerə köçürərək dəfn etmişdilər. Yalnız 36 ildən sonra musiqiçinin ruhu rahatlıq tapır. 36 ildən sonra cəsədi Parmada dəfn edilir.
Musiqiçidən bu günümüzə 24 kaprisi, bir çox variasiyaları, opera və balet mövzuları, skripka və orkestr üçün yazılmış altı konserti, gitara və skripka üçün yazılmış sonataları qalıb.
Ömür harmoniyada olduğun müddətdə öz həyati anlamına yetişə bilir. Daxilində özüylə çabası olan, özüylə döyüş edən insan zahirən də sakit simada görünə bilmir. Biz belə insanları tez-tez vurnuxmalarından, narahatlıqlarından hiss edə bilərik. Bəzən belələri ölkələri ölkə ardıycan sıralayır. Kolumb kimi dünya səyyahına çevrilirlər. Amma daxili harmoniyanın olmaması onlara heç yerdə rahatlıq vermir. Çünki belələri özləriylə hesabat aparmaqdan, özləriylə danışmaqdan qorxurlar.
Ölümündən öncə Paqanini istedadının sirrini də açmağı unutmur. Söz verdiyi kimi. Əlində alətin varsa onu yalnız özünü onda hiss etdikdən sonra istədiyin kimi dilləndirə bilərsən, söyləyir. Sən qarşındakının sənə bənzəməsi üçün ona çevrilməlisən. Ağacı anlamaq üçün ağac olmalısan, məsələn. Yəni Paqanini kimi musiqi alətini dilə gətirmək üçün taxta parçasına özünü gömüb skripkanın üzərindəki simlərə çevrilməlisən. O zaman o, sənin istədiyin dildə danışa biləcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!