Vaqif Nəsib SARIHÜSENOĞLU - Xaqani ömrünün yüz misli - Hekayə

İnsanların ömürləri də onların uzunlu, qısalı karvan yollarına bənzəyir. Və günlərin bir günü Əfzələddinin karvan yolu Təbrizdəki Xabi-şüara qəbristanlığında son mənzilinə yetişdi. Ölümünün üçüncü günü şairin məzarı üstə iki bayquş qonmuşdu...

Qoşa qala qapısının şəhərə girişinin sağında müqtədir memar Məsudun iki əl işi var idi. Onlar memar əliylə ram olub, naxışlarıyla göz oxşayan iki daş taxtdan ibarət idi. Hər ikisi də küləklər şəhərinin elçi daşına çevrilmişdi. Birincisi ətraf  xanlıqlardan rəsmi namələrlə gələnlərin elçi daşı idi. Arxalığına da küfr xətlə həmin kəlmələr yazılmışdı. Xoşməramlı gələnlər duz-çörəklə qarşılanar, boş məramlılar mafələrlə yola salınar.

O birisi sevdalılar üçün idi. Qız ağacı-qoz ağacıdı. Keçmişin mizanını əyməməli, salbehə başına dəyməməliydi.

...Günorta əzanı sonrası Axistana xəbər çatdı...

- Elçi daşında bir sevdalı əyləşib... Həmin aşiq Əfzələddin Xaqanidir.

Şah qızılı saplarla işlənmiş xalatı altdan təpədən-dırnağa heyrət əlibisəsi geyəsi oldu.

Xaqanla Xaqani yenidən üz-üzə, göz-gözə gələsi oldu. Şahın qəzəbli baxışları sualını verib, cavabını gözləyirdi.

Ya  Şahanəni lütf elə öz adil əlinlə,

Ya möftin ilə məhv elə öz qadir əlinlə.

Şah onu təpədən-dırnağa bir də seyr edəsi oldu. Qarşısında şairliyi ilə bərabər cəsarət mücəssəməsi, yaraşıqlı bir növcavan dururdu. Şahanəni verib onu əsilzadələr cərgəsinə qatmaq olardı.

Elçi muradına çata bildi. Şah qızına cehiz kimi Şirvandakı zümrüd meşələr arasındakı gözəl köşklərdən birini də bağışladı.

- Hələlik bir müddət orada, güllərlə bülbüllərin vüsala çatdığı yerdə yaşayın. Sonralar ayaqaçdınızı eyləyərik.

Günlərin bir günü həmin köskün gündoğan səmti damına iki göyərçin qonmuşdu. Bəxtiyarlığı ilə məst olmuş Əfzələddinə anasının bir nağılını xatırladırdı:

- Baçılı, baçılı, bilirsən burda kimlər yaşayır?

- Kimlər?

- Dünyanın ən nadir halda vüsala çatdırdığı Şah qızı Şahanə, Xaqan şairi Xaqani.

 

Xəlqani sürgünləri

 

Xəzərdə rus gəmilərinin göründüyü və Axıstanı dənizin tufanlı zamanlarına döndərdiyi bir gündə ona belə bir xəbər verdilər:

- Elçi daşında Əfzələddin Xaqani əyləşib...

Şahın içinin qəzəbindən gömgöy kəsilmiş ən şah dalğası üzündən və sözündən süzüldü.

- Onu yeraltı yolla divanxanaya gətirib xalı altdakı quyuların birinə salın.

Özünün və donanmasının rəisi Həsən ibn Niyazın fəndgir döyüş əməliyyatı sonrası rus gəmilərini Xəzərin sualtı qara qayaları səmtində batıra bilmişdilər (həmin qayaların hər birinə donanmanın sıradan çıxmış gəmilərindən birini zəncirləyib düşməni ora yönəltmişdilər. Bu dəfə sətrənçi çox sevən şah dənizin mavi "taxtası" üzərində düşmənini mat qoya bilmişdi. Gəmiləri suların itiləyib bülövə dönmüş qayalarına dəyib parçalandıqca rus dənizçiləri üzüb canlarını qurtarmağa çalışmışdı. Döyüşü seyr edən sərrast kamançılar onları oxlayıb Xəzəri məzarlarına döndərmişdi.

Qələbə münasibətilə sarayda düzələn ziyafətdə "Segahı"nın sözlərini sərrafca seçə bilməmiş xanəndə Mahin Abid Şirvani özünü işə, unudulmuş şeir müəllifini yada salmışdı. Ziyafət sonrası şah müdriklərin kəlamına riayət edərək bu gününün işini sabaha qoymamışdı.

Əfzələddini quyudan çıxarıb hüzuruna gətirmişdilər. Şairin tük basmış sifətinə, quyuya düşmüş gözlərinə baxdıqda şahın ağlına Qeys dastanı gəlmiş, qarşısında sanki dövrün bir Məcmununu görmüşdü. Xanəgahında yeni bir məhəbbət faciəsinin yaşanmaması üçün əmrini vermişdi.

- Xanəndəni də, şairi də aparıb Şabran qalasına salın. Elə bir köşəyə ki, onların kimliyindən bir bəndə xəbər tutmasın.

Həmin əmrə görə də Xaqaniliyi ləğv edilmiş Əfzələddinlə şahın baş müğənnisi olmuş, zənguləsindən endirilmiş Mahiri dustaqlardan xeyli aralıdakı ruhi xəstələr üçün ayrılmış yarı zirzəmiyə saldılar. Novruz bayramlarının birində veriləcək şahın əfv fərmanlarına qədər onlar gecə və gündüz aralığı alaqaranlıqda ömürlərini sürməli olacaqdı.

***

- Şahanə qızdırma içərisində yanır.

- Təbibbaşı Mütəllib baş çəkibmi?

- Pedəriylə görüşmək istəyir.

Şah qızının hansı atəşlə alovlandığından xəbərdar idi. Amma qızının görüşündən boyun qaçırası olmadı.

Son günlərdə Şahanə şam kimi ərimişdi. Gözlərinin atəşindən həmin ərintinin davam etməsi bilinirdi. Qız atasının dəqiqliyi sevdiyini bildiyindən birbaşa mətləbə keçdi:

- Şah qızı olsam da, həmin yaşıma kimi qızıl qəfəsdə yaşamışdım. Öz sevgilimlə qanadlanıb usmaq istəyirdim. Görünür bizim taleyimizə bunlar yazılmayıb.

Şah qızının Əfzələddinin başına gələnlərdən xəbərdarlığını anlamışdı. Qızına baxıb düşünürdü: yəqin Leyli də Məcnun həsrətiylə qızı şəklinə düşübmüş.

- Fərruxzadla izdivaca razıyam, tək bir şərtlə...

Fərruxzad şahın qardaşı Firudinin oğlu idi. Əslində Əfzələddinlə rastlaşana kimi Şahanə əsilzadə övladları içərisində bir tək onu özünə layiq hesab edirdi.

- Onu Şabran həbsxanasından azad edin. Üstəlik də yeni bir Novruz əfvini gözləmədən. Çünki onun günahı ancaq və ancaq məni sevməyi olub. Üstəlik də qızınız Şahanənin təhrikiylə. Mən ona söylədim: "Hünərin var Şah qızına vurul". O da vurulub, şah fərmanına tuş gəlib qanadlarından vurulası oldu.

Şah bu dəfə də Daşdəmiri Əfzələddin üçün Şabrana göndərəsi oldu. Şahanənin ricasıyla ona xeyli qızıl dinar veriləcəkdi. Onu da Şirvan qəfəsindən buraxıb, irağı-ərəbə yola salacaqdılar. Bütün bunları şahın ən sadiq adamı Daşdəmir yerinə yetirməli idi. Şairlə təkbətək görüşlərində daş adama bənzəyən xəfiyyədən həmin sirr damcıladı.

- Səni şah qızı azad etdirib. Məhəbbətini əmisi oğlu Fərruxzadə qurban etmək hesabına...

Bax onda Daşdəmirin yalnız özü üçün zirzəmidə heyrətinin zəlzələsi baş verdi. Yanındakı xanəndəni itirmiş şair bədahətən ağlına gələn misraları, Mahiri gözü önünə gətirib oxumağa başladı. Demə Əfzələddinin özünün də məlahətli səsi varmış.

Həmişə də, öz yeni qəzəllərini hamıdan gizli, muğamın uyğun gahları üstə özü ifa edirmiş. Son vaxtlarda düşdüyü vəziyyət onun səsinin məlahətini bəlkə də içinə qatdığı hüzn və kədər hesabı xeyli də artırmışdı. Bu da içinə düşdükləri dünya qəfəsdə, şeirdən, musiqidən xəbərdarların əvvəl meydanını bir az sonra da libaslarını hüzn hesabı daratmağa qadir ola bilirdi. Çoxlarının daş bəndə hesab elədiyi Daşdəmir əslində Allah-taalanın bəndələrinin ruhlarının tərbiyəsi üçün bəxş etdiyi həmin sənətlərdən xəbərdarlardan idi. Onun şeirdən, nəğmədən hissləri cuşə gəldiyi zaman bütün selləri və suları içərisindən axır, ətrafındakılardan onların pırıltısı və şırıltısını məharətlə gizlədə bilirdi. Elə Şirvan şahı da əsgərləri içindən bu cavanı həmin məharətinə görə gizli xəfiyyələri cərgəsinə qatmış, sonralar da onların başçısı rütbəsinə yüksəltmişdi.

Axırıncı beytdə xəfiyyəbaşı üzünü yana çevirib şairə kövrəldiyini göstərmək istəmədi.

Xaqani, sevin indi, yarın rəhmə gəlibdi...

Bu dəfə də içindən axan qanların şırıltısını Daşdəmir Allah-taala vergili bir şairdən məharətlə gizlədə bildi. Hamı kimi qarşısındakını daş-qaya hesab edən şair ondan əks-səda gözləmək fikrinə düşmədi. Amma həmişə ömrünün təsirli anlarında öz əks-sədasını içinə verib, bir tək özü eşidə bilən xəfiyyəbaşı bu dəfə özüylə bacara bilmədi. İçində baş vermiş əks-sədası dodaqlarından da qopub Əfzələddinə yetişə bildi.

- Son arzularınızı dilinizə gətirin yerinə yetirə bilərəm.

Halbuki, ona şairi təcili Şirvanın Xəzər sahilindəki qurudan Astar məkanlarının birinə çatdırmaq tapşırılmışdı. Orda onu Təbrizin Naxçıvandan İraqı-ərəbə duz daşıyan karvanlarının birinə qatmalı idi.

Əfzələddin bir xeyli tutulan kimi oldu. Həmin kəlmələri Daşdəmirin kəsdiyinə qulaqlarına inanmadı. Onların qeybdən zühr etdiyini fikirləşdi. Elə ona görə də üzünü Daşdəmirə deyil, gözünü səmaya çevirib dillənəsi oldu.

- Mənim suçum üzrə cəzalanmış müğənni Mahirlə vidalaşmaq istərdim.

Müğənninin yerinə beş barmağı kimi bələd xəfiyyəbaşı şairi həmin məkana çatdırdı. Dili kəsilmiş atanın əlləri havada nə qədər oynadısa, oğlunun yerini deyə bilib qarşısındakıları onun ünvanına doğru yerindən oynada bilmədi. Qapı qonşularından birinin yeniyetmə balası özünü zorlayıb qocanın dilinə çevrildi. (Halbuki, o, əvvəl bu adamlardan xeyir gözləmədiyindən qərara gələ bilmirdi. Buna anicə görə bildiyi Əfzələddinin gözləri səbəb olmuşdu:

- Cəngi meşəsində ağac basdırıb, kömür kəsir...

...Cəngi meşəsində onları bir tək gözlərindən Mahirə bənzəyən bir "həbəş" qarşıladı. Demə onlardan bir az əvvəl basdırdığı odunun kömürlərini üzə çıxarıbmış. Kömür də hərdəfəki kimi bu ağaclara divan tutana öz üz qaralığını verə bilibmiş.

Onlar bir-birlərinə sarılıb bir müddət içərilərindən alışıb yanası oldu. Həmin an zəmanə iki bəndəsini ağacvari yandırıb sanki onlardan kömür kəsmək istəyirdi. Yaxşı ki, Daşdəmir gətirdiyi çeşmə suyuyla yazıqların atəşini söndürə bildi. Bu dəfə qucaqlaşmadan ayrılmalı oldular. Bəlkə də onlar da kömürə dönə biləcəklərindən ehtiyatlandılar.

Mahir dostunun arxasınca səsinin qurudulmuş quyusundan deyil, içinin alov yatağından "Mahur" üstə bir mahnı zümzümə etdi. Və həmin an bunu oxumağı deyil, mahnıdan kömür kəsməsi bildi.

Əfzələddin də yeni bir qəzəlinin kəlmələrini yandırmağa başladı. Həmin qəzəl də zəmanənin kömürə döndərdiyi Şirvanın bir ata və balasına həsr olundu. Əslində bu dəfə o da ilk dəfə olaraq sözləri lələyindən süzdürmür, torpağından yanmış odun kimi çıxarıb kömür kəsirdi. Onlar Daşdəmirlə yollarına düzəldi. Həmin yolçuluqlarında Daşdəmirin özünün də Əfzələddinin daxilində baş verənlərdən xəbərdar ola bilməsi müşküllər müşkülü idi. Artıq, o özünün Əfzələddinliyinə, Xaqaniliyinə üsyanına başlamışdı. Onu başqa qərib ellərə aparan yol üstə tamam başqa adam olmaq istəyirdi. Dünyanın birinci dərvişinə çevrilmək istəyirdi.

...Daşdəmir şairi Sarvana təhvil verdi. Əfzələddin onların danışığından xəbər tuta bilmədi. Yollar yormuş karvanbaşı heyrətini gizlədə bilmədi:

- Ömrümdə birinci dəfə zəncirsiz, qandalsız sürgün olunan bəndə görürəm. Həm də hörmət-izzət və ənamla.

Demə Şirvanşah İraği-ərəbin əmirinə Əfzələddin barədə xüsusi nanə yazmaqdan da çəkinməməişdi. Namədə onu xanəylə təmin etmək, hər ay Şirvan tacirlərdən tutulan rüsumdan dolanışığı üçün məbləğ kəsmək rica edilirdi.

Daşdəmirin zəncirsiz və qandalsız dustaq barədə məlumatı sarvanı yüngülləşdirməli, onun boş su tuluğunu ağırlaşdırmalı oldu. Xəfiyyə özünün bir insan barədə ömründə ilk dəfə bu cür həyəcan keçirdiyinin fərqinə vardı. Həyəcanı ona şairin tuluğunu susuz qoydurub, uzun, əzablı səyahəti müddəti təşnəsinə səbəb ola bilərdi.

- Bu, Şirvanın parlaya biləcək bir şeir günəşidir. Təəssüflər olsun ki, elə günəş hərarətli sevgisi onu şah cəzasına mübtəla etmişdi...

Sarvan bu qaradinməz, yaraşıqlı cavanın şah qızına vurulduğundan, şahın elçi daşına oturub qızını istəməsindən heyrətə gəldi. Ürəyindən keçirəsi oldu, bu adam, əgər şah pələngxanasına atılmaqdan qorxmayıbsa, demək şir ürəyi varmış. Səfərqabağı karvandan diqqətini əskiltməyən bu yollar yorğunu mətləbini ürəyindən keçirdikləri ilə əlaqələndirdi.

- Şairiniz nə qədər şirürəkli olsa da, susuzluğa bu dəvələr kimi davam gətirə bilməz. Ona dolu su tuluqlarımdan birini ərməğan edirəm,  üstəlik, yolumuz üstəki ehsan quyusundan öz tuluğunu da dolduracağam. Onsuz da təşnəsi səhralarınkına bərabər bir şairi qumsallıqlarda od tutub yanmağa qoymayacağam.

Nə yaxşı iki insan arasındakı həmin mənzərəyə Əfzələddinin özü də göz və qulaq şahidinə çevrilirdi. Və həmin söhbət Şabran qalasındakı başqa bir xeyirxah insanı yada saldı - qalabəyini. Qalabəyi ilk baxışdan gizlicə quşunu qondurduğu bu iki yaraşıqlı növcavanın zirzəminin bədgurluğu ilə gec-tez ağıllarını itirəcəklərini fikirləşib bədbinləşirdi.

Amma bir xeyli sonra qulağına nəğmə səsi gəldi və addımlarını həmin səmtə atıb "Segah" üstdəki sözlərə qulaq kəsilməli oldu. İki dərdə mübtala biçarə bəlkə də ürəklərini partlatmamaq üçün yaradıcılıqları vasitəsilə özlərinə baca açmağa çalışmışdı. Biri sevgilisinə yeni qəzəlini yazmış, o birisi ürəyi və səsinin yanğısı ilə onu havalandırmağa başlamışdı.

Şirvanın ən zülmlü dustaqxanasında illərlə qalabəyilik edən, əzabkeşlərdən bircə evində yatmağı ilə seçilən həmin adam həmin gündən, həmin şeirlərlə və ifası ilə dincəlməyi qərarlaşdırdı. Amma həmin şəkildəki müsamirəyə də son veriləsi oldu. Qalabəyi ətrafınadakı xidmətkarlardan biri (aralarında Daşdəmirin xəfiyyələri də var idi) saraya belə bir xəbər ötürə bilmişdi: Şah dustaqları günahlarını hər gün bir az da körükləyir. Şair sevgilisinə yeni qəzəllər yazır, müğənni də onları zəngülələri ilə zilə qaldırır. Elə bil həmin günahlarının mübtəlası olmayıblar.

Daşdəmir həmin xəbəri şaha çatdırası oldu. Çünki şah qızının Əfzələddinin yerini öyrənmək istədiyindən xəbərdar idi (Cariyələrə, hətta hərəmə yolunu sala bilən təlxəyə də ənam verib onları da axtarışına səfərbər etmişdi). Axistan həmin xəbərdən tutulan kimi oldu. Ürəyindən keçirdi: görünür artıq sevgisi Şirvanın yeni Məcnununun qanına qarışıb. Elə qanına qarışdığından indi damarlarından bu sevdanı əmisi Ömər Osman da silə bilməzdi.

Hələliksə təkcə müğənnini cəzalandırmağı qərarlaşdırdı.

- Atam, rəhmətlik Manüçöhr müğənninin atasının asi nəğmələrinə görə dilini kəsdirmişdi. Mən də bunu bir az artıq cəza bilib oğlunu saraya gətirdim. Ənamımı bəlkə əlini dilinə çevirmiş atası üçün ikiqat eylədim. Görünür, bunlar  qanqal xislətli imiş. Köhnə qanqalın üstən yenisi bitə bilibmiş.

Adını çəkdiyinə görə şahın atasına arı vızıltısına bənzər avazla yasin oxuyan Daşdəmirə sərəncamını verdi.

- Xanəndənin təamlarına ilac qatdırıb səs nəhrini quru çay macərasına döndərin. Həmin cəzası sonrası özünü azad edin...

...Günlərin bir günü qurumuş səsinin son damlaları Mahirin gözlərindən süzüldü. Ayrılarkən Əfzələddinə sarılıb xırıltılı səslə söylədi:

- Son nəfəsinə kimi qəzəllərinizi içimdə zümzürə edəcəyəm.

Əfzələddin qarşısındakı cəzalı müğənniyə baxdı. Bir insan bülbülünün qarğaya çevrildiyinin yana-yana şahidinə çevrildi. Səsinin xırıltısı da ovqatını qara qarğaların rənginə çəkdi. Onu ölüm xırıltısına bənzədib, itmiş (məhv olmuş) bir avaza mərsiyə yazmağı qərarlaşdırdı.

Mahir deyilən bir zamanın mahir xanəndəsi özünün və alaqaranlıqda qoyduğu şairin dərdiylə yüklənib Şamaxının Sarıtəpə səmtindəki ata ocağına doğru üz tutdu. Yol boyu necə dolanacağını, dilsiz atasının hayına necə qalacağını düşünürdü. Yeniyetməlik peşəsinə qayıdıb Cəngi meşəsində kömür yandırmaqla məşğul olmağı fikirləşirdi. Əslində ata-bala hər ikisinin talei də kömür rəngində idi. Onlar da insan kösövlərinə döndərilmişdi.

Qalabəyi iki nəhəng çaxmaq daşına bənzər cavanın dərd qığılcımlarının atəşə çevrilməməsinə çalışmışdı.

Sarvanda samanlar içindəki buzlarla saxladığı tuluqlardakı sularla dünyanın ortasında eşqinin ucbatından cəzalanmış bir şairi od tutub yanmağa, insan tonqalına çevrilməyə qoymurdu. Ürəyindən keçirməli olurdu. Bu başlarının tacı insanlıqları olan sarvan kimi adi bəndələr, şahlardan, xaqanlardan insaflı və mürvətli imiş. Kaş ala gözlərinin cazibəsinə düşdüyü Şahanə Şirvanşah Axistanın qızı deyil, adi bir sarvanın balası Sarvanə olaydı.

...Karvan özünün qırx gündüzlük, qırx gecəlik yoluna düzəldi. Və biçarə Əfzələddinin kürəklərinə, Sarvanla tanışlığı sonrası ürəyinə bir az su səpilmiş Daşdəmirin gözləri dikildi. Və ürəyindən həmin sözləri keçirməli oldu: Yeri gəldikdə ən zülmkar şahların da ürəyinin buzlarını əridə bilən Allahım! Ey yeri, göyü bəndələrinə yaşam üçün münbitləşdirən ulu Tanrım, bu bəndəyə rəhmin gəlsin. Onu dəvə üstdə əqrəb çala bilən biçarələrə çevirmə. Gündüz günəşin, gecə Ayın vasitəsilə gözlərin üstündə olsun.

Və həmin an Daşdəmir özünü də karvan yolu üstə ehsanlıq su quyusuna bənzədirdi. Ona elə gəlirdi ki, həmin dualarından şairin boş tuluğuna çeşmə suyu süzülür.

... Şirvanın dərdini dəvələr çəkə bilməyən bir şairinin dəvə üstə qürbət yürüşü başladı. Gündüzlər şair səhraların günəş şəfəqləri ilə qızılı zərrəciklərə çevrilən qum danələrini qurumuş damçılara bənzədirdi. Təşnəsinin özünü də özü boyda qurumuş şair danəsinə çevirə biləcəyini fikirləşirdi. Və eşqi yolunda bunu fədakarlığı hesab edirdi. Karvan onu Şahanədən uzaqlaşdıra-uzaqlaşdıra səhra atəşinə tutur, öz qızmarı ilə körükləyirdi. Gündüzlər, səhra dəmirçi kürəsində bir şairi əridib, ondan yeni bir məxluq düzəltməyə çalışırdı. Artıq o özü də Şahanəsiz miskin bir  şair, bir aşiq kimi yaşamını davam etdirmək istəmirdi.

Ona dağ çəkən səhra gecələri olurdu. Həmin gecələrdə ölü bildiyi səhranın səs-səsə vermiş saysız-hesabsız canlılarına heyrət kəsilirdi. Qumrovların səsi onu daha çox təsirləndirirdi. Onların səsi yüksələndə başqalarınkı avazıyırdı. Əfzələddinə elə gəlirdi ki, gecələr səhra canlılarının hamısı ölmüş qum danələrinə yas tutur. Qumrovlar da səhranın özünə, - ölü dənizə dil deyir.

İkinci gecə onların avazında dəyişiklik hiss etdi. Şairə elə gəldi ki, bu torpaq qınına çəkilmiş canlılar dəvə üstəki bədbəxt bir aşıq və şairdən də xəbər tutmuşlar. Onun nakam eşqinə, eşqin qurbanına çevrilə biləcək canına səhra boyda ağılarını səsləndirirlər...

Yollar qırx-gün, qırx gecə uzandı və Əfzələddini öz eşqində cahanın ən uzun karvan yollarının biriylə uzaqlaşdırdı. Həm də onu Xaqaniliyindən Xəlqaniliyinə apardı.

...İnsanların ömürləri də onların uzunlu, qısalı karvan yollarına bənzəyir. Və günlərin bir günü Əfzələddinin karvan yolu Təbrizdəki Xabi-şüara qəbristanlığında son mənzilinə yetişdi.

Ölümünün üçüncü günü şairin məzarı üstə iki bayquş qonmuşdu. Onların bayquş ulaşı belə eşidilirdi:

- Bəyim, bəyim, üç gündür niyə bu bəndənin məzarı üstə qonur, ulaşırıq?

- Bəyquşum, bəyquşum, çünki burda vətənindən və sevgisindən ən uzaq məsafəylə uzaqlaşmış bir aşiq, bir şair yatır.

- Kimdir o?

- Əvvəli Xaqani olmuş Əfzələddin Xəlqanidir. Ama nə yaxşı şair kimi ölməyib, əlindən qanadına çevrilmiş lələyini salmamışdı. Həmin lələkdən süzülən misraları ard-arda düzülüb Şahanəsinə və sevgili Şirvanına calana bilmişdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!