Aləm Kəngərli - Vətən...Hekayə

...Səfər kişi fikirlər məngənəsindən qurtula bilmirdi. Düşünürdü ki, görəsən, öləndən sonra Allah onun günahlarını bağışlayıb didərgin düşmüş ruhunun öz doğma ocağına - ata-baba yurduna dönməsinə izn verəcəkmi? O, sinsimiş xəyallarının yad ellərdə fəryad qoparıb-qoparmayacağını da bilmirdi. Təkcə onu bilirdi ki, daha ağsaqqala, ağbirçəyə məhəl qoyulmayan bir yerdə yaşamaqdan bezib...

 

Səfər kişi uşaqlıq dostu Kərimin dəvəti ilə Rusiyaya üz tutanda gənc, gümrah və yaraşıqlı bir oğlan idi. Artıq o vaxtdan illər keçmişdi. Qocalıb əldən düşən Səfər kişi hiss edirdi ki, daha əvvəlki gücü, taqəti qalmayıb.

Son vaxtlar ancaq bir şey haqqında düşünürdü: görəsən, bundan sonrakı həyatı necə olacaq? Əvvəllər özünü idarə edə bilirdi; çay qoyur, xörək bişirir, hətta çirkli paltarlarını belə yuyurdu. İndi onun əvvəlki qıvraqlığından əsər-əlamət görünmürdü. Ötən illər Səfər kişinin cavanlığını da alıb aparmışdı. Əvəzində ürəyinə bir dünya qayğı, dərd yükləmişdi; Vətəndən uzaqda olmağın dərdi, Larisadan olan övladlarının gələcək taleyi sarıdan nigarançılıq... Heç cürə çıxış yolu tapa bilmirdi Səfər kişi.

Qızı Marina orta məktəbi bitirən kimi sinif yoldaşı Zaxara qoşularaq Moskvaya getmişdi. Zaxar hərbi xidmətə çağırılandan sonra yataqxanada birotaqlı mənzildə məskunlaşan Vadimin yanına köçüb onunla yaşamağa başlamışdı. Vadimlə nikahları olmasa da, Vera adında iki yaşlı qızları onları bir ailədə birləşdirirdi.

Oğlu İlya Səfər kişi ilə bir yerdə olurdu. Yaşı otuzu haqlasa da, hələ ki evlənmək barədə düşünmürdü. İlya dünyaya gələndə ilk oğul övladı olduğundan Səfər kişi çox sevinmişdi. Lakin uşağın ad məsələsində arvadı Larisa onunla razılaşmadığı üçün qanı bərk qaralmışdı. Səfər kişi oğluna atasının adını qoymaq istəyirdi - Vəli. Arvadı "Şto takoy Vali? Eta imya mne ne nravitsa", - deyib uşağa İlya adını vermişdi. Ovqatı korlansa da, bu ad ona rəhmətlik İlyas əmisinin adını xatırlatdığından barışmaqdan başqa çarəsi qalmamışdı.

Boş vaxtlarını dostları ilə yeyib-içməkdə keçirən İlya subaylığını yaşayır, atasının məsləhətlərinə məhəl qoymurdu. O, məsuliyyətsizliyi üzündən iş yerlərindən tez-tez qovular, çox vaxt bekar qalardı. Atasını çox istəsə də, oğlu onun qulluğunda durmağa ərinərdi. Axı İlya heç özünə fikir verən deyildi, atasına hardan qayğı göstərəcəkdi? Nə yeməyinin, nə də yatıb-durmağının vaxtı-vədəsi bilinməzdi. Nə bu gününü, nə də gələcəyini düşünən adam deyildi. Çox vaxt evə də gəlməzdi. Dost-aşnaları ilə içki məclislərində ilişib qalar, elə oralarda da gecələyərdi. Səfər kişi çox çalışsa da, oğlunu istədiyi kimi böyüdə bilməmişdi. Görünür, İlyanın bu cür tərbiyə almasında yaşadığı mühitin də təsiri az olmamışdı.

İndi, ömrünün qürub çağında dərdi dərdə qarışmışdı Səfər kişinin. Qocalıq ötən illəri daha tez-tez xatırlamağa sövq edirdi onu. Doğulub boya-başa çatdığı eldən ayrı düşməsi, orada qoyub gəldiyi ailəsinin, qohum-əqrəbasının, dostlarının yanında olmaq istəyi ürəyini sızladırdı. Nə qədər götür-qoy edir, ölçüb-biçirdisə, geriyə dönmək üçün özündə bir cəsarət, iradə tapa bilmirdi. Axı yurduna, məmləkətinə necə qayıdaydı? İki körpə qız övladını həyat yoldaşı ilə birlikdə ata-anasının ümidinə qoyub, "işləmək" adı ilə evdən çıxmış və bir daha geri dönməmişdi. "Kaş ki ailəmi atıb gəlməyəydim", - deyə özünü qınayırdı. Sonrakı peşmançılığın faydasız olduğunu anladığı üçün çarəsizlikdən yanıb-tökülürdü.

Səfər kişini fikir aparmışdı. Düşünürdü ki, əgər geri qayıtsa, qonşuların, qohumların artıq qalan yeməkləri, köhnə paltarları hesabına mənəvi əzablar içində min bir əziyyətlə iki övlad böyüdüb ərsəyə gətirən keçmiş həyat yoldaşına nə deyəcək? Hər cür məhrumiyyətlərə dözən, iztirablara sinə gərən, atalarını sifətdən belə tanımayan qəlbiqırıq, boynubükük qızlarına özünü necə təqdim edəcək? Bütün zəhmətə qatlaşaraq qapılarda camaatın işlərinə əl atmaqla oğul böyüdən, illər uzunu övlad həsrətilə gözləri yol çəkən, indi isə yataqda halsız vəziyyətdə qalan xəstə anasının üzünə necə baxacaq? Övlad dərdi çəkməkdən əriyib çöpə dönən, axırda da oğlunun nankorluğundan, vəfasızlığından bağrı çatlayan atasının məzarını hansı üzlə ziyarət edəcək? Ata əvəzi bildiyi Səfərin cavanlıq şəklini bağrına basaraq aramsız göz yaşı axıdan yeganə bacısı Züleyxanın ağarmış saçlarına sığal çəkib yaralı könlünü ovuda biləcəkmi? Bilmirdi. Təkcə onu bilirdi ki, daha Vətəndən kənarda yaşamaq gücündə deyil. Qəriblikdə özünü tənha və kimsəsiz hiss edirdi.

Son vaxtlar Səfər kişinin yuxusu tez-tez ərşə çəkilirdi. Ürəyini göynədən vətən həsrəti onu yatmağa qoymurdu.

"Qızlarımın qarğışı məni niyə tutmadı, İlahi?!" - deyə Səfər kişi dərindən bir ah çəkib qeyri-ixtiyari yenidən fikrə getdi: "Yaxşı, deyək ki, indi birtəhər dolanıram. Bəs beş-altı ildən sonra nə edəcəyəm? Axı burada insanlar bir-birinə həyan olmur. Bəlkə, yorğan-döşəyə düşməmiş intihar edim, canım qurtarsın?" - beynində qəfil bir fikir dolaşdı. Bu düşüncəsindən tez də vaz keçdi. "Əgər ölsəm, məni harada dəfn edəcəklər, hansı cəhənnəmdə basdıracaqlar? Bəs sonra? Məni yad edib qəbrimin üstə gələn tapılacaqmı?... Allah bilir, hansı çuxura atıb üstümü torpaqlayacaqlar. Yəqin ki, dəfndən sonra araqdan vurub özləri üçün şellənəcəklər də".

Günlər ötür, Səfər kişi fikirlər məngənəsindən qurtula bilmirdi. Düşünürdü ki, görəsən, öləndən sonra Allah onun günahlarını bağışlayıb didərgin düşmüş ruhunun öz doğma ocağına - ata-baba yurduna dönməsinə izn verəcəkmi? O, sinsimiş xəyallarının yad ellərdə fəryad qoparıb-qoparmayacağını da bilmirdi. Təkcə onu bilirdi ki, daha ağsaqqala, ağbirçəyə məhəl qoyulmayan bir yerdə yaşamaqdan bezib. Əgər doğma övladları onunla maraqlanmırdısa, başqalarından bir qayğı, kömək ummağa dəyərdimi?!

Vətən, yurd həsrəti Səfər kişini bir an da olsun tərk etmir, çəkdiyi iztirablardan xilas olmağa, rahat yaşamağa qoymurdu. Cavan ikən atdığı səhv addımın cəzasını indi çəkməyə başlamışdı. Çox götür-qoydan, çək-çevirdən sonra qəti qərara gəldi ki, vətəninə dönməlidir.

Arvadı Larisa evdə yox idi. Hardasa vaxtını keçirirdi. Kağız-qələm götürüb qızı Marinaya məktub yazdı: "Maya milaya Maşa! Ya payedu na Rodinu. Navseqda. Mne ne astalsa dolqo jit. Luçşe umeret tam, qde ya radilsya, çem zdes. Jelayu vam sçastya. Çeluyu. Papa". Sonra yatıb yuxuya qalan oğlu İlyaya səsləndi:

- Vstavay, sınok, vstavay. Uje pozdna.

İlya gözlərini ovuşdura-ovuşdura yerindən dilləndi:

- Şto sluçilos, papa? Day spat.

- Dela yest, sınok. Vstavay. Paqavarit nada.

- Sluşayu, papa, qavari.

- İlya, moy radnoy, - deyə Səfər kişi sözə başladı, - tı znayeş, kak ya tebya lyublyu.

- Znayu, papa. A şto? - deyə oğlu cavab verdi.

- Sınok, ya reşil vazvraşatsa na Rodinu. Navseqda.

- Çevo?! V takom vozraste? - İlya təəccübünü gizlədə bilmədi.

- Da, İlya. Da. Ya uje pastarel. Maya jizn na isxode. Pasledniye qodı svoyey jizni xaçu pravesti tam.

- Smatri, papa, tebe luçşe znat. Kak xoçeş, - sonra əlavə etdi, - kaqda sabirayeşsya uyexat?

- Sevodnya.

- A mama znayet? - İlya soruşdu.

- Net, paka ne znayet, - əlindəki kağızı oğluna tərəf uzatdı, - a eta pismo praşu peredat Marine.

- Xaraşo, papa. Peredam. Ne valnuysya, - sonra sözünə davam etdi, - papa, a na çyom payedeş? S poyezdom, ili na samalyote?

- Na çyom papala, - deyə atası cavab verdi.

- Ladna. Ya tebya pravaju.

Səfər kişi hələ yola çıxmasa da, artıq özündə böyük bir yüngüllük hiss edirdi. Elə bil üstündən dağ götürülmüşdü. Axı uzun illər həsrətini çəkdiyi doğma Vətəninə qayıdacaqdı.

Gülümsədi. Günlərdir ürəyini oyan nigarançılıqdan əsər-əlamət görünmürdü. Harda yaşayacağı, necə keçinəcəyi artıq onu maraqlandırmırdı. Müxtəlif suallara cavab axtarmaq fikri də yox idi. İndi onu yalnız bir məsələ düşündürürdü: tezliklə Vətənə qovuşmaq. Cavanlığında oxuduğu və uzun müddət təsirindən çıxa bilmədiyi əsərdən bir epizodu xatırladı. Gərək ki, belə idi: şah əsir götürdüyü müğənni oğlanın oxuduğu mahnını dinləyəndən sonra onun səsindəki yanğının səbəbini Vətənindən ayrı düşməsində görür. "Sənin o yerlərdə ürəyin qalıb", - deyir müğənni oğlana.

Elçinin əsəri olduğunu bilirdi, amma hansı əsəri?.. Heç cür yadına sala bilmədi Səfər kişi. "Gərdişi-dövrana bax..." - deyə gülümsədi öz-özünə. Nə vaxtsa ruhunu sarsıdan alovlu sözlərin hədəfində indi onun özü idi.

***

Bakı vağzalında qatardan endi. Fərəhlə ətrafa nəzər salıb dərindən köks ötürdü. Sonra yaxınlıqdakı boş oturacaqlardan birində əyləşib fikrə daldı. Hava qaralmağa başlamışdı. Hara gedəcəyini, kimin qapısını döyəcəyini bilmirdi. Elə bu vaxt çiyninə bir əl toxundu:

- Səfər?!

Dönüb baxdı. İllərin o tayından boylanan tanış sifəti xatırlamağa çalışdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!