ƏDƏBİYYAT ÜZRƏ 1978-Cİ İLİN NOBEL MÜKAFATÇISI - İsaak Başevis ZİNGER - Üç arzu- Əyyub QİYASın tərcüməsində

İsaak Başevis ZİNGER 1904-cü ildə Varşava yaxınlığındakı Leonçin kəndində anadan olub. Atası ravvinlik edib. Anası da ravvin ailəsində doğulub. Böyük qardaşı İsroel-İeşua Zinger və bacısı da yazıçı olub. Kiçik yaşlarında yəhudi dini məktəbində təhsil alıb. 1923-cü ildə Varşavaya gəlib, amma burada çox qala bilməyib. Əvvəlcə qardaşının nəşr etdirdiyi yəhudi dilli ədəbi jurnalda korrektor işləyib və elə həmin dövrdən ədəbiyyata, fəlsəfəyə, psixologiyaya maraq göstərib. Yaradıcılığa da həmin ərəfədə başlayıb. İlk hekayəsi "Ədəbi yarpaqlar" adlı dərgidə çap olub. Hekayə Tse ləqəbi ilə işıq üzü görüb. Bundan sonra vaxtaşırı çap olunmağa başlayıb. Ədəbi yaradıcılıqla yanaşı, Knut Hamsun, Tomas Mann, Erix Mariya Remarkın əsərlərini idiş dilinə tərcümə edib. 1933-cü ildə "Qlobus" dərgisinin redaktor müavini təyin edilib. 1 il sonra həmin dərgidə "İblis Horayda" adlı ilk romanı işıq üzü görüb. Roman bütövlükdə 1943-cü ildə çap olunub. Zinger 1935-ci ildə ABŞ-a gedib və qardaşının köməyilə həftəlik "Forverst" ("İrəli") qəzetində işə düzəlib. Müxtəlif illərdə "Muskat ailəsi", "Lyublinli sehrbaz", "Vistulanın qurbanı", "İliya" və s. əsərləri çap olunub. Yaradıcılığının mühüm bir hissəsini uşaq ədəbiyyatı təşkil edir. 1969-cu ildə uşaq ədəbiyyatı üzrə Milli kitab mükafatına, 1989-cu ildə Amerika PEN-klubunun mükafatına layiq görülüb. İsaak Zinger 1978-ci ildə "polyak-yəhudi ədəbi ənənələrini emosional sənət səviyyəsində təsvir edə bildiyi üçün" ədəbiyyat üzrə Nobel mükafatı alıb. Yəhudi əsilli Amerika yazıçısı 1991-ci ildə vəfat edib.

 

Üç arzu

Nağıl

Frampol. Bu yerlər belə adlanır. Burada lazım olan hər hər şey var: sinaqoq, ieşiva, əlillər evi, rabbin və bir neçə yüz sakin. Cümə axşamları Frampolda bazarlıq günü olurdu, ətraf yerlərin kəndliləri taxıl, kartof, toyuq-cücə, mal-qara, bal satmaq, əvəzində duz, kerosin, başmaq, bir sözlə, lazım olan ehtiyacları almaq üçün axışıb bura gəlirdilər.

Frampolda 3 uşaq yaşayırdı, həmişə bir yerdə oynayırdılar: Şloymenin, ya da Süleymanın 7, bacısı Esfirin isə 6 yaşı vardı, dostları Moyşe isə Şloyme ilə yaşıd idi.  

Şloyme ilə Moyşe bir məktəbə gedirdi və orada kimsə onlara demişdi ki, Oşana raba vaxtı, Kuşey bayramın son günündə gecə yarısı göy qübbəsi qapılarını taybatay açır. Kim onu görə bilsə 3 arzu istəyə bilər və həmin 3 arzu mütləq həyata keçər. 

Şloyme, Moyşe və Esfir tez-tez bu barədə danışırdı. Şloyme deyirdi ki, onun arzusu adaşı Süleyman şah kimi müdrik və varlı olmaqdır. Moyşenin arzusu rabbin Moşe Maymonid kimi tanınmış din xadimi və ağıllı olmaq idi. Esfir isə çariça Esfir kimi gözəl olmağı arzulayırdı. Bu məqsədlə Oşana raba gecəsini gözləməyə başladılar, qət etdilər ki, göy qübbəsi açılana, arzularını deyənə qədər yatmayacaqlar.   

Uşaqlar tez yatmalıydı, amma bu 3 nəfər valideynlərini yuxuya verib, sakitcə evdən çıxdı, sinaqoqun həyətində görüşüb, göy qübbəsinin qapılarını taybatay açılacağı anı gözlədi.

Bu, əsl macəraya oxşayırdı. Aysız və soyuq bir gecə idi. Uşaqlar haradansa eşitmişdilər ki, cinlər tez-tez gecə yarısı gəzməyə çıxan adamları izləyir və məqam gözləyib onlara hücum edirlər. Kimsə onlara demişdi ki, ölülər gecə keçəndən sonra dua edir, sinaqoqa yığışıb "Tövrat" oxuyurlar. Kimsə təsadüfən gecə sinaqoqa getsə və ölü onu görsə - dəhşətə bax da! - onu öz yanına çağırıb ona "Tövrat" oxudar. Amma Şloyme ilə Moyşe saçaqlı çitit köynək (tərc. rabbinlərin üst geyimi) geymişdi, Esfir isə - biri arxadan, biri qabaqdan - iki önlük taxmışdı. Bu paltarlar onları bəd ruhlardan qorumalıydı. Buna baxmayaraq, uşaqlar qorxurdu. Elə bu vaxt bayquş uladı. Esfir nə vaxtsa eşitmişdi ki, gecə vaxtı yarasalar yuvalarını tərk edir, əgər onlardan biri hansısa qız uşağının saçına ilişsə, o qız 1 il ərzində ölür. Ona görə də Esfir başını yaylıqla sıx bağlamışdı.  

1 saat keçdi, sonra yenə bir saat, yenə biri, amma göy qübbəsi qapılarını açmadı. Amma qəflətən ildırım çaxdı - göy üzünün qapıları açıldı. Uşaqlar Yakobun yuxuda gördüyü mələkləri, pəriləri, huriləri, atəş saçan arabanı və pillələri gördülər. Qanadlı mələklər "İncil"də yazıldığı kimi pillələrin ətrafında uçuşurdu. Hər şey o qədər anidən baş verdi ki, uşaqlar arzularını unutdular. 

Hər kəsdən əvvəl Esfir danışdı:

- Çox acmışam. Şirin kökə olsaydı, yeyərdim.

O dəqiqə qabağında şirin kökələr peyda oldu.

Şloyme bacısının öz arzusunu bada verdiyini başa düşüb, qəzəbləndi.

- Ay axmaq! Yaxşı olar ki, elə özün dönüb şirin kökə olasan!

Və Esfir bir anda şirin kökəyə döndü. Onun məsum sifəti  qırmızı dairənin içindən boylanırdı. 

Moyşe özünü tanıyandan bəri Esfiri sevirdi. Sevdiyi qızın şirin kökəyə döndüyünü görüb, çox təəssüfləndi. Vaxtı itirmək olmazdı. Bir dəqiqə başa çatırdı və Moyşe çığırdı:

- İstəyirəm o, yenə əvvəlki kimi olsun!

Elə də oldu. Göy qübbəsi qapılarını bağladı.

Uşaqlar arzularını boş yerə sərf etdiklərini dərk edib ağladılar.  Zülmət gecə olduğundan evə gedəndə yolu azdılar. Bu yerlər onlara heç tanış gəlmirdi. Frampolda dağ nə gəzirdi. Amma uşaqlar hansısa dağa dırmaşırdılar. Nə qədər aşağı enmək istəsələr də, ayaqları onları çəkib yuxarı aparırdı. Elə bu vaxt qarşılarına ağ saqqallı, nurani bir qoca çıxdı. Qocanın bir əlində əsa, o biri əlində çıraq vardı. Əyninə uzun köynək geyib, belinə enli ağ kəmər bağlamışdı. Güclü külək əssə də, çıraqdakı şam bir qaydada yanırdı. 

Qoca uşaqlara baxıb:

- Hara baş alıb gedirsiz, niyə ağlayırsız? - deyib, xəbər aldı.

Şloyme başlarına gələn əhvalatı qoca danışdı. Dedi ki, bu gecə göy üzünün qapıları açılana qədər oyaq qalıblar, amma sonra arzularını boş yerə bada veriblər.

- Xoşniyyətli arzular heç vaxt bada getmir, - qoca başını bulayaraq, dedi.

- Yəqin cinlər bizi çaşdırdı, yəqin onlar bizə arzularımızı unutdurdu, - Moyşe davam etdi.

- Müqəddəs Oşana raba gecəsində bütün bəd qüvvələr gücünü itirir, - qoca söylədi.

- Bəs onda göy üzü niyə bizimlə belə bir oyun oynadı? - Esfir xəbər aldı.

- Göy üzü heç kəslə oyun oynamır, - qoca cavab verdi. - Amma siz göy üzü ilə oyun oynamaq istəmisiz. Çünki təcrübə toplamadan heç kəs müdrik ola bilməz, oxuyub öyrənmədən bilik qazanmaq mümkün deyil. O ki qaldı sənə, qızım, sən onsuz da qəşəngsən və unutma ki, bədənin gözəlliyi ruhun, qəlbin gözəlliyi ilə tamamlanır. Balaca bir qız dediyin o çariça kimi sadiq ola, xalqının rifahı naminə özünü fəda edə bilməz. Üçünüz də çox şey istədiz, ona görə də heç nəyə nail ola bilmədiz. 

- Bəs indi neyləyək? - uşaqlar qocadan soruşdular.

- Çıxın gedin evinizə və bütün arzularınıza öz gücünüz, öz zəhmətinizlə nail olmağa çalışın.

- Bəs siz kimsiz? - uşaqlar xəbər aldılar.

- Yuxarıda mənə Gecənin Bələdçisi deyirlər, - qoca cavab verdi.

Qoca sözlərini bitirən kimi, uşaqlar yenidən sinaqoqun həyətində peyda oldular. O qədər yorulmuşdular ki, yatağa girən kimi yuxuya getdilər. Başlarına gələn hadisəni heç kəsə danışmadılar.

İllər keçdi. Şloyme bütün diqqətini oxumağa verdi. Çox bacarıqlı və savadlı oldu, tarixdən, maliyyədən, ticarətdən o qədər kitab oxudu ki, axırda polyak kralı onu özünə məsləhətçi götürdü. Hamı ona tacsız kral deyirdi, ləqəbi də polşalı Süleyman şah idi. Tanınmış bir əsilzadənin qızı ilə evləndi, müdrikliyi və rəhmi ilə ad  çıxartdı.

Moyşe həyatını dinə sərf etdi. "İncili", "Təlmud"u az qala əzbərdən bilirdi. Xeyli dini kitab yazdı və adamlar da ona müasir Maymonid deyirdilər.

Esfir də böyüdü, təkcə gözəlliyi ilə deyil, ağlı, savadı ilə də sevilib-seçildi. Qızın valideynlərinin qapısına nə qədər elçi gəlsə də o, yalnız Moyşeni sevdi, Moyşe də - ancaq onu.

Frampolun qoca ravvini öləndən sonra Moyşe onun yerinə keçdi. Ravvinin arvadı olmalıydı və Moyşe öz sevimli Esfiri ilə evləndi.

Toya bütün Frampol camaatı axışıb gəlmişdi. Gəlinin qardaşı Şloyme toya altı at qoşulmuş kareta ilə gəldi, özü də başının nökər-naibi ilə. Orkestr  şən musiqilər çalır, hamı rəqs edirdi. Təzə evlənənlərə çoxlu hədiyyə gətirmişdilər. Gecə keçəndən sonra qonaqlar gəlinlə bir yerdə rəqs etməyə qalxdı. Adətə görə dəsmalın bir ucundan gəlin, digər ucundan digər rəqs edənlərdən biri yapışmalıydı. Birdən kimsə xəbər aldı:

- Hamı gəlinlə rəqs elədi? 

- Gecənin bələdçisindən başqa, hamı, - kimsə cavab verdi.  

Elə bu sözlər deyilmişdi ki, uzun köynəkli, qalın kəmərli qoca peyda oldu. Bir əlində əsa, digərində çıraq vardı. Bəy, gəlin və onun qardaşı qocanı görən kimi tanıdı, amma susdular. Qoca əsa ilə çırağı skamya üstə qoyub, gəlinə yaxınlaşdı, onunla rəqs etməyə başladı. Hamı qocaya hörmət və ehtiram göstərdi. Əvvəllər bu qocanı görən olmamışdı. Orkestr musiqiyə ara verdi. Elə bir sakitlik yarandı ki, yanan şamlardan əriyib axan mumun səsi, pəncərələrin işığına çırpılan cırcıramaların taqqıltısı belə eşidilirdi. Bu vaxt qoca çırağı götürdü, onu rabbin Moyşeyə uzadıb dedi:

- Qoy bu çıraq "Tövrat" oxuduğun vaxt sənə düz yol göstərsin. - Sonra əsanı Şloymeyə verib əlavə etdi: - Qoy bu əsa səni bütün düşmənlərindən qorusun. - Qocanın ağ kəmərindən yapışan Esfirə isə: - Qoy bu kəmər səni hər zaman xalqına, onun ehtiyaclarına bağlasın.

Qoca sözünü bitirib, qeyb oldu.  

O vaxtdan bəri yəhudilər tez-tez Esfirin yanına gəlir, ondan hakimlərin qarşısında onların hüquqlarını müdafiə etməyi xahiş edirdilər. O da hər dəfə qocanın bağışladığı kəməri belinə taxır, bununla da öz xalqına bacardığı köməyi edirdi. El içində hamı ona çariça Esfir deyirdi.

Rabbi Moyşe Qanunların dərinliyini başa düşməyə çətinlik çəkən kimi, mücrünü açır, qocanın verdiyi əbədi çırağı qarşısına qoyur və o an bütün çətinliklərdən çıxış yolu tapırdı. O ki, qaldı Şloymeyə, dara düşən kimi, qocanın əsasını əlinə alır və o an bütün düşmənləri onun qarşısında aciz olurdu.  

Onların 3-ü də qocalana qədər dostluq etdilər. Rabbi Moyşe yalnız ölüm ayağında Oşana raba gecəsi baş verənləri Frampol camaatına açıb dedi.

- Bütün böyük möcüzələr və heyrətli xəzinələr çalışqan adamların yolunu gözləyir. Göy qübbəsinin qapıları elə adamların üzünə hər zaman taybatay açıqdır.

Tərcümə edən: Əyyub QİYAS

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!