Altı il əvvəl belə anlarda onlar bir-birini başa düşür, nakam sevgililər kimi eyni dənizdə boğulmağı arzulayardılar. Ancaq indi belə olmadı...
Altı il sonra o, bir vaxtlar sevdiyi oğlanı gördü. Kafedə, bambuk stol arxasında oturmuşdu, stolun üstündəki güldanda kağızdan düzəldilmiş nərgizlər vardı. Yekə bir vazın içi meyvə ilə dolu idi. Qız onu görən kimi hiss etdi ki, o gözlərini vazın içindəki portağala zilləyib.
Qızın baxışlarını hiss edən oğlan başını qaldırdı. Bu, qeyri-mümkündür! Oğlan onu tanımadı. Qız gülümsədi, oğlan qaşqabağını tökdü. Qız ona yaxınlaşanda oğlan gözlərini bir anlıq yumdu, gözlərini açanda onun üzü işıqlandı. Elə bil qaranlıq otaqda kibrit yandırmışdılar. Əlindəki portağalı stolun üstünə qoydu, stulunu kənara çəkib ayağa durdu. Qız əlini əlcəkdən çıxarıb ona uzatdı.
- Vera! - oğlan bərkdən dedi. - Çox qəribədir! Doğrudan da, əvvəlcə səni tanımadım. Oturmursan? Nahar etmisən? Kofe istəyirsən?
Qız duruxdu, əlbəttə, o kofe içmək istəyirdi.
- Hə, bir fincan kofe içərəm.
Onunla üzbəüz oturdu.
- Vera, sən dəyişmisən. Çox dəyişmisən, - oğlan baxışlarını ondan çəkmədən dedi. - Sən çox yaxşı görünürsən. Sən əvvəllər belə görünmürdün.
- Doğrudan? - qız şərfini yuxarı qaldırıb xəz yaxalığının düyməsini açdı. - Mən özümü yaxşı hiss etmirəm. Özün də bilirsən, belə havanı xoşlamıram.
- Hə, yadıma düşdü, sən soyuğu xoşlamırdın.
- Nifrət edirəm, - o dedi. - Ən pisi də odur ki, köhnə vərdişlər zaman keçdikcə daha da...
- Üzr istəyirəm, - oğlan onun sözünü yarıda kəsib ofisiantı səslədi.
- Zəhmət olmasa, bir fincan kofe və bir dilim tort gətirin!
Sonra üzünü qıza tutub soruşdu:
- Doğrudan heç nə yemək istəmirsən? Meyvə istəyirsən? Bu yerlərin meyvəsi əla olur.
-Yox, minnətdaram. Heç nə yemirəm.
- Elə isə bu məsələ həll olundu, - o dedi və stolun üstünə qoyduğu portağalı götürdü. -Bayaq nəsə deyirdin...
- Hə, deyirdim ki, köhnə vərdişlər zaman keçdikcə daha da möhkəmlənir...
Qızın özünə də çox təəccüblü idi, o hələ oğlanın bir vaxtlar onun sözünü kəsdiyini yaxşı xatırlayırdı. Altı il əvvəl oğlan onun sözünü kəsəndə o həmişə hirslənirdi. O bir söz deyəndə oğlan qəflətən əlini onun dodağına qoyar, tamam başqa şeylərdən danışardı. İndi də sözünü sonacan deməyə imkan verməyib ofisiantı çağırmışdı. Oğlan qızın sözünü eşidib güldü:
- Ah, sən hələ də eyni sözü deyirsən. Yeri gəlmişkən, sənin səsin də heç dəyişməyib. Sənin danışıq tərzin...
Oğlan gedib onun yanında oturdu, qız ondan gələn portağal iyini hiss etdi.
- Sən bir topa adamın içində bircə kəlmə söz desən, mən səni o an səsindən tanıyaram. Heç bilmirəm, niyə sənin səsini tez-tez xatırlayıram. İlk dəfə tanış olduğumuz günü xatırlayırsan? Kev bağlarında, axşamüstü. Mən güllərin adlarını bilmirdim, sən çox təəccüblənmişdin. Onu deyim ki, yenə də eləyəm. Ancaq çox qəribədir, hərdən güllərə baxanda sənin səsin qulağımda cingildəyir: - Ətirşah, gülümbahar, verbena... Yaxşı, de görüm ilk dəfə tanış olduğumuz günü xatırlayırsan?
- Əlbəttə, çox yaxşı xatırlayıram, - qız dərindən nəfəs alıb dedi. O elə nəfəs aldı, sanki stolun üstündəki kağız nərgiz deyil, təbii idi, o da onların iyinə dözə bilmirdi.
Tanış olduqları gün yadında qalan çay stolunun üstündəki absurd mənzərə idi.
Ofisiantlar padnoslarda çay aparır, o isə eşşəkarıları içinə düşmüş manyak kimi hərəkət edir, onlara əl edib deyirdi ki, heç nə istəmir, şlyapasını götürüb onlara baş əyirdi. Həmin gün o biri stolda oturanlar çay içib güləndə qız özünü çox narahat hiss etmişdi.
Ancaq indi oğlan danışanda qızın yaddaşındakı o xatirə bir az zəiflədi. Oğlan düz deyirdi. Həmin gün çox gözəl keçmişdi, ətirşahların, gülümbaharların qoxusu, gün şüaları. Günəş şüalarını fikirləşəndə qızın yadına başqa bir xatirə düşdü. Onlar çəmənlikdə oturmuşdular. Oğlan da onun yanında uzanmışdı, uzun sürən sükutdan sonra o qıza tərəf çevrildi və başını onun dizinə qoyub titrək səslə dedi:
- Kaş zəhər içib elə indi burda öləydim.
Elə həmin vaxt ağ don geyinmiş, əlində su zanbağı tutan balaca qız onlara baxdı, sonra geri dönüb getdi. Oğlan o balaca qızı görmədi. Qız oğlana söykənib dedi:
- Niyə belə deyirsən? Mən belə deyə bilmərəm.
Oğlan qızın əlindən tutub yanağına yaxınlaşdırdı.
- Bilirəm ki, mən səni getdikcə daha çox sevirəm. Ancaq bilirəm ki, əzab çəkəcəm, Vera! Çünki heç vaxt, heç vaxt, heç vaxt məni sevməyəcəksən.
Oğlan o vaxtkına nisbətən daha yaxşı görünürdü. İndi o, o vaxtkı kimi qətiyyətsiz deyildi. Həyatda öz yerini tutan adama oxşayırdı. Hiss olunurdu ki, maddi vəziyyəti də pis deyil. Əynindəki kostyumu bahalı idi. Birdən o cibindən Rusiya siqareti çıxarıb qıza dedi:
- Çəkmək istəyirsən?
- Hə, birini çəkərəm, - o dedi. - Deyəsən əla siqaretdir.
- Hə, əladır, - oğlan siqaret qutusunu cibinə qoyub dedi: - "Müqəddəs Ceym" küçəsində yaşayan bir kişidən almışam. Çox çəkmirəm. Mən sənin kimi deyiləm, az çəkirəm. Çəkəndə isə yaxşısını çəkirəm. Siqaret çəkmək mənim üçün vərdiş deyil, ətir kimi lüks bir şeydir. Yenə də ətirləri xoşlayırsan? Ah, mən Rusiyada olanda...
Qız onun sözünü kəsdi:
- Doğrudanmı Rusiyada olmusan?
- Hə, olmuşam. Mən orda bir ilə yaxın yaşamışam. Yadına düşürmü, biz Rusiyaya getmək haqda danışırdıq?
- Yox, unutmuşam, - qız dedi.
Oğlan güldü və stulun arxasına söykənib dedi:
- Çox qəribə də olsa biz səyahət etməyi planlaşdırdığımız bütün yerlərə getmişəm. Bəli, biz səyahət etməyi planlaşdırdığımız bütün ölkələrə səyahət etmişəm. Həyatımın son üç ilini səfərlərdə olmuşam. İspaniyada, Rusiyada, Misirdə... Çinə getməmişəm hələ. Ancaq müharibə qurtaran kimi ora da getmək fikrim var.
Oğlan siqaretin kötüyünü külqabına basıb söndürəndə sanki qızın sinəsi altda mürgüləyən vəhşi heyvan oyanıb əsnədi, ayaqlarını tərpətdi. Qız heç nə demədi, gülümsədi.
- Sənə qibtə edirəm. Bütün dünyanı gəzmisən.
Oğlan sözünə davam etdi:
- Rusiya çox xoşuma gəldi. Bizim xəyal etdiyimiz kimi idi. Hətta bir neçə günümü Volqa çayında keçirdim. Qayıqda. Yadına düşürmü, sən çox vaxt qayıqçının mahnısını çalardın pianoda?
- Hə, yadımdadır, - qız dedi və xəyalən yenə də həmin mahnını pianoda çaldı.
- O mahnını indi də çalırsan?
- Yox, indi pianom yoxdur.
Qızın sözlərini eşidəndə oğlan heyrətləndi.
- Bəs sənin o gözəl pianon hanı?
Qız alnını qırışdırdı.
- Satdım, neçə il bundan qabaq.
- Axı sən musiqini çox sevirdin, - oğlan dedi.
- Daha musiqi ilə məşğul olmağa vaxtım yoxdur.
Oğlan ona başqa sual verməyib sözünə davam etdi:
- Ah, çay həyatı! Çay qırağında yaşamaq çox gözəldir. Orda bir neçə gün vaxt keçirəndən sonra adama elə gəlir, ordan gözəl yer yoxdur. Yerlilərin dilini bilmək də çox vacibdir. Qayıqçı yerlilərlə ünsiyyət qurmağıma kömək edirdi. Yerlilərlə bir yerdə nahar edir, günü onlarla keçirirsən, gecələr isə musiqi sədaları altında şam edirdik.
Qız duruxdu, bir an ona elə gəldi ki, qayıqçının mahnısını eşidir, qayıq da çayın o biri sahilinə gedir.
- Hə, mən də çay qırağında olmaq istərdim, - o fikirli-fikirli dedi və əlcəklərini tumarladı.
- Şübhəsiz, sən rusların həyat tərzini çox bəyənərdin. Oranın insanları çox səmimi və sərbəstdir. Hətta taksi sürücüləri də insanlara qarşı çox mərhəmətlidir. Yadımdadır, bir dəfə iki dostum və onlardan birinin arvadı ilə birlikdə Qara dəniz sahilinə piknikə getmişdik. Otun üstündə oturub şam etdik, şampan içdik, biz yemək yeyəndə taksi sürücüsü bizə yaxınlaşıb əlindəki bir xiyar şorabasını bizə uzatdı. O, əlindəki şorabanı bizimlə bölüşmək istəyirdi. "Buyurun, götürün!"
Onun hərəkəti mənə çox təsir etdi. Nə demək istədiyimi başa düşürsən?
Oğlan danışanda qız da bir anlıq özünü Qara dəniz sahilində hiss etdi.
Gözləri önünə taksi gəldi, yolun qırağında saxladı, üç nəfər otun üstündə oturdu. Onların üzləri və əlləri Ay işığında ağappaq görünürdü. Onlardan bir az aralıda taksi sürücüsü oturub, balaca süfrəsini dizi üstə qoyub yemək yeyir, sonra ayağa durub onlara yaxınlaşır: "Bir xiyar şorabası götürün" - deyir.
Qız o xiyar şorabasının dadını bilməsə də, başa düşdü ki, bu şoraba çox duzlu olmalıdır.
- Hə, sənin nə demək istədiyini başa düşürəm, - qız dedi.
Araya sükut çökdü. Onlar bir-birinə baxdılar. Altı il əvvəl belə anlarda onlar bir-birini başa düşür, nakam sevgililər kimi eyni dənizdə boğulmağı arzulayardılar. Ancaq indi belə olmadı. Oğlan dedi:
- Sən çox diqqətlə dinləyirsən dediklərimi. Belə baxanda mənə elə gəlir səndən başqa heç kimə ürəyimi açmaram.
Görəsən, o bu sözləri istehzayla deyirdi, yoxsa qız özü belə xəyal edirdi? Qız buna tam əmin deyildi.
- Səninlə tanış olmazdan qabaq heç kimə özüm haqda danışmamışdım. Ah, bir gecəni çox yaxşı xatırlayıram. Bir gün sənə balaca bir yolka ağacı gətirdim və uşaqlığım haqda sənə danışdım. Evdən qaçdığımı. İki gün həyətimizdəki arabada qaldığımı, valideynlərimin arabada gizləndiyimdən xəbərsiz olduqlarını demişdim sənə. Sən onda mənə elə diqqətlə qulaq asırdın ki, hətta mənə elə gəlirdi, sən o balaca yolkanı da mənə qulaq asmağa məcbur etmisən, sehrli nağıllarda olduğu kimi.
Həmin gecədən qızın yadında qalan bir qab kürü idi. Onu yeddi şillinq altı pensə almışdı. Oğlan bunu qəbul edə bilmirdi, elə hey deyirdi ki, necə ola bilər ki, bir balaca banka kürünü belə baha satıblar? Qız kürünü yeyəndə oğlan maraqla ona baxıb şoka düşmüşdü.
- Bu ola bilməz, sanki sən pulu yeyirsən, - oğlan demişdi. - Bir balaca banka kürüyə adam yeddi şillinq verməz. O pulla gör başqa nələr ala bilərdin.
Bundan sonra oğlan hesablama aparmışdı. İndi qız kürüyə çoxdan "əlvida" demişdi.
Birdən qız sevincək dedi:
- İtin adı Bosun idi.
Oğlan onun nə dediyini anlamadı.
- Hansı it? Sənin itin var idi? Mən, ümumiyyətlə, iti xatırlamıram.
- Yox, yox, sən balaca olanda həyətinizdəki iti deyirəm. Sən arabada gizlənəndə yanında olan iti...
Oğlan güldü, siqaret qutusunu yenidən götürdü.
- Doğrudanmı, itin adı elə idi? Mən bunu unutmuşdum. Gör neçə il bundan qabaq olub. İnana bilmirəm ki, biz altı il əvvəl ayrılmışıq. Bu gün səni görəndən sonra keçmişə qayıdıb həmin anları bir də yaşamaq istədim.
Oğlan barmaqlarını stola vurub sözünə davam etdi:
- Tez-tez fikirləşirəm ki, bəlkə mən o vaxt səni çox bezdirdim. İndi isə başa düşürəm ki, sən niyə mənə məktub yazmışdın. Az qala o məktubla həyatıma son qoymuşdun. Bir neçə gün əvvəl sənin yazdığın o məktub əlimə keçmişdi, təkrar oxudum, gülməkdən özümü saxlaya bilmədim. Sən o məktubda sözlə mənim şəklimi çəkmişdin.
Oğlan sözünə ara verdi, başını qaldırıb qıza baxdı:
- Getmirsən ki?
Qız xəz yaxalığının düyməsini bağlamışdı.
- Hə, getməliyəm, - qız dedi və zorla da olsa gülümsədi.
- Ah, getmə. - oğlan yalvardı. - Getmə.
O stolun üstündən qızın əlcəklərindən birini götürdü və əlinə taxdı. Sanki bununla qızı yoldan saxlayacaqdı.
- Hazırkı vaxtda insanlar çox az hallarda özünə həmsöhbət tapır. Bəlkə xətrinə dəyən söz demişəm?
- Yox, qətiyyən, - qız yalandan dedi.
Oğlan qızın əlcəyini ona uzadanda onun hirsi soyudu, çünki o həmin anlarda altı il əvvəlki kimi görünürdü.
- Getmə, qoy bir söz də deyim, - oğlan mülayim səslə dedi. - Kaş mən xalça olaydım, sən getdiyin yola səriləydim ki, sən yoldan keçəndə daşlar ayaqlarını əzməsin, palçığa batmayasan. Mən sehrli xalça olmaq, səni həsrətində olduğun ölkələrə aparmaq istəyərdim.
Oğlan danışdıqca qız başını qaldırıb ona baxdı, sanki nəsə içmişdi. Onun sinəsi altdakı vəhşi sanki yenidən mırıldayırdı.
- Hiss edirdim ki, sən bu dünyada tənhasan, - oğlan əlindəki əlcəyi tumarladı. - Vaxtında dünyaya gəlməmisən.
Ah, ilahi! Gör qız nə edib? Axı o belə bir xoşbəxtliyi özündən niyə uzaqlaşdırıb? Bu dünyada onu bu oğlandan yaxşı heç kim başa düşməyibmiş. Görəsən, çox gecdir?
- Sən sonra heç kimlə dostluq etmədin. Elə mən özüm də. İndi də elədir?
- Hə, - qız dərindən nəfəs aldı.- Eynidir. Mən həmişəki kimi yenə təkəm.
- Elə mən də, - oğlan güldü.
Birdən o, əlcəyi qıza qaytarıb stulunu geri çəkdi.
- Mənə o vaxtlar sirr kimi görünən şey indi aydın olur. İkimiz də eqoist idik. Özümüzə aludə olmuşduq. Ürəklərimizin küncündə başqa bir insana yer yox idi. Bilirsənmi, - oğlan dedi.
O sanki altı il bundan qabaqkı idi.
- Rusiyada olanda beyin sistemini öyrənməyə başladım. Mənə məlum oldu ki, biz heç də başqalarından fərqli...
Qız getmişdi. Oğlan bir neçə an stol arxasında oturdu. Sanki onu ildırım vurmuşdu.
Sonra ofisiantdan çeki gətirməyi xahiş etdi.
- Torta əl dəyməyib, - o dedi. Xahiş edirəm onun pulunu hesablamayasınız.
İngiliscədən tərcümə edəni:
Sevil Gültən
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!