Tarix boyu Şabranın çox şairləri olub, mən sizə 2300 yaşlı bu şöhrətli, tarixi Şərq şəhərinin müasir şairlərindən biri haqqında - gənclik və ahıllıq dostum Ağalar Mirzə haqqında danışmaq istəyirəm. Və təqvimə, təqvimin yanında çıq-çıqı ilə zəhlə tökən, az qala dünyanın sonuncu matəm marşı kimi səslənən saata baxıram; qoca kahinin dediyi vaxta - dünyanın Qiyamət adlı son sirrinə bir neçə saat qalıb və mən əlacsız bir ovqatla, anlaşılmaz bir tələskənliklə bu dünyadan o dünyaya - dostum Ağalar Mirzəyə açıq məktub yazmağa - Əfsanələr paytaxtının daha bir həqiqəti haqqında çoxdankı düşüncələrimi nəhayət ki, dilə gətirməyə başlayıram. Əgər qoca kahinin dedikləri doğrudursa, bu, o dünyaya yazılan sonuncu məktub olacaq... P.S. Məşhur "2012" filminin təsvir etdiyi qaçılmaz Qiyamət sonluğu, o planetar faciələr, şükür Allaha ki, reallaşmadı... Aradan düz altı il keçib. İndi 2018-ci il iyunun 16-sıdır. Altı il əvvəl yazdığım və macal tapıb çap etdirmədiyim bu qəribə məktubu "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm; ən qəribəsi də budur ki, uzaq, postmodernist bir fəhm "Ədəbiyyat qəzeti"nin o dünyada da oxunduğunu zarafatyana bir əda ilə pıçıldayır. Nə bilmək olar, bədii sənətdə, xüsusilə, ədəbiyyatda və kinoda paralel dünyalara, sivilizasiyalararası bağlantılara, təmaslara azmı şahid olmuşuq... Müəllif 16 iyun, 2018-ci il
Qardaşım Ağalar!
Adətən, məktubu bu dünyanın ünvanlarına göndərirlər, mənsə bu məktubu o dünyanın sənli ünvanına üz tutub yazıram. Və 90 yaşlı kahinin dediyi vaxta, yəni 2012-ci ilin 21 iyunu, saat 18.00-ə düz üç saat qalıb. Onun dediyi kimi olsa, düz üç saatdan sonra Yer planetində həyat sona çatacaq, planetar miqyaslı dağılma, məhvolma hadisəsi baş verəcək və Əbülbəşər Adəmdən başlayan neçə min ilin möhtəşəm sivilazasiya marafonuna, bəşəri nəsillər karvanına son qoyulacaq.
Bu məşum, sarsıdıcı sözləri yaza-yaza damarlarımda qanım donur, varlığımda çırpınan ruhum üşüyür. Əslində, "donur" və "üşüyür" sözləri o dəhşətli yaşantıları ifadə etməkdə çox-çox zəif və acizdir. Şabrandakı evimin həyətində uca, silsilə dağlara, quzğun kimi zirvəyə qonmuş 1600 yaşlı Çıraqqalaya baxa-baxa yazdığım o sözlərin çarəsiz məğlubiyyətini aşkar şəkildə gördükcə, ruhum çarmıxa çəkilən İsa Məsih kimi əzab çəkir və qəlbimin uzaq, əlçatmaz, ünyetməz çöllərində didərgin bir duyğunun qiyam qışqırtıları qulaq batırır...
Bəşər tarixində bəlkə ilk dəfədir ki, o dünyaya məktub yazmağın mağmınlığı, Migel de Servantesin məşhur qəhrəmanı Don Kixotu yada salan gülünclüyü də bir tərəfdən məni bezdirir, ayağını dirəyib mane olmaq istəyir, açıq-aşkar "dayan, əl çək bu sevdadan" deyir. Qəlbimin səmalarında həmin o ispan Migel de Servantesin "Quran" ayəsi kimi müqəddəs sözləri qanad çalır: "Həqiqət haradadırsa, Allah da oradadır, çünki həqiqət özü Allah deməkdir". Və dahi Nizami Gəncəvinin "Ərəb əbalı Türküm" adlandırdığı Həzrət Məhəmmədin Merac yaşantılarını, Allahla fövqəlbəşər təmas anlarının möcüzəsini, mütləq - absolyut həqiqətə yaxınlığın möhtəşəm mənzərəsini uzaq bir ilğım kimi duyur, yanğının cəhənnəm istisində dumduru, bumbuz bulaq suyu səadətiylə içirəm...
Ağalar, qardaşım, sən bu sözlərə bu dünyada yəqin ki, inanmazdın, bəs o dünyada, yəni indiki halında necə, inanırsanmı? Yəqin yenə deyəcəksən, zirvələrdən bir qədər aşağı düş, səsini eşidə bilmirəm. Yox, yanıldım, o ifadələri bizim dünyamızda işlədərdin; indi bəlkə də deyərsən ki, bir qədər də yuxarı, zirvələrdən də yuxarı çıx ki, səni eşidə bilim. Axı mən müqəddəs Merac yollarına nabələdəm...
O dünyaya qəfləti gedişinə bircə gün qalmış səninlə Milli Televiziyanın "Ədəbi-dram verilişləri" baş redaksiyasının dəhlizində gəzə-gəzə söhbət edirdik. Deyirdin ki, artıq yükümü yığmışam, ondan çox kitabımda SÖZÜMÜ deyib qurtarmışam... Mən də yarızarafat, yarıgerçək deyirdim ki, sözünü söyləyib qurtarmaq cənab Cəbrayılın gəlişinə çağırış vərəqəsi göndərmək kimi bir şeydir, belə demə...
Sən deyirdin ki, son vaxtlar başqa mövzularda şeir yaza bilmirəm, hara üz tuturamsa misraların içindən ölüm boylanır; bir şeirimdə özümdən ixtiyarsız olaraq yazmışdım ki, "Əzrayıl olanda axı nə olar, qapıma Allahın elçisi gəlib".
Mən yenə zarafata salmağa çalışdım:
- O qədər ölüm-ölüm deyib o kişini narahat edirsən ki, işini-gücünü atıb şeirli anlarında qapına gəlir...
Sən dedin ki, belə şeylərnən zarafat olmaz, Allaha acıq gedər...
Mən soruşdum ki, dünya başdan-başa sərxoş bir səadət ilğımı, zavallı bir zarafatxana meydanı deyilmi?
Sən ciddiləşdin ki, istəyirəm bu anlar, poeziya haqqında bu söhbət yadında qalsın...
Mən də poeziya haqqında söhbətin axarına qoşuldum, maraqla dinlədiyini görüb bir neçə söz dedim:
Hərdən mənə elə gəlir ki, Allah dərgahında qorunan "Lövhi-Məhfuz"da - Əzəli və əbədi qorunan lövhədəki gizli ahəngləri kəşf edəndir poeziya. Əsl şeirlər dünyanın əsl ahənglərini sözlərlə, səslərlə maddiləşdirir, sözlərlə, səslərlə yenidən yaradır, necə deyərlər, görünməzləri görünən, bilinməzləri bilinən edir. Əsl poeziya əzəli və əbədi ahənglərin, duyğusal yaşantıların, xoşbəxtliyin sirlərini, bəlkə də aşkar gizlinlərini insanın və dünyanın gündəminə gətirir. Poeziya bəzən üsyan qaldırır, Yerdə tapmadıqlarının ardınca göylərə,hətta kənar sivilizasiyalara can atır, sirli səfərlərə üz tutur:
Dünya duracaq yer deyil, ey can, səfər eylə...
Belə bir inam da var ki, ilk insan olan Adəm iylənmiş palçıqdan biorobot kimi yaradılmış və Allah öz nəfəsindən üfürərək ruhu ona pay vermişdi; poeziya biorobotun maddidən mənəviyə, robotdan bioya canatımı, Allah nəfəsinin - ruhun sirli ənginliklərində özünü axtarışı, qovulduğu cənnətməkana - ilahi nizama qayıdış əzablarıdır...
Çox dərinlərə getdiyimi görüb gülümsədin, "Ağlama, ceyran balası" adlı şeirini əzbər söylədin və sonra dedin ki, sənin poeziya haqqında danışdıqların dahilərin qismətidir...
Həmin poeziya dolu anları, həmin sirli-sehrli söhbəti artıq neçə ildir ki, unuda bilmirəm...
Bakı Dövlət Universitetinə, təxminən, eyni vaxtda daxil olduq, tələbəlik illərində dostlaşdıq, sonralar taleyin qismətindən bir yerdə işlədik - sən Azərbaycan Radiosunda, mən Azərbaycan Televiziyasında. Daha sonra mənim də müəyyən qədər vasitəçi olmağımla sən Azərbaycan Televiziyasının "Ədəbi-dram verilişləri" baş redaksiyasına gəldin, "Ədəbiyyat" şöbəsində işlədin. Neçə il sonra Azərbaycan Televiziyasında "Xalq yaradıcılığı" redaksiyasının baş redaktoru, daha sonra mənim müavinim oldun...
O qədər də mənası, mənəvi yükü olmayan bu sözləri - qəribə vəzifə xronologiyasını yaza-yaza, əslində, daha böyük mahiyyət, yəni əsl həqiqət haqqında düşünürəm. Etiraf elə ki, bəli-bəli, məhz indi, o dünyada ola-ola etiraf elə ki, sən vəzifəyə, ad-sana, şöhrətə o qədər də biganə deyildin. (Bu anda sənin o dünyanın Adamı kimi sözlərimə necə reaksiya verəcəyin məndən ötrü maraqlıdır. Və duyğularımı sürətlə yazıya köçürməyə can atdığım bu dəqiqələrdə maraq sözünün də yerində olmadığını düşünürəm. Lakin o yerin əsl sözünü tapmağa vaxt yoxdur, qəfil sel kimi çalxanan duyğu axını tələsdirir məni. Bir tərəfdən də gözüm saatdadır, qoca kahinin dediyi vaxta - Qiyamətin başlanacağı o məşum zamana cəmi iki saat iyirmi yeddi dəqiqə qalıb).
Biz, təxminən, 30 il dost olduq. Bu otuz ilin bir neçə ilini küsülü olsaq da, cəsarətlə deyə bilərəm ki, biz yaxşı dost idik. Bəzən hətta küsülü olanda belə dostluğumuz davam edirdi. Yadındadırmı, "Ədəbi-dram verilişləri" redaksiyasının dəhlizində, Xəzərə baxan pəncərə önündə növbəti küsülülükdən sonra söhbət edirdik, qəfildən haradansa şair dostumuz Əjdər Ol peyda oldu və bizim səmimi söhbətimizə uzaqdan ürəklə gözaydınlığı verdi: "Həə, baax, həmişə belə olun, sizə küsmək yox, dostluq yaraşır". Əjdər Ol bizim hər ikimizin yaxın, tale dostumuz idi, varlığında işıq, ümid gəzdirən, gözlərindən sevgi-sevinc paylayan səmimiyyət və səxavət sahibi idi, bizim dostluğumuzun qədrini-qiymətini bizdən yaxşı bilirdi...
Təfərrüatlar əsl həqiqətlər haqqında danışmağa macal vermir. O biri tərəfdən təfərrüatlarsız da keçinmək olmur...
Yadıma düşür ki, günlərin bir günü yeni şeir kitabını avtoqrafla mənə bağışlamışdın və mən də Azərbaycan Televiziyasının "Ekran-efir" qəzetində balaca bir məqalədə o kitab haqqında öz fikirlərimi yazmışdım. O kiçik yazıda sənin ədəbi portret cizgilərini çəkmək, sənin qələmin və qəlbin haqqında düşüncələrimi yığcam şəkildə ifadə etmək (düzü, qəzetin baş redaktoru Məmməd Aslan demişdi ki, 4-5 səhifədən artıq olmasın) istəmişdim. O yazı sənin çox xoşuna gəlmişdi, "Məsələ həcmdə deyil, mahiyyətdədir" demişdin. "Biz Bakıya rayondan ədəbi ezamiyyətə gəldik və burda təzə binə qurduq, təzə soyad yaratdıq, bu əzablı yollarda ömrümüzü çürütdük" sözləri, etirafı həmin yazının qəzetdə çıxdığı günün qismətidir.
Mən dedim ki, Mirzə, (ona adətən belə müraciət edirdim - S.E.) bəlkə, çürütdük sözünü sərf etdik ifadəsiylə əvəz edək?
Sən dedin ki, bu dünyada əbəbi ədalət, həqiqət olsaydı, həmin əvəzlənməyə ehtiyac olmazdı...
Mən dedim ki, bəli, biz hər şeyi sıfırdan başladıq, təzə ev qurduq, təzə soyad yaratdıq, lakin ömrümüzü çürütmədik, palıd kökləri kimi yeni bir başlanğıca, yeni bir gövdəyə dayaq olduq. Sənin oğlun Tural, mənim oğlum Qurban bizim kökümüz - köksümüz üstündə daha rahat baş qaldıracaqlar.
Və sən heç nə demədən, dünyanın dərdləriylə dolan gözlərinlə mənə baxdın, əslində, bu lal baxışlarla, bu sükutlu-susqun qəlbinlə elə çox söz dedin ki, mən o sözlər seylabını hələ də dinləyib, dərk edib qurtara bilmirəm...
Bir vaxtlar "Dəvəçi" kitab-albomuyla bağlı fotoqraf dostumuz Rasim Sadıqov və Firudin müəllimlə birlikdə Dəvəçini başdan-başa gəzməyimizi xatırlayıram. O vaxt biz bu ana yurdumuzu sanki təzədən tanıdıq, hətta deyərdim ki, içimizdəki, ruhumuzun ucqarlarındakı gizli yurd yerini yenidən kəşf etdik. Çıraqqalaya söykənib Dəvəçinin-Şabranın əlçatmaz, ünyetməz yaddaş yollarına boylanırdıq; doğma yurdun şərəfli zirvələrindən keçir, tarixin qanımızda qaynayan yaddaşına salam verirdik...
Saata baxıram, qoca kahinin dediyi vaxta iki saatdan da az qalır. Şabrandakı evimin qapısı ağzında, üzü qoca Qafqaz dağlarına, bu dağların zirvəsində əbədiyyət heykəli kimi qərar tutan Çıraqqalaya baxıram. Öz əllərimlə əkdiyim, neçə ildir övlad kimi qayğısını çəkdiyim cavan ağacların yamyaşıl boy-buxunu, doyumsuz yaşamaq eşqi, bərəkətli bar-bəhərlə sevinmək istedadı gözlərimdə yaşa dönür, dəli Kür kimi sahillərini aşır, yanaqlarımı yandırır. Öz-özümə "yaxşı görək, bəsdir, qurtar bu həvari hoqqaları, sentimental soyuqdəymələri!" deyirəm, lakin bütün xasiyyətinə, qınayan olmasa, deyərdim ki, bütün hisslərinə, duyğu və düşüncələrinə bir qardaş, dost kimi bələd olduğum cavan, yamyaşıl ağacların sual dolu gözlərinə baxıram və həmin sözləri çağırılmamış qonaq kimi qapıdan geri qaytarıram. Və bu yerdə lap qarşımda nazlanan sirli-sevdalı bir məxluqun, cavan gəlin kimi gözəl, nazlı-qəmzəli heyva ağacının qəziyəsini danışmaya bilmirəm.
2-3 həftə əvvəlin beşinci günü, şəhərdəki işimi qurtarıb, efirə gedəcək verilişləri tamam-kamal yerbəyer edib axşamçağı özümü təzə saldığım bu bağa yetirdim. Yol boyu ağacların su təşnəsi duyğularıma dinclik vermir, nagahan bir çağırış ruhumun göylərində qıy vururdu. 120 kilometrlik yolu bu narahat duyğularla başa vurub ağaclarla görüşəndə (adətən, adamlardan, qohumlardan daha əvvəl ağaclarla görüşüb, hal-əhval tuturam) yaşıl tülə bürünən cavan, sevgili heyva ağacını dərd əlində didərgin gördüm; çiçək açmamışdı, qəm qaynağına dönmüşdü heyva ağacı. Baxışlarımla boy-buxununu, yarpaqlarını oxşadım, "Nədir dərdin?" deyə soruşdum, "Sənsiz mən bu bağda necə gəzərəm, necə gülüb-danışaram?" - dedim. "Keçən il bircə heyva gətirmişdin, bu il azı yeddisini istəyirəm, bunları mədəm üçün yox, qəlbim, qədrim, ruhum üçün, sənə olan sevgim, inamım, ümidim üçün istəyirəm; inamımı, ümidimi, qəlbimi qırma, sevgimi-sevdamı sarsıtma" - dedim...
Və səhərisi gün möcüzə baş verdi, bir gecənin içində cavan heyva ağacının kövrək budaqları düyümləndi, yaşıl yarpaqlar içindən dünyanın ən gözəl gülləri gülümsədi - heyva gülləri...
Təkcə heyva güllərinə görə bu Yer planetinin yaşamağa haqqı var!..
Anam Məşədi Gülsura Kalba Xudu qızı toylarda həmişə "Heyva gülü" havasına oynayardı. Günlərin bir günü soruşmuşdum ki, niyə həmişə "Heyva gülü" havasına oynayırsan? Qəribə təbəssümlə demişdi ki, dünyada heyva güllərindən təmiz, təzə nə var ki?! Və bir an sonra baxışlarıyla, gözləriylə qəlbimi qucaqlayıb əlavə etmişdi ki, sən özünü, ruhunu "Qoçəli" havasına köklə, qanın "Qoçəli"yə oynasın. O sehrli söhbətdən bəlkə əlli ildən çox keçib; qəfildən heyrət bütün ruhuma, varlığıma hakim kəsilir; mən özümü tanıyandan, bəlkə əlli ildən çoxdur ki, toyda-şənlikdə "Qoçəli" havasına oynayıram...
Cavan gəlin kimi nazlı, sevdalı heyva ağacına minnətdaram ki, qəfləti bir xatirə işığıyla duyğularımı ana müqəddəsliyinin hüzurunda xoşbəxt elədi. Belə-belə möcüzələrinə, sirli-sehrli sevdalarına görə səni çox sevirəm, gözəlim; eşqinin alovu sönməsin, baxışlarının dumduru işığı əksilməsin, ruhumu çağıran səmavi sözlərin səngiməsin, heyva ağacı!...
Yəqin ki, yenə "özündən hekayə quraşdırma" deyəcəksən; amma dünyanın daşı-torpağı kimi adi, real həqiqət olan bu heyva gülü söhbətinə inanacağına daha çox inanıram; axı sən indi bu dünyadan daha böyük dəyərə, mənəviyyata malik o dünyanın (nədənsə buna qəti inanıram) adamısan. "Adamısan" deyirəm, hərçənd ki, o dünyada bu dünyadan gedənlərin necə adlandırılmaları şəxsən mənim üçün sirdir. Yeri gəlmişkən, günlərin bir günündə, yuxuların bir xoş yuxusunda bu haqda mənə mümkün bilgi versən, pis olmaz...
***
Sənin maşınınla Şabrana səfərimizi, Şabran haqqında söhbətlərimizi xatırlayıram.
Yeni Şabranın müasir memarlığı göz güldürən küçələrində gəzə-gəzə qədim Şabran haqqında söhbət etdiyimiz gözəl bir gün idi...
Deyirdim ki, 2300 il əvvəl gənc Şabran tarix yoluna çıxanda məmləkətin quzeyində Dəmir Qapı Dərbənd adında bir qoca vardı. Sağ əli Qafqaz - Qafoğuz dağlarının belinə dolanmışdı, sol əli Xəzərin - Quzğun - Oğuzhun dənizinin - əzəli Tetis okeanının sirli sularında qərq olmuşdu. Və Dəmir Qapı Dərbənddən - tarixin Hun qapısı deyə nişan verdiyi yoldan keçən Dünya Şimaldan Cənuba, Cənubdan Şimala can atırdı. Dünya o qədim qapıdan keçərək şöhrətli Şərq gözəlinin - Şabranın görüşünə tələsirdi. Qafqaz dağlarının ətəklərində, Xəzərin sahillərində yerləşən bu şöhrətli şəhər yaxın-uzaq dünyanı tilsim kimi özünə çəkirdi, möhtəşəm bir məhəbbətlə səadətin sirli sevdalarından danışırdı. Deyilənə görə, 70 məhəlləsində 70 məscidi olan bu şöhrətli şəhər aborigen türklər, müsəlmanlarla yanaşı gəlmə xristianlara, iudaistlərə, buddistlərə, hətta krişnaidlərə də qucaq açmışdı. Tarixin həqiqət adlı möcüzələrini car çəkirdi, möcüzə donlu həqiqətlərindən danışırdı Şabran. Böyük şair-filosof Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəmə" bənzətdiyi bu şöhrətli Şərq şəhərində sənətkarlıq bəşəri sivilizasiyanın zirvə gözəlliklərini kəşf edir, xüsusilə, tətbiqi incəsənətin ən müxtəlif sahələrində duyğu və dərk fəthlərinə imza atırdı.
Və beş min yaşlı qoca Dərbənd 2300 yaşlı gənc Şabranın misilsiz uğurlarına sevinir, mərdanə bir məhəbbətlə daha böyük uğurlar arzulayırdı.
O uğurlar elə bir məqama gəlib çatdı ki, Şabran şəhəri Şirvanşahlar dövlətinin ilk paytaxtı oldu...
Şabranın mərkəzi prospektində möhtəşəm Şabran yaddaşı haqqında danışa-danışa gəzirdik. O söhbətin sevgi, sevinc, fəxarət dolu göyləri, cənnətməkan yolları hələ də yadımdadır...
Sonra yolumuz Şabranın mərkəzi bazarından düşdü, bazardan keçib köhnə parka çıxmaq, buradakı çayxanada çay içmək istəyirdik; bu ətrafdakı təzə tikililəri görüb xeyli sevindik, şəhərin daimi başağrısı olan bazarda, nəhayət ki, səliqə-sahman yaradılacığına şükür etdik.
P.S. Bu günlərdə yolum yenə o bazardan, o bazarın aşağı tərəfindən düşdü, bizi sevindirən həmin tikililər yarımçıq qalmışdı; yarıya qədər hörülmüş otaqların içini böyürtkan kolluqları əsl cəngəlliyə döndərmişdi; o vaxt ikimiz birlikdə sevinmişdik, bu dəfə tək təəssüfləndim... İstədim ki, dostumuz Aydın Tağıyevə zəng edim, bu yarımçıq tikililər, bu qəribə çağdaş cəngəllik haqqında məlumat alım, niyəsini soruşum, sonra fikrimdən vaz keçdim; Şabranın dünəni və bu günü haqqında yeni bir yazının çağırış səslərini eşitdim... Bir neçə il əvvəl Şabranın hələ də keçilməyən 2300 illiyi ilə bağlı silsilə məqalələr yazıb "525-ci qəzet"də və sonra kitablarımda çap etdirmişdim; o yazıların davamı çağırırdı məni...
***
Əziz qardaşım, 6 il sonra əlavə etdiyim bu kiçik P.S. abzasını çıxmaq şərtiylə indiyə qədər yazdıqlarım, sənə demək istədiklərimin ilk cümləsi, giriş sözüydü. Qoca kahinin dediyi, bütün bəşəriyyətə elan etdiyi müdhiş vaxta cəmi bir saat qalır. Mənə elə gəlir ki, saatlar daha sürətlə işləyir, dəqiqələr daha amansızcasına tələsir və sonun əvvəli qaçılmaz bir girdab kimi yaxınlaşır. Və qəlbimdən bütün kainatda əks-səda verən bir nida qopur: Bəs Məhəmməd Füzuli poeziyası nə olsun?! Bəs Şumer, Elam dillərində yüzlərlə sözü öz varlığını car çəkən, Orxon-Yenisey bəngüdaşlarında, kitabələrində ruhu çiçəkləyən, qəlbi-qanı qaynayan, on min illik Qobustan, daha qədim Gəmiqaya qayaüstü yazılarından səsi gələn, Dədə Qorqud eposunda uluca xatirələri boy göstərən, Sabir "Hophopnamə"siylə qalib bir eşqlə dünya poeziyasına meydan oxuyan, ruhumuzun, milli-mənəvi varlığımızın cənnətməkanı, müqəddəs Ərgənəkon məskəni olan Azərbaycan dili nə olsun?! Bəs on ikinci əsrdə dahi Nizami Gəncəvinin sözlərlə yaratdıqlarını daşlarla yaradan dahi Əcəmi Naxçıvaninin memarlıq möcüzələri, ruhumuzun bakılı Qız qalası, təbrizli Ərk qalası, naxçıvanlı Əlincə qalası, qarabağlı Şuşa qalası, şirvanlı Gülüstan qalası, borçalı yaddaşlı Koroğlu qalası, şabranlı Çıraqqala, Dəmir Qapı Dərbənd... həqiqətləri nə olsun?! Bəs ulular ulusu Təbrizimiz, gözəllər gözəli Bakımız, şəhərlər şəhəri İstanbulumuz necə olsun?! Bəs neçə min illik ruhumuzun naxış-salnamələri olan heyrətamiz xalçalar səltənətimiz, tarın danışdığı muğam zirvələrimiz, sazın dilə gətirdiyi ozanlı-aşıqlı dastan dünyamız, qəlbimizin-qanımızın ana bətni olan, bizi yaradan və yaşadan, sevgimizə heyvagülü təbəssümüylə cavab verən tanrı-təbiətimiz necə olsun?! Bəs Şumer, Elam, Akkad, Etrusk, Misir, hind, Çin... mədəniyyətləri, bəşəri sivilizasiyanın möhtəşəm zirvə uğurları, insanlığa xilas yolları göstərən Tanrı təyinatlı səma kitabları, Adəmdən Məhəmmədə qədər Allah elçilərinin müqəddəs xatirələri necə olsun?...
Bu can çəkişən suallı-nidalı cümlələr caynağında ruhum yaralı göyərçin kimi çırpınır. Saata baxıram, qoca kahinin dediyi vaxta düz yeddi dəqiqə qalır; Allah amanında, ey müqəddəs dilim, ey Zərdüşt-İbrahim sevdalı əzəli ruhum, ey qədim və qüdrətli imperiyalar sahibi gənc dövlətim, ey analarımızın anası Azərbaycanım!
Şabran, 21 iyun 2012-ci il.
Saat 17.53
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!