30-35 ilin sözüdür. Necə deyim, əməlli-başlı vurulmuşdum Rənaya. Belə olacağını ağlıma heç gətirməmişdim. Nə məktəbli olmağımız, nə yaşımızın bir qədər azlığı qeyri-adi ünsiyyətimizə, başqa adla desək, aramızdakı sevgi bağlarının cücərməsinə mane ola bilməmişdi. Hər gün toxunan baxışlarımız, şirindən-şirin söhbətlərimiz, bəzən nəfəsimizin belə bir-birinə qarışması bizi özümüzdən asılı olmadan sevginin gözəgörünməz alovunda yandırmaqdaydı. Yan-yörəmizdə pıçhapıçlar, dedi-qodular da yaranır və alaq otu kimi artırdı. Məhşur məhəbbət qəhrəmanlarına bənzədib bizə atmaca atanlar da tapılırdı. Vecimizə deyildi ancaq. Mən öz payıma deyirəm, kim nə danışırdı danışsın, bax, bu qulağımdan alıb o birindən ötürürdüm kənara. Məhəbbətin sirli gücü gözümdə getdikcə böyüyürdü...
Aman Allah, bu nə deməkdir?! Hüzür mərasimində qarşıma diqqət çəkə biləcək xüsusi bir əda ilə qoyulmuş çay stəkanının üzərində mərhumənin adı həkk olunmuşdu. Heyrətlə gözlərimi dörd edib sağıma, soluma nəzər yetirdim. Dedim bəlkə o birilər də belədir. Yox, heç bir stəkan yazılı deyildi. Amma eyniydi-armuduydu hamısı.
Təkcə mənimki seçilirdi. Niyə? İlk olaraq fikrim uzaqlara gedib çıxdı. Xəyalən cavanlıq dövrlərimi ələk-vələk etdim... Aha, deyəsən, yadıma düşürdü hər şey. Stəkan əhvalatının tarixçəsi uzaq illərdən adlayıb gözlərim önündə dayandı. Özümü itirdim. Ürəyim ölçüyəgəlməz sürətlə döyünməyə başladı. Birdən o günədək heç hiss etmədiyim qəribə hallarla üzləşdim , həm zahirən, həm daxilən.
Mənlə yasa gələn dostum bir göz qırpımında dəyişilən vəziyyətimi açıq-aydın duydu. Böyrümə yüngülcə dürtmə ilişdirdi:
- Nə oldu sənə birdən-birə? Özünü ələ al, camaat baxır.
- Hə... Heç ... nəsə, başım ağrıdı...
Sonra baxışları özümdən kənar salmaq üçün süni də olsa, tez farağat görüntüsü aldım. Və dostuma bildirdim:
- Hər şey qaydasındadır, yaxşılaşdım. Narahat olmağa dəyməz.
Əslində zahiri vücudumu gizlədirdim, batinim isə öyrənib biləcəyim ciddi bir məsələnin həyəcanını, narahatçılığını yaşayırdı. Elə bu daxili təbəddülat içində hüzür mərasimindən çıxdıq. Dostum sakit bir məqamı fövtə vermədi, dedi:
- Yekə kişisən, danış görüm sənə nə oldu orda? Niyə əlüstü şok vəziyyətinə düşdün?
Anladım ki, dostum stəkandakı yazının fərqinə varmayıb. Çünki necə deyərlər, burnuna azacıq qoxu sızsaydı, əl çəkməyəcəkdi. Bələdəm xasiyyətinə. Ona görə də yüngül qurtardım dostumun qarmağından. Suallarına da "başım ağrıdı","ürəyim sıxıldı" deməklə kifayətləndim. Ertəsi gün ikinci dəfə həmin yasa getdim. Bu dəfə ayrı bir tanışımla. Hüzürün üçüncü günüydü. Ehsana düşməyək deyə tez getdik yasa. Boş yer tapıb əyləşdik. Heç bir dəqiqə çəkmədi ki, dünən mənə çay gətirən oğlan qarşımda peyda oldu. Padnosdan götürdüyü stəkan-nəlbəkini yenə gözə dəyəcək bir ironiya ilə mənə tərəf uzatdı. Mən isə birlikdə gəldiyim yoldaşımın yaşını nəzərə alıb çayı onun yanına qoymaq istəyəndə oğlan tez-tələsik dilə gəldi:
- Xeyr, xeyr! Dayanın! Hərənin öz qisməti var. Onunku bax, budur, verirəm... Siz öz çayınızı için.
Dillənmədim. Fikirlər məngənəsində susdum. Sonra çaypaylayan oğlan demiş, "öz qismətimi" yaxınıma çəkdim. Qeyri-ixtiyari stəkanı fırlatdım. Bu dəfə də həmin stəkan!... Vay sənin... Həqiqətən də burda nəsə bir iş var. Ancaq növbəti dəfə özümü itirmədim. Soyuqqanlılıqla stəkanı gözdən keçirdim. Mərhumənin adı oyularaq yazılmış və üstünə Günəş rəngi çəkilmiş tərəfini nəzərimdə saxladım. Həm də qarşımdakılar görməsinlər deyə belə etdim. Əllərimi də tez-tez eyni məqsədlə hələ buğlanmaqda olan stəkanın yan-yörəsinə tuturdum.
Hüzür yerindən ayrıldıq. Mənimlə bahəm gələn yoldaşım heç nə duymadığından içimi yandırıb-yaxan mövzuyla bağlı sual-filan yağdırmadı üstümə.
***
Aradan bir neçə gün ötmüşdü. O məsələni qəlbimdə hey üzüb-düzür, düşüncələrə dalırdım. "Rəna" adının həkk olunduğu gözoxşayan armudu stəkanın məxsusən mənim qarşıma qoyulması təsadüf sayıla bilərdimi? Özü də ikinci dəfə təkrarlanması, habelə, stəkanı mənimlə birgə gələn tanışımın yanına çəkdiyim anda çaypaylayanın "hərənin öz qisməti var" deyə təlaşla səslənməsi təsadüfün yoxluğuna növbəti işarət deyildimi? Görünür, bu işdə, təkrar söyləyirəm: nəsə bir əl fırlanır. Çaypaylayansa əslində bu hadisənin içindədir. Söz yox ki, xəbərsiz deyil bunlardan. Onu tapıb əməlli-başlı sorğu-suala çəkməliyəm, - deyə ürəyimdən keçirdim.
Sir-sifətindən də tanıyırdım onu.
Stəkan əhvalatı varlığıma büsbütün hakim kəsilmişdi: Necə olub vaxtilə mənim əllərim toxunmuş o stəkanı indiyədək saxlayıblar? Çox maraqlı və heyrətamizdir, deyilmi? Mütləq öyrənməliyəm.
Artıq hər şeyi, ev-eşik qayğılarını, fərdi iş-gücümü arxa plana atmışdım. Fikirlərimi yalnız bu olayın çözülməsinə tuşlamışdım. Vaxt itirmədən oğlanın yaşadığı məhəlləyə getdim. Sən demə, Rənagil onlarla qapıbir qonşuymuşlar. Birevli olublar. Ələlxüsus da çaypaylayan oğlanın böyük bacısı Zərifə onunla lap ana-bacı kimi idilər. Sirlərini bir-birindən gizlətməzdilər. Necə deyərlər, dəli bir maraqla evlərinə adam göndərdim, oğlanı çağırmasını xahiş etdim. Çox heyif, olmadı evlərində. Dedilər yasın üçü gününün səhərisi Türkiyəyə yollanıb. Övqatım pozuldu. Hövsələmə heç vaxt dilimə vurmadığım acı bibər qatıldı sanki.
Amma ümidverici məlumat da eşitdim: "Ayın sonunadək oğlan gələsidir. Xəbər verərik tapar sizi". Sevincək nəm-nişanımı, iş yerimi xatırlatdım. Gözləyəcəm, - deyə dönə-dönə vurğuladım.
Gecəli-gündüzlü gözdə-qulaqdaydım. Onun qohumları, tanışları hesab etdiyim adamlardan gözümə sataşdıqca, səbrimi basa bilməyib gəlib-gəlməməsi haqda soraq tuturdum. Hələ ki, xəbər-ətər yoxuydu... Nəhayət, birdən iş yerimin nimdaş qapısı açıldı. Elə bildim dünyanı mənə bağışladılar: Özüydü, həmin çaypaylayan oğlan!
Bir göz qırpımında yerimdən sıçrayıb görüşdüm və münasib yerdə əyləşdirdim. Yaş fərqimizi unudub köhnə, həmyaşıd dostlar kimi hal-əhval tutdum. Xatırlamıram ki, bu vaxtacan hansı bir yaxınımla beləcə mehriban görüşməyim, dil-ağız etməyim olsun. Elə bil qənşərimdə mənə dünyanın indiki dillə desək, qlobal sirlərini faş edəcək şəxs dayanmışdı. Uzun-uzadı xoş-beşə nöqtə atıb əsas mövzuya keçmək istəyirdim. Hiss edirdim ki, o da məni anlayır və gözlədiyim söhbətə başlamağa tələsir. Bu an o, özünü bilməməzliyə qoyub ilk sualını dilə gətirdi:
- Deyirlər məni əlimyandıda axtarmısınız? Nə yaxşı?
Mən də özümü o yerdə qoymayıb müqəddiməsiz -filansız ürəyimdəkiləri tökdüm bayıra:
- Yəqin yas mərasimi yadından çıxmayıb. Bax, həmin hüzürdə ad yazılmış stəkanda çay gətirdin mənə...
- Hə, elədir, gətirdim.
- Çox gözəl.. İndi sualıma cavab ver görüm, yasın ertəsi günündə də eyni stəkanın mənə düşməsi və yenə sənin tərəfindən verilməsi təsadüf idimi, yoxsa, yox?
- Xeyr, təsadüf deyildi.
- Aha... Elədirsə, xahiş edirəm hər şeyi təfsilatı ilə açıqlayasan.
- Rəşid əmi, əslində mən sizi yasdan sonra görüb danışmalıydım. Ancaq iş elə alındı ki, təcili olaraq Türkiyəyə getdim, görüşə bilmədik... Gördüyünüz və çay içdiyiniz o yazılı stəkanı bacım Zərifə vermişdi mənə. Onun ölümündən bir neçə gün əvvəl. Stəkanı Rəna xala rəhmətlik özü əmanət etmişdi bacıma. Bərk-bərk tapşırmışdı ki, qardaşına verərsən, gizli saxlayar. İşdi, Rəşid yasıma gələrsə, həmin stəkanda qardaşın çay süzüb aparar ona. Ancaq kimsə duyuq düşməmək şərtilə. Yasdan dərhal sonra isə o stəkanı Rəşidə çatdırar. Həm də and verdirib demişdi ki, əgər Rəşid stəkanı götürməsə, gözünün qabağındaca daş üstünə qoyub çilik-çilik edin. Bizim nakam məhəbbətimiz kimi.
Cavan müsahibim bunları söyləyib birdən-birə susdu. Mənimsə içimin dərinliklərinə sığınıb yuva salmış, üstünü qalın toz-duman örtmüş baldan şirin xatirələrim çözələnib qarşıma səpələndi. Düzdür, artıq o şirinlikdən əsər-əlamət yoxuydu. Əbədiyyətə gömülmüşdü hər arzu-istəyim. O xatirələri indi əvəzləyəcək yalnız acı göz yaşlarım və ürək sızıltılarımıydı.
Qəm içində özümdən xeyli kiçik həmsöhbətimə dübarə diqqət kəsildim... və dilləndim:
- Sən Allah, ağzına qıfıl vurma, söylə. Daha nə bilirsən bu haqda? Nə danışıblar sənə? De da, niyə utanırsan?
Hətta zarafata keçdim:
- Kənan, (onun adı belə idi) utananın oğlu olmaz deyiblər ha...
- Rəşid əmi, mamamın canı, utanıb-eləmirəm. İntəhası, bacım nə demişdi, hamısını da çatdırdım. Başqa nə deyim? Bir də axı bacımın əsas tapşırığı oydu ki, stəkanı mən özüm gizli saxlayım və onda sizə çay süzüb verim. Bunu da min şükür, bacardım. Kimsə duyuq düşmədi.
Ürəyim qan ağlasa da sifətimə xoş bir təbəssüm çiləyib Kənanın başını sığalladım: - Demək, komandanlığın əmrini can-başla yerinə yetirmisən, eləmi? Afərin olsun sənə, əsl qəhrəman əsgərsən!
O, da incə yumorumu anlayıb gülümsədi:
- Elədi ki var, cənab Rəşid əmi, - deyə xüsusi bir ədayla cavab verdi.
30-35 ilin sözüdür. Necə deyim, əməlli-başlı vurulmuşdum Rənaya. Belə olacağını ağlıma heç gətirməmişdim. Nə məktəbli olmağımız, nə yaşımızın bir qədər azlığı qeyri-adi ünsiyyətimizə, başqa adla desək, aramızdakı sevgi bağlarının cücərməsinə mane ola bilməmişdi. Hər gün toxunan baxışlarımız, şirindən-şirin söhbətlərimiz, bəzən nəfəsimizin belə bir-birinə qarışması bizi özümüzdən asılı olmadan sevginin gözəgörünməz alovunda yandırmaqdaydı. Yan-yörəmizdə pıçhapıçlar, dedi-qodular da yaranır və alaq otu kimi artırdı. Məhşur məhəbbət qəhrəmanlarına bənzədib bizə atmaca atanlar da tapılırdı. Vecimizə deyildi ancaq. Mən öz payıma deyirəm, kim nə danışırdı danışsın, bax, bu qulağımdan alıb o birindən ötürürdüm kənara. Məhəbbətin sirli gücü gözümdə getdikcə böyüyürdü.
O gün gəlib yetişdi ki, orta təhsilimizin son ili də arxada qaldı. Hər ikimiz məzun olmuşduq. Rəna dərslərində zəif idi. Ali təhsil almaq fikrindən xeyli kənardaydı. Əslində mən də ondan qalıcı deyildim. Güc-bəla ilə bitirdim on biri... Lakin özümü gələcəkdə ali təhsilli kimi görmək istəyi nədənsə bir nömrəli hədəfimə çevrilmişdi. Qəbula gedəcəyimi ona açıqlayanda, qızın gülərüz, parlaq sifətindən əsər-əlamət qalmadı. Pəri-puru qırıldı.
Mənə cavabı da qəribə oldu:
- Aləmi güldürmə özünə, səndən oxuyan çıxar?
Gözləmədiyim sözlər məni tutdu:
- Niyə çıxmır, - dedim.
Pərtliyimi duyub mənə sığındı və:
- Rəşid, sənə qurban, incimə. Sözgəlişi elə dedim. Yəni istəyirəm məndən uzaq düşməyəsən. Əsgərliyini sov, ailə quraq, xoşbəxt yaşayaq. Nə çoxdur iş. Bilirəm, hər sənət də Allaha şükür, əlindən gələr. Aciz-avara deyilsən ki. Guya ali məktəb bitirməsən yaşaya bilmərik?!
Təəssüf ki, mən sevginin dərinliyinə varmadan onun fikrinə qarşı çıxdım. Tərslik etdim. Qırımımı hiss edib - Nə deyirəm, oxuyacaqsan, oxu, - dedi. Ardınca gülə-gülə əlavə etdi: - Mən də böyük Rəbbimə dualar edəcəyəm, heç instituta qəbul ola bilməyəsən. Həmişə mənim yanımda qalasan.
Ürəkdən qəhqəhə çəkdim və onu bağrıma basmaq istədim. O tez özünü kənara atdı.
***
Ali təhsil almaq marağı ilə Bakıya üz tutdum. Döşümə yatan ixtisaslardan birini seçdim. İlk imtahanda bəxtim gətirdi. Bir "üçlə" canımı qurtardım. Amma ikinci sınaqda bəxt dediyim şey üzümə gülmədi, kəsildim. Elə o andaca Rənanın qəbul olunmamağımdan ötəri "dualar edəcəyəm" deməsi yadıma düşdü. Qeyri-ixtiyari dodaqlarım qaçdı... demək, mənim kor-peşman rayona qayıtmağım Rənanın ürəyindən xəbər verəcək. Hələ üstəlik aparacağım kiçik hədiyyə də onu sevindirəcək. Hədiyyəmsə, adicə bir armudu stəkan idi. O adi stəkana "Rəna" adını həkk etdirib qeyri-adilik yaratmışdım...
Rənanın adı yazılmış stəkan artıq əlimdəydi. Onun hədiyyəyə görə deyəcəyi sözləri də təxmin etmişdim:
- Rəşid, bizə gələndə sənə bu stəkanda pürrəngi çay süzəcəm.
Elə fikirləşdiyim kimi də oldu. Amma o, ürəyindəkiləri bir qədər başqa tərzdə çatdırdı:
- Təki Allah bizi ayırmasın, Rəşid. Gün o gün olsun elçi göndərəsən, razılıq alınsın. Evimizə birinci gəlişində bax, bu stəkanda sənə öz əllərimlə şirin çay verəcəm.
- Canım Rəna, mən də səbirsizliklə o günü gözləyirəm.
***
Sözün qısası, ona çox bağlanmışdım. Lap çox. Adi cümlələrlə necə ifadə edim axı fikrimi... Qəribədir, tanıdığım yaxın, uzaq qohumları da mənə şirin və doğmaydı. Onların evləri, o evin yan-yörəsi, yalan olmasın, məhəllələri belə gözümə müqəddəs məkan kimi görünürdü. Binalarının qarşısında başqa ağaclardan seçilən yaraşıqlı narbənd ağacı əkilmişdi. Görənlər bilir, əslində bütün narbənd ağacları gözəl və cazibədar olur. O isə mənim aləmimdə tam fərqliydi. Çox sevirdim o ağacı. Həm də qibtə edirdim ona. Bəzən paxıllığım da tuturdu... Narbəndi deyirəm ee.. Çünki o, ürəyimin sevgisini tamamilə ram etmiş Rənanı hər gün görə bilirdi. Onun başına, bədəninə kölgə salır, onun səsini dinləyir, məhəbbəti aşıb-daşan qəlb aləminin döyüntülərini eşidirdi. Necə də qibtə etməyəydim ağaca?..
Sizlər yəqin həyatda, yaxud telekanallarda dənizdən boy verən Günəşi diqqətlə seyr etmisiz... Gülməli də olsa, deyəcəyəm, mən isə sevdiyim qızın yaşadığı binanı, o ərazini dəniz kimi təsəvvür edir, özünü isə sulardan qalxan böyük Günəşə bənzədirdim. Məhəbbət doğrudan da həddən ziyadə cazibəli, həm də müəmmalı bir romantikadır. Baş açmaq, sirlərini anlamaq çətindir. Ürəyim doludur. İstəsəm uzun-uzadı danışaram bu haqda. Lakin yox... Sizi də yormaq fikrindən uzağam. Yer üzündəki hər bir oğlan və qıza sözün doğru mənasında əsl aşiq-məşuqluq arzulayıram. Mənə sonadək qismət olmadı. Yarıda qaldım.
Tez-tez xəyallanıram... deyirəm əgər o insanla ailə qursaydım, nə qədər şən və firavan həyat qazanardım. Bəlkə də yox.. Ax, necə bəd gəldi dilimə. Günaha batdım. Məncə saf sevgi itəsi-batası bir oyuncaq deyil. Olsa-olsa şəraitə, yaşa görə zahiri əlamətlərini, görüntüsünü dəyişə bilər.
Bir də axı, dəqiq nə deyim... Əsl sevgiylə ailə həyatını yaşayanlar bu sadaladıqlarımın məndən də yaxşı izahını verərlər. Mənsə uzaq düşdüm o xoşbəxtlikdən. İndi içimin dərinliklərində qaysaq bağlamış iri bir dərdi daşıyıram. Qəbir evinədək də aparacayam o ağır yükü.
Bizim ləkəsiz, saf eşqimiz çoxlarının yuxusunu qarışdırmışdı. İstəməyənlərimiz barmaqla sayılası deyildi. Elə biz tərəfdən də, onlar tərəfdən də. Qulağıma dəyən səslərdən anlayırdım ki, Rənanı sıxma-boğmaya salanlar yağışdan sonrakı göbələklər qədərmiş.
Ona görə də son səfər Bakıya getməyimi bildirəndə, Rəna göz yaşlarını toparlaya bilmədi:
- Məni artıq zorla başqasına ərə vermək istəyirlər, Rəşid, - dedi, gəl bu daşı ətəyindən tök. Elçilərini göndər, onda bəlkə bizimkilər insafa gəlib yumşaldılar, fikirlərindən vaz keçdilər.
Bir görün mən nə etdim:
- Bir az da döz, qəbul olunmasam, qayıdan kimi, anamgili sizə göndərəcəyəm. Mütləq, arxayın ol, deməklə sevdiyim qızın qarşısında vəzifəmi bitirmiş sandım.
Əslində qəbul olacağıma elə də əmin deyildim. Bəs onda niyə onun ürəyindən qopan fəryadına məhəl qoymadım? Bəlkə bizi Yaradan belə edirdi ki, sevgimiz baş tutmasın, ayrılaq bir-birimizdən. Yox, yox, bu, qətiyyən olmazdı. Hələ uşaqlıq zamanımdan eşidərdim ki, Tanrı həmişə bir-birini sevənlərin tərəfində durur. Mənə görə ağlım indi-indi belə kəsir ki, kimin sevgisi daşa dəyirsə, əksər halda öz səhvləri ucbatından qurbana çevrilir...
Axırıncı dəfə institutdan kəsilib qayıdanda nə eşitsəm yaxşıdır?! Rənanı məcburən nişanlayıblar. Oğlan da onun atasının uzaq qohumlarındandır. Milis sistemində çalışır... Biçarə qız qəti etiraz edib. Hətta özünü öldürmək həddinə çatdırıbdır. Güc-bəla ilə xilas ediblər.
Eşitdiyim o xəbər məni büsbütün sarsıtdı. Dəli olmaq dərəcəsinə gəlmişdim.
Aylar, illər ötüşüb arxada qaldıqca, həyata, insanlara qarşı baş qaldıran mənasız nifrətim də bir qədər səngiyir, başlıcası isə özümün buraxdığım səhvləri, bivecliyimi duymağa, saf-çürük etməyə başlayırdım. Özümün özümə qəzəbim tuturdu. Hələ işə bax ki, bütün dünya üçün ən ali dəyər sayılan oxumağı, kitabları da rəqib gözü ilə görürdüm. Nişanlanma hadisəsindən sonra bir kitaba belə yaxın düşmədim. Onların hamısını Rənanı məndən qoparan fitnə, fəsad sanırdım...
Yüz faiz səhvim idi ali təhsil almaq xəstəliyinə yoluxmağım. Məni Əli aşından da qoydu, Vəli aşından da. Hara yetər, qurtardı, bitdi artıq sevgim. Sevincim də sevgimlə bərabər uçub yox oldu.
Sonradan həyatımın qibləsini də tutammadım. Ağır dərddir... Deyirəm barı indən belə başqa cavanlar mənim kimi olmasınlar. Sevgilərini qorumağı bacarsınlar. Bir də yaxşı olar ki, hər kəs gedə biləcəyi yolla getsin, bacara bilməyəcəyindən uzaq dursun. O halda, vallah, üç-beş günlük dünyamız necə də şirin gələr insana.
Mənsə bu şirinlikdən yan ötdüm. Bir vaxt hansı arzularla "Rəna" adı yazdırdığım stəkanda onun əli ilə dünyanın ən dadlı, tamlı hesab edəcəyim çayını içə bilmədim. Və illər sonrası isə o bədbəxtin ölümünün, yasının çayı mən talesizə nəsib oldu.
Təsəllimsə "Rəna"nı daim gözümün önündə saxlamaq olacaq. O stəkanda hər gün çay içəcəm. Sözsüz ki, ürək acılarımla bərabər.
Sentyabr 2017
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!