"Milad" hekayəsinin süjeti sadədir. Əsərin baş qəhrəmanına bədbəxtlik üz verib: o, oğlunu dəfn edir, Peterburqdan "ən ağır, sanki bütün ömrünü doldurduğu tabutu kəndə" gətirir. Gecəni "xırda və cəfəng yuxularla" keçirən Slepsov səhər tezdən körpücüyə gedir və yayda oğlunun burada "əlindəki torla ustalıqla qolaylanıb məhəccərin üstünə qonmuş kəpənəyi" tutduğunu xatırlayır. Oğlunun qəbrini ziyarət etdikdən sonra, onun otağına gedib, əşyalarını toplayır. Sonra fligeldə onun gündəliyini oxuyarkən, keçən yay oğlunu nəyin həyəcanlandırdığını öyrənir. Slepsov oğlunun naməlum və nakam sevgisinın ağrısı qarşısında tab gətirə bilmir və "elə bu gün" həyatı tərk etməyə qərar verir. Bir anlıq ona elə gəlir ki, "hər şey sonacan aydındır, dünyadakı dəhşətli və kədərli, alçaldıcı dərəcədə məqsədsiz, qısır, möcüzələrdən məhrum həyat tamamilə çılpaqlaşıb..."
V. Nabokovun "Milad" hekayəsi ilə tanış olduq. Hekayəyə və onun tərcüməsinə münasibətlər müxtəlif ola bilər. Hətta artıq bəzi reaksiyalar gəlməkdədir. Məsələn, bir oxucu mənə onun çox maraqlı, digəri "cansıxıcı" olduğunu yazıb. Gəlin baxaq görək, həqiqətən belədirmi?
Əvvəlcə söz vardı... Aleksandr Soljenitsın "İncil"in bu ilk cümləsini rus nəsrinin sonuncu klassiki, gümüş əsrin övladı Vladimir Nabokov yaradıcılığı haqqında danışarkən, bir daha təkrarlayıb: "Bu yazıçı gözqamaşdırıcı istedada malikdir, biz buna dahilik də deyirik. O, dillə (dünyanın iki zəngin dililə) mükəmməl şəkildə oynayaraq, parlaq kompozisiyalar yaratmış, incə psixoloji müşahidələrin zirvəsinə yüksəlmişdi. O, tamamilə özünəməxsusdur, həqiqi parlaqlığı və istedadının təkrarsızlığı ilə ilk baxışdan nəzəri cəlb edir".
"Milad" hekayəsini oxuyarkən mənim də canım sıxıldı, məyus oldum, ancaq dayana bilmədim... Müəllif əsərlərini "sənətdən anlayanlar üçün" yazdığını yazırdı. Onun hekayələrinin poetik xüsusiyyəti də bundan qaynaqlanır:
- finalın aydınlığı;
- detallara diqqət;
- hekayənin ovqatın çalarlarına köklənməsi;
- insan qəlbinin daxili bütövlüyü.
Bunların hamısını "Milad" hekayəsində də görürük.
Nabokovun yaradıcılığı zəmanəmizə uyğundur, çünki son dərəcə fərdiyyətçidir. 20-ci yüzilin ikinci yarısından sonra rus və dünya ədəbiyyatındakı üslubi proseslərə təsirinə gəldikdə isə, Nabokov ən estetik sənətkarlardandır.
Bəzi tənqidçilər Nabokovun ilk hekayələrini "sınaq" mətnləri adlandırır, onları istedadlı, fəqət məzmunsuz, parlaq, ancaq məqsədsiz hesab edirdilər.
Nabokov özü son müsahibələrindən birində deyirdi: "İnanıram ki, vaxt gələcək məni yenidən dəyərləndirən tapılacaq və yelbeyin simurq quşu deyil, ciddi moralist olduğumu bəyan edəcək..."
Yazıçının sözdən anlayan hər kəs üçün həzz mənbəyi olan son dərəcə zəngin üslubunun əsas cəhətləri bunlardır:
- leksik zənginlik;
- mətnin mənaca bütövlüyü;
- oxucunun da cəlb olunduğu söz oyunu;
- simvolizm;
- yazıçının yüksək "rəng duyğusuna" malik olması.
Nabokovun bədii dünyasının əsas özəlliyi çoxqatlılıq və çoxrənglilik olduğundan, onun əsərlərini təhlil etmək o qədər də asan deyil.
Əsərin yozumunda onun adı açar rolunu oynaya bilər. Başlıq əsas mətndən ayrıldığına görə, istənilən əsərdə güclü mövqeyə malik olmaqla yanaşı, onun ideyası, emosional yükü və kompozisiyası ilə sıx bağlıdır. "Milad" hekayəsi öz semantik mürəkkəbliyi ilə seçilir. Hekayədəki hadisə xristianların əsas bayramlarından olan və İsa Məsihin doğumu münasibətilə əsas etibarilə dekabrın 25-də qeyd olunan Milad bayramı ərəfəsində cərəyan edir. Xristianlara bu ənənə İsaya qədər mövcud olan çoxallahlıq dönəmindəki tanrıların ölmə və dirilmə kultundan keçmişdir. O zamanlar tanrıların "doğuluşu" qış Gün Dönümü (Günəşin göy ekvatorunun ən uzaq ekliptika nöqtəsindən keçməsi vaxtı; bu hadisə ildə iki dəfə olur: yayda iyunun 22-də və qışda dekabrın 22-də) dövründə bayram edilirdi. Slepsovun nökəri İvan da fligelə şam ağacı gətirərək bu bayrama hazırlaşır. Nabokovun hekayəsi ilə İsa Məsih haqqında əfsanə arasında paralellik olduğuna şübhə yoxdur və bir neçə saatdan sonra fligeldə həqiqətən yeni həyat doğulur, dünyaya çox gözəl bir kəpənək - hind ipəkqurdu gəlir. İstəyirik, Slepsovun ruhunun yenidən doğulacağına da inanaq, çünki hekayənin sonunda buna sirli bir eyham da var: "Onun geniş açılaraq kənarları burulmuş, dörd mika qaşlı tünd məxməri qanadları, demək olar ki, insan səadəti kimi incə, fərəhli bir həyəcanla ah çəkdilər".
"Milad" hekayəsinin süjeti sadədir. Əsərin baş qəhrəmanına bədbəxtlik üz verib: o, oğlunu dəfn edir, Peterburqdan "ən ağır, sanki bütün ömrünü doldurduğu tabutu kəndə" gətirir. Gecəni "xırda və cəfəng yuxularla" keçirən Slepsov səhər tezdən körpücüyə gedir və yayda oğlunun burada "əlindəki torla ustalıqla qolaylanıb məhəccərin üstünə qonmuş kəpənəyi" tutduğunu xatırlayır. Oğlunun qəbrini ziyarət etdikdən sonra, onun otağına gedib, əşyalarını toplayır. Sonra fligeldə onun gündəliyini oxuyarkən, keçən yay oğlunu nəyin həyəcanlandırdığını öyrənir. Slepsov oğlunun naməlum və nakam sevgisinın ağrısı qarşısında tab gətirə bilmir və "elə bu gün" həyatı tərk etməyə qərar verir. Bir anlıq ona elə gəlir ki, "hər şey sonacan aydındır, dünyadakı dəhşətli və kədərli, alçaldıcı dərəcədə məqsədsiz, qısır, möcüzələrdən məhrum həyat tamamilə çılpaqlaşıb..."
Bütün süjet bundan ibarətdir, ancaq onu təkrar danışarkən əsas şey, oxuduğumuz zaman aldığımız estetik zövq, keçirdiyimiz acıma, mərhəmət, şəfqət duyğusu yaddan çıxır. İstəyirik, hekayəni bir də oxuyaq və bu zaman əlimizə təsadüfən Cek Tresidderin "Simvollar lüğəti" keçir. Başlayırıq Nabokovun mətnini maraqlı tərzdə yorumlamağa. Ancaq əvvəlcə gəlin simvolun özü haqda bir neçə kəlmə deyək. "Simvol" yunanca "şərti işarə", "rəmz" deməkdir və hər zaman məcazi məna ifadə edir. Ona "məcaz" da deyirik. Simvollarda həmişə gizli müqayisə, məişət hadisələri, tarixi hadisələr, dinlərlə müəyyən əlaqə olur. Məsələn, xaç İsanın çarmıxa çəkilməsinin simvoludur.
Bir çox simvollar psixologiyanın predmeti olaraq, insan şüurunun və alt-şüurunun dərinliklərini əks etdirirlər. Simvolla ifadə olunmuş emosional çalarlı sadə ideyalar yeni güc qazanırlar. İnsanlar arasındakı ideya, hətta mədəniyyət mübadiləsində simvollar sözlərdən qabaq gəlir. İnsanlar hamının qəbul etdiyi həyati simvollar sayəsində bir-birlərinə uyğunlaşır, harmoniya yaradırlar. Digər tərəfdən, simvollar sərbəst şəkildə təxəyyül məhsulu da ola bilirlər.
Məsələn, "kəpənək" sözünü faniliyin, yüngüllüyün simvolu kimi qəbul etmək olar. Bəlkə də, bu yorum ata ilə oğul arasındakı münasibətin xarakterini anlamağa kömək edə bilər: onların arasında zahirən çox mehriban münasibət olmuşsa da, duyğulardan tam xəbərsizlik olub. Slepsova üz verən itkinin ağırlığı, acısı da məhz bundadır və bu səbəbdən də yaşamaq ona mümkünsüz görünür.
Digər söz-simvollar da maraqlıdır: körpü dirilərlə ölülər aləmi arasında çətin keçidin metaforası, həm də yaddaş simvoludur. Oğlanın zahiri təsvirinin məhz körpünün üzərində verilməsi təsadüfi deyil, o, atasının yaddaşında məhz belə qalmışdı: "Günəşdən bozarmış həsir şlyapasının əyilmiş kənarı altındakı çöhrəsində təkrarsız təbəssüm oynayır, əli zəncirə və enli kəmərinə bənd edilmiş çantaya toxunur, qəşəng, şumal, qəhvəyi ayaqları qısa sarja şalvarda, islanmış səndəllərdə şən-şən dayanmışdılar".
Nabokovun bir cümlədə çoxlu mətləblərə toxunması qabiliyyəti heyrətamizdir. Aşağıdakı cümlə informativ baxımdan hekayənin, bəlkə də, ən zəngin cümləsidir: "O lap yaxında Peterburqda məktəb, velosiped, hansısa hind kəpənəyi haqqında şən-şən, böyük həvəslə sayıqlayaraq öldü və dünən Slepsov ən ağır, sanki bütün ömrünü doldurduğu tabutu kəndə, kilsənin yanındakı balaca ağ daş sərdabəyə gətirdi".
"Tabut" sözünə diqqət yetirək. "Simvolların lüğətində" tabut dirilməyə olan ümidi simvolizə edən qoruyucu qutu kimi mənalandırılıb. Slepsovun oğlunun sərdabədə dəfn olunması da təsadüfi deyil.
Yolka - dirilişi, köhnənin getməsini, yeninin doğulmasını simvolizə edir.
Şam - xristian ənənələrinin mühüm simvollarından biridir. O, eyni zaman öz qısaömürlülüyü ilə tənha və titrək qəlbi simvolizə edir.
Tüstü - duaların və mömin ruhların göylərə yüksəlməsinin, həmçinin həyatın faniliyinin simvoludur.
Güzgü - pozitiv simvolikaya malikdir, çünki ta qədimdən işıqla assosiasiya olunub, xüsusilə də, Günəş və Ayı xatırladan dəyirmi formalı güzgülərin ilahi nuru əks etdirdiyinə inanılırdı. Şər ruhların güzgünü sevməməsi, pis adamların qaranlıq ruhlar kimi, güzgüdən qorxması inancı da buradandır. "Milad" hekayəsində güzgüdə bir anlıq nökər İvanın əksi görünür, qəhrəmanların xarakteristikasının birbaşa verilmədiyi əsərdə bu, yaxşı əlamət simvolu ola bilər.
İvan bayramı, təbii ki, ənənəyə uyaraq xatırlayır, öz aləmində, öz dərdləri ilə olsa da, yolka bəzəməyi unutmur. Slepsov isə, şam ağacının qonaq otağında peyda olmasını başa düşmür. Müəllif bizə "işarələr" verir: bu zaman Slepsovun əlində taxta yeşik var, ağac isə, müdafiə rəmzi, həyat gücüdür, ağaca toxunmaq insana sirli güc bəxş edir.
Burada fil də güc, bəsirət, uzunömürlülük, çiçəklənmə, xoşbəxtlik simvoludur. Slepsov sevən bir ata kimi, oğluna bunları arzulayırdı, çünki oğlunun çəkdiyi filə baxması onu "dəhşətli quru hönkürtülər" ilə ağlamağa sövq edir və o, həyatına son qoymağa qərar verir.
Beləliklə, sadə və asan yaddaqalan çoxmənalı simvollardan istifadə edən yazıçı özünəməxsus, çoxqatlı bir mətn yaradaraq, oxucuya insan həyatı və təbiəti haqqında önəmli mesajlar ötürür.
Nabokov poetikasında Qoqol, Bulqakov kimi sənətkarlara xas təsviri sənətə, rəngkarlığa böyük önəm verilir. Nabokov sanki yazmır, rəsm çəkir. Onun təbiət mənzərələri, məişət təsvirləri gerçəkliyin canlı rəngləri ilə nəfəs alır.
Hekayədən Milad ərəfəsi səhəri təsvir edən hissəyə nəzər salaq:
"...Slepsov soyuq eyvana çıxanda, döşəmə ayağının altında şən-şən şaqqıldadı, ağardılmış skamyaya rəngli şüşələrin əksi, əlvan ulduzcuqlar düşdü. Qapı dərhal tabe olmadı, sonra şirin-şirin çartıldadı və şaxtanın parıltısı üzünə vurdu. Artırmanın pillələrinə elə bil qum kimi, sarı darçın kimi narın buz səpilmişdi, damın çıxıntısından isə, ucuşiş, yoğun, yaşılımtıl göyə çalan buz lülələri sallanmışdı. Fligelin ətrafına yığılan qar topalarının hündürlüyü pəncərələrə çatmış, şaxta ağac tikilini donduraraq öz buz məngənəsində möhkəm sıxmışdı. Artırmanın qarşısındakı hamar qarda ləklərin ağ günbəzləri azacıq qabarmışdı, bir az irəlidə hər bir qara budağın gümüşə tutulduğu, şamların öz yaşıl pəncələrini tüklü və parlaq yükün altında yığdığı hündür park ağarırdı."
Biz istər-istəməz Slepsovun olduğu parkı təsəvvür edirik, onun dünyası yıxılıb, ancaq təbiətdə heç nə dəyişməyib, o əvvəlki tək əzəmətli və əbədidir. Oğlanın ölümü onun halını belə pozmayıb. Yalnız sətirlərin arasında Slepsov üçün ağır olan gecənin (ölüm simvolunun) ümid gətirən səhərlə əvəzləndiyini oxuyuruq. Torpağı başdan-başa örtmüş qar isə soyuğun, soyuq duyğunun, yadırğamanın rəmzidir.
Mətndəki rəng bildirən sözlərə diqqət etsək, onların arasında açıq çalarların üstünlük təşkil etdiyini görərik. Ən çox ağ və qara sifətlərindən istifadə olunub.
Ağ rəng təmizliyin, həqiqətin, məsumluğun və ilahiliyin simvoludur. Ağ rəng "qara-ağ" antitezasının pozitiv tərəfidir. Qara rəngin semantikası da birmənalı deyil. O, təkcə bədbəxtliyi, bəlanı deyil, həm də ədaləti ifadə edir. Burada Bulqakovun qara mantiyalı Volandasını heç cür xatırlamamaq olmur, o "daim şər axtarsa da, həmişə xeyir əməllər edir".
Hekayədə bitki, bahar, gənclik simvolu olan yaşıl; təvazökarlıq, tənhalıq, yoxsulluq rəmzi olan qəhvəyi; günəş qızıl, xoşbəxtlik, bolluq, eyni zamanda, solğunluq, ölüm simvolu olan sarı; səma, əbədiyyət, həqiqət, inam, müdriklik, saflıq simvolu olan göy; tənhalıq, sakitlik, melanxoliya, biganəlik, matəm, kül, torpaq rəmzi olan boz rənglərdən, onların çalarlarından (göyümtül, yaşılımtıl göyə çalan, tünd göy, tünd toz rəngi, tünd məxməri, gümüşü mavi, göy üzü kimi mavi) ustalıqla istifadə olunub və əsər gözlərimiz qarşısında bir növ danışan rəsm tablosu kimi canlanır. Mətni oxuyarkən təsvirlərə diqqət etməmək mümkün deyil:
"Boz qırov qalağına çevrilmiş ağaclar öz qara kölgələrini adda-budda gümüşü qığılcım saçan qar təpəciklərinə salmışdılar".
"... kilsə xaçı qara batmış komaların ağ banları üzərindən, ağacların xəfif gümüşü dumanı arxasından korun-korun baxırdı".
Rənglər dünyası, boyalar palitrası, rənglərin müxtəlif şəkildə yorumlanması və mənalandırılması müəllifin dünyaduyumundan, dünyanı dərkindən, çeşidli mənəvi assosiasiyaların təzahüründən xəbər verir. Bu yerdə "rənglər silsiləsindən" gözəl əsərlər yaradan Rəsul Rzanı anmamaq mümkün deyil. Onun "Uvertüra" şeiri burada tam yerinə düşür:
"Ağ, qara, sarı, yaşıl, qırmızı;
hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
biri dərdımizi, biri arzumuzu.
Hərəsində bir məna arayıb,
bir səbəb görən var.
Kim bilir, kim sınamış,
kim bunu ilk dəfə demiş.
Qara - matəm,
qırmızı - bayram,
sarı nifrət rəmzi imiş... "
Nabokov öz poetikasında işığa da böyük məna qazandırır. "Milad" hekayəsində rəng və işıq bir-birindən ayrılmazdır: "Kəpənəklərin şüşənin altındakı düzgün cərgələri çırağın tutqun işığında ipək parçaya bənzəyirdilər".
"Milad" hekayəsinin özünəməxsus və təkrarsız mətni haqqında çox danışmaq olar. Burada hər bir söz müxtəlif assosiasiyalar doğurur. Hekayə bizi həqiqi dəyərlər, həyatın faniliyi, dünyanın əbədiliyi haqqında düşüncələrə qərq edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!