İnsan həmişəmi gözəl xatirələrlə yaşayır? Yox. İnsan həm də məhv olan xəyallarına, acılarına, ağrılarına, peşmanlıqlarına, pis anlarına qayıdır... Bəlkə elə bu da Qiyamət Gününün yaşanmasıdır? Axı o yerdə Böyük Üzləşmə gözlənilir və biz içimizi acıdan hər şeydən orda xilas olacağımıza ümid edirik? Bəlkə bağışlanmaq deyil, daha çox bağışlamaq istəyir və Qiyamətin üstünə gedirik?..
İnsan xatirələrinə sadiqdir...
Bəlkə də bu onun öz əlində olsaydı başqa cür edərdi, lakin hardasa dərinlərdə, zehndə bir xüsusi düyməcik var, bir andaca o düyməcik basılır və biz hər şeyimizi ataraq ora dalırıq..
Yer yaddaşı, məkan çəkimi və ev kultu..
İnsan evini-yuvasını diləyir.. Görəsən evlərin yaddaşı varmı, əşyaların, divarların, döşəmənin, divara vurulmuş rəf dayağının yaddaşı varmı?
Bir dəfə qızım oturduğu yerdən boylanıb uzun-uzun divarlara, yuxarı-aşağı baxdı və dedi:
- Mən gələcəkdə böyüdüyümüz evlərin qapısını döyüb xatırələrimlə üzləşəcəyəm...
..."Barış" hekayəsində bir məqam var. Uzun illərdən sonra işğaldan azad edilmiş kəndinə, evinə qayıtmış adam həyətdəki paltar ipində atılıb qalmış uşaq şalvarı görür.. Görür və sarsılır.. Onun doğma evində bir insan böyüyüb və onun bütün uşaqlıq xatirələri məhz burdadır. Bəs bir gün o da qapını döyüb - "xatirələrimlə üzləşməyə gəlmişəm" desə?
...
Bayırda tufandır, yağış yağır, külək damcıları pəncərəyə çırpır, ildırım çaxır... "Qiyamət qopub", deyəsən belə deyirik...
İnsan niyə qiyamət gününü belə təsəvvür edib, bilmirəm, lakin görünür bu həm də "daş da yağsa" deyimini həqiqətə yaxınlaşdırır... Bəli, daş da yağsa, ildırım da çaxsa, iyirmi ilin o tayından bir adam çıxıb gəlib və xatırələriylə üzləşmək istəyir...
Zeynəb niyə evinin qapısını yad adama açır? Nədir onu buna vadar edən? Bəlkə oxucu (tamaşaçı) bunu qadının təkliyilə bağlardı, lakin mən hiss edirəm, o evdə qalan xatirələr tanış səsi, tanış qoxunu, tanış gəlişi hiss edib... Ev, doğmalığa dartınır... Zeynəb o qapını açmaya bilməz...
İnsan həmişəmi gözəl xatirələrlə yaşayır? Yox. İnsan həm də məhv olan xəyallarına, acılarına, ağrılarına, peşmanlıqlarına, pis anlarına qayıdır... Bəlkə elə bu da Qiyamət Gününün yaşanmasıdır? Axı o yerdə Böyük Üzləşmə gözlənilir və biz içimizi acıdan hər şeydən orda xilas olacağımıza ümid edirik? Bəlkə bağışlanmaq deyil, daha çox bağışlamaq istəyir və Qiyamətin üstünə gedirik?..
Aytore kimi...
Yaşlanmış, ömrünün "peyğəmbər yaşında" (bunu dönə-dönə qeyd edir), bəlkə də bütün fəlakətlərinin başlanğıc götürdüyü evə qayıdır... Küçələrində dolaşa bilmədiyi şəhəri adlayıb özgə (öz) qapısını döyür... Səbəb, çox faciəlidir: "Oğlumun sümükləri üzərində gəzə bilmərəm" deyir...
Aytore kimdir? Güclü adam. Qiyamət gününə öz ayaqlarıyla gəlib çıxıb... Təkbaşına. Bəlkə də tək başına deyil. Kim bilir? Axı, onun qadını nə ölüb, nə itib. Sadəcə yoxa çıxıb... Sadəcə, havalanıb... O isə dayanıb, dözüb... və qayıdıb...
Burda sanki ikinci bir üz var... O üzdə Zeynəb dayanıb... Kişinin qadın tərəfi... Tamam yad, tamam özgə, tamam başqa-başqa. Onları bir-birinə, bir evin keçmiş və indiki sahibi olmaqlarından başqa heç nə bağlamır...
Həqiqətənmi belədir?
Ev, məkan, yer... Həyat... Kimdir onun həqiqi sahibi, Zeynəbmi, Aytoremi? Bəlkə Ertay?... Heç kim... Ev (həyat, dünya) həqiqətən bir səhnəymiş kimi, biri tez, biri gec (kim deyir "tez" nədir, "gec" nədir? ) gəlib gedir... Sadəcə, Qiyamət Günü dilə gətiriləcək xatirələr qalır, onlar da danışılır gedir. Adamlar ölür və zaman yox olur-elə arada qalıb sıxılan iyirmi il kimi... Yox, burda heç kim ölməyəcək, bəziləri qalacaq, bəziləri gələcək, bəziləri çıxıb gedəcək... Bəzilərisə hələ gəlməyə hazırlaşır...
***
Nəzərlərinizi boş yerə səhnəyə cəlb etmədim...
Bir ay əvvəl qarşımda dayanan mətni dilimizə çevirməyə başlayanda dostlaşdıq bu əsərlə: "Köhnə evdə iki görüş". Tanınmış qazax yazıçısı Dulat İsabekovun eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşa yaxın günlərdə Şəki Teatrının səhnəsində oynandı. N. Bekejanov adına Kızılorda vilayəti Qazax Musiqili Dram Teatrı bu dəfə uzaq Qazaxıstan çöllərindən ziyarətimizə Zeynəbi, Aytoreni, Ertayı, Aytorenin anasının xəyalını gətirib gəlmişdi...
Şəki Teatrı uzun müddətdir türkdilli xalqların teatrları arasında əlaqələrin möhkəmləndirilməsi, türkdilli müəlliflərin əsərlərinin səhnələşdirilib tamaşaçıya çatdırılmasıyla bağlı işlər aparır. Teatrlararası əlaqələr. Təcrübə mübadilələri eyni zamanda yeni sənət dostluqlarının, əlaqələrin yaranmasına, genişlənməsinə gətirib çıxarır. Qazaxıstan teatrlarıyla əlaqələr günü-gündən möhkəmlənir və bunun nəticəsində Şəki tamaşaçısı artıq ikinci dəfədir (festivaldan kənar) doğma səhnədə qazax teatrıyla yaxından tanış ola bilir... Tamaşa, rejissor, Qazaxıstan Respublikasının əməkdar incəsənət xadimi Xüseyn Əmir-Temirin quruluşunda səhnələşdirilib, rolları Karlığaş Aycanova (Zeynəb), Oğım Baymaxanov (Aytore), Yerkin Aslanov (Ertay), Umugülsüm Begimova (ananın xəyalı) canlandırıb...
Məşq zamanı zala endim... Oxuduğum və hiss etdiyim mətnin səhnədə canlandırılması maraq doğurur. İlk hiss etdiyim, mətnin qısaldılmasıdır... Haqq verirəm, iki yaşlı insanın həyat-ölüm, qürbət-vətən, ənənə-müasirlik üzərinə danışdıqları, bölüşdükləri tamaşaçını yoracaqdı... Biz axı, çox səbirsiz olmuşuq, həmişə də səbirsizik, heç kim həyat deyib oynadığımız tamaşanın böyük bir parçasını bu qaranlıq zalda izləyəcək qədər boş deyil...
Üstəlik, səhnədə çox sözə ehtiyac yoxdur. Səhnə daha çox çatdırmalı, hopdurmalı, baxanları çəkib hadisələrin, oyunun uçunə salmalıdır...
...Qapı döyülür və o üzdə yaşlı, müharibənin və həyat mübarizəsinin hər üzünü görmüş bir yad adam dayanıb. Buyurun, izləyin...
***
Evinə qayıdan insan...
Evində qarşılayan insan...
Səhnədə aktyor, zalda tamaşaçı... Kənar ekranda mətni dilimizə çevirən sətirlər yuxarı döğru sürüşür... Uzun bir həyat hekayəsi çay kimi axıb gedir... Yanımdan kimsə oyunu ikiyaşlı adamın sevgi hekayəsinə bənzətməyə cəhd edir... Sonra müəllifin haqqında daha nələrsə öyrənməyə çalışarkən görəcəyəm, deyəsən, o, bu fikrində tək deyil...
Yazını yazarkən bəzi fikirlərlə tanış olmaq istədim... və anladım, insan həqiqətən həyatını oynamağa tələsir və çox şeyə (oxumağa, baxmağa, görməyə, götür-qoy etməyə, duymağa, içinə çəkməyə) vaxt tapmır...
İnsanlar bəzən (bəzənmi?) səhv anlayırlar... Lakin kimə nəzərən? Səhv nədir?
Bu, heç də göründüyü kimi sadəcə bir qazaxın vətəninə baş çəkmək istəyinin hekayəsi deyil... Hər nə qədər gələn də, qarşılayan da vətəndən danışsa belə... Qonaqpərvərlikdən, nənələrin ənənəsindən söz açılsa belə... Qınaq da var, məsləhət də... Göz yaşı da, zarafat da... Amma hekayə, bir xalqa məxsus iki insanın dar çərçivəli söhbətindən sıçrayıb çıxır və sadəcə insan düşüncəsinin, yaşamının, ictimai, sosial qaynaşmanın mənzərəsinə çevrilir... Düşünürsən, hər yerdə belədir, bütün dövrlərdə, bütün ölkələrdə belə şeylər olur... Hər kəs öz hekayəsini görə bilir.. Axı olan şeylər, ağrı-acılar da başqa yerdə deyil, bu vətəndə, doğma insanların içində, eyni dildə danışan, eyni torpaqlarda yaşayan adamların arasında baş verib?
Qayıdıb Vətəndə ölməyə çağırış... Aytore gedir... Zeynəb qalır... Kişi yad torpaqlarda, Zeynəb öz vətənində öləcək... Bəs, vətən hardadır, haradır, o, kimin yanında, hansı evdə və kimin məzarı başında qalıb?
***
İnsan qayıdır... Bir gün əzəlinə, (o lap ortadan başlasa belə) dönür... Qalmaq üçün deyil, sadəcə toxunmaq üçün... Ölüm, böyük qayıdışdır, insan hardan gəlibsə ora dönür - torpağa...
Bu yerdə düşünürəm, görəsən, seçimi öz əlində olsaydı, insan hara qayıdardı? Bəlkə torpağa qarışmaz, uçub gedərdi?...
***
Aytore uçub gedir... Onu hava limanında dumana ilişib qalan təyyarəsi vaxt deyilən mücərrədliyin sükutudur. Zaman dayanıb. Onun içində Aytore üçün bir ömrün bu başından o başına gedib çıxacağı bir yol açılıb. Lakin, qalmaq olmaz... İnsan getməlidir, nə olur-olsun, getməlidir... Lakin o, getməmişdən əvvəl ona evinin qapısını açan, süfrə sərən, xatirələrini dinləyən ananın əlindən öpməyi unutmur...
Bəlkə, artıq bu evdə heç nə əvvəlki kimi olmayacaq... Lakin heç nə, hez zaman olduğu kimi baş verməyib...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!