PƏRVİN - "Ala qarğa" hekayə

Hekayə

 

- A kişi, deyən yuxarıların sənin fermandan xəbəri yoxdu axı?! Sovet hökuməti çoxdan dağılıb gedib ey, sən də bu beş-üç toyuq-cücəni, bir-iki inəyi saxlayıb adını ferma qoymusan...

Kolya belə zarafatlarla çoxdan öyrəncəli idi. Hələ Sovetin qılıncının dalının da, qabağının da kəsən vaxtlarında fermanın aparıcı işçilərindən sayılırdı. Səhər obaşdan işə gəlib heyvanlara qulluq edər, yemini, suyunu verərdi. Günorta işçilər üçün çörək alıb gətirər, ocaq qalayardı ki, nahar hazırlasınlar. Sonra Allah verəndən bir-iki tikə ağzına atıb oturardı köhnə "Moskviç"inə. Yox, maşın sürmək həvəskarı da deyildi, sadəcə, əlac yox idi, uşaq bağçalarına, məktəblərə süd daşımaq bu sınıq-salxaq "Moskviç"lə Kolyanın ümidinə qalmışdı. Elə ki, "Moskviç" öskürüb-öskürüb güc-bəla ilə işə düşürdü, vəssalam, səsi-küyü bütün kəndi-kəsəyi başına götürürdü. Hamı bilirdi ki, Kolya süd daşımağa çıxıb. Yolboyu əl-qolunu ölçə-ölçə, deyinə-deyinə "Moskviç"lə birtəhər rayon mərkəzinə varid olardı. Vay odu, birdən yolun ortasında maşının uzunqulaq inadı tutaydı. Əsl dəstgah onda başlayardı. Kolya "Moskviç"dən düşüb qapısını zərblə elə çırpırdı, südlər az qalırdı yağa dönə. Hirsi yenə soyumurdu, maşının kapotunu aça-aça çinədanındakı bütün yağlı söyüşləri yarı rus, yarı Azərbaycan dilində bu dilsiz-ağızsız dəmir parçasının  qabırğasına döşəyirdi.

Yad kişi görəndə yaşmaqlanan kənd arvadları Kolya ilə laqqırtı vurmaqdan, dilxoşluq etməkdən doymurdular. Görən kimi başına yığışırdılar. Süd istəyən kim, çolpa sifariş edən kim... Arada qılığına girib pendir tutmaq üçün maya da çırpışdırırdılar maşından. "Moskviç" harda xarab olurdu, o yer hələm-həlbət, meydan tamaşasına dönürdü. Kolya maşının elektrik işlərini əliyalın görürdü, naqilləri barmaqlarıyla qopardır, dişləriylə təmizləyirdi. Tələsdiyindən naqilləri bəzən səhv birləşdirir, cərəyan barmaqlarını yandırırdı. Ağrıdan dini-imanı qaçan Kolya yerində dəli kimi hoppanıb-düşür, dilinin altından daha yağlı söyüşlər tapıb çıxarırdı. Kənd uşaqları bu səhnədən əməlli-başlı ləzzət alır, gülməkdən uğunub gedirdilər. Kolya isə "Moskviç"lə höcətləşirdi, bu olub-keçənləri vecinə də almırdı. Axı bağçalardakı, məktəblərdəki uşaqlar onun yolunu gözləyirdilər, maşını tez-tələsik düzəldib süd dolu bidonları mənzil başına çatdırmaq lazım idi.

Elə ki, maşın işə düşürdü, Kolyanın çöhrəsinə işıq gəlirdi, eyni açılırdı, əhvalı düzəlirdi. Hələ böyür-başında hərlənən uşaqlarla zarafatlaşırdı da. Sonra da onlara noğuldan-filandan verib yoluna davam edirdi.

Uzun yolçuluqda "Moskviç"in kal, xırıltılı səsini Kolyanın ürəyəyatan mahnıları müşayiət edirdi. Allahdan yaxşı səsi vardı. Rus çastuşkaları bir yana, Azərbaycan xalq mahnılarını da onun kimi heç kəs oxuya bilməzdi. Şirin aksenti ilə "Sarı gəlin"i, "Küçələrə su səpmişəm"i, "Qubanın ağ alması"nı oxuyanda bütün ferma əhli onun tamaşasına dururdu. Kolya ona zillənən baxışlardan bir az utanırdı, sifəti allanırdı, amma öz aləmindən də ayrılmırdı.

İşdən sonra bir şüşə şirin çaxırını alıb komasına çəkilirdi... Evinin qabağında açıq, xudmani bir eyvanı vardı. Hamı bilirdi ki, Kolya gecədən keçənə qədər eyvanda oturub, bal kimi "Ağdam"dan bala-bala vura-vura Ayı, ulduzları seyr edir. Kefi kök olanda hələ mahnıdan-zaddan da oxuyur.

Amma kefinin belə kök vaxtlarında da qapısına gələni naümid qaytarmır, yardım istəyəndən köməyini əsirgəmirdi. Sevdiyi bir məsəl də vardı, qapısı döyülən kimi gülə-gülə "Dəvəni toya çağırırlar..." deyir, sonra da öz-özünə uğunub gedirdi. Hə, kimin nə işi olurdu - maşının matoru döyürdü, darvazanın kilidi sınırdı, odun qurtarırdı, təndir çatlayırdı, fərqi yox idi, hər kəsin ağlına Kolya gəlirdi. Ayda bir dəfə isə Kolya bütün kənd camaatının yadına düşürdü; nə bəla idi, bilinmirdi, az qala hər ay kənddəki bulağın gözü quruyurdu, su qəhətə çıxırdı. Bunun çarəsini bircə Kolya bilirdi. Hardasa yuxarı tərəflərdə bulağın gözünə yol tapmışdı. Su kəsiləndə Kolya əlinə çör-çöpdən, simdən-məftildən alıb gedirdi. Özü ilə də heç kimi götürmürdü, kəndin cavanları dirənib inad edəndə yeddimərtəbəli sözlərlə ağızlarının payını verib qovurdu.

Çox keçmirdi, Kolya yorğun-yorğun enirdi bulaq başına, çiyni güyümlü gəlinlərə, əlində parç tutan balacalara baxıb məmnun-məmnun gülümsəyirdi. Bir-iki dəqiqə sonra bulaqdan şırhaşırla bir su gəlirdi, özü də nə yoğunluğunda. Kimsə bu möcüzədən baş aça bilmirdi, heç üz vurub soruşmurdular da... Qabını-qacağını dolduran hamı səbəbkara alqış edir, "sucan ömrün olsun" - deyib gedirdi. Kolya başqa heç nə istəmirdi, gözütox idi, kimdənsə nəsə ummurdu. Bir qarın yemək versəydilər, bəs idi, oturub kirimişcə nuş eləyir, sonra da çıxıb gedirdi. Bax yeməyin yanında bir çapma stəkan da araq olsaydı, başqa məsələ. Köpəyoğlunun içkisi, möcüzədi də, dilinə dəydimi, Kolyanın əsl bacarığı çıxırdı üzə; mahnı oxuyur, şeir deyir, tarixə baş vurur, olub-keçənləri yada salırdı. Arada lətifə də danışrdı və danışdığı hər bir lətifəyə özü düz üç dəfə gülürdi. Birinci dəfə lətifəni danışmazdan qabaq gülürdü, sonra danışa-danışa. Axırda da həmsöhbətinin gülməyinə baxıb uğunub gedirdi özündən. Hər uğunanda mırıq dişləri görünürdü. Elə indiyəcən evlənməməyinin baiskarı da dişləri, lap düzü, dişsizliyi idi. Arada ərki çatanlardan kimsə ona qız-qadın axtardığını işarə vuranda o saat etiraz edirdi, "dişlərimi düzəltdirim sonra" - deyib söhbəti bağlayırdı. Hamı da bilirdi ki, Kolyanın diş düzəltdirməyi müşkül məsələdi, heç ağlabatan da  deyil.

Çox mehriban idi, gəlişi hər evdə toy-bayrama dönürdü, qonum-qonşu başına yığışıb elə hey danışdırırdılar. Deyib-güldüyü yerdə qəfil nəsə yadına düşəndə qəm-qüssə basardı onu. Elə ki, qəmləndi, tez-tələsik durub sağollaşırdı, komasına üz tututrdu. Onun bu xasiyyətini ta hamı bilirdi, nə illah edirdilərsə, oturmurdu. Uşaqlar neçə dəfə güdmüşdülər, görmüşdülər ki, təkliyə çəkilib ağlayır.

Sovet dağılmağa başlayanda ferma da çökdü... Nə azar idisə düşmüşdü heyvanların canına, ölkədə də dərəbəylik, yuxarılara ha yazırdılar, ha şikayət edirdilər, dərman göndərən yox idi, mal-heyvan da tələf olub gedirdi. Sonrası lap pis oldu, millətin əlinə girəvə düşdü, hərə bir yandan çapıb-taladı fermanı. Sovet qurulanda bir inəyi müsadirə edilən, bir qoyunu aparılan cumdu fermaya, üç inək, beş qoyun çırpışdırmayınca, ürəyi soyumadı. Gördülər hərə bir yandan dağıdır, fermanın işçiləri də əllərinə keçəndən, gümanları çatandan  götürüb dağılışdılar. Kolya zornan-zora bir-iki inək, beş-on toyuq-cücə saxladı fermada. Əlində nəyi vardısa yemə, ota, dərmana verdi... Elə o vaxtdan,  uzun illərdən bəri belə yaşayırdı; heyvanlara baxır, südünü sağır, yumurtasını götürüb satır, əlində xırd eləyirdi. Beləcə günlərini, aylarını, illərini keçirir,  yaşa dolurdu, ancaq nədisə heç dəyişilmirdi, buraların havasından-suyundan idi bəlkə də. "Moskviç"i isə yaman əldən düşmüşdü. Bəzi yerlərini pas yeymişdi, yenə hər nə idi ayağını yerdən götürürdü, karına gəlirdi də... Həm də camaat südün, qatığın, yumurtanın gəlişini "Moskviç"in gurultusundan bilirdi. Qiymət oxumazdı Kolya, kimin nəyə imkanı çatırdı, onu verirdi, nisyə də ki müddətsiz, hətta kredit də olardı, özü də faizsiz...

Rəhman müəllimin də sevimlisi idi Kolya. Hər dəfə qapıda görünən kimi kişinin kefi açılırdı, üzü gülürdü, həyətdəki tut ağacının altına çağırırdı onu, ordan-burdan danışıb zarafatlaşırdı, yüz dəfə soruşduğu şeyləri bir də soruşub verdiyi cavablara ürəkdən qəhqəhə çəkirdi. Kefi kök yaşayırdı Rəhman müəllim, Bakıda yaxşı vəzifəsi var, deyirdilər. Yol polisində nəsə yüksək vəzifədə idi, paqonları göz çıxarırdı. Yay aylarında gəlirdi buralara, özü də şənbə-bazar günləri, ağacın altında oturub dişləmə qəndlə armududan çay içir, dost-aşna ilə nərd oynayardı, axşamlar da ki ley-pey... İndi də ağacdan asılmış əl-üzyuyandan suyu ovcuna doldurub sifətinə çırpdıqca yorğunluğu canından çıxırdı kişinin. Ağappaq dəsmalla üzünü sildikcə şəhərin hisindən-pasından, dedi-qodusundan, ağırlığından da azad olurdu elə bil. Hə, Kolyanın gəlişi yaman yerinə düşmüşdü. Rəhman müəllim onu belə buraxan deyildi...

- A kişi, deyən yuxarıların sənin fermandan xəbəri yoxdu axı?!

Həmişə belə başlayırdı söhbətləri. Kolya öyrəncəliydi artıq bu suallara. Bəzilərinə elə sakitcə gülümsəyib keçirdi.

Kolya azərbaycanca çox yaxşı danışırdı. Qaradinməzliyindən çoxlarına elə gəlirdi ki, dili pis bilir. Ancaq  1-2 stəkan gillədəndən sonra dili elə açılırdı ki, bülbül kimi ötürdü...

- Ay arvad, elə Nikolay Mammedoviçin gətirdiyi yumurtalardan bir pomidor çığırtması bişir, ordan da tut arağını gətir görək nədi elə?

Bunu  deyəndə Kolyanın gözləri parıldadı. Həm tut arağının ləzzəti ayrıydı, həm də Rəhman müəllim hal əhli idi, onunla içməyin yeri vardı. Evin xanımı Allah verəndən nə vardı, gətirib düzdü ağacın altındakı masanın üstünə.

- Həə, Novruzov Nikolay Məmmədşir oğlu...

Bu da Rəhman müəllimin şakəri idi, çox istədiyi adamların adını, soyadını arada öz-özünə təkrar edər, bununla sevgisini, diqqətini göstərərdi öz aləmində. Kolyanın adı-soyadı isə xüsusən ləzzət verərdi ona. Bu görkəmdə adamın adı-soyadı koloritli gəlirdi ona... Mövzulardan biri də elə bu idi. Bəlkə yüz dəfə soruşmuşdu bunu Rəhman müəllim, Kolya da elə bir o qədər izah eləmişdi, amma çifayda, ya Rəhman müəllimin yadında qalmırdı, ya da elə-belə, məzə üçün soruşurdu. İndi də stəkanı başına çəkib gülə-gülə başladı söhbəti:

- A kişi, kefdi ey sənin işin, baş açmaq olmur ki, haralısan... Novruzov Nikolay Məmmədşir oğlu. Nikolayın evi yıxılsın elə, necə ki yıxıldı birdəfəlik...

- Net, ya ne russkiy! Otets azerbaydjanets, mama tatarka...

Bu cavabdan sonra xeyli fikrə getdi Rəhman müəllim. Yadına saldı ki, deyəsən, bu barədə nə isə danışmışdı Kolya ilə. Hətta kədərlənmişdi də onun danışdıqlarına. Amma nə illah elədi, yadına düşmədi ki, nə danışmışdılar və nəyə kədərlənmişdi. Kefini pozmaq istəmirdi, ona görə araqdan süzüb sağlıq dedi:

- Za tebya, Kolya, ya tebya oçen lyublyu i moloko detyam nravitsa... Kolyan, tı xoroşiy çelovek... - deyib başına çəkdi stəkanı.

- Çox sağ olun, Rəhman müəllim. Allah balaları saxlasın.

- Hə, aşnam hazırdı. Bizim dildə danışmağa başladınsa qurtardı, deməli, iş bitib... Amma bir az da içək də. Danış e, görüm nə var- nə yox o tərəflərdə...

Həmişə belə olurdu, bir az yeyib-içəndən sonra Kolya təmiz azərbaycanca olanlardan-keçənlərdən danışırdı, Rəhman müəllim əlin siqaretə atırdı, birini yandırıb damağına qoyurdu, dərin bir qullab vurub gülümsəyirdi. Arada çiyninə atdığı köhnə pencəyin də yaxasın gah sağa, gah sola dartıb düzəldirdi öz aləmində.

- Sən mənim canım, de görüm o bulağı nətəhər düz-qoş edirsən, hə?

Kolya təbəssümlə baxır, bir söz demirdi, sanki dövlət sirrini qoruyurmuş kimi partizan iradəsi göstərirdi.

- A kişi, həlləm-qəlləm işin yoxdu, bəs uşaqları niyə qoymursan sənnən gəlsinlər, hə? 

Kolya gülümsədi:

- Su çıxan yerdə ilan olar də, qorxuram axı uşaqlara görə, ilan çalar neynərik? - dedi. Sonra əlin süfrədəki pendirə uzadıb bir qırıq götürdü, qoydu ağ çörəyin arasına - cavandılar axı - deyib bir dişdəm vurdu çörəkdən.

- Belə de, millət də deyir nəsə gizlin işin var ey sənin... Bura bax, bəs nə əcəb evlənməmisən? Gəl bir layiqli qız tapaq evləndirək də səni...

Kolya əvvəl tutuldu, sonra dişlərinə işarə edib utancaq bir sima ilə - düzəltdirmədim axı bunları... - dedi, başını aşağı saldı.

- Əşi, nə dəxli var axı, dişin belədi deyə, arvad boşanasıdı səndən? Arvada deyimmi axtarışa başlasın?

- Yox e, ne nado...

- Nado, doroqoy, nado. Dişi-zadı boşla sən Allah...

- Net, tak ne krasivo, düzəltdirim, baxarıq...

Hər dəfə bu tipli söhbətlərdən Rəhman müəllimin kefi qalxırdı ala dağın başına. "Canım, ay Kolya" - deyib qəhqəhə çəkirdi. "Millət gərək səndən öyrənsin ey, belə şeyləri" - deyib badə qaldırırdı Kolyanın sağlığına. Amma Kolya millətə nələr öyrətməli olduğunu axıra kimi də başa düşmürdü.

Söhbətin şirin yerində Rəhman müəllimin mobil telefonu zəng çalanda kişinin qanı qaralırdı.

İndi kimdisə, mərdiməzar dincəlməyə imkan verməyəcək, kefinə soğan doğrayacaq...

- Alo, bəli... Hə... Eşidirəm. Bəli, sürücülük vəsiqəsi alınıb, maşın da gedib "ştrafnoya"... Mənə nə ey, kimin qohumudu? Heç dəxli var sən Allah, o adam içib oturub rula, qanunu pozub, hələ üstəlik polisi də təhqir eliyib... Neyləməli idik? O Həsən Ağaya çatdırın ki, Rəhman müəllim deyir ağıl qoysun qohum-əqrəbasının başına. Xudahafiz! Pay atonnan, qoymazlar da adam kimi dincələsən bir-iki gün, belə cəhənnəmə filankəs müəllimin qohumu maşınsız qalıb... A bala, o arağın birin də gətir görək nə deyir bu Kolya müəllim.

Arvad-uşaq bilirdi ki, Rəhman müəllim əlavə şüşə gətirdirsə, vəziyyət qəlizdi. Ona görə bir az ehtiyatla danışırdılar onunla. Masanın da üstünü əlavə yeməklərlə, meyvəylə-filanla doldururdular. Bilirdilər ki, evin kişisi bolluq sevir, üç-dörd növ mürəbbə gözünün qabağında olmasa, çayı ləzzətlə içmir. Heç mürəbbə-filan yeyən deyil ha, elə-belə gözü görməlidir də... Soruşanda deyirdi, uşaq vaxtı o qədər qıtlıq görmüşük ki, indi istəmirəm uşaqlar nədənsə korluq çəksin...

- Sən Allah ye, a kişi... Sən yeyəndə elə rahat oluram ki... Danış görüm necə olub ey, sənin adını Nikolay qoyublar. Atan bizimki, anan tatar, əşi o da bizimkidi də...

Kolya ağzındakı tikəni birtəhər uddu. Bir qədər fikrə gedib ayağa durdu... Yerində bir-iki ləngər vurandan sonra axır ki, müvazinətini tarazlaya bildi... Rəhman müəllim də bir az gözünü döyüb baxdı onun bu duruşuna, əvvəl elə bildi inciyib, getməyə durub, amma sonra nəsə demək istədiyini başa düşüb gözlədi. Kolya özünü yığışdırandan sonra, əlini stulun başına qoyub ciddiləşdi:

- Rəhman muallim, indi gəlib sənin qulağına bir söz deyəcəm, sonra qayıdıb oturacam yerimdə... - dedi və nədənsə sakitcə durub əmr gözləyirmiş kimi baxdı...

- A kişi, sən deyən dəmsən axı? Day qulağıma niyə deyirsən? Elə özümüzük, sözünü de də...

- Yox, klyanus ya ne pyanıy... Bu dəqiqə fermaya getsəm, bir adam bilməz ki vurmuşam...

Kolya bunu demişdi ki, Rəhman müəllim uğunub getdi gülməkdən. Əlini əlinə vurub qəhqəhə çəkdi.

- Sən bilirsən bizim uşaqlar gündə nə qədər beləsin tuturlar? Vodkanın iyindən yaxın düşmək olmur, ayaq üstə zorla durub, hələ bir maşın da sürür, qanun pozur, amma boynuna almır ki, içib...

Kolya bir az pərt olub dayanmışdı, nə yerində oturur, nə də sözünü deyirdi...

- Yaxşı, sən Allah incimə, zarafatdı da, elədim, otur sözünü de, kimdi bizi pusan?

Kolya təzədən keçib oturdu yerinə... Bir az pərt, bir az küskün, amma sözünü dedi axır ki: 

- Mənim atam da, anam da Sibirə göndəriliblər... Lap körpəydim onda, yadımda qalmayıblar ey...  Bir rus qarı götürüb saxlayıb məni, adımı da dəyişib, atasının adını qoyub... Kak qovoryat, bəxtəvər başıma...

- Həə, bəs niyə?

- Qovoryu je, mama tatarka idi də... Atam oxumuş adam olub, oralarda görüb, xoşu gəlib, qaçırdıb. Repressiya vaxtı qonşular yazıblar ki, bunlar türk-tatar kitabı yazırlar, yazıqların ikisini də vıslat eliyiblər... Mən də ki belə... 

- Sən canın kefini pozma...

- Yox ey, mən gedim evə... Uje pozdno!

Kolyanın bu halı çoxuna tanış idi, alt dodağını uşaq kimi büzürdü, sonra dərhal durub gedirdi. Bilinmirdi ki, onu kövrəldən nədir... İndi də Rəhman müəllim sözünü-söhbətini azdırmışdı elə bil. Yenə araq karına gəldi, Kolyanın stəkanın doldurdu, özüyçün süzmədi amma, kefi pozulanda içə bilmirdi.

- Nikolay Mamedoviç, səndə də sözlər var ha... - bunu da Rəhman müəllim elə-belə sözgəlişi deyirdi. Kolya susanda da, elə qapıdan süd verib gedəndə də, bir-iki kəlmə də olsa, nəsə danışmalı idi onunla... İndi bunu deyəndən sonra yadına nəsə düşdü elə bil... Bir ağız oxudu... "Qubanın ağ alması, yeməyə bağ alması, yarım gələnə qalıb yaramın sağalması..." - oxuduqca Kolya da qoşuldu ona, əlini qaşının üstünə qoyub səsini qaldırdı "Sevirəm yar, səni mən yar, sevirəm yar, yar" - deyib davam elədi mahnını... Rəhman müəllim "canım ay, Kolya... ay can-ay can..." - dedikcə bir az da coşur, ürəklə oxuyurdu. Bir azdan mahnı bitdi və Kolya heç özü də başa düşmədi ki, müəllim nəyə gülür belə.

- Sən canın, tələsmə, hələ deyəcəm indi uşaqlar samovar qaynatsınlar. Oturmuşuq da, hava əla, arağımız var, kefimiz kök... - deyəndə Rəhman müəllimin telefonu yenə zəng çaldı, ekrana baxıb əvvəl istədi cavab verməsin, sonra "lənət şeytana" - deyib düymənı basdı: - Alo... Mən uzaqdayam axı, ora nə vaxt gəlib çıxaram. Nədi ki? Nə izahat? Şikayət edib? Məndən? Hımmm... Birinci gün gələrəm danışarıq...

Telefonu bir kənara qoyub susdu Rəhman müəllim. Sonra elə bil yadına nəsə düşdü:

- O bir mahnı vardı ey, necə idi?

Kolya hansı mahnını soruşduğunu dəqiq bilirdi. Hər dəfə başqa mahnı istəyirdi, amma hansısa fəhmlə bu səfər hansı olduğunu başa düşürdü... Yenə əlini qaşının üstünə qoyub oxumağa başladı:

 

Neradivaə, qordaə, smelaə,

No urodinoy zvali ee,

Potomu, çto bıla ona belaə,

Ne takaə, kak vse voronğe.

 

Kolya  oxuduqca  Rəhman  müəllim  də  ona qoşulurdu.

 

Esli mı çernı, esli mı çernı,

Budğ i tı çerna, budğ i tı çerna.

 

- Canım, ay Kolya, nə yaxşı yadıma saldın ey bu mahnını. Cavanlığımızın mahnısıdı də... Belaya vorona - ala qarğa, hə? Deyir biz qarayıqsa, gərək sən də qara olasan... Yadındadı də, mahnının axırında basırlar ağ qarğanı "bolotaya" qaraldırlar tüklərini. Pay atonnan, nə təhər yazıb a...

Rəhman müəllim danışdıqca Kolya gülümsəyirdi, amma mahnısına da ara vermir, oxuyurdu. Arada bir-birinə qoşulub duet də gedirdilər... Evdəkilər aralıdan baxır, yaxınlaşmırdılar, bilirdilər ki, Rəhman müəllim belə şeyləri sevməz... Birdən Kolya duruxdu, mahnını yarıda kəsib yerindən sıçradı...

- Raxman muallim ya doljen iyti... Gecdi day, gedim, spasibo za vodku... - dedi, sonra baş barmağın yuxarı göstərib - ımmm vışşşı dedi.

- Nahaq tələsirsən də... Hələ nə qədər söhbətimiz qaldı. Amma onsuz da bizim sənnən söhbətimiz bitib-tükənən deyil. Yaxşı, qoy durum yola salım səni...

Qapıya çıxanda Rəhman müəllim köhnə "Moskviç"i görüb qəhqəhə çəkdi:

- A kişi, kefsən ey sən... Nə təhər saxlamısan bu "mosu"nu bilmirəm də... Rəhmətlik atamnan yaşıddı yəqin. Amma öz aramızdı, kefin yaxşıdı ha, belə sürəssən? Sənin kimisin tutub "prava"sın əlindən alırıq ey... Yaxşı, bura bax, bəlkə maşını qoyub gedəsən, uşaqlar aparsınlar da səni...

- Net, net, əziyyət çəkmə. Sto ras tak ezdil. Ne problema... Gedib çıxacam özüm, ya trezvıy...

- Trezvı ya... sənin oyunun olsun, trezviyə bax da... Deyir:

 

Esli mı çernı, esli mı çernı,

Budğ i tı çerna, budğ i tı çerna.

 

Rəhman müəllimin dilinə düşmüşdü mahnı, zümzümə edirdi... Kolya birtəhər ondan qopub oturdu maşına. Başını maşından çıxarıb bir də təşəkkür elədi.

- Bura bax, arada Bakıya-zada gedirsən? Vurub sürmə ha şəhərə, indi yaxına gedirsən bir söz demirəm... Amma Bakıda QAİ ilə nə problemin olsa yığ məni, vizitka var da səndə...

- Xoroşo, na dnyax poedu... Zəng eliyərəm esli çto... Gedim, siz də dincəlin e... - deyib maşını işə saldı Kolya, qapqara tüstü bürüdü aləmi...

- Bunun tüstüsü kimyəvi zavodunkundan betərdi a, boğdun bizi. Yaxşı, sağ-salamat getginən... Allah köməyin olsun...

 

***

Kolya səhər tezdən durub hazırlaşmışdı, köynəyini, şalvarını da ütüləmişdi. Bakıya yola düşməli idi. Poçtdakı arvad demişdi ki, orda "Nargilə"nin yanında yaxşı, münasib diş həkimi var. Düzdü, bu "mosu" ilə Bakıyacan getmək asan iş deyildi, amma hər halda Kolya yola çıxırdı...

Yolda bir neçə dəfə əsəbləşdirsə də, "Moskviç" gətirib çıxarmışdı onu Bakıya. Şəhəri yaxşı tanıyırdı, uşaqlıqdan o rus qarısı ilə tez-tez gəlirdilər paytaxta, sonralar da ferma üçün ayrılan şeyləri özü gəlib götürürdü, cin kimiydi, hər yerdən xəbər verirdi... "Nargilə"yə az qalırdı, burda o qədər yeyib-içmişdi ki... Budu, yol polisi dəyənəyini yellədib saxladı onu... Sağa çəkib əyləci sıxdı... Maşından düşdü.

- Rəis, ya razve naruşal?

- Serjant Əliyev... Xahiş edirəm sənədləri təqdim edin...

- Nə olub ki?

Kolyanın vecsiz danışığı serjantı özündən çıxardı.

- Nə olmalıdı, maşınından qapqara tüstü çıxır. Təzə qaydaya görə cəriməsi də artıb, bilmirsən bəs?

- Hımmm, düzəltdirəcəm də...

- Nəyi düzəltdirəcəksən, a kişi, maşının hay-hayı gedib, vay-vayı qalıb, bunu muzeyə bağışla da...

Kolya uşaq kimi incidi bu sözlərdən... Bir az tutuldu, nə deyəcəyini bilmədi. Bir pası tökülən "Moskviç"ə baxdı, bir də polisin əsəbi üzünə. Deyəsən, diş düzəltdirmək niyyəti bu dəfə də baş tutmayacaqdı.

- Vaxtım yoxdu ey, deyirəm sənədləri ver, yazım gedim...

- Bura bax, sən Rəhman Ələsgərovu tanıyırsan?

- Bizim rəisi? Məzələnmə, a kişi... Əlbəttə tanıyıram... Nədi ki?

- Heç, mənim dostumdu da... İnanmırsan, nömrəsin verim zəng elə, danış, - deyəndən sonra Kolya əlini cibinə atıb vizitka çıxardı - al bu da nömrəsi, yığım?

- Nəyindi dedin?

- Dostum... Gözlə...

Kolya "Moskviç"inə oxşayan sınıq-salxaq cib telefonunu kəmərinin üstündəki futlyardan çıxarıb ekranına zilləndi, gözlərin qıydı, sonra nömrəni yığıb qoydu qulağına...

- Salam, Rəhman Aliyeviç... Eto ya, da v Baku... K zubnomu... QAİ saxlayıb də... Deyir tüstüləyir maşın... Mosudu da, neynim. Nu xoroşo, ya peredayu trubku.

Serjant Əliyev dəstəyi götürən kimi rəngi ağardı... Ancaq elə  "Bəli, baş üstə, baş üstə, Rəhman müəllim..." - deyə bildi. Sonra dəstəyi Kolyaya verib - sizinlə danışmaq istəyir - dedi. Kolya dəstəyi qulağına qoyub əvvəl gülümsədi, sonra tutuldu, amma özün o yerə qoymadı. Rəhman müəllim çox uzatmadı, elə qısaca dedi sözünü:

- Tapşırdım "Nargilə"yəcən yola salacaq səni, dəyib-dolaşan olmasın. Amma bax, indən sonra "naruşat" eləmə, bu gün səhər əmrim verildi, işdən çıxardıblar məni...

Kolya təəccüb içində soruşdu:

- Bəs indi neynirsiz?

- Neynirəm? Qonşumla nərd atıram, yenə seş-sə... Pay atonnan, zər vermir də bu gün...

Kolya telefon qulağında quruyub qalmışdı, dəstəyin o başından zərin və daşların səsi, bir də zümzümə eşidilirdi...

 

Esli mı çernı, esli mı çernı,

Budğ i tı çerna, budğ i tı çerna. Ala qarğa

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!