Kamal Abdullanın esselərini oxuduqca varlığa, təbiətə, tarixə həyatın strategiyasından yanaşmalı olursan. Həyat həqiqətlərinə, mənalı yaşamağa, xalq, vətən üçün, müstəqil Azərbaycan üçün qurmağa, yaratmağa can atırsan. Bir daha dərk edirsən ki, insan vətən üçün yaşayıb-yaradarkən özü üçün də yeni bir aləm, yeni bir dünya yaradır, dünya yaradarkən isə əbədi yaşayış aləminə qoşulur. "300 azərbaycanlı" esseler kitabının müəllifi haqlı olaraq yazır ki, "Həyatın da öz ölçüləri var, o, müxtəlif dövrlərdən, hissələrdən ibarət olur". Müəllifin fikrincə, monist fəlsəfədən söhbət gedə bilməz. İnsan nə qədər mənalı yaşayırsa, mədəniyyət inkişaf edirsə, onun mənəviyyatında bir o qədər də yeni mənalı dünyalar yaranır. Yarandıqca mühit yeniləşir, gözəlləşir. Bununla belə, yenə də "...İtirə-itirə gedirik" - deyir müəllif. Bəzən dünyanın həyat eşqini və onun fəlsəfəsini elə burada da axtarmalı olursan, - "Bir az da axtarsaydıq, bəlkə itirdiyimizi tapardıq..."
Azərbaycan ədəbiyyatı tarixinə öz layiqli imzasını qoymuş görkəmli nasir, ədəbiyyatşünas, şair, dramaturq, tərcüməçi və tədqiqatçı Kamal Abdulla haqqında söz demək istəyərkən, Qabriel Markeslə bir müsahibəni xatırlamalı oldum. Moskvada nəşr olunan "Voprosi literaturi" adlı jurnalın (№2 1980-ci il) müxbiri ilə müsahibəsində o demişdir: "Biz yazıçılar 2 qrupa bölünürük, yazan və yazmayan yazıçılar. Yazmayanlar - daha çox göz qabağında, daha çox dəbdədirlər. Axı yazıçılıq dəbdədir, hətta heç nə yazmasan da! Digər yazıçılar, yəni yazanlar nisbətən gözdən iraqdırlar, çünki daima öz yaradıcılıq işləri ilə məşğuldurlar". Doğrudan da yaxşı demişlər ki, bütün yazıçıların torpağı bir yerdən götürülmüşdür. Onların ayrı-ayrı vətənləri, yazı tərzləri, mövzuları olsa da, ədəbi və əbədi həqiqətləri həmişə eyni olmuşdur - əlbəttə, ədalətli oxucuları olan yerdə! Q.Markesin bu sözləri Azərbaycan ədəbi mühiti üçün də xarakterik sayıla bilər. Və nisbətən gözdən uzaq, öz yazı dünyasında sakit-səssiz, daim yazı-pozu ilə, həm də məhsuldarlıqla məşğul olub tarixi əsərlər yaradan Kamal Abdullanı da ikinci qrup yazıçılara aid etmək olar. Mən bu yazımda onun çoxsaylı müxtəlif janrlı əsərləri haqqında yox (bunun üçün illər və səmərəli tədqiqatlar tələb olunur), təkcə "300 azərbaycanlı" (Bakı-Mütərcim-2007) ədəbi-bədii esselərdən ibarət kitabı haqqında öz fikirlərimi söyləmək istəyirəm. İlkin olaraq onu da deyim ki, bu janrda az-az yazılır, bir növ esselərə Azərbaycan oxucusunda mənəvi aclıq, möhtaclıq hiss olunur. Hərəsi bir gözəl süjetli şeir, poema siqlətində olan ədəbi-bədii, mən deyərdim ki, elmi-fəlsəfi dərinliyə, orijinal mahiyyətə malik olan bu irili-xırdalı əsərləri bir dəfə oxumaqla üstündən keçmək olmur. Çünki yazıçının yeni, özünəməxsus yazı tərzi, deyim üslubu, maneraları, söz üzərində tam sahibliyi, dilinin təmizliyi hər bir əsərdə açıq-aydın hiss olunur. Mənaların düşüncəsinə qapılmaya bilmirsən. Hər sətirdə, hər sözdə müəllifin səsi, nəfəsi, özünəməxsusluğu ilə rastlaşırsan.
300 mənalı mübarizdən, 300 fəlsəfi düşüncə və həqiqət fədaisindən 16-cısı böyük türk dünyasının görkəmli şairi Oljas Süleymenova həsr olunmuşdur. Həmin esse, mənim fikrimcə, fəlsəfi, psixoloji və ən əsası, bədii dəyərlərimizin başlıca dolğun mahiyyətini özündə cəmləşdirən bir lakonik nəğmə kimi xarakterizə oluna bilər. Doğma Azərbaycan torpağında Oljasla yol yoldaşı olan Kamal Abdulla səfərdə tonqal ətrafında, meşələrdə ağaclarla nəfəs-nəfəsə, üz-üzə gəzərək tüfəng səsini, barıt qoxusunu unudaraq xalqlarımızın taleyindən, keçmişindən, gələcəyindən söhbət etmiş, özü demişkən, elə bunun da "mənəvi ləzzətini" dadmışdır. Türk xalqlarının keçdiyi uzun, böyük həyat yolu, köçəri mədəniyyətinin (onu da deyim ki, köç sevdası həmişə türkün qəlbində, fikrində daim cövlan eləmişdir) və onun tərəqqiyə, gözəlliyə, mənəvi aliliyə, elmə, maarifə, zəkaya, ən əsası, Böyük Türk birliyinə çağırışı Kamal Abdullanın qələmində Qıpçaq çöllərinin yovşan ətri kimi doğma hiss edilir. Həcmcə 2 səhifəlik, məna və mahiyyətcə böyük əsər təsiri bağışlayan bu essedə Oljasın səsi eşidilir. Yol boyu onları izləyən qaranlığın qəribliyindən gəlir bu səs... Oljas birdən-birə şeir deməyə başlayır. Kamal Abdulla üçün o şeir dolu şair səsi çox-çox uzaqlardan - qədim Oğuz ellərindən, Orxon-Yeniseyin sehirli, sirli sahillərindən gəlir: "Səs həm də hər birimizin içindən gəlirdi". O səsdə şeirin fəlsəfəsi və poetik dünyasının sadəlik ruhu da eşidilirdi, müəllifin fikirincə, - o səsdəki şeiriyyət nə kiməsə əmr edir, nə də kiməsə tabe olurdu, sadəcə, böyük ruh və böyük məhəbbət sədaları yaradırdı: "Səs özü başlamışdı şeir deməyə. Səsin öz vaxtı, susa bilmədiyi məqamı gəlmişdi." Şair səsinin qanadlarında "Yol uzandıqca uzanır, biz böyüdükcə böyüyürdük..." - yazır yazıçı. Yollar uzanır... yaşıl kövşənlik kimi uzandıqca ilğıma çevrilirdi. O səsdə minilliklərdən insan zəhməti, insan duyğuları boylanırdı. Müəllifin fikrincə, Oljasın şeir havası, misralarındakı o ahəngdar səs ruh kimi çox-çox dərinliklərdən gəlirdi. Həmin dərinliklərdə isə həyat, ölüm, sevinc, şəfqət, mərhəmət, mehribanlıq kimi bəşəri hisslər, sıxıntılar da yollara süzülürdü. Bəlkə elə ona görə də yollar təzədən uzanır, uzandıqca bir-birinə calanırdı. Yolda oxunan şeirin ahəngində metafizik mahiyyət boy göstərirdi. Şeirin səsində, səsin şeiriyyətində müxtəlif qiyafələr baş qaldırır, məna və semantik siqlət yollara, ürəklərə işıq, nəğmə qırıqları kimi səpələnirdi. Müəllif daha sonra yazır: "Şair özü də öz səsinin dalınca düşmüşdü. Səs onu harasa aparırdı - o da gedirdi, arxasınca da baxmırdı". Həcmcə bu kiçik essedə böyük ictimai-siyasi əhəmiyyətə malik fəlsəfi-psixoloji bir sənətkarlıq nümunəsi nəzərə çarpır. Ən əsası, poetik yeniliyi ilə... Əsər daha məzmunlu bir sonluqla bitir: "Maşın Bakıya çatmaq bilmirdi ki, bilmirdi...". Kamal Abdullanın poetik bir dillə mahiyyətini aşkarladığı fəlsəfi dilemma Türk ellərindən Bakıya gələn yolların sonsuzluğu üzərində bərqərar olurdu. Yazıçının nəzərlərində isə bu yollar heç vaxt bitmək-tükənmək bilmirdi.
Bəli, taleyi insan həyatının, insan ömrünün peyki hesab edənlər bəlkə də haqlıdırlar, - axı həyatı gözəllikdən, mübarizədən, tərəqqidən ayrı təsəvvür etmək, onu məna və gələcəkdən ayrı salmaq deməkdir. Qeyd etmək yerinə düşər ki, həm Oljas Süleymenovun, həm də Kamal Abdullanın yazıçı taleləri - ömür peykləri Vətənpərvərlik və Türkçülük motivləri üzərində bərqərar olaraq onların yazıçı xoşbəxtliyi üçün əsas şərtlərin önündə dayanır!
***
" Həyat bir bütöv, tam həyat olsaydı, dərd nə idi ki..." 300 mübarizdən biri, yəni sıraca 54-cüsü belə başlayır. Həyat... Kamal Abdullanın esselərini oxuduqca varlığa, təbiətə, tarixə həyatın strategiyasından yanaşmalı olursan. Həyat həqiqətlərinə, mənalı yaşamağa, xalq, vətən üçün, müstəqil Azərbaycan üçün qurmağa, yaratmağa can atırsan. Bir daha dərk edirsən ki, insan vətən üçün yaşayıb-yaradarkən özü üçün də yeni bir aləm, yeni bir dünya yaradır, dünya yaradarkən isə əbədi yaşayış aləminə qoşulur. "300 azərbaycanlı" esseler kitabının müəllifi haqlı olaraq yazır ki, "Həyatın da öz ölçüləri var, o, müxtəlif dövrlərdən, hissələrdən ibarət olur". Müəllifin fikrincə, monist fəlsəfədən söhbət gedə bilməz. İnsan nə qədər mənalı yaşayırsa, mədəniyyət inkişaf edirsə, onun mənəviyyatında bir o qədər də yeni mənalı dünyalar yaranır. Yarandıqca mühit yeniləşir, gözəlləşir. Bununla belə, yenə də "...İtirə-itirə gedirik" - deyir müəllif. Bəzən dünyanın həyat eşqini və onun fəlsəfəsini elə burada da axtarmalı olursan, - "Bir az da axtarsaydıq, bəlkə itirdiyimizi tapardıq..." Həmin bu ideya yazıçını, dünyanı təkcə fiziki varlıq kimi yox, onun bəşəriyyətə münasibətdə olan rolunu - önəmliliyini, intellekt mənasını tədqiq etməyə gətirib çıxardır ki, bu da hər bir yazıçının yaradıcılığında özünü biruzə verə bilmir. Başqa cürə də ola bilməz, çünki Kamal Abdullanın bir çox əsərlərində (istər essələr olsun, istərsə də irihəcmli roman, povest, dram əsərləri) simvollar obyekt kimi çıxış etmir, dərin bir məna, mahiyyət məqsədlərini özündə əks etdirir. 54 saylı, yarımca səhifəlik essedə daha sonra oxuyuruq: "Hər bir dövrü kiməsə həsr edirik, hər bir hissəni kiməsə, nəyəsə sübut eləyə-eləyə yaşayırıq". İlk oxunuşdan adi, sadə görünən bu fəlsəfi-psixoloji yanaşma oxucunun qəlbinə bir ideya kimi hakim kəsilir. Həqiqət uğrunda savaşda varlığın, daim inkişafda olan ana təbiətin necə, nə cür olmasını fikrində, duyğularında sadalayırsan. Həyat strategiyasının obyektiv və subyektiv materiya və şüur olması vəhdətini - Dövr, İnsan və Həyat üçün əhəmiyyətli, mənalı olan xeyirxahlıq, bədii obrazlar kimi bu əsərdə öz əksini tapır. Həyatı mənalandırmaq və kiməsə, nəyəsə böyük həqiqəti və bəşəri hissləri sübut edə-edə yaşamaq, yazmaq, yazıçı üçün həmişə obyektiv gerçəklikdir. Aleksandr Soljenitsinin Nobel nitqində deyildiyi kimi: - Həqiqət, Xeyir və Gözəllik üçlüyünün bu qədim vəhdəti materialist gəncliyimizdə düşündüyümüz kimi, sadəcə təmtəraqlı formul deyil... Haqqında danışdığımız essedə həm də şeiriyyətlə cilalanmış orijinallıqdan məhz elə həqiqət, xeyir və gözəllik boylanır... Amma uzaqlardan keçir gedir, - çünki bunu uzaqlardan keçib gedən O insan demişdir: "O kim idi... uzaqdan yad bir adam kimi gəlib keçdi..." Yazıçının elmi-poetik fəlsəfəsinin fundamental anlayışını orqanik həyat elementi saymaq olar. "O kim idi... uzaqdan yad bir adam kimi gəlib keçdi" - deyərkən yazıçı bizi daha da uzaqlara aparır, qəlbimizi riqqətlə döyündürür, düşüncələrin dərinliyinə varırıq. O adamın arxasınca düşürük. Mövcud olan, hətta xəyallarımızda yaşayan elə şeyləri bir daha xatırlamalı oluruq ki... ədəbi-bədii, hətta naməlum O obraz məna dolu ideyası ilə orqanik həyatımızla birləşir. Uzaqdan yad bir adam kimi gəlib keçsə də:
- Sən çətin tapasan axtardığını-
Sən axtardığını itirməyiblər!
Yazıçının modern fəlsəfi ideyası və bu mövzuya metafiziki yanaşma tərzi lirik qəhrəmanını həyatın empirik təşəkkül mərhələsinə yönəltməsi, sözün, o cümlədən, fəal idrak formalarının, milli-mənəvi dəyərlərimizin dolğun cəhətlərini üzə çıxarır. Axtardığını tapmaq istəyirsənsə, əvvəl öyrən bil, O necə, nə vaxt yaranmışdır. Sonra sən axtardığını itirən olmuşdumu?! Onda dünyanın gedişatını və axtarışların mahiyyətini dərk edər, əsl mənzərəni kəşf etmək, tapmaq, duymaq tərəflərinə nail ola bilərsən. Əgər bacarsan... Bacarmasan, bir daha şahid olarsan ki... həqiqətsiz və praqmatizmsiz "Yaşamaq çox kədərli bir şeymiş..." - yazır yazıçı.
Beləliklə, uzaqdan yad bir adam kimi gəlib keçən O haqlı idi. Haqlı idi, ona görə ki, yaşamaq və xoşbəxt olmaq üçün var-dövlət, maddi sərvət kifayət deyil. Mənəvi zənginlik, milli-mənəvi dəyərləri uca tutmaq önəmli imiş...
Tahir Taisoğlu
şair-publisist,
siyasi elmlər üzrə fəlsəfə doktoru
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!