Yenə əvvəlkitək bəxtimə hakim... Ulduzlu göylərin tale qisməti... - Məmməd İSMAYIL

 

Hələ ilk gənclik çağlarından türkdilli xalqlar arasında qazaxlara səbəbini heç özümün də bilmədiyim bir sevgi formalaşırdı. Bəlkə qazax adının vərdişdən gələn bir diləyatımlılığı vardı, ona görə, bilmirəm. Hər halda doğulub böyüdüyüm Tovuzun qonşuluğunda Qazax rayonunun olmasının da burada az payı olmamışdır (Etiraf edim ki, həyata çıxış nöqtəsi aradığım gənclik illərində qazaxlılar tovuzlulardan daha çox mənə dayaq olacaqlardı).

Həyatımın keşməkeşli dolaylarında müxtəlif səbəblərlə qazax türkləri ilə tanışacaqdım və SSRİ-də  yaşayan türk xalqları arasında Sovet rejiminə qarşı ilk başqaldırı da başqa bir məkanda yox, Qazaxıstanda olacaqdı. Moskvada Ali ədəbiyyat kurslarında oxuyanda şeir seminarlarında Qazaxıstandan gəlmiş Mukaqali Makatayevlə birlikdə iştirak edəcəkdik. Mukaqalinin şeirlərinin seminarda müzakirəsi böyük həyəcan və qızğın mübahisələrə səbəb olacaqdı. Seminar rəhbərimiz Aleksandr Mejirov Mukaqalidən qeyri-adi istedad kimi danışacaqdı. Hələ sağlığında  Qazax ədəbiyyatının klassiki adlanan Mukaqali dərslərə davamlı sərxoş gəldiyinə görə altı aydan sonra kursdan qovulacaq və məmləkətinə dönəcəkdi. Az sonra da dünyasını dəyişdiyini eşidəcəkdik. Amma davamlı içsə də, davranışlarında bəlkə də böyük istedadından gələn bir güvən vardı. Kursumuzda ayrı-ayrı bölgələrdən gələn ondan çox türk əsilli tələbənin içində türklüyünü idrak edən yalnız iki  dostum olacaqdı: Mukaqali Makatayev və qaraçaylı Mussa Batçayev!

Qazaxıstana sevgimin başqa bir səbəbi də yəqin ötən əsrin səksəninci illərində şeirlər kitabımın rus dilini çıxsaq, ilk dəfə "Jürək odı" adıyla Almatıda çap edilməsi ola bilərdi.

Poeziya seminarlarımızda Oljas Süleymenov adı tez-tez səslənirdi, hətta bir dəfə Y.Yevtuşenko ilə seminar iştirakçılarının görüşündə Oljasa görə mübahisə də etmişdim.

Oljasla  Bakıda Sovet ədəbiyyatı günlərində yaxından tanış olacaq və ondan "Ədəbiyyat və incəsənət" qəzeti üçün "Özgələrinin dağlarını alçaltmadan" adlı müsahibə də alacaqdım. Sonra tale bizi xoş bir təsadüflə Moskvada qarşılaşdıracaqdı. Oljas bəy o tanışlığın ilinə yox, gününə qədər indi də xatırlayır. Bunu 80 illik yubileyi ilə bağlı Ankarada Avrasya Yazarlar Birliyində keçirilən görüşdəki çıxışında söyləyəcək və qayım yaddaşı ilə hamını, başda da məni heyrətləndirəcəkdi: 13 fevral 1976. Bu o gün idi ki, O.Süleymenov 50 professorun önündə başıqovğalı "Az  i Ya" kitabındakı tezisləri müdafiə etmiş və bu müzakirələrdən qalib ayrılmışdı. O günün gecəsi "Rossiya" otelində sabaha qədər o qələbəni ikilikdə qeyd edəcəkdik...Və dostluğumuz beləcə başlayacaqdı...

Məqsədim, əlbəttə, O.Süleymenov haqqında xatirə yazmaq deyil, çünki onun haqqında  əvvəllər də yazmışdım, görünür, bundan sonra da yazacağam. Bu yazımda Türk dünyasının şəksiz böyük oğlunu xatırlamağımın əsas səbəbi onun tələbəsi Baxıtjan Kanapyanovdur.

Baxıtjanla (Parisdə fransız dilində keçən il çap olunan kitabında adı Jan Baxıt yazılmışdı. Fikrimcə, bu addəyişimi Baxıtjana ana südü kimi halaldır) yaxından tanış olduqda, həqiqətən, canlara dəyən oğlan olduğunu görəcəkdim. B.Kanapyanovla hələ Volqanın buz örtüyündən çıxmağa macal tapmadığı bu ilin mart ayında Nijni Novqorodda Maksim Qorkinin 150 illik yubileyində qarşılaşacaqdıq. Doğrusunu deyim, dünyanın çeşitli ölkələrindən gələn 70-dən çox şair, yazıçı, tərcüməçi, rəssam, nəşriyyat işçisi arasında qanımın ən çox qaynadığı 3-4 adam arasında (əvvəldən tanış olduqlarım da az deyildi...) Baxıtjan da olacaqdı. Yubileydə iki qazax türkü vardı, ikisinin də adı Baxıtla başlayırdı; Amerikada yaşayan Baxıt Kenjeyev və Baxıtjan! Amma mən daha çox Baxıtjanla yaxın olacaqdım. Onunla ilk görüşdən dostlaşdığımızın əsas səbəbi yenə də Oljas Süleymenov olacaqdı. Baxıtjan Oljas aka ilə yaxın olduğumuzu eşidən kimi, tələbəsi olduğunu qürurla söyləyəcək və həmən Oljas bəyi arayacaqdı... Oljas bəyin səsi telefondan daşıb gurlayacaq və: - necə yəni tanıyıram, Mamed mənim dostumdur, deyəcəkdi.

Avropa ölkələrindən gələn şair, tərcüməçi və naşirlər Baxıtjana böyük bir sayğı ilə yanaşırdılar. Elə mənim yanımdaca Baxıtjana Fransada, Bolqarıstanda və Polşada çap olunan kitablarının siqnal nüsxələrini təqdim edəcəkdilər... Bu isə Baxıtjanın şöhrətinin çoxdan əski sovetlər birliyi sərhədlərini aşdığının bir başqa sübutu idi.

Almatıda universitet təhsilini tamamlayan Baxıtjan sonra Moskvada həm ssenari və həm də Ali ədəbiyyat kurslarını bitirmişdi. Ssenariləri çəkilmiş, kino rejissoru, nəşriyyat redaktoru işləmiş, Mosfilm və Kazaxfilm studiyalarında çalışmışdır. Oljas Süleymenovla ilk dəfə 1971-ci ildə tanış olmuş və bu tanışlıq onun gələcək taleyini bəlirləmişdir.

Belə bir deyim var, əslində olan dırnağında bildirər. Baxıtjanın soyu XIX yüzilin əllinci illərində qazax-qırğız folkloru, tarix və coğrafiyasının öyrənilməsi sahəsində önəmli işlərə imza atan Çokan Vəlixanovun nəslindən gəlir. Bu mənada Baxıtjanın həyat hekayəsi də ibrətli hadisələrlə doludur. Yalnızca 1986-88-ci illərdə könüllü olaraq Çernobıl   qəzası dağıntılarının aradan qaldırılmasında iştirakı dediyimizə sübut ola bilər.

Baxıtjan Qazaxıstan, Rusiya, Fransa, Ukrayna, ABŞ, Böyük Britaniya, Malayziya, Polşa, Bolqarıstan  nəşriyyatlarında nəşr olunan 30-dan çox şeir kitabının müəllifidir. 1996-cı ildə Almatıda Andrey Voznesenski və Bella Axmadulinanın şeir gecəsində səsləndirilən və sonradan qəbul edilən "Dünya Şeir Günü"nün keçirilməsi ideyasını da Baxıtjan vermişdir. Dünya Şiir Yarışması (New York, ABŞ), "Mədəniyyət və İncəsənət" nominasiyasında "El Tulqası" - "Vətən adına" müsabiqəsinin qalibi, "Alaş", "Tarlan", Rusiyanın "Anton Delviq", Qazaxıstan PEN-klubunun "Muxtar Auezov" kimi  bir sıra ədəbi mükafatların  laureatıdır. 

Qazaxıstan, Rusiya və Ukraynada müxtəlif orden və medallara layiq görülmüşdür.

Qazaxıstan və Rusiya PEN-klublarının üzvü, Krım ədəbiyyatı akademiyasının akademiki (Simferopol, Krım Respublikası) Avropa Yazarlar Konqresi (Praqa) İdarə Heyətinin üzvü və Mərkəzi Asiya və Qazaxıstan regionunun təmsilçisidir. "Literaturnaya qazeta"nın Qazaxıstan müxbiridir.

Bunların hamısından əvvəl isə onu mənə yaxınlaşdıran şeirləridir. Və mən istərdim ki, o şeirlərdən bir neçəsi ilə "Ədəbiyyat qəzeti"nin oxucuları da tanış olsunlar.

Məmməd İSMAYIL

Çanaqqala, TÜRKİYƏ

 

Baxıtjan Kanapyanov

 

Bilmədik heç ömrün əvvəli nədir,

Gedib tükənəcək və sonu harda.

Bitəcək verilən bu son kredi

Bu həyat deyilən zorlu yollarda.

 

Bəlkə də yol çatıb o son dənizə

O sona dikilib qismətin gözü.

Ulduzlu kəhkəşan ayrı möcüzə

Orda kəhanətin mübarək sözü.

 

Qaraçı falçılar dada yetdilər

Bəxtimi yozdular yerli-yerində:

Şerimdən arzumu təxmin etdilər

Sirr varmış hər misra, söz üzərində.

 

Diskətə yazılan sözdü elə bil,

Bu ömür deyilən yaşamaq çağı.

Şairin gözünə görünən şəkil:

Şəfəqdən öncəki cənnət sabahı!

 

***

Önə çıxararam bütün ruhumu

Xoşbəxtlik ruhumdan sonra dayanar.

Yozumu olmayan bu, bir yuxumu,

Və sirr pərdəsinin ardında nə var?

 

Yenə də olacaq yol yoxuşları,

Yolların üstündə sərt döngələr də.

Olacaq qədərin siyah quşları,

Quşların dilində qara xəbər də...

 

Sonra nə olacaq bilməz ki, heç kim

Alın xətlərini silməyin çətin.

Yenə əvvəlki tək bəxtimə hakim

Ulduzlu göylərin tale qisməti...

             

***

Yaxşı yadımdadı o amansız an

Ətrafa od saçan o yay iqlimi.

Gözümün önündə sürünən ilan

Dikəldi qarşımda bir sual kimi.

 

Nə ilə yolundan döndərim onu

Əlim uzaq qalıb yol daşlarından.

Nə ilə bitəcək bu işin sonu,

Donmuşam qorxunun təlaşlarından.

 

Çox olsa, arada üç-beş metrə var,

Fısıltı, küləkmi dadıma yetdi?

Xilasmış ilanın verdiyi qərar

Daşların ardında yox olub getdi...

 

***

Ulduzlar təklikdə mənimlə səssiz.

Dalğadan-dalğaya xəlvəti bir iz...

Dalğalar, dalğalar ulduzla dolu,

Həyatın geriyə dönülməz yolu...

Dəniz kənarından uzaqmı, uzaq

Ölüm üfüqüylə təmasa bir bax.

 

Oğlan

 

Və o uşaq unudulmuş

                        yol boyunca qaçdıqca

Su arxında axıb gedən

       bir sarımtıl yarpaq kimi, yarpaq kimi

Ya da elə

gicitkəni çəkib gedən

                        yorğun-arğın bir at kimi

Yanaqlarda göz yaşları,

                        dodaqlarda acı bir dad.

Gözyaşları quruyacaq,

                        yaşıl yarpaq saralacaq,

Amma

o uşaq yenə qalacaq.

Quşlar itdi, at yox oldu və

bir dənizçi paltarının içindəki cavan oğlan

Uşaqlığın kənarında məni izlər...

 

Dinləmək - eşitmək

 

Barmağını toxundur

Dindir dilləri bir-bir;

Qara, ağ düymələrdə

Ünsiyyətlər səslənir.

 

Nə oldu, olanları

Musiqi dilləndirir:

Özümü xatırladım:

Küçə,

Şamlar - göy çətir...

 

Fənərlərdən küçənin

Gözləri qamaşmada:

Sonra belə olmasın,

səninlə yox, çaşıb da

başqasıyla görüşəm!

 

O incə barmağını

Ayır, ayıra bilsən

Piano dillərindən...

Ruhun həssas yerindən!

 

Musiqi ara verir,

Gecə sükuta dalır.

Küçə fənərləri də

Bütün gur işığıyla

Bizi qoynuna alır...

İşıqlar musiqimi

Ruhumuzdan ucalır...

 

Qaş-qabaq nəyə gərək,

Ən yaxşısı dinləmək

Dinləmək - dilə gəlmək!

Küçə - şam ağacları,

Burda bu gecə yarı

Pəncərənin dışında

Sevgi-səs yarışında

Göydən mələklər enər

Qara, ağ düymələrdə

Ünsiyyətlər səslənər...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!