Sevil GÜLTƏN - Uşaqlıq illərimin şəkilləri

Ayaqyalın qaçdığım kənd yolunun yaddaşında neçə illər yaşayıb mənim uşaqlıq anlarım... Yayda tozlu, qışda palçıqlı olan o yollara daş döşənəndə həmin xatirələr daşın ağırlığına dözə bilməyib əzik-üzük oldu....

 

Esselər

 

Anamın yuxu gördüyü ev

 

Anam ömrünün az qala 60 ilini bu evdə keçirib. Anamın ömrünün şahididir bu ev. Atamla özü tikib bu evi- kərpicini kəsib, suvağını vurub, şirələyib. Bu evin hər kərpici anamı yaxşı tanıyır. Bu ev anamın yuvasıdır. Yeddi uşaq bu evdə "ana" , "ata" deyib, bu evdə iməkləyib, yeriməyi öyrənib. Bu evin gözü qarşısında böyüyüb anamın uşaqları - anamın necə əziyyət çəkdiyini görüb. Atam işdə olanda, soyuq qış günlərində bu evi isitmək üçün özü odun doğrayıb, başına qar tökə-tökə evin içinə daşıyıb odunları. Bu evi anam isidib.

Hər səhər tələsə-tələsə bu evi yığışdırıb, sonra isə pambıq tarlasına gedib- yayda alaq etməyə , payızda pambıq yığmağa. Yorğun halda qayıdanda ketmənini bu evin çöl divarına söykəyib, özü isə pilləkəndə oturub bir günlük yorğunluğunu unutmağa çalışıb.

Bu ev anamın kədərli-sevincli günlərini onunla birgə yaşayıb. Övladları ali məktəbə girəndə bu ev anamın sevincinə şahidlik edib. Bu evdə anam zənbil hazırlayıb, Bakıya, tələbə qızlarına göndərib. Bu ev anamın yaddaşıdır sanki. Bu ev anamın xatirə dəftəridir. Hər vərəqində ömrünün bir günü yazılıb.

...İndi yeddi uşağın hərəsi bir yerdə özünə yuva qurub. Böyük qardaşım da bu evdən bir neçə metr aralı müasir üslubda ev tikib. Amma anam o təzə evə uyğunlaşa bilmir. Səhərdən-axşamacan bu evdə qalır, bir də axşam tək qalmaqdan qorxduğu üçünmü, ya başqa səbəbdən qardaşımgilin evində yatır. Anamın iki çarpayısı var. Biri aşağı evdə- biri isə qardaşımın evində.

Biz kəndə gedəndə ikiqat sevinir anam- çünki gecəni öz evində keçirəcək.

Anam deyir ki, təzə evdə rahat yatsa da, nədənsə yuxu görə bilmir.

 

P.S. İndi nə anam var, nə də o ev...

 

 

Uşaqlıq illərimin şəkilləri

 

Uşaqlıq dövrümlə bağlı demək olar ki, heç bir şəkil yoxdur. İlk şəklim 4-cü sinifdə oxuyanda, ad günümdə çəkilib. Yadımdadır, atamla rayon mərkəzinə getmişdik. Mən təkid etdim ki, şəkil çəkdirək. Təxminən 10 yaşım olanda. O şəkildən başqa heç bir şəklim yoxdur uşaqlıq illərimə aid. Sonrakı illərdə məktəbdə çəkdirdiyimiz şəkillərim var. Amma məhz 10 yaşımdan o tərəfdə qalan illərimdən heç bir yadigar yoxdur. Bilmirəm, bunun günahı kimdədir? Yaşadığım kənd şəraitindəmi? Başı öz iş-güclərinə qarışmış valideynlərimdəmi? Yoxsa ibtidai sinifdə bizə dərs deyən müəllimlərdə? Deyirəm, bəlkə şəhərdə yaşasaydıq ən azı "Foto" yazılmış yerlərin yanından keçərkən valideynlərimin yadına düşərdi şəkil çəkdirmək. Bəlkə valideynlərimin kasıb olmasında axtarım bu səbəbi? Məişət problemləri başlarını qatmasaydı bəlkə də biz uşaqların şəklini çəkdirmək kimi işlər də yadlarına düşərdi.

  Uşaqlıq illərimdən bəzi anlar yaddaşıma hopub qalıb. İlk dəfə məktəbə getməyim, qələm tutmağım, tənəffüslərdə evimizə qaçmağım və sair. Amma məktəbə gedən, qələm tutan, tənəffüsdə evə tərəf qaçan o uşağı təsəvvür edə bilmirəm. Həmin anlar barədə düşünəndə uşaqlıq illərimin yeganə yadıgarı olan şəkildəki məni təsəvvür edirəm. Həm birinci sinifdəki, həm də dördüncü sinifdə olan hadisələri xatırlayanda özümü o yeganə şəkildəki kimi təsəvvür edirəm. Hərdən anam uşaqlıq illərimlə bağlı hansısa xatirəni yadına salır.O danışdıqca həmin anlar kino lenti kimi göz önümdən gəlib keçir. Amma yenə də özümü təsəvvür edə bilmirəm- həmin anların əsas obrazı tanıdığım başqa uşaqlar olur.

  Uşaqlıq illərimdən şəkil yoxdur. Mənim uşaqlıq illərimin ayrı-ayrı anları böyüdüyüm evin divarlarına hopub qalmışdı. Sonralar o evin palçıq suvağı sementlə əvəz ediləndə yoxa çıxdı o anlar. Həyətimizdəki, bəlkə valideynlərimdən də yaşlı olan tut, qarağac ağaclarının yaddaşına hopubmuş uşaqlıq illərimin bəzi anları. Əsən küləklər, yağan yağışlar yuyub aparıb o ağacların yaddaşını. O ağacların budaqları qırıldıqca o ağacların yaddaşı da qırıq-qırıq olub. İtib dağılıb uşaqlıq illərimin anları. Dörd il oxuduğum ibtidai məktəbin partalarının, lövhəsinin yaddaşında qalıbmış uşaqlıq illərimin anları. O məktəbin binası uçurulanda, binanın kərpicləri torpağa qarışanda o binanın yaddaşında olanlar da torpağa qovuşdu...Torpağa çevrildi mənim uşaqlıq anlarım....

  Ayaqyalın qaçdığım kənd yolunun yaddaşında neçə illər yaşayıb mənim uşaqlıq anlarım... Yayda tozlu, qışda palçıqlı olan o yollara daş döşənəndə həmin xatirələr daşın ağırlığına dözə bilməyib əzik-üzük oldu....

  Uşaqlıq illərimin xatirələri daha çox atamın yaddaşında yaşayırdı. Atam dünyasını dəyişəndə onları da özü ilə apardı.

  Anamın yaddaşında yaşayır uşaqlıq illərim. Anam qocaldıqca onun yaddaşı da kövrəkləşir, tez sınıb tökülür xatirələr. Kim bilir, bəlkə nə vaxtsa insanların yaddaşına hopanların şəklini çəkmək mümkün olacaq?! Kim bilir...

Uşaqlıq illərimdən yalnız bircə şəkil qalıb....10 yaşımdan o tərəfdə qalan illərin ayrı-ayrı anları torpağa qarışıb. Nə qalıbsa anamın yaddaşında qalıb....Anam qocaldıqca onlar da yavaş-yavaş əriyir, yoxa çıxır....

Uşaqlıq illərimin şəkilləri - mənim heç zaman görə bilməyəcəyim şəkillər!!!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!