"Elçin: yazıçının yaradıcılıq yolu" silsiləsindən - Bir görüşün tarixçəsi" - Nizami CƏFƏROV

"Altmışıncı", yetmişinci illərdə...

Nizami CƏFƏROV

Elçinin "Bir görüşün tarixçəsi" kitabı (1977) hər şeydən əvvəl  onunla seçilir ki, əvvəlki kitablarında çıxmış hekayələri ilk dəfə buraya daxil edilir; bu, təsadüfi deyil… Çünki həmin hekayələrin, demək olar ki, hamısı artıq müasir Azərbaycan nəsrinin klassik nümunələri idi: "Qatar. Pikasso. Latur. 1968", "Beş qəpiklik motosikl", "Gümüşü, narıncı, məxməri", "Baladadaşın ilk məhəbbəti", "Qış nağılı"… Və bundan sonra dəfələrlə çap ediləcəkdi… Bu sıraya "Talvar" adlı bir hekayə də əlavə edilmişdi.

Akademik Məmməd Arif Dadaşzadənin  xatirəsinə həsr olunmuş "Talvar" hekayəsi yüz  yaşlı ağacın- xartutun birdən- birə parçalanması ilə əlaqədar baş verən  hadisələrdən danışır: ağsaqqal Əliabbas kişi xartutun parçalanıb, yetişmiş tutlarının hər tərəfə  dağılmasını böyük bir mərasimə çevirib hətta böyük gəlininə deyir ki, "aş bişir bu gün"…

"…Böyük də, kiçik də hamı belə bir yekdil fikrə gəldi ki, bu tutun ləzzəti başqa şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib. Qonşuların hərəsinə bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlmişdi, şirni  paylayırdılar".

Böyük ailəsi - övladları, nəvələri olan Əliabbas kişi usta dülgər idi, təqaüdə çıxsa da, dülgərlik alətlərini həmişə səliqəli saxlayır, gücü çatan işləri görərdi… "Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas kişi bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib aparıb satsın… Əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya  qismət olmalı idi"…

Övladları başlayır Əliabbas kişini məzəmmət eləməyə, ancaq başa düşmürlər ki, "bir yaxşı usta çıxsa qarşısına ki, bu alətlərə sərraf gözü ilə baxa bilir,  qolunda gücü var, ayağında da taqət, pulsuz- zadsız halal edər ona bu çəkici də, mişarı, rəndəni də və başqa  nəyi varsa da hamısını"…

Ancaq alətlərinə yiyə duracaq bir adam tapmayıb kor-peşiman evə qayıdan Əliabbas kişiyə birdən güc gəlir… "Səhəri gün Əliabbas kişi evin qapı-pəncərəsinə əl gəzdirməyə başladı, sonra həyətin şüşəbəndini səliqəyə saldı,  sonra qonşulara baş çəkdi, sürahilər təzələndi… və yavaş- yavaş yay keçib getdi, payız başladı"…

İş o yerə çatır ki, müəllifin bir sıra hekayələrinin, povestlərinin epizodik (ancaq tipik!) qəhrəmanlarından olan "qəssab Ağanəcəfin arvadı Balacaxanım küçə qapıları ağzında dayanıb tum çırtlaya-çırtlaya başına toplaşmış cavan məhəllə qızlarına göz vurub deyirdi:

- Kişi yaman dirilib!.. Bir də gördün sabah  özünə cavan bir arvad alıb!.. Hər səhər də yorğan-döşəkdən qalxanda arvadın gözlərinin altı qap-qara…"

Həmin Balacaxanım Əliabbas kişidən xahiş edir ki, onların qapısının ağzında  oturmaq üçün skamya düzəltsin,  "balaca bir talvarı da olsun… yayda gün düşməsin üstümüzə…

…Əlbəttə, məsələ onda deyildi ki, Balacaxanım həmin talvarlı skamyada oturub  laqqırtı vuracaqdı, məsələ onda idi ki, Əliabbas kişinin əllərinin bir ləhzəsi də artacaqdı"…

Skamya da, talvarın taxta dirəkləri də hazır olur, bircə günlük iş qalıbmış, ancaq Əliabbas kişi gecə keçinir… "Səhər isə məhəllə  görünməmiş bir hadisənin şahidi oldu: Balacaxanımın küçə qapısı ağzındakı skamyanın üstündə  çox yaraşıqlı bir talvar var idi.

Bütün məhəllə, qəssab Ağanəcəf də, ağlamaqdan gözləri qızarmış Balacaxanım da, Əliabbas kişinin oğul-uşağı da bu işə heyrət etdilər.

Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı və ümumiyyətlə, məhəllədə belə bir şayiə gəzirdi ki, Əliabbas kişinin çəkic- mişarı, rəndə- kəlbətini gecə  öz- özünə gəlib ustanın yarımçıq qalmış işini  qurtarıblar".

Bu və buna bənzər əsərlərini oxuduqca heç bir şübhə etmirsən ki, Elçin  70-ci illərdə yalnız "altmışıncılar"ın yeni ədəbiyyat axtarışlarını davam etdirməklə kifayətlənməmiş, həm də ümumən Azərbaycan (və dünya!) ədəbiyyatı tarixi kontekstində möcüzələr yaratmışdır… Və bu möcüzələr hansı "resept"lə yaranmışdır sualına isə  tənqidçi Elçinin məşhur "Hekayə janrı, imkanlarımız və iddiamız" məqaləsindəki (1976) aşağıdakı sətirlər cavab verir:

"Hekayə həyatdan gəlməlidir!" - bu çağırış, əlbəttə, yeni deyil, lakin bunu doğuran problem bu gün də Azərbaycan novellasında aktualdır: uğurlu bir hekayəni oxuyub "hekayə həyatdan gəlməlidir!" - deyirik, - "bax, bu hekayədə olduğu kimi"… Uğursuz bir hekayəni də oxuyub "hekayə həyatdan gəlməlidir!" - deyirik, - "yoxsa ki, bax, bu cür uğursuzluq labüddür"…

"Ox kimi bıçaq" kinopovesti ilk növbədə Elçin yaradıcılığının üslub  çoxşaxəliliyini əks etdirən  əsər kimi dəyərlidir…

"Gecə qaranlıq gecə idi, nə Ay işığı vardı, nə də ulduz işıldayırdı və qaranlıq elə bil bu saat təkcə bu gecənin qaranlığı deyildi, bütün  dünyanın qaranlığı idi; elə bil daha heç vaxt gün çıxmayacaqdı və heç vaxt da işıq  deyilən bir şey görünmyəcəkdi"…

Əlbəttə, kinonun - bədii filmin öz üstünlükləri var (söhbət bu kinopovest əsasında çəkilmiş məşhur "Arxadan vurulan zərbə"dən gedir), ancaq ədəbiyyat tamam başqa şeydir və istedadlı, duyumlu, hər sözündə məna olan yazıçı təhkiyəsi bir- birini əvəz edən ən uğurlu kinokadrlarından belə müqayisə edilməyəcək qədər zəngindir…

Mahmud Qəmərlinskinin qatilini tapmaq üçün rayona gələn mühüm işlər üzrə müstəntiq Gündüz Kərimbəyli rayon prokuroru Dadaşlını öz sadə (və səmimi) hərəkətlərilə təəccübləndirir… Güman çox yerə gedir, qətlin səbəbkarı şübhə doğuran hər yerdə axtarılır və bu axtarış prosesində məsələyə birbaşa dəxli olmayan, ancaq kifayət qədər mürəkkəb insan münasibətləri əsərin predmetinə çevrilir. Və Elçinin yaradıcılığı üçün  səciyyəvi bir cəhət özünü burada da göstərir: süjet öz-özlüyündə o qədər də əhəmiyyətli deyil, əhəmiyyətli olan həmin süjet məsafəsindəki hadisələrin, zahiri kənara çıxmaların adi gözlə görünməyən daxili vəhdəti, təhtəlşüur assosiasiyaların bütövlüyü və onların həmin vəhdətinin, bütövlüyünün analitik dərkidir.

Kinopovest detektiv janrda qələmə alınsa da, müəllif öz üslubuna sadiq qalmış, macəraçılıqdan tamamilə uzaq, psixoloji təhlillərlə, obrazlarla (və obrazlılıqla) zəngin  bir əsər yaratmışdır:

"Fəttahın gözlərindən od-alov tökülürdü, kin- küdurət, qəzəb tökülürdü, elə bil ki, neçə illərdən bəri ürəyində gizlincə saxladığı, gizlincə onu yandırıb-yaxan adam boğmaq ehtirası birdən-birə üzə çıxmışdı və bu alışıb-yanan ehtiras dolu gözlərdə indi bir təntənə şövqü oynayırdı".

Hətta cinayətkarın zərərsizləşdirilməsi, əlbəyaxa döyüş epizod - səhnələrində də dil-üslub sənətkarlığı yüksək səviyyədədir:

"Gündüz Kərimbəyli üz-gözünün palçığını  silə-silə dikəlib Fəttahla üzbəüz oturdu və  bir-bir prokuror Dadaşlıya, Cabbarova, Həsənzadəyə baxıb:

- Vaterlooda Blyuxerin köməyə gəlməsinə döndü bu!.. - dedi, sonra Fəttaha baxdı, sağ əlinin kösöv dəymiş barmaqlarını ovxaladı. -  Güc varmış bunda!..

Fəttah da iki əli ilə, salavat çevirirmiş kimi, üzünü sildi və:

- Gərək gecəylə başını kəsəydim sənin! - dedi. - Qoyun başı kimi! - Həm də bu sözləri elə sakit  dedi ki, bu adam qəssabının həvəsinin  doğruluğuna heç kimin şübhəsi qalmadı".

Və beləliklə, çox cinayətlərdə əli olan, rayonda Fəttah adı altında gizlənən Qurd Cəbrayıl ifşa edilir…

"Bir görüşün tarixçəsi" povesti "altmışıncılar"ın yetmişinci illər yaradıcılığının ən səciyyəvi nümunələrindən biri, bütövlükdə isə Azərbaycan nəsrinin, şəksiz, şedevridir… Yenə də "adi adamlar" və onların o qədər də adi olmayan xəyalları, düşüncələri, hərəkətləri, taleləri…

Povestin birinci hissəsi, müəllifin irəlicədən xülasə etdiyi kimi, "oxucunu Məmmədağa ilə, Məmmədağanın Ay işığında gümüş kimi ağappaq alüminium örtüklü furqonu ilə, milisioner Səfərlə, Məmmədağanın məhəllə uşağı Mirzoppa ilə və  nəhayət, Məsməxanımla tanış edir, oxucu Məmmədağa  ilə Məsməxanımın bir-birlərinə söylədiklərinin və söyləmədiklərinin şahidi olur".

Məmmədağa öz işinin təkcə ustası yox, həm də aşiqidir və Abşeron kəndlərini bir- bir gəzdiyi gümüşü furqonu - səyyar  TİR-i ilə dolanır… "Və birdən-birə belə bir fikir onu sarsıtdı ki, hərgah  bu saat burada onun başına bir iş gəlsə, heç kimin bundan xəbəri olmaz, bir müddət keçər, bu furqonu başqa birisi sürüb  bura gətirər, hamı yenə gəlib nişan atar, amma heç kim yadına salmaz ki, dünyada Məmmədağa adında bir oğlan vardı"…

Qəhrəmanın (insanın!) öz təkliyini, kimsəsizliyini tədricən deyil, birdən- birə anlaması (və bunun nəticəsində narahat olmağa başlaması) motivi Elçinin yaradıcılığında çox müxtəlif ifadə təzahürlərilə ortaya çıxmaqla yalnız ədəbi-bədii deyil, həm də sosial-psixoloji maraq doğurur. Və müəllifə görə, insanın həmin "böhranlı" anlarda hansı qərarı qəbul etməsi onun  gələcəyi (və taleyi) baxımından, bir qayda olaraq, həlledici əhəmiyyət daşıyır… Ancaq yazıçı  mətləb üstünə birbaşa gəlmir, oxucunu Məmmədağanın bütün məhəllə tərcümeyi- halı ilə müfəssəl tanış edir ki, bu tanışlıqda ən mühüm "fiqur" məhəllə uşağı Mirzoppadır. Və Mirzoppa pis uşaqdır… "Ən böyük pisliyi ondaydı ki, qorxurdu başqaları onun yaxşı cəhətlərini bilsin; yalan, adama sataşmaq onun üçün elə mötəbər idi ki, qorxurdu məhəllə uşaqları onun yaxşı bir işini eşidib üz döndərsinlər, bütün hörmətini itirsin"…

Mirzoppa uşaqlıqda, yeniyetməlikdə necə idisə, böyüyəndən, evlənəndən sonra da həmin adamdır, daha doğrusu, adam deyil… Onun  içkili vəziyyətdə hoqqa çıxartması, zəhlə tökməsi, milisioner Səfərə şillə vurması da göstərir ki, heç vaxt ağlı başına gəlməyəcək, heç vaxt adamlıqdan payı olmayacaq… Məmmədağa bir az da dərinə gedib fikirləşir ki, "o həyat  ki, sənə verilib, onu gərək düz yaşayasan, təmiz  yaşayasan və gərək elə bir şey olmasın ki, gecə yerinə girib yatmaq istəyəndə səni özündən utandırsın; hərgah dünyada bir milisioner Səfər varsa, bu milisioner Səfərin oğlunun adı Naçalnikdirsə, özü də ömründə haram bir tikə yeməyibsə və ürəyi də qoyub gəldiyi dağların yanındadırsa, gərək o, bu dənizin sahilində, bu qayaların yanında, bu Ayın  işığında haqsız şillə yeməsin"… Mirzoppa belə şeylər düşünə bilməz, onun ağlına bu cür fikirlər ömründə gələ bilməz, çünki  heyvan  kimi şeydir… Ancaq heyvanlıq eləməyin də bir həddi- hüdudu, qoruq- qaytağı var bu dünyada. Ona görə də Mirzoppanı həmin milisioner Səfər tutub saldırır dama. Çünki heyvanlığın (və heyvanın!) yeri oradır…

Məmmədağanın Məsməxanımla - Mirzoppanın arvadı ilə tanışlığı nə qədər prozaik vəziyyətdə  baş verirsə, ondan qat-qat romantik bir əhval- ruhiyyədə keçir… "Məmmədağa qarşısında  dayanmış bu gülməli qızın dolu sinəsinə, yaraşıqlı dizlərinə, yumru topuqlarına, səndəlli yalın  ayaqlarına baxdı və ürəyindən qəribə bir nigarançılıq keçdi. Çoxdan idi onun ürəyindən  belə bir nigarançılıq keçməmişdi…"

Məsələ burasındadır ki, həmin hisslər Məsməxanımı da bürüyür… "Məsməxanım çoxdan idi daha  qızarmırdı, o vaxtdan ki, Mirzoppanın evinə gəlmişdi və indi qızardığını hiss eləyəndə ona elə gəldi ki,  dünyada heç bir Mirzoppa yoxdu, heç vaxt ərə getməyib, bütün bunlar hamısı yalandı, yenə də hind kinolarına baxıb ağlayan əvvəlki Məsməxanımdı…"

Məmmədağa ilə Məsməxanımın hiss, əhval-ruhiyyə "alış- veriş"ini yazıçı həmin hisslərin, əhval-ruhiyyələrin məzmununa, xarakterinə  uyğun bir nağıl şirinliyilə təsvir edir:

"Dünyada Zuğulba deyilən bir kənddə gözəl bir qız var idi, bu qızın adı Məsəmxanımdı və bu Məsməxanım ona görə gilavarı xoşlayırdı ki, gilavar əsəndə dənizlə danışmaq olur, söhbət etmək olur, külək adamın dediyi sözləri aparıb dənizə çatdırır"…

"Bir görüşün tarixçəsi"nin ikinci hissəsində  "məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həmin qəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat yollarına nəzər salmağa sövq edir; ən qəribəsi isə burasındadır ki, özlərinin  bundan xəbəri olmur, yəni xəbərləri olmur ki, əslində, o gecə onları düşündürən ən əsas məsələ dünyada  kiminçün və nə üçün yaşamaqlarıdır".

Lakin Məmmədağa ilə Məsməxanımın arasında yaranan bu ünsiyyət, isnişmə və nəticə etibarilə, "dünyada kiminçün və nə üçün yaşamaqları"nı  sövqi-təbii qərarlaşdırma qarşısında  xüsusilə Məmmədağa üçün keçilməsi çox çətin olan bir maneə var: "… Tanış-bilişin arvadına tamah salmaq olmazdı; əgər biriylə oturub bir tikə çörək yemisənsə, onun arvadı sənin bacındı.  Məmmədağa heç vaxt bu qanunu pozmazdı; məsələ təkcə burasında deyildi ki, bu qanunu pozmaq olmazdı, məsələ burasında idi ki, bu  yazılmamış qanun Məmmədağagilin damarında axırdı, qanına qatılmışdı".

Di gəl  Məmmədağa Məsməxanımın hansı zülmlər çəkdiyini görür, onun Mirzoppa kimi mənasız bir adamın evində arvad yox, əsir olduğuna əmin olur. Məsməxanıma isə  bu görüşün təsiri altında elə gəlir ki, "Mirzoppa tamam uzaq bir aləmin adamıdı, ona heç bir dəxli yoxdu… Mirzoppanın içməyi də, davaları da, nakişi hərəkətləri də indi ona çox cılız, çox əhəmiyyətsiz, çox məzmunsuz göründü"…

Müəllif öz qeyri-adi hisslərlə dolu qəhrəmanlarını Abşeronun qeyri-adi təbiət mənzərələri, bu mənzərələrdən doğan sehrli, möcüzəli təəssüratlar fonunda təsvir etdikcə düşünürsən ki, bu cür yaşantılar elə bu yerlərdə ola  bilər, başqa yerlərdə yox… Onu da düşünürsən ki,  böyük istedad, hissiyyatlı, nüfuzedici göz həyatın ən adi prozaik materialından  çox təsirli, çox ilahi bir poeziya yarada bilər.

Məmmədağa ilə Məsməxanım, hələ ki, son addımı  atmırlar, ancaq oxucuda heç bir şübhə qalmır ki, bu addım atılacaq…

"Məmmədağa onun əlindən tutub adını çəkəndə Məsəməxanım bildi ki, bu saat elə sözlər eşidəcək ki, bu sözlər həmin "nə isə"dən xəbər verəcək, bu sözlər həmin qəribə yay gecəsinin büründüyü  sehri çatladıb tamam sındıracaq və qız qorxdu, çünki yenə də hər şeyi yadından çıxartmaq istəyirdi - səhər ki hələ açılmamışdı, hələ qalmışdı səhərin açılmasına"…

Məmmədağa ilə Məsməxanımın bu sehrli gecəsi çox gözəl, çox romantik idi, ancaq bir məsələ vardı ki,  gecənin xeyrindənsə gündüzün şəri yaxşıdı…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!