Hekayə
Kimini güldürən, kimini düşündürən bu olay bir telefon zəngindən başladı və Məmişovun bir damcı da suçu yox idi.
Məmişov bu rayonun köhnə alverçilərindən, indiki anlamda desək, biznesmenlərindən olduğu üçün irəli çəkmişdilər; meyvə-tərəvəz satışı mərkəzinin uzlaşdırıcısı, yəni koordinatoru təyin etmişdilər. Amma köhnə kişilər ona "müdir", cavanlarsa "şef" deyirdi.
- Sənin əsas işin alıcı tapmaq, kənd əhlinin min əziyyətlə becərdiyi məhsulları satmaqdır. Ölkələr, xalqlar var ki, sinov gedirlər bizim alma-armud, gilas, xurma, qoz-fındıq, pomidor üçün. Alıcını təkcə şimalda axtarma; cənub var, şərq var, qərb var, hamısı orqanik yeyəcəklər istəyirlər.
Bu yerdə Məmişovun küt-küt ona baxdığını görən rayonun böyüyü bir anlığa üzünə yayılmış gülüşü təzədən rəhmli baxışla əvəz elədi - Orqanik, yəni təbii - deyib əsas məsələyə qayıtdı. - Gerisini sənə demək artıqdır, özün yaxşı bilirsən, bal tutan barmaq yalar.
Rayonun yiyəsinin sözlərini göydə tutan Məmişov belini əyib başını dikəltdi, boyca özündən alçaq başçı ilə bərabərləşib əlüstü dilləndi:
- Cənab başçı, barmağı biz yalamalıyıq, sizin masanın üstünə də təmiz şanları qoymalıyıq.
Rayonun böyüyünün dediklərini Quran ayəsitək can dəftərinə yazıb əzbərləmiş Məmişov ənənəvi şimal bazarı ilə işləyirdi, cənub və qərb istiqamətlərində hələ alıcı tapmamışdı.
"Allah qoysa, tapacam, işə başladığım heç bir ay deyil, nə yatdım ki, yuxu görüm?" - deyib özünə təskinlik verirdi.
Qəfil telefon zəngi onu düşüncələrdən ayırdı, dəstəyi götürdü, səsinə ağırlıq verib, aram- aram köhnə qayda ilə rusca cavab verdi:
- Qospadin Mamışov sluşaet.
Telefonun o başındakı Azərbaycan dilində soruşdu:
- Bura meyvə-tərəvəz satışı mərkəzidirmi?
- Bəli.
- Məmişov özüdürmü?
- Elədir ki var.
- Çox gözəl. Əssəlamu-aleykum va Rahmatullahi va barakatuhu. Sizin alıcınız olmaq istəyirik.
Bu potensial alıcının ərəblər kimi salamlaşması Məmişovu şaşırtsa da, təmkinli səslə soruşdu:
- Alıcı kimdir, siz özünüzsünüz?
- Xeyr, mənim şefimdir.
Məmişov yayxandığı kürsüdən dikəldi:
- Bəs sizin vəzifəniz, adınız nədir?
- Mən dilmancam, yəni tərcüməçiyəm, şefin köməkçisiyəm. Adım, soyadım Əliş Vəlişoğludur.
Dilmancın adını qarşısındakı dəftərə yazan Məmişov növbəti sualını verdi:
- Şefinizin adını, telefon nömrəsini deyin.
- Şefin adı Əbu Talib Şeyx Zamandır. Sizə verəcəyim telefonun nömrəsi mənimkidir. Nə sözünüz varsa və olacaqsa, mənə deyəcəksiniz. Siz birbaşa onunla danışıb anlaşa bilməyəcəksiniz. Bütün danışıqlar, müqavilələr mənim vasitəmlə olur. Nə desəniz, tərcümə edib ona çatdıracam. İstərdik, gələk sizlə tanış olaq, çayınızı içək, alacağımız mallar haqqında bir niyyət protokolu bağlayaq.
Məmişov bilaixtiyar yerindən atlandı:
- Belə əcəb eləyirsiniz. Buyurun, hansı günü deyirsiniz, qarşılamağa hazırıq. Lap elə günü bu gün gəlin. Bakıdan bura ikicə saatlıq yoldur.
- Çox gözəl. Amma gərək Şeyxlə məsləhətləşəm. Mən dilmanc babayam. Ərəblər demişkən, kim səbr edirsə, o da udur.
- A kişi, bilirik, işin uğuru elə dilmancdan başlayır.
- Sizinlə qiyabi tanışlıqdan məmnunam. İnşallah, yaxınlarda əyani görüşərik. Sağ olun.
Məmişov çox sevincək oldu. İstədi ki, əlüstü isti-isti rayonun şefinə zəng etsin, bu xoş xəbəri çatdırıb desin ki, Əbu Talib Şeyx Zaman adlı bir ərəb şeyxi rayonumuza gəlib meyvə-tərəvəz almaq istəyir. Amma əyləcini vaxtında basdı, bildi ki, rayonun başbiləni bu sorğulara cavab istəyəcək: Kim? Haradan? Haraya? Nə zaman? Nə qədər? Və sair və ilaxır.
Odur ki, tam məlumat almaq üçün indicə eşitdiyi ərəb məsəlini təkrarlayıb, dinləməyi qərara aldı.
Tərcüməçi çox gözlətmədi. Ertəsi gün səhər saat 12-də onun yanında olacaqlarını, bütün məlumatları üzbəüz danışıq əsnasında verəcəklərini bildirdi. Məmişov xahiş elədi ki, bir Bakıdan çıxanda, bir də rayonun sərhədini keçəndə ona telefonla zəng etsinlər ki, qonaqları qarşılaya bilsin.
"Axır ki, Cənub ölkələrinə çıxış tapıldı. Bundan sonra külli-Ərəbistan əhli bizim satdığımız meyvə və tərəvəzlərin dadını bilib buralara darışacaq" - deyə düşünən Məmişovun keyfi kəllə-çarxa qalxırdı. O isti-isti bu xəbəri rayonun başçısına çatdırıb, qonağı qəbul eləməyə izn istədi. Bu şad xəbərdən xoşhal olan başçı iznini verib dedi:
- Şeyxi layiqincə qarşılamaq gərəkdir. Yol polisinə göstəriş verəcəm, sənlə əlaqə saxlasınlar. Şəhərin girəcəyində qonağı qarşılayıb yanıma gətirərsən. Yay kabinetimdə rəsmi söhbətdən sonra "Meşə" restoranında həm naharımızı eləyərik, həm də danışıqlarımızı yekunlaşrırarıq.
- Baş üstə, əmrə müntəzirik.
Ertəsi gün Məmişov başının dəstəsi olan bir neçə fermerlə bahalı maşınlarda Şeyx Zamanın pişvazına çıxdılar. Yol polisinin mərasim maşını onları qabaqlayıb deyilən yerdə gözləyirdi.
Məmişov telefonla dilmanca xəbər elədi ki, rayon mərkəzinin girəcəyində onları gözləyirlər, qoy yolun qırağında polis maşınının yanında sürəti azaltsınlar.
- Başa düşdüm, on dəqiqəyə çatırıq, - deyə Əliş Vəlişoğlu məlumat verdi.
On dəqiqədən sonra ağ rəngli bir əlil maşını polis maşınının yanında dayandı. Özünü irəli atan Məmişov amiranə səslə dedi:
- Vətəndaş, bir az qabağa sür, biz qonaq gözləyirik.
- Bizə deyilmiş yerdə dayanmışıq.
- Kim bu göstərişi verib?
- Cənab Məmişov.
- Siz Əbu Talib Şeyx Zamanın dilmancısınız?
- Bəli, Şeyx arxada oturub, - deyə dilmanc arxa oturacağa işarə elədi.
Məmişovun sifətinə yayılmış sevinci sual dolu müəmmalı bir ifadə əvəz eləsə də, elə sual işarəsi şəklini alıb dişlərini ağarda-ağarda cins şalvar-köynək geymiş 40-45 yaşlarında qarabəniz qonağı salamladı. O da öz növbəsində əlini yelləməklə Məmişovu salamladı.
"Sir-sifətdən xalis ərəbdir, amma niyə əlil maşınında gəlib? Yəqin özünü sadə göstərmək istəyir" deyə öz-özünə pıçııldayan Məmişov kiçik kortejə tərpənmək əmrini verdi. Düşünməyə, bəzi mətləbləri dəquqləşdirməyə vaxt və imkan yox idi, dağ boyda kişi onları gözləyirdi.
Yol polis maşını "Yol ver" fitini verib qabağa düşdü. Ardınca qonağın maşını, sonra Məmişovun mersedesi, dalınca fermerlərin bahalı maşınları yola düzəldi. Küçədəki maşınlar yol polisi maşınının vahiməli fıştırığını eşidən təki qırağa çəkilirdi. Bu minvalla maşın korteji rayonun böyüyünün iqamətgahının həyətinə daxil oldu.
Rayonun başçısı ərəb şeyxi ilə iqamətgahın həyətindəki bağçanın ortasında düzəltdirdiyi yay kabinetində görüşməyə qərar vermişdi. O, həyətə girən maşınların ortasında əlil maşınının, başı çalmalı, ağ cübbəli şeyxin əvəzinə cins geymiş orta yaşlı oğlanı gördükdə dodağının altında mızıldandı: "Deyəsən, bu şeyx hoqqabazdır".
Maşınlar dayanar-dayanmaz Məmişov yaşına uyğun olmayan cəldliklə irəli sıçrayıb, qonağın maşınının arxa qapısını açdı, yüngülcə təzim edib dedi:
- Buyurun, şeyx həzrətləri.
Qonaq maşından düşən kimi onu yay kabinetinin qapısında dayanmış rayonun ağasına sarı yönəltdi. Başçı sifətinə diplomatik gülüş verib qonaqla ikiəlli görüşdü, "bu müsəlman torpağına xoş gəlib səfa gətirmisiniz" söylədi. Özünü qabağa verən dilmanc onun dediklərini əl hərəkətləri ilə tərcümə eləməyə başladı. Çaş qalmış qonaqsa, öz növbəsində, belə isti, təntənəli qəbula görə minnətdarlığını bildirmək üçün əl hərəkətləri ilə yanaşı ağız-burnunu da əyməyə başladı.
Rayonun böyüyü çox arif adam idi, yoxsa bu yüksək məqama çata bilməzdi. Odur ki, üzünü dilmanca tutdu:
- Sənin Şeyxin lal-kardır?
- Bəli, cənab.
- Hansı ölkədəndir?
- Xalis bakülüdür, mer-meyvə biznesi ilə məşğul olur, əli yaxşı gətirir.
- Adı nədir?
- Əbu Talib Şeyx Zaman.
- Şəxsiyyət vəsiqəsində necə yazılıbdır?
Dilmanc kəkələdi:
- Abutalıb Şıxzamanov. Amma əslində Əbu Talib Şeyx Zamanov oxunmalıdır. Çünki...
Başçının zəhmli səsi onun sözünü kəsdi:
- Sənin peşən nədir?
- Lal-kar məktəbində müəlliməm, ərəb dili kurslarına da getmişəm. Bizim işlətdiyimiz ərəb dili mənşəli sözlərin çoxu təhrif olunmuş şəkildə deyilir. Soyadlarımızın sonundakı "ov"ları da tullamaq zamanı yetişibdir.
Başçının sifətindəki süni gülüş itib, təbii gülüşlə əvəzləndi. O, elə şaqqanaq çəkdi ki, başda Məmişov olmaqla, yanındakılar əvvəlcə diksindilər. (Onlar rayonun böyüyünün belə ürəkdən gülməyini eşitməmişdilər...) Sonra ona qoşularaq xorla gülməyə başladılar. Qonağınsa heç tükü də tərpənmədi, çünki söhbətin nədən getdiyini eşitmədiyi üçün, bunların nəyə güldüklərini də bilmirdi.
Özünə gələn başçının sifəti qaraldı. Gülüş xoru xırp kəsildi.
- Mamışov, - deyə fısıldadı, - bunları gətirdiyin kimi yox, səssiz-səmirsiz yola sal, getsinlər. Sonra yanıma gəl, - deyib qonaqla xudahafizləşmədən kabinetinə girdi.
Biçarə Məmişov, az qala ürəyi gedib yıxılacaqdı. Cangüdəni olan sürücüsü qoluna girib maşına oturtdu. Üz-gözünə su vurub özünə gələn Məmişovun halını xarab eləyən bu biabırçılıqdan çox, başçının "sonra yanıma gəl" sözü idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!