Fuad Poladovun əziz xatirəsinə ithaf olunur
Ölmək... qəribə kəlmədir. Bu beş hərfli söz eyninə gələndə dönüb olursan okeanda bir zərrə. Anası əlini buraxmış, izdihamlı şəhərdə ayaqyalın o yan-bu yana qaçan uşaq kimi çarəsiz hiss edirsən özünü. Karlar şəhərində hönkürürsən, duyan olmur. Tir kimi uzanıb ölməyə nə var ki?! Yaşaya-yaşaya bu kəlməni dilinə gətirməkdən söhbət gedir. Ömür boyu tək-tənha yaşa, ölüm anında biri peyda olsun, "getmə" sözünü götürüb daş kimi çırpsın pəncərənin şüşəsinə, cingiltidən bağrın partlasın... Dünya paltar deyil, soyunub asqıdan asasan, ya da bəyənməyib başqa bir rəngilə dəyişəsən! Həyat əynində səninlə bərabər köhnəlir... köhnəlir...Və budur, gözünü açırsan ki, daha gözün yoxdur görməyə, daha əlin yoxdur tutmağa! Yatıb-durmağını da daha saatın qamış əqrəbləri bəlli etmir...
"- Müsyö, getmə də... nə olar! Bizi buraxma! Buraxma!
- Qorxma, ölmürəm! Gözəgörünməzə qovuşuram!"
Velosipedin üstündə Momo iki əlini kəndir kimi Müsyönün belinə dolayıb ağlaya-ağlaya "getmə" sözünü o həzin səsiylə dilə gətirəndə səhnədə olduğumu niyə unutdum? ... Bəlkə də son səhnədə üzümə düşən mavi işığın təsirindən oldu. Səbəbini anlamadım, səhnə həyatımda çox nadir hallarda bu vəziyyətə düşmüşdüm. Həmin anda içimdə, lap dərinlikdə nələrsə oyandı, nələrsə öldü.
Teatrın qapısını ehmalca örtüb çıxdım. Axşam düşmüşdü, iş vaxtı bitmək üzrə idi. Artıq on beş gün idi ki, tamaşanın məşqləri gedirdi. Küçələr insanlarla dolu idi, qarışqalar yuvasına dolan kimi hamı evinə-eşiyinə dönməyə başlamışdı. Mən də evə tələsirdim. Səki izdihamlı idi, addımlarımı kiçik götürməyə məcbur olurdum. Metronun Nizami stansiyasına nə zaman çatdığımı hiss etmədim. Beynimə hakim kəsilmiş düşüncələr bir anlıq yoxa çıxdı, sanki külək əsdi, bu fikirləri qovalayıb harasa apardı. Başımı qaldırdım, gözlərimə ilk dəyən insanların mənə təbəssüm dolu baxışları oldu. Bu sevgi yaxşı hiss bağışlasa da, fikrimi yayındırırdı, elə bil hamı əlbir olub məni özümdən qoparıb özlərinə yapışdırırdı. Düşüncəmin kələfini tuta bilmirəm, ip yumağının ucunu itirmiş kimi karıxıram belə hallarda. Hava çox soyuq idi, bir siqaret yandırdım, tüstü ciyərimə gedəndə təngnəfəs oldum.
"Mavi küçə gözəldir, mavi olmasa da!!"- Müsyö üzünü Momoya tutub bu cümləni deyəndə mən uzaq Parisin o Mavi küçəsində marketdə oturub fransızca müştəriləri salamlayırmış kimi hiss edirdim özümü. Mavi küçənin mavi olub-olmamasını dəqiq bilməsəm də, oranın qara rəngdən uzaq olduğuna əmin idim. Tamaşanın son səhnəsində Müsyö mavi işıq içində ölərkən Momo titrək əlləri ilə onun gözlərini bağlayır. Ola bilsin ki, Müsyö gözəgörünməzliyə qovuşmaq üçün məhz mavi işığa bürünməlidir. Siqaretimi söndürüb metro stansiyasına daxil oldum. Mühafizə məmuru məni təbəssümlə qarşıladı. Hər zaman olduğu kimi bu dəfə də yoxlama aparatını əlimdəki çantaya yaxınlaşdırmadı. Eskalatordan düşəndə qatar artıq tərpənmişdi. Növbəti qatarın gəlişini bir neçə dəqiqə gözləməliydim.
"- Ölmə... mən qorxuram, Müsyö! Bəs bərabər dənizə gedəcəyik deyə söz vermişdin. Bəs necə oldu?!! Ölmə!
- Momo, ağlama! Gəldiyimiz yolda çayları gördünmü? Onlar dənizə axıb tökülür. Həmin çayların biri bizik! Məsələn, Momo çayı, İbrahim çayı... Mən rahat yaşadım, xoşbəxt yaşadım. Artıq yoldaşım da dünyasını dəyişdi. Hələ də onu sevirəm!"
Momo Müsyönün əlini tutur, gözlərinin yaşını silir və Müsyö gözəgörünməzliyə qovuşur. Sonra pərdələr çəkilir, tamaşaçılar dağılır, hər kəs öz evinə gedir və iki gün sonra səhnədə gördüklərini unudurlar. Biz isə qrimlərimizi silib, paltarlarımızı dəyişib başqa rollara hazırlaşırıq. Amma o mavi işığın içində, həmin bağlı pərdələr arxasında, həmin gözəgörünməz yerlərdə Momo özünü bir çay hesab edir. O, Mavi küçənin uşağıdır, dəniz olmağı düşünməkdədir. Hamıdan xəbərsiz, hamıdan gizlin Müsyönün ölüsü işıq olmaqdadır!
Qatar gəldi. Yanımda dayanmış bir xanım bütün diqqəti ilə mənə baxırdı. Fikir aləminə qərq olanda ətrafımdakı insanların fərqinə vara bilmirəm, bu xanımın da bayaqdan baxışları ilə məni izlədiyini görmürdüm. Hamı qatara minməyə can atırdı, biri özünü qaça-qaça güclə çatdırdı. Üzünü görməsəm də, ayaq səsini eşidirdim.
"Ayaqqabıların köhnədir, Momo! Diqqət etməlisən, sənin bir cüt ayağın var. Ayaqqabıların rahat deyilsə, dəyişdir.
- Pul olmayan yerdə ayaqqabı almaq üçün bəzən ayaqlarını da satmalı olursan."
Ayaqlarımız bizi hara aparır görəsən? Metronun "Gənclik" stansiyasında düşəcəkdim. Qapılar bağlanır və hamımız bir qatarın içində yola düşürük. Qatarın taqqıltısı fikrimi yayındırırdı. İş vaxtının sonu olduğuna görə vaqonun içində iynə atsan yerə düşməzdi. Dirəkdən yapışmaq niyyəti ilə çətinliklə də olsa, içəriyə doğru bir neçə addım atdım. Sərnişinlərin mənə təəccüblə baxmasına öyrəşmişdim. Bu baxışlar illərin tanışı kimi gəlirdi mənə. Metroda bir aktyor!
Yaşlı bir kişi, yanında kiçik qız uşağı düz qarşımda oturmuşdu. Kişi uşağın çantasını və şərfini qucağında saxlamışdı. Uşaq isə əlini qucağındakı dəftərin üstünə qoyub barmağını qələm təki üstündə gəzdirirdi. Kişi çox güman ki, uşağın babası idi. Əynində nimdaş pencək, amma təmiz və ütülü ağ köynək vardı, qırmızı qalstuk taxmışdı. Hansısa böyük bir zavodda baş mühəndis vəzifəsində işləyən adama bənzəyirdi. Daha doğrusu, təqaüdə çıxmış mühəndisə. Baba ilə qızın gözləri bir-birinə elə düyünlənmişdi ki, sanki illərdir çox uzaq qalıblar, elə lap indi görüşüblər. Balaca qız masmavi gözlərini babaya dikmişdi, zərif çəhrayı dodaqları ilə gülümsəyirdi. Qızın mavi baxışlarında qeyri-adi nəsə vardı, göz bəbəkləri istəmsiz şəkildə fırlanırdı. Başının müvazinətini saxlaya bilmirdi, başı çiyinlərinin üstündə aramsız şəkildə titrəyirdi. Görünür, hansısa anadangəmə xəstəlikdən əziyyət çəkirdi. Bəlkə də babası onu fiziki qüsurlu uşaqlar üçün məktəbdən gətirirdi. Hə...onu ordan gətirirdi...Kimsə qəfil mənə dəydi, sərnişinlərin biri qolumu tutub "bağışlayın" - deyib yanımdan keçdi.
Baba qızın əlini ovcunda elə nəvazişlə tutmuşdu ki... Baxışlarından boylanan ağrı səssizcə danışırdı, susqun-susqun qıza "incimə" deyirdi. Babanın gözlərinə və üzünə qonmuş təbəssümdə Ağrı dağın acıları qədər kədər var idi. Bu görüntü vaqondakı digər sərnişinlərə də təsir etmişdi, simaları bir neçə saniyə içində dəyişmişdi. Qatarın səsində belə dəyişiklik var idi. Həmişəki kimi ürəkdən fit verə bilmirdi, boğazında tikə qalmış təki boğula-boğula səslənirdi.
"Axı mən nə edə bilərəm? Əlimdən nə iş gəlir? Söylə! Əlim nə qədər qısadır, görmürsən? Kaş ki, bir yol olardı... Lap bu yeganə pencəyimi satardım... Sənin qüsurunu səndən alardım... Yolum yoxdu ki!" - babanın susqunluğu bunları deyirdi.
Uşaq isə barmağını dəftərin üstündə sürüyərək israrla gülümsəyirdi... Qatarda bütün səslər susmuşdu, sadəcə onların sükutu danışırdı.
"Heç narahat olma, baba! Hər şey yaxşıdı. Mənə görə kədərlənmə. Bu vəziyyət məni incitmir daha... gəl yaxşı şeyləri düşünək. Gəl unudaq bunları və sadəcə gülümsəyək" - masmavi gözlər kosmosda itmiş bir planet kimi fırlanırdı. Onların maviliyinə baxanda birdən Parisin Mavi küçəsində Momonun səsini eşitdim. Mənə görə bütün insanlar aktyordu, ancaq bəziləri mənim kimi bunu peşə olaraq seçirlər. Hamının üzündə maskası var, hamı özünü gizlətməyə məhkumdur. Amma qarşımda oturan bu kiçik qız nə aktyor idi, nə də üzündə maskası var idi. İlk dəfə idi ki, maskasız bir insanı bu qədər yaxından görürdüm. Baba ilə nəvənin bir-birinə ilişmiş təbəssümləri məndən xəbərsiz idilər, onlara necə heyrətlə baxdığımı heç hiss etmirdilər. Bir ruh kimi gözəgörünməz idim. Uşağın təbəssümü çoxaldıqca babanın gözlərindəki hüzn artırdı. Baba həqiqətin acısına bürünürdü...
"Kaş sən də o biri uşaqlar kimi məktəbə özün gedib-qayıda biləydin!"
"Metrodan çıxanda əlimi tut! Sən bilirsən ki, bir an başım dönüb yıxıla bilərəm. Məni yaşatmağa bircə əl lazımdır".
Qızın saçından ayrılan bir neçə tel üzünə dağılmışdı, gözünün üstünə düşüb baxmasına mane olurdu. Baba gözlərini uşaqdan ayırmadan əlinin nəvazişi ilə saçları kənara itələdi, şərfi qızın boynuna doladı. Üşüməsin deyə paltosunun yaxasını düymələdi.
Masmavi gözlərin sahibi ağrılarını təbəssümündə gizlədən qüsurlu uşaq idi. Onun gözləri olmasa, dünyanın bütün mavi küçələri qaranlığa quylanacaq. Daha nə mağazanın içində Müsyö adında bir kişi səmavi kitabı oxuyacaq, nə də Momo gizlincə atasının kitablarını satacaq. Mavi küçənin velosipedlərinin zəngi də səslənməyəcək. Dünya onların sükutuna batıb bütün maviliklərini itirəcək. Göy üzündə nə bir quş, dənizdə isə nə bir balıq qalacaq. Limanlardan gəmilərin fit səsləri eşidilməyəcək. Bomboş teatrda ancaq boş oturacaqlar olacaq. Erik Emmanuel Şmitt də yazmağı buraxıb küçələrdə simit satacaq. Qara rəngli məhəllələrdən ucalan qəhqəhə səsləri aləmin qulağını kar edəcək. Nazim də ceviz ağacı altındakı məzarda ağrıyacaq və qələmi götürüb ağlaya-ağlaya təzədən yazacaq:
Güzel günler göreceğiz çocuklar
Motorları maviliklere süreceğiz
Çocuklar, inanın, inanın çocuklar
Güzel günler göreceğiz güneşli günler...
Və Momo mavilikləri görmədən sapsarı skeletə dönəcək. Fikirlər bulud kimi beynimin içinə dolurdu, yağmağa bənd idi... Kimsə əlini çiynimə qoydu.... "Fuad müəllim, Fuad müəllim..."- səs lap qulağımın dibindən gəlirdi. Gənc bir oğlan "Sonuncu stansiyadır"-deyib qatardan düşdü. Şaşqın halda ətrafıma baxdım. Qatarda məndən başqa kimsə qalmamışdı. Qarşımdaki baba və qızın oturacağı da boş idi. Bomboş qatarın içində özümü görəndə çökdüyümü hiss etdim, əzgin hisslərlə metronun foyesinə çıxdım. Kiçik və asta addımlarla pilləkənlərə yaxınlaşdım. Çölə çıxanda havanın isti və soyuq olmasını sezə bilmədim. Şəhərə qaranlıq bir mavilik çökmüşdü. Sanki bayaq gördüyüm şəhər deyildi. Təzə bir mühitə, bambaşqa bir auraya düşmüşdüm. Daha tələsmirdim. Heç hara gedəcəyimi də dəqiq bilmirdim. Başım fırlanırdı. Siqaretimi yandırıb tez bir skamya tapıb oturdum. Momonun səsi qulaqlarımdan əks-səda verirdi. "Ölmə... məni buraxıb getmə, Müsyö!". Lap uzaqdan velosiped zənginin səsi gəlirdi. Sonra üzümə mavi işıq düşür. Daş mədənində işləyən işçi kimi yorğun hiss edirəm özümü. Heç yeri görə bilmirəm, sadəcə, bir əl axtarıram... bir əl ki, gözlərimi bağlasın.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!