Nargis - Susqunluqlarım məni təmkinli yox, təhlükəli qadına çevirirdi getdikcə...

Günahlarımdan göydələnlər inşa edirdim

Mən sənə yaxınlaşdıqca aramızdakı divarlar böyüyürdü. Çox vaxt sakitlikdən hörülürdü bu divarlar. Mən əlimdə kofe üzündəki cizgilərini əzbərləyə-əzbərləyə yaşayırdım. Səhər sən, günorta sən, axşam sən...

Heç toxunmadan sevmək də nə demək idi?

Bəlkə də məcburi deyil tam toxunuş, ancaq bəzən sadəcə bircə öpüş məcburidir. Qucaqlanmaq istəmək, sevildiyini hiss etmək ən böyük, ən ciddi ehtiyacdır, əvəzolunmazım...

Bu  bir qədəh şərab qədər vacib olur çox vaxt. Yavaş-yavaş içirsən. Sərxoş olmaq üçün deyil, reallıqları blöf etmək, susqunluqları təhdid etmək üçün.

Mən sənin varlığın üçün darıxırdım, varlığındakı tənhalıqlar bezdirirdi məni. İynə atsam, yerə düşmürdü təkliklərimin əlindən.

Sən baxışlarını toplayıb mənim əyləşdiyim bu tavanın altında cəmləməkdə çətinlik çəkirdin.

Mən isə siqaret...

Mən isə kitabı-kitaba çalamışdım...Sən məsafəni-məsafəyə...

Bəzən bir rəssam ədası ilə sözlərimlə sənə olan hisslərimi çəkməyə çalışırdım. İtiuclu, 0.9 ucluqlu karandaş belə dözə bilmirdi sətirlərin ağırlığına. Ovuclarım boyanırdı bozun ən gizli çalarlarına. Sən sevirdin ha o kitabları oxumağı. Ancaq mən artıq sevmirəm. Çünki o kitablar xəyanətkar kitablardı.

Sevilmədən yaşlanırdım. Öpülmədən... Bu necə də darıxdırıcı, necə də əzablıdır, xəbərin belə yoxdu. Dəyərimi bilmirdin. Qısaca, sevmirdin.

Sənin sevgi anlayışın mənim tutqumla belə yarışa bilməzdi. Sözlərlə ifadə etməyəcəkdim daha heç nəyi. Bu, vaxt itkisindən başqa bir şey deyildi - anlamışdım artıq. Bu, vaxt yox elə həyat itkisiydi. Mən bütün arzularımı sandıqlara məhkum edib, atmışdım düşüncələrimi 11-ci mərtəbədən. Bəzən düşünürdüm ki, nəyə gərəkdi gözəl olmaq, ya da arzulanan qadın olmaq?

Gözəllikmi? Azadlıqmı?

Bütün bu mübahisəli və gərəksiz mövzular içimi gəmirirdi. Mən bəsitliklərə sürgün edirdim təmkinimi. Mən sayğısızlaşırdım. Mən söyüşləri yüksək səslə bağırırdım artıq. Susqunluqlarım məni təmkinli yox, təhlükəli qadına çevirirdi getdikcə. Günahlarımdan göydələnlər inşa edirdim. Mən sənin laqeydliyinə nifrət edirdim...

Mən sevgimi təslim edirdim insanlığıma. Mən sənin ruhunu təsəlli edirdim, əzizim. Özümü məhkum edirdim ən tənha, ən ağlasığmaz əzablara. Mən, deyəsən, ən çox səninləykən ölürdüm, əzizim... Mən ən çox bizə nifrət edirdim...

Yaşanacaq gözəl hisslərə yadlaşmışdım. İnamsızlaşmışdım. Aysberqləşmişdim. Bezikmişdim, əzizim.

Mən unutmaq istəyirdim başqa həyatlarda bizi.

Mən güllələmək istəyirdim keçmişimizi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!