Cavid QƏDİR - İtki - Hekayə

 

Cavid QƏDİR - HEKAYƏ

 

Gündəlik "Əqrəb" satirik qəzetinin ilk səhifəsində sağ yuxarı köşə neçə gündü, xırda xəbərlərlə doldurulurdu. Artıq onlarla oxucu məktubu baş redaktor Seyhun Məşədixanovun masasında qalaqlanmışdı. Hamısı şikayət, narazılıqla doluydu. Köşənin bərpasını tələb edirdilər. Bunu baş redaktor oxuculardan az istəmirdi. Amma həmin köşənin yazarı Abbasağa Şadlısoy neçə gündü yağlı əppəyə dönmüşdü. Gördüm deyən yoxdu. Qızı Şəms də atasının yerini bilmirdi.

Şadlısoyun yazılarına maraq çox idi. Tiflisdə yaşayan Abbasağa yazıları məktubla yox, teleqramla göndərirdi. Xeyli xərc çıxırdı, amma qəzet satışına böyük təsiri vardı. Hər yerdə qəzetdən ağızdolusu söz etdirirdi. Neçə dəfə Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski bu məsələylə bağlı "xub" demişdilər. Cümhuriyyətin qurucularından bu sözü eşitmək Məşədixanova dünyaları bəxş edirdi. Hətta bir dəfə Tiflisə getmiş, Abbasağaya yaxşıca qonaqlıq vermiş, qucaqlayıb öpmüşdü də.

Baş redaktor portsiqarından siqaret çıxarıb damağına qoydu. Kibrit çəkəndə gözü masadakı qəzetə sataşdı, sağ köşəni öyrəşdiyi tək sütun yazı yox, kiçik materiallar doldurmuşdu. Ağlına min fikir gəlirdi. Vəziyyət yaxşı deyildi. Hərənin ağzından bir avaz gəlirdi. Daşnaklar hələ də Cümhuriyyətin varlığını həzm edə bilmirdilər. Neçə dəfə redaksiyanı oda qalamaq istəmişdilər. Gecə növbəti tutan əsgərlər olmasaydılar, yandırardılar da...

Əlini yandıran alov fikrini dağıtdı. Tələsik yerə atanda təkcə kötüyü qalmış kibrit çöpü məktub qalağının üstünə düşüb zərflərin arasına sürüşdü. Məktublar yanmasın deyə, tez əlini qalağa soxdu, kibrit çöpünün düşdüyü məktubu qaldırdı: kibrit düşən yerdə istilik zərfi bir az saraltmışdı. Qeyri-ixtiyari ünvana nəzər saldı, boşdu. Zərfin o tərəf-bu tərəfinə baxıb, ağırlığını yoxladı. Çox güman, içərisində iki vərəq vardı. Bu qədər uzun nə yazılmış ola bilərdi? Siqareti damağında rahatlayıb məktubu açdı. Üç səhifəlik yazıydı, tələsik yazılmışdı, çoxlu səhvlər, qaralanmış sözlər vardı. Oxuduqdan sonra bir xeyli düşündü, siqareti siqaretə caladı. Dəfələrlə oturduğu yerdə dikəlib telefona uzandı, sonra yenə əvvəlki vəziyyətə qayıtdı.

Məktub Şadlısoydandı. Bir ay əvvəl yazılmışdı. Şeytanbazardakı yeməkxanalardan birində iki nəfərin söhbətinə şahid olmuşdu. Almanca danışdıqlarından söhbətlərinin başa düşülməyəcəyini düşünərək gizliliyə çox önəm verməyiblər. Belə anlaşılıb ki, Rusiya Azərbaycan Cümhuriyyətini devirməyi planlayır. Vaxtı hələ dəqiq deyildi. Menşeviklərlə döyüşlər amansızdı. Denikin ciddi itkilərlə üzləşsə də, az qala şimaldan sərhədlərimizə dayanmışdı. Bu, Azərbaycana qoşun yeritməyə əsas maneəydi. Ən geci altı ay ərzində ağları əzmək, Azərbaycana gedən yolu təmizləmək başlıca vəzifələrdəndi. Sonra həmsöhbətlər Abbasağadan şübhələnib söhbəti yarmçıq qoymuş, ayrı-ayrılıqda yeməkxananı tərk etmişdilər. Şadlısoy bir az oturduqdan sonra evinə getmişdi. Deyəsən, kimsə onu izləyirmiş. Səhəri gün qızı Şəms də evin ətrafında ucaboylu bir kişinin pəncərələrini güddüyünü görmüşdü. Qonşulardan burada şair, ya da mirzə yaşayıb-yaşamadığını soruşan başqası da olmuşdu. Baqqal Hüseyn adamdan şübhələnmişdi. "Yox" demişdi, axşamüstü həmin adam məhəllənin girişində xeyli dayanıb gözləmiş, çoxluca papiros çəkmişdi. Baqqal lap məxfi polis kimi siqaret kötüklərinə baxmışdı, üstündəki yazı nəsə başqa dildəymiş, oxumağa savadı, götürüb saxlamağa ağlı çatmamışdı. Abbasağa da həmin yerə getmişdi gizlicə, dalandarı oranı süpürən görüb yaxınlaşmamışdı. Zibilin içərisini eşələyəsi deyildi ki. Tiflisdə işləri çoxdu, yoxsa Bakıya gedərdi. Ən çox da qızından narahatdı. Məktubunu "Şəms amanatı" deyə bitirirdi. Məktubu yazandan sonra tapşırmışdı ki, lazım olanda göndərsin Məşədixanova. Qızı lazım olduğunu necə anlayacağını soruşmuşdu. O da qorxutmamaqçün "Vaxtı gələndə biləcəksən" demişdi. Yəqin atasının yoxa çıxdığını görən qızı məktubu göndərmək qərarına gəlmiş, tələskənlikdən, nigaranlıqdan ünvanı qeyd etməyi unutmuşdu.

Məşədixanov əndişəliydi, şübhə yoxdu ki, Şadlısoyu öldürmüşdülər. Amma əlində tutarlı fakt olmadan polisə müraciət edə bilməzdi. Onsuz da işləri başdan aşırdı. Cümhuriyyətin düşməni o qədərdi ki...

İki həftə əvvəl Tiflisdə görüşmüşdülər Şadlısoyla. Bu barədə bir az danışmışdılar da. Amma dedikləri nəsə inandırıcı gəlməmişdi. Rusiya niyə müharibənin ortasındaykən Azərbaycana diş qıcasın? Həm dünya yiyəsiz deyildi ki... İngilislər, Osmanlılar buna qol qoymazdılar.

Dostunu "Əqrəb"dəki publisistik fəaliyyətinə görə öldürə bilməzdilər. "İynəcə" təxəllüsünün ardındakı şəxsi cəmi ikicə nəfər tanıyırdı. Abbasağa, bir də özü. Satirik yazılara görə çox hədə məktubu alırdı. Amma məktublar kiməsə yox, redaksiyaya ünvanlanırdı. Məşədixanov tədbirli adamdı, müəlliflərin gizliliyini qorumağı bacarırdı...

Gözləməkdən başqa çarə yoxuydu. Köməkçisini yazdığı məktubla bərabər təcili Tiflisə yollamaqdan özgə əlindən nəsə gəlmirdi. Şəmsi Bakıya gətirmək lazımdı...

***

Deyəsən, tatar mirzə söhbətimizi anlamışdı. Ən azından bizi diqqətlə dinlədiyini ikimiz də görmüşdük. İvan İvanıçla söhbətimizi gizlətməkçün alman dilində danışmalı olmuşduq. Bizim dildə bir balaca qırıldada bilir. O vaxt müharibədə öyrənib. Bir az da məndən... İvanıça güvənmirdim. Yeməkxanada görüşmək mənim fikrimdi, Böyük plan deşifrə olsaydı, ilk bada gedən mənim başımın olacağı şübhəsizdi. İşimi qarantiyaya almalıydım. Mirzə ölməliydi...

İvan intelligent əbləhi evinə qədər izləmişdi. Sonra həmin məhəlləyə mən də getmişdim. Qonşularla söhbətləşmişdim. Çalışmışdım, diqqət çəkməyim. Amma məhəllənin baqqalı qazdan ayıq çıxmışdı. Mən də tüpürmüşdüm dabana.

İvan bunları eşidəndə az qalmışdı, kürən kəkilini yolsun. Görəydiz, necə xoruzlanır. Əslində düz deyirdi, yeməkxanada görüşmək mənim fikrimdi. Sarıyev soyadlı bir adamla 5-ci kolonu gücləndirməyin yollarından danışmalıydıq. O qurumsaq da gəlməmişdi. Deyəsən, arvadı doğurdu. Bakıya getmişdi təcili. Sənin arvadının... Belə avara dövrdə uşaq doğmaq ancaq tatarın ağlına gələ bilər.

Bu anasının əmcəyini kəsən əclafdan (İvanı deyirəm) heç xoşlanmıram deyə, almadım günahımı boynuma. Çox şeşələnsə, tökəcəm bağırsağını yerə. Lap elə Sarıyevi də qanına qəltan edəcəm. Çox vecimədi bolşevik inqilabı, Böyük Rusiya... Başıma bir şey gəlsə, baxacaqlar xəstə anama?! Zırt...

***

Bu alman zırramaya görə zibilə düşəcəm axırda. Görüş üçün yer tapmır, elə bil. Yeməkxanada dövlət çevrilişindən danışarlar? Hələ yaxşı ki, Sarıyev gəlməmişdi. O mirzə Sarıyevi tanısaydı, yaxud danışdıqlarımızı eşitsəydi, yəqin qazamatdaydıq, bəlkə də elə Kürün dibində... Kasıblığın üzü qara olsun. Normal iş olsa, kolxozlar donumuza qədər almasalar, nə ölümüm azmışdı burda? Ağlardan mədəd olmadı. Yoxsa Don çayı boyu çapırdım atımı. Yağması yağma, arvadları arvad... Kazak adı gələndə boylu gəlinlər uşaq salırdı, indi barmaq boyda uşağı da qorxuda bilməzsən. Çox o yan-bu yan olsa, tüpürəcəm hər şeyə. Bu alman köpəyi Rixardı da gəbərtmək kazak üçün çətin olmaz. Amma indiki işim Şadlısoydur. Adamın nə bildiyini öyrənməliyəm, ya da daha etibarlı üsula əl atmaq lazım gələcək - ölülər sirr vermir.

***

Məşədixanovun ürəyi az da olsa yerinə gəlmişdi. Şadlısoydan əvvəlki kimi soraq yoxdu, amma ən azından qızı Şəms sağ-salamat Bakıdaydı. Atasıyçün çox narahat idi. Yemək-içməkdən kəsilmişdi. Ancaq ailə dostları Seyhun əminin Tiflisə, atasını axtarmağa gedəcəyini eşidəndə az da olsa toxdayıb, bir-iki loxma yedi.

Qatardan düşən Seyhunun ilk işi Abbasağanın yaşadığı ünvana getmək oldu. Hər şeyi yerli-yataqlı araşdırdıqdan sonra dostunun evinə qalxdı. Kiçicik də olsa ipucu axtarırdı. Kitab rəflərini eşələyəndə çiyni çərçivəyə toxundu. Devrilən şəkli qaldıranda çənəsini ərinin çiyninə dayayan Şahsənəmi gördü. Gənclik sevdası, alagözlü, şuxbənizli Şahsənəm... Tale üzünə gülməmişdi, Şahsənəm onu yox, şair Abbasağanı seçmişdi. Dostunun bu sevdadan xəbəri yoxdu. Seyhun açıb-ağartmamışdı, elə Şahsənəm də. İllər sonra doğuş vaxtı ölən Şahsənəmin morqda meyitilə vidalaşanda ağlamışdı. Ürəkdən hönkürmüşdü. Abbasağa yenə anlamamışdı. Dostuna sarılıb, o da göz yaşı tökmüşdü.

Şəkil Tiflis yaxınlığında yerləşən daçada çəkilmişdi. Qəfil Seyhunun gözləri parladı; itkin dostunu tapmışdı...

Tələsik fayton çağıran Məşədixanov onu qarabaqara izləyən ikinci faytona diqqət yetirmədi. Çatan kimi faytonçunu yola salıb, yuxarı qalxdı.

Qapını Abbasağa açdı. Xeyli dərdləşəndən, Abbasağanı xatircəm edəndən sonra xırda-para işlərinin ardınca tələsdi. Sabah Şeytanbazarda görüşüb, birgə yemək yeyəcəkdilər. İlk qatarla da Bakıya qayıtmağı planlayırdılar. Abbasağa qızına teleqram vurmağa razı olmadı. Sürpriz edəcəkdi.

Məşədixanov dostugildən çıxanda hava tamam qaralmışdı. Daçanın ətrafında oğrunca var-gəl edən iki qaraltını görə bilməzdi...

***

Səhəri gün Seyhun dostunu çox gözlədi. Gün günortadan keçəndə daha dözməyib fayton çağırdı.

Giriş qapısı aralıydı. Əvvəlcə toxmağı döydü. İçəridən səs gəlmirdi. Yavaşca qapını aralayanda gördüyü mənzərədən dəhşətə gəldi. Abbasağa üzüqoylu yıxılmışdı. Kürəyində iki güllə yeri qızarırdı. Gicgahını "kontrol atəşi" dağıtmışdı. Güləş sifətində bu dəfə ağrı donmuşdu.

***

Rus ayısını gəbərtdim. Əslində rus da deyildi, Don kazakıydı. Ölülərin milliyyəti kiməsə lazım olmur. Gəvəzəlik etsəm, adamlar iki cür olur - yaxşı və pis. İndiki vəziyyətdəsə belə demək olardı: adamlar iki cür olur - yaşayanlar və ölülər. Birinci bölgüyə inansaq, mən pis adamam. Amma ən ümdəsi ikinci bölgüdü - hələ sağam. Əslində baş redaktoru da gəbərdə bilərdim, sadəcə lüzum görmədim. Deyəsən, bir az əfəl adamdı. Neçə gün əlləşsə də, qətlə dair ipucu tapa bilmədi. Öyünmək kimi olmasın, ipucu tapsa belə, işə yaramazdı. Qatil çoxdan gəbərib. İvanıçı deyirəm. Şəxsi məsələ deyil. İvanıçdan zəhləm gedirdi, elə indi də aşiq sayılmaram. Amma öldürməyim sırf işlə bağlıydı. Və əlbəttə, canımın şirinliyilə. Yerimə İvanıç köpəkoğlu olsaydı, heç bu dediklərimə də baş sındırmazdı. Tətiyi çəkərdi, vəssalam. Amma mən daha incə işin tərəfdarıyam. Bıçaq səs-küy sevmir.

***

Məşədixanov həmin o məktubu aldıqdan iki həftə sonra qəzetin sağ köşəsində "Ona açılan güllə "Əqrəb" məcmuəsinin ürəyinə dəydi" başlıqlı böyük nekroloq dərc olundu.

***

Abbasağa Şadlısoyun şübhələri doğru çıxdı. Sevdalısı olduğu Azərbaycan Xalq Cümhuriyyəti ölümündən sonra cəmi 13 ay yaşadı.

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!