Xaqani Şirvaninin "Meratül-səfa"-sının şərhi - Sayman Aruz

İkinci hissə
Birinci hissədən xatırlama:

Şübhəsiz ki, XII əsrin ən böyük qəsidəsürası məhz Xaqani Şirvanidir. Hansı ki, əsrlərdir bütün ədəbiyyatşünaslar onun şairlik məqamı və söz mərtəbəsinin əlçatmaz olmasını etiraf edirlər. O,öz istedad və himməti sayəsində Quran, hədislər, ədəb və lüğət elmləri, həmçinin, digər elmlər sahəsində özünü kamal dərəcəsinə çatdıraraq şeir dünyasında da öz dahiliyini sübut edə bildi. Qəsidə janrı məhz onun yaşadığı əsrdə püxtəliyə çatdı. Xaqaninin Divanına nəzər salsaq, görərik ki, şeirlərin, məzmunların çoxluğu və məfhumların müxtəlifliyi elmi-ədəbi araşdırmalar üçün tamamilə əlverişlidir. Xaqaninin qəsidələri başqa qəsidələrdən fərqli olaraq hikmətli söz və nəsihətlərlə zəngindir. Xüsusilə də onun "Şiniyyə" və ya "Miratül-səfa"sını  qeyd etmək olar ki, hikmət dolu sözlərinin sayəsində Xaqaninin əxlaq və bu kimi məzmunlara olan baxışını tamamilə açıq-aşkar oxucu önünə sərgiləmişdir. Onun "Şiniyyə" qəsidəsi bir əxlaq və təlim-tərbiyə üzrə qanun kitabı kimi də sayıla bilər. Ona görə ki, bütün əxlaqi nöqtələr, eyni zamanda təlim-tərbiyə, sükut fəlsəfəsinin öyrənilməsi, infaq və hətta Peyğəmbərin mədhi, dindarlıq və tərki-dünyalıq kimi anlayışların hər biri müxtəlif  formalarda qeyd olunubdur. Xaqani bu qəsidədə dünyanın məzəmmətindən və zahiri gözəlliklərə etinasızlıqdan danışır. Onun bu qəsidədə yaratdığı "Dəbistan", bütün məktəb və mədrəsələrdən fərqlidir. Onun "Dəbistan"ında, onun "məktəb"ində, müəllim, fazil və aqil bir Pirdir ki, Xaqaninin dilini zamanın ötkəmliyi sayəsində və məkan anlayışını inkar edərək laməkanlıq vasitəsilə açır və natiq bir şairə çevirir. Xaqani qəsidənin ikinci beytini belə başlayır:

Səri zanu dəbistanist çon kəşti-ye Nuh an ra
Ke tufan cuşe dərde ust, cudi, gerde damanəş.
"Dizin üstü Nuhun gəmisi
            kimi bir dəbistandır ki,
Tufan, onun dərdinin təzahürü,
və damənin ətrafı isə onun Cud dağıdır."

 Əttar Neyşaburi deyir: " Arif o adamdır ki, həmişə təfəkkür etmək və ibrət götürməkdədir". Xaqani də inanır ki, əgər kimsə təfəkkür və ibrət əhli olsa, onda onun düşüncə  məkanı geniş, həyatı rahat və ruh etibarilə təhlükəsizlik meydanına daxil olması çox asan olur. Sual yarana bilər ki, həmin meydanı təhlükəsiz edən  və digər meydanlardan fərqləndirən amil nədir? Cavab isə yuxarıda qeyd etdiyimiz beytdə var. Xaqaninin söz açdığı dizin üstündəki dəbistan Nuhun gəmisi kimi insanı nicat mənzilinə çatdıra bilir. Ancaq bu Xaqaninin söylədiyi nicat mənzilinə çatmaq üçün bir neçə vasitəyə ehtiyac var ki, Xaqani onları bu qəsidədə rəmzləşdirir.

Kəştiye Nuh ya Nuhun gəmisi, metal və ya taxtadan düzəldilmiş gəmi deyil. O gəmi, təfəkkür və hərəkəti simvolizə edən, salikin daxili(ruh) cihad və inqilabının nəticəsində hərəkətə gələn və sonda da ən uca və ulu zirvədə həyatın "fəna fillah"ına çatan gəmidir. Bu gəmi, Məhəmməd peyğəmbərin "bir dəqiqə təfəkkürə yetmiş il ibadətdən qabaqdır" sözünün poetik obrazıdır. Nuh dünyanın sel vasitəsilə dağılacağını biləndən sonra, hər canlıdan bir nümunə yığaraq öz böyük gəmisində yerləşdirir və sonda da onları bütün bəlalardan qoruyaraq "səlamət mənzilinə" çatdırır. Bu "gəmiyə" irfani baxışla baxsaq, bir neçə cəhətdən məna vermək olar. Bir bu ki, gəmi yaşadığımız dünyanı,  gəmi sakinləri dünya sakinlərini, Nuh isə hidayət yolunu bilən və xalqa o yolda rəhbərlik edən bir kapitan və ya sarvanı, Cud dağı da məhz "mədinətül-fazilə" və ya bütün insanların axtardığı cənnəti mənalandırır. İkincisi, bu ki, gəmi, salikin beyni, gəmi sakinləri, insan beyninə yüklənən düşüncələr və Cud dağı isə həqiqətin ən zirvə və ulu nöqtəsidir.

Xaqaninin  təsvir etdiyi nicat gəmisinin yelkənləri tufanla hərəkətə gəlir, canlanır. Ancaq məsələ burasındadır ki, bu tufan isti və soyuq havanın yaratdığı tufan deyil, bəlkə sükutun, o sükut içində düşünülən zidiyyətlərin, niyazların, ehtiyacların, inkişaf və təkamül istəyinin, "fəna fillaha" və məşuqa çatmağın, ölməzliyə nail olmağın və sonda da əbədiləşməyin yaratdığı dərdin  hərəkətə gətirdiyi havadır. Bu tufan bir növ salikin öz naqisliyinə olan üsyanın tufanıdır. Hansı ki, arif o naqisliyi eşq ilə doldura və kamilliyə doğru addımlaya bilir.

Mövlanə Cəlaləddin məşhur "Neynamə"sində deyir:

Oddu bu ney püsgürür, tufan deyil,
Bu odu dərk etməyən insan deyil.

Mövlanə də Xaqani kimi tufanı təkcə hava axını hesab etmir. Əslində, arif olmayan bir fərdin görmədiyi məqam da elə bu məqamdır. "Ney"də, ya daha dəqiq desək, insan nəfəs borusunda cərəyan edən hava axını da, düşüncənin yaratdığı üsyanın odu-alovudur. Bu üsyan qətiyyən dağıdıcı üsyan deyil, əksinə, hərəkət və can verici, İsrafilin Suru kimi birlik və oyanış nidası, yaradıcı quvvəsidir. O, elə bir tufandır ki, insanın yaralarını sağaldar, kədər və dərdlərini səadət və fərahlığa çevirər. İrfan ədəbiyyatında "tufan" daxili(içsəl)-mənəvi inqilab mənasında işlənir. Hansı ki, özü ilə sel və bəzən fəlakət gətirə bilir. Əslində arifin vəzifəsi də elə budur ki, o qarışıqlıq, izdiham, xaousun içində nəzm və həqiqəti tapa, ən doğru yolda addımlaya və sonda da öz dərdləri ilə özünə nicat dağını yarada bilsin.

Dərd cuşa gəldikcə dağa çevrilir, şişir, böyüyür və salikin riyazəti, təqvası, irfanı  nəticəsində sonda özü bir nicat  "Cud"una çevrilir. Xaqani demək istəyir ki, dərd yaradıcı quvvədir və dərdin dərinliyi çoxaldıqca onun "Cud"a çevrilmə ehtimalı daha da böyüyür. Allah, ən dərdli varlıqdır ki, bu dünya da onun "Cud" dağını simvolizə edir. Əslində, Şəhriyarın "Heydərbaba" poemasında "Heydərbaba" dağına müraciət edərək "Dərdlərimiz qoy dikəlsin, dağ olsun" deməsi də XX əsr şeirinin də məhz Xaqani kimi düşündüyünü göstərir. Ta qədimdən bəri, irfan termininə çevrilmiş "dağ" anlayışı, poeziyada özünü dərdlərimizin simgəsi kimi təsdiqləyə və yaşaya bildi. Hansı ki, düşüncə "tufan"nı ilə birləşdikdə ən kiçik fərddən tutmuş böyük bir ictimaiyyətin nicat sərmənzilinə çevrilə bilir.

Damən obrazı İslam dininin kilassik ədəbiyyata bəxş etdiyi ən mühim obrazlardandır. Peyğəmbərimzin məşhur "kişilər qadınların damənindən meraca gedirlər" və "cənnət qadınların ayağı altındadır" sözləri ta islamın yarandığı gündən bu günə qədər müqəddəs dinimizin əsas manifestinə çevrilmişdir. Ona görə də əsasən din elminin daşıyıcısı olan arif-şair və ya sufi-şairlərimiz də bu obrazı müxtəlif mənalarda işlətməyə çalışmışlar. Ariflərin gözü ilə baxsaq, hər şeyin daməni və ya ətəyi var. Məsələn, Allahın ətəyi(daməni) tövbə edənlər, vəslin daməni aşiqlər, təbiətin daməni aqillər, yarın daməni isə aşiqlər üçündür və bunların hər biri damənin ətrafında və ya Xaqaninin təbiri ilə desək, "gerdi damən"də öz istəklərini təmənna edirlər. Sual oluna bilər ki, daməndə hansı gizli məna yükü var ki, klassik ədəbiyyatda bu qədər önəmli yeri tuta bilib. Məsələ burasındadır ki, irfan ədəbiyyatında "tələb" deyilən bir irfanı pillə və məqam vardır. Tələb- irfan ədəbiyyatında  yarın, həqiqətin və Allahın qarşısında diz çökmək, ona səcdə etmək və fəna fillaha çatmaq yolunda onlardan yardım istəyində bulunmaqdır.  Xaqani bu misrada demək istəyir ki, nicat dağı elm, həqiqət və təbii olaraq irfanın yaratdığı meydanın zirvəsindədir. Bu dağı fəth edən hər bir salik də öz damənini arxadan gələn saliklərin yolunda sərməyə və Cud dağına çevirməyə hazırlanır.

Xod an kəs ra ke ruzi şod dəbestan əz səre zanu

Nə ta kəbəş bovəd cudi və ney ta saq tufanəş.

"Kimsə dizinin başını məktəb edərsə,

    nə nicat üçün Məkkəyə ehtiyacı var,

nə də heç bir bir tufan, 

seli topuğuna qədər qaldıra bilməz." 

Belə bir rəvayət var ki, hansısa bir tacir Allahın evini ziyarət etmək üçün Məkkəyə tərəf yola düşür. Yolda Şəmsi Təbrizinin yaşadığı kəndə çatır. Gecəni Şəmsin evində qonaq qalan tacir Şəmsin "hara səfər edirsən?" sualına "Allahın evini ziyarət etmək üçün Məkkəyə gedirəm"-deyə cavab verir. Şəms ondan soruşu ki, "nə qədər pulun var"? Tacir "beş yüz dirhəmim var"-deyir. Şəms "dur ayağa pulunu gətir ver mənə və məni təvaf et" - deyir. Tacir pulu Şəmsə verir və Şəmsin ətrafına yeddi dəfə dolanır. Şəms də "sən artıq həci oldun, evinə dön və ailənin yanında ol"- deyir. Tacir bu işin sirrini Şəmsdən soruşanda isə Şəms ona belə cavab verir:

"Oğlum, mən səni ürək evinin ziyarətinə apardım, sən isə palçıq evin ziyarətinə gedirdin. Ürək evi elə bir evdir ki, Allah heç vaxt oranı tərk etmir, ancaq o palçıq ev elə bir evdir ki, Allah heç vaxt oraya ayağını qoymayıb."

Ekzistansiyalizm və bir çox nəzəriyyələrin  kökü Şərq və xüsusilə də azərbaycanlıların yaşadığı ərazilərdədir desək, qətiyyən yanılmamışıq. İnsan mərkəzlik, insan daxilində insanı idarə edən başqa bir mərkəzin varlığına inanmaq və bu kimi dərin mənaların Azərbaycan ədəbi-mədəni mühitinə aid olmaları danılmaz faktdır.

Bunu qəbul etsək ki, İslam dininin dediyi kimi, Allahı tanımağın yolu özünü tanımaqdan keçir, o zaman Quranın niyə bu qədər "nəfs" və xüsusilə də "nəfsi əmmarə" ilə mübarizə etməyə təkidi vardır. Onun da mənası budur ki, özünə qalib gəldinsə demək ki, laməkan və lazəman olmaqla yanaşı Allahı "görə"  bilərsən. Bu məqamda iki sual yaranır:

1 . Bir bu ki, nəfsə necə qalib gəlmək olar?

Əslində, bütün din və elmlər elə "nəfsə" qalib gəlməyin yolarının axtarışındadırlar. Dinlər "zöhd", "ibadət", "təqva" və elmlər isə məntiq və zahiriyyata əsaslanaraq insanı öz nəfsindən qurtarmağa çalışırlar. Ancaq bu prosesdən min illlər keçsə belə, insan oğlu hələ də ürəyi istədiyi mənəvi-ictimai xoşbəxtliyə çata bilməyib. Dinlər radikalizmə, elmlər isə kimyəvi silahlar və səd əlbəttə, nüvə bombasına gedib çıxdılar. Xaqani, Nizami və üzü qədimdən bəri Azərbaycan ədəbiyyatı bu həll olunmayan məsələnin həllini insanın özündə axtarıblar. Ancaq bu insan mərkəzlik qətiyyən avropalıların təbliğ etdiyi "insan mərkəzlik" deyil və onunla çox ciddi fərqləri vardır.

İnsan təbiətin bir parçası və ya hətta Mövlana Cəlaləddin demişkən təbiətin güzgüsüdür. Ona görə də bütün kainat o cümlədən xaliq və Allahı belə özündə əks elətdirməyə qadirdir. Yəni məxluq xaliqin güzgüsüdür. Demək ki, güzgüyə baxdıqda bir çox həqiqətləri müşahidə etmək olar. İnsan təbiət etibarilə güzgüyə baxdıqda özünü görür. Və bəlkə də bir çox filosoflarda bu şaibə yaranır ki, xaliq elə insanın özüdür. Bax, əsas səhv də elə buradadır. Güzgüdə özünü görməyə adət edən və özündən başqasını görə bilməyən insan Allahı görə bilməz və bu qətiyyən Sartr və onun kimi Avropa alimlərinin dediyi "insan mərkəzlik" deyil. Xaqani və irfan əbəbiyyatının fərqi buradadır ki, Xaqani güzgüyə baxanda özünü deyil, özünün özünü və ya Şəmsin təbiri ilə desək, "fəra insan" (müasir "post insan")-ını görür. Hansı ki, insanı özünün hüzuru olmadan idarə edir və ya daha dəqiq desək, yaradır. Əslində, Xaqani "post insan"ın necə yaranmasının formulunu şeir dili ilə bəyan edir. "Səri zanu", dizini həqiqət yolunda qatlayan, yəni xidmət məqsədilə məşuq və məbud qarşısında əyən və bu "əyilməyi" özünə baş alçaqlığı deyil, bəlkə abır hesab edən insanların cəmləşdiyi bir mərkəzdir. "Səri zanu"nu irfanı mənalarla desək, öz içində riyazət, ibadət, səbir, təzkiyə, təhzib, zöhd, suluk və eləmi ehtiva edir. İnsana bu mesajı verir ki, xaliqin qarşısında dizini qatlaya, onun sənə bəxş etdiyi həqiqi elmi öyrənə və həqiqətin özəyinə çatdınsa, demək ki,  Məkkəni öz daxilində yarada bilibsən. Mövlanənin dili ilə desək:

Yar də xane və ma gerde cəhan migərdim,

Ab dər kuze və ma teşne ləban migərdim.

Yar evdədir, amma biz dünyanı

            yar axtarışında gəzirik.

Su küzədədir, amma biz susuz

     su axtarışında dünyanı gəzirik.

Mövlanə də Xaqani kimi insanları baxmaqdan çəkindirərək, görməyə və həqiqətləri dərk edtməyə səsləyir. Bildirir ki, insanların əsas problemi öz fəra insanların görməmək, öz həqiqətlərini dərk etməməkdir. Hansı ki, bu həqiqəti idrak edəndən sonra heç bir tufan, özü ilə nə gətirdiyindən asılı olmayaraq, seli topuğuna qədər də qaldıra bilməz.

2 . İkinci, bu ki, nəfsə qalib gəlmək niyə lazımdır?

Nəfs əsasən üç yerə bölünür:

2-1 Nəfsi Əmmarə (Heyvani)

Nəfs irfanın ilkin pillələrində insanın şeytanı kimi təbir olunsa da, salikin məqamı yüksəldikcə insanın dostuna çevrilir.  Quran və bütün dini kitabların mübarizə apardığı və insanı onunla mübarizə etməyə çağırdığı nəfs "nəfsi əmmarə"dir. Nəfsə əmmarə şəhvəti, kini və heyvani istəklərin göstəricisidir. Ona görə də ona "əmmarə", yəni pisliklərə əmr edən nəfs deyilir

2-2 Nəfsi Ləvvamə(İnsani)

Bu nəfs, salikin müəyyən təlim-tərbiyə, təqva və cihaddan sonra ucalığı məqamdır. Ancaq bu məqamda salik tamamilə xəta və günahlardan təmizlənmiş hesab olunmur. Salik heyvani istəklərin təzyiqi ilə bəzən günaha aludə ola bilir ancaq öyrəndiyi təlim-tərbiyə, təqvas və vicdanı  sayəsində tövbə suyu ilə üzünü yuya və doğru yola qayıda bilir. "Qurani-Kərim"də də "nəfsi ləvvamə"yə and içərək onu insanları qəflət yuxusundan oyadan vicdan adlandırıb.

2-3 Nəfsi mütməinnə (İlahi)

Bu nəfs irfanda fəna fillah mərtəbəsi hesab olunur. Salik bütün irfani mərhələləri uğurla keçəndən sonra  bu mərhələyə qalxa bilir. Bu məqam ənbiya və peyğəmbərlərin məqamıdır. Bu məqamda pis əməllər ağıl və imanla mübarizədə məğlub olurlar.  Quranda "nəfsi mütməinnə" barəsində belə deyilir: "Ey "nəfsi mütməinnə, Allahına tərəf qayıt. Hansı ki, o səndən sən də ondan razı və xoşnudsuz."

Xaqani bu beytdə "nəfsi əmmarə" ilə mübarizə və "nəfsi mütməinnə" ilə dostluq etməyin yolunu göstərir. İnsanın xoşbəxtliyi o zaman baş verə bilir ki, düşüncə və ruhunda olan bütün heyvani şəhvətlərdən uzaq dura bilir. Xaqani təkid edir ki, elm insanı bu məqama , yəni "nəfsi mütməinnə, "yə çatdıra bilmirsə demək ki, o elm həqiqətə xidmət etmir.   


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!